Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

"Clarivate Analytics": 3 il

 

Azərbaycanda rəqabətə - davamlı insan kapitalının yetişdirilməsi ölkəmizin təhsil sistemi qarşısında mühüm vəzifələr qoyur. Bu vəzifə ölkənin inkişaf konsepsiyasında xüsusi istiqamət kimi də öz əksini tapıb. Bu zərurəti nəzərə alan Təhsil Nazirliyi Azərbaycanda elmi fəaliy­yətin inkişafına, onun keyfiyyət səviyyəsinin yüksəlməsinə və ölkəmizin elmi nüfuzunun dünyada gücləndirilməsinə nail olmaq üçün 2015-ci il dekabrın 22-də dünyada məşhur elmi platforma olan Thomson Reuters (indiki Clarivate Analytics) şirkətinin Elmi tədqiqatlar və intellektual mülkiyyət şöbəsi ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Azərbaycan elminin dünyada nüfuzunun yüksəldilməsində mühüm rol oynamış müqavilənin imzalanmasından artıq 3 il keçir.

Yerli tədqiqatçıların nəşrlərinin sayı artıb 

Bu illər ərzində “Clarivate Analytics” elmi bazasına çıxış və bu qurumla əməkdaşlıq Azərbaycanda elmin inkişafına güclü təkan verib, beynəl­xalq əməkdaşlığın inkişafına, yerli tədqiqatçıların nəşrlərinin sayının artmasına imkan yaradıb. Azərbaycanın ali təhsil müəssisələri üçün qlobal elmi baza olan “Web of Science®” platformasına və “İnCites™” bazasına çıxış imkanlarının yaradılması ölkəmizdə elmin və təhsilin inkişafını təmin edib.
Azərbaycanın 40 ali təhsil müəssisəsi Təhsil Nazirliyinin sifarişi əsasında dünyada məşhur elmi istinad indeksi olan “Clarivate Analytics Web of Science®”platformasına (“Science Citation İndex Expanded®” (Təbiət elmləri üzrə məlumat bazası), “Social Sciences Citation İndex®” (İctimai elmlər üzrə məlumat bazası), “Arts and Humanities Citation İndex®” (İncəsənət və humanitar elmlər üzrə məlumat bazası), “Conference Proceedings Citation İndex®” (Konfrans, konvensiya, simpozium, kollokvium və “dəyirmi masa”ların materialları üzrə məlumat bazası), eləcə də şirkətin əsas məhsulu olan “Clarivate Analytics İnCites™” bazasına tam çıxış əldə edib. Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və “Clarivate Analytics” (Thomson Reuters), Beynəlxalq hökumətlərarası təşkilatı “Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzi”nin birgə təşkilatçılığı ilə 14 iyun 2017-ci il tarixində dünya universitetlərinin nüfuzlu alimlərinin iştirakı ilə “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransda "Elm və təhsilin vəhdəti: vəziyyət, problemlər pers­pektivlər", "Universitetlərdə elmmetriyanın tətbiqi problemləri", "Elmin iqtisadiyyatı və maliyyələşdirilməsi problemləri", "Əqli mülkiyyət hüquqlarının və elmi etikanın qorunması prob­lemləri" müzakirə olunub. Tədbirdə aparıcı universitetlər və elmi təşkilatların, elm və təhsil nazirliklərinin nümayəndələri, “Clarivate Analytics” kompaniyasının xarici ekspertləri iştirak ediblər.
Azərbaycanın ali təhsil müəssisələrinin “İnCites™” informasiya platformasında yerləşdirilmış “Journal Citation Reports” məlumat bazasına çıxış imkanları təmin edilib. “Journal Citation Reports”un köməkliyi ilə alimlər öz sahələrinə dair elmi jurnalların müqayisəli qiymətləndirilməsini apara və nəşr üçün daha effektiv şəkildə jurnallar seçə bilərlər.
“Clarivate Analytics” 2016-2017-ci illərdə və 2018-ci ilin ilk 6 ayı da daxil olmaq­la ölkəmizin, Gəncə və Naxçıvan da daxil olmaqla 65 -ə yaxın ali təhsil müəssisəsində seminarlar keçirib. Seminarların əsas məqsədi, ilk növbədə, alimlərimizi "Web of Science" platforması ilə tanış etmək, bazada axtarış aparmaq barədə məlumatlandırmaq, bazanın təqdim etdiyi funksiyalardan maksimim istifadə və yararlanmaqdır.
"Clarivate Analytics" Agent­liyinin 2017-ci il üçün illik hesabatına əsasən, BDU-nun "Tətbiq və hesablama riyaziyyatı" ("Applied and Computational Mathematics") beynəlxalq elmi jurnalının indeks əmsalı 1.333-dən qalxaraq 2.365-ə bərabər olub. Bu jurnal Azərbaycan elm tarixində ilk və yeganə elmi nəşr olaraq 2008-ci ildə "Thomson Reuters" agentliyinin genişləndirilmiş siyahısında yer alıb. Jurnal bu siyahıda tətbiqi riyaziyyat, yüksək texnologiyalar sahəsi üzrə yer alan 252 beynəlxalq nəşr arasında 19-cu yerdə qərarlaşıb. Jurnalın bugünədək 41 nömrəsi çapdan çıxıb ki, bu nömrələrdə dünyanın 40-dan cox ölkəsini təmsil edən müəlliflərin 450-dək məqaləsi dərc olunub. Jurnalda tətbiqi və hesablama riyaziyyatının müxtəlif sahələrinə aid yüksək səviyyəli, əsaslı rəydən keçmiş elmi məqalələr çap edilir. Nəşr olunduğu 16 il ərzində jurnal 45 ölkədən 200-dən artıq elmi müəssisə ilə mübadilə həyata keçirib.
"Clarivate Analytics" ilə əməkdaşlıq çərçivəsində “Tədqiqat üsulları” adlı fənn hazırlanaraq universitetlərimizin magistratura pilləsində tətbiqinə başlanıb. 3 illik fəaliyyət dövründə Azərbaycanda yüksək impakt faktorlu jurnallarda alimlərimizin dərc olunmuş məqalələrinin sayı 75 faiz artıb. Sırf ali təhsil müəssisələri üzrə bu artım dinamikası daha yüksək olub. Burada 88 faizlik fərq müşhidə olunub, rəqəmlər 2 dəfə artıb. Hazırda "Web of Science" bazasına Azərbaycandan 8 jurnal və bir konfrans materialı daxildir. Jurnallardan 4-ü AMEA-nın institutları (kimya və riyaziyyat üzrə), 2-si Bakı Dövlət Universitetinin Riyaziyyat İnstitutu, 1-i Xəzər Universiteti (humanitar və sosial elmlər üzrə), 1-i SOCAR tərəfindən təsis olunub, konfrans materialı (Conference Proceedings Citation İndex) kimi bazada indekslənən ilk beynəlxalq elmi konfrans materialı isə BDU-nun "Fizikada müasir trendlərə dair" materialıdır.
Alimlərimiz ən çox "Web of Science" bazasında olan və Azərbaycanda ən çox tədqiqat aparılan sahələrə uyğun olaraq riyaziyyat, materialşünaslıq, fizika, kimya sahələri üzrə dərc olunurlar. Alimlərimiz "Web of Science" bazasında indekslənmiş "Inorganic materials", "Russian journal of Applied Chemistry", "Semiconductors", "Petrolium chemistry", "Differential Equations", “Physical Review” kimi jurnallarda nəşr olunurlar.

Regionda birinci

"Clarivate Analytics"in Əqli Mülkiyyət və Elm bazası ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında əməkdaşlıq barədə müqavilənin imzalanmasından sonrkı dövrdə universitetlərimizdə elmin inkişaf dinamikasında sürətli artım baş verib. Son 5 ildə yerli alimlərimizin 120-yə yaxın elmi tədqiqat işi Turkiyə Elmi və Texnoloji Araşdırmalar Şurası (TUBİTAK) tərəfindən maliyyələşdirilib. Bununla yanaşı elmi tədqiqat işlərimiz Avropa İttifaqının müxtəlif qrant layihələri, Portuqaliya Elm və Texnologiya Fondu, Almaniya Tədqiqat Fondu, ABŞ-ın Milli Elm Fondu və digər beynəlxalq fondlar tərəfindən maliyyələşdirilib.
"Web of Science" elmi bazasında 2017-ci ildə Azərbaycan üzrə 1160 elmi tədqiqat işi qeydə alınmışdır (son 25 ildə Azərbaycan üzrə publikasiya sayının rekord həddi). Bu da müstəqillik dövründə maksimum göstəricidir. Azərbaycan inkişaf dinamikası və tempinə görə regionda birinci yeri qazanıb. 2017-ci ildə respublika üzrə ümumi publikasiya çəkisinin təxminən 43%-i məhz ali təhsil müəssisələrinin payına düşmüşdür.

İstifadə aktivliyi 75 faiz artıb

2015-ci ildə Azərbaycanın beynəlxalq reytinqlərdə indeksləşən jurnallarının sayı 2 idisə, bu gün onların sayı 7-yə çatıb. Ali məktəb əməkdaşlarının "Web of Science" elmi bazası ilə tanışlığı və bazadan istifadə bacarığının təkmilləşdirilməsi sahəsində işlər aparılıb və 90 faizlik hədəfə nail olunub. Azərbaycanın əsas aparıcı universitetlərinin alim və tədqiqatçıları bazadan istifadəni mənimsəyib, bazada axtarış aparmağı artıq bacarırlar. 2017-ci ildə Azərbaycan ali təhsil müəssisələrində bazadan istifadə aktivliyi 2016-cı illə müqayisədə 75 faiz artıb.
"Clarivate Analytics"in əməkdaşları tərəfindən Təhsil Nazirliyi nəzdində olan bütün ali məktəblərdə seminarlar təşkil olunub. Seminarlar yerli koordinatorların və ekspertlərin yetişdirilməsinə diqqət ayrılıb. Elmi bazadan istifadə aktivliyi, bazadan istifadə, alimlərin elmi-tədqiqat trendində qalması vacibliyi nəzərə alınaraq publikasiyaların davamlı artımını təmin etmək məqsədilə Bakı Dövlət Universitetində (BDU), Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bu tipli sertifikatlaşma proqramları keçirilib.
2013-cü ildə AMEA-nın ümumi nəşrlərinin sayı ali məktəblərin ümumi nəşrlərinin sayını 2 dəfədən çox üstələyirdisə, 2017-ci ilin ötən dövründə bu sayda yaxınlaşma müşahidə olunur. 2017-ci il üzrə Bakı Dövlət Universiteti (245 elmi iş), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (58), Tibb Universiteti (49), Gəncə Dövlət Universiteti (27) və Texniki Universitet (26) elmi məhsuldarlığa görə xüsusi fərqlənmiş və ən çox elmi iş generasiya edən ali təhsil müəssisələri olmuşlar. Elmi məhsuldarlığın artım dinamikasına görə isə Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və UNEC xüsusilə fərqlənmişlər. Belə ki, 2016- cı illə müqayisədə 2017-ci ildə UNEC-də nəşr aktivliyi 3 dəfə, GDU-da 2.7 dəfə, ADPU-da isə 2.3 dəfə artmışdır.
Azərbaycanda ən çox araşdırılan və tədqiq edilən elmi tədqiqat istiqamətləri riyaziyyat, materialşünaslıq, bərk cisimlər fizikası, tətbiqi fizika və kimya təşkil edir. Təkcə riyaziyyat üzrə 2017-ci ildə elmi bazaya Azərbaycandan 117 elmi tədqiqat işi daxil olub. Ölkə üzrə bu günə qədər bazada yer almış 61 “ən çox istinad olunan məqalələr”ə (qlobal səviy­yədə konkret tədqiqat kateqoriyası üzrə ən çox istinad almış top 1% məqalələr) daha çox hissəciklər fizikası, astronomiya və astrofizika, nüvə fizikası və ümumi tibb sahələri aiddir. Tədqiqat işlərinin 70%-i məhz nəhəng beynəlxalq ATLAS kollaborasiyası çərçivəsində həyata keçirilib.

Əməkdaşlığın yeni mərhələsi

2018-ci il 5 dekabr tarixində Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında 2019-2021-ci illəri əhatə edən əməkdaşlığa dair müqavilə imzalanıb. Bu müqavilə mövcud əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsini, “Web of Science®” platformasının rusdilli elmi nəşrlər bazasına və ölkə üzrə elmi fəaliyyətin əhatəli təhlilinə imkan verən InCites platformasına çıxışın təmin olunmasını nəzərdə tutur.
Tədbir çərçivəsində “Web of Science Azerbaijan-2018” mükafatları təqdim edilib. "Web of Science"də əsas nəşr lideri olaraq Bakı Dövlət Universiteti, son 3 ildə "Web Science"-də nəşr aktivliyinin artım dinamikasına görə ən proqressiv universitetlər ("artım sürəti") nominasiyası üzrə Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Milli Aviasiya Akademiyası, "Web of Science"da nəşr liderləri olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Tibb Universiteti, ən məhsuldar regional universitet kimi Gəncə Dövlət Universiteti “Web of Science Azerbaijan-2018” mükafatlarına layiq görülüblər.

Elmi tədqiqatların nüfuzlu qiymətləndirmə aləti

“Clarivate Analytics İn­Cites™” dünya ali təhsil müəssisələri və elmi dairələrinin fəaliyyətinin məhsuldarlığını təhlil etmək imkanı verən elmi tədqiqatların qiymətləndirmə alətidir. Hazırda “İnCites™” platforması dünyanın 7000-dən artıq tanınmış universiteti, tədqiqat institutu, dövlət qurumu və şirkəti tərəfindən istifadə olunur. “Web of Science®” platforması məlumatlarının təhlili ali təhsil müəssisələrinə tədqiqatların daha səmərəli istiqamətlərini müəyyən etməyə və uğurlu inkişaf strategiyalarının qurulmasına xidmət edir.
“Science Citation İndex Expanded®” müəllim, tələbə və tədqiqatçılara təbiət elmləri və texnologiya sahəsində lazımi elmi məlumatları toplamaq, biblioqrafik informasiyadan və istinadlar haqqında məlumatlardan səmərəli yararlanmaq imkanı yaradır. “Social Sciences Citation İndex®” və “Arts and Humanities Citation İndex®” bazaları ictimai, humanitar, incəsənət sahələrində nəşrlər və istinadlarla bağlı informasiyaya, “Conference Proceedings Citation İndex®” isə ən önəmli konfrans və səfərlər barəsində dərc olunan materiallara çıxış əldə etmək imkanı verir.

Oruc MUSTAFAYEV


Tarix: 10-01-2019, 14:50

Xəbəri paylaş