Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Görkəmli alimin şeir dünyası

 


Bu il professor Hikmət Mahmudun iki cilddə «Seçilmiş əsərləri» adlı şeirlər kitabı çapdan çıxıb. Kitabların birinci cildinə şair-publisist Əli Rza Xələfli «Alimin şeir dünyası», ikinci cildinə isə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli «Qoşa qanadlı poeziya» adlı ön söz yazmışdır. «Günəş-MMC» mətbəəsində nəfis şəkildə çap edilmiş hər iki cildin redaktoru xalq şairi Nəriman Həsənzadədir.
Hikmət müəllimin keçdiyi şərəfli həyat yoluna qısaca nəzər salsaq onun elm və sənət yolunda çəkdiyi zəhmət sayəsində necə böyük uğurlar qazandığının şahidi olarıq. O, 1967-ci ildən Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda elmi fəaliyyətə başlamış və 1971-ci ildə «Kəlbəcər ra­yo­nunun perlitləri, onların fiziki və kimyəvi xüsusiy­yətləri, 1992-ci ildə isə «Azərbaycan mezo-kaynazoy yaşlı vulkanik şüşələri» mövzusunda namizədlik və doktorluq dissertasiyalarını müdafiə etmişdir. Apardığı çoxsaylı elmi-tədqiqat işləri 200-dən çox elmi əsər, o cümlədən 16 elmi kitab, 10 monoqrafiya, 7 dərslik kitabı və 7 ixtira ilə nəticələnmişdir. Onun bu tədqiqat işləri «İxtiralar və Kəşflər Komitəsi» tərəfin­dən müəlliflik şəhadətnamələri ilə təsdiqlənmişdir. H.Mahmudov elmdəki xidmətlərinə görə «Tərəqqi» medalı ilə təltif edilib. Eyni zamanda o, «Qızıl qələm» və «Vətən» mükafatları laureatıdır. Həmçinin müxtəlif vaxtlarda elmdəki xidmətlərinə görə ayrı-ayrı qurumlar tərəfindən «İlin vətənpərvər adamı», «Şərəfli ömür yolu» mükafatlarına, «İlin adamı» adına, habelə «Avropa Nəşr Mətbu Evi» tərəfindən « Qızıl medal» və diplomla da mükafatlandırılıb. 2015-ci ildə isə o, Prezidentin fərdi təqaüdünə layiq görülüb.
Bütün bunlarla bərabər Hikmət Mahmud 50 ildən çoxdur ki, ali məktəblərdə, o cümlədən Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Dövlət Neft Akademiyasında fəaliyyət göstərmiş, hazırda isə Bakı Dövlət Universitetində öz pedaqoji fəaliyyətini davam etdirərək geokimya və ekologiya fənlərindən mühazirələr oxuyur. Uzun illərdir ki, ali məktəblərin müəllim və tələbələri Hikmət müəllimin kitablarından dərslik və dərs vəsaiti kimi istifadə edirlər. Eyni zamanda o, Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İns­titutunda şöbə müdiri vəzifəsində çalışır və elmi-tədqiqat işlərini davam etdirir. Gö­ründüyü kimi, geologiya-minerologiya elmləri doktoru, professor Hikmət Mahmudun elmi-pedaqoji fəaliyyəti ayrıca bir mərhələdir. Bütün bunlar bir tərəfə, bu yazımızda isə söhbət şair Hikmət Mahmuddan, onun bu yaxınlarda işıq üzü görmüş «Seçilmiş əsərləri» adlı ikicildliyində toplanmış şeirlərindən gedir. Hikmət Mahmudun bu seçilmiş əsərləri onun əsərlərinin tam külliyyatıdır. Onu da qeyd edək ki, onun indiyə qədər 9 şeirlər kitabı, 11 poeması dərc olunub. Əsərləri müxtəlif xalq­ların dillərinə tərcümə edilib. Türk, alman, bolqar, rus, fars və gürcü dillərində də Hikmət Mahmudun poetik aləmi özünə böyük oxucu auditoriyası qazanıb.
Şair Hikmət Mahmudun sözlərinə bir çox görkəmli bəs­təkarlarımız - Ələkbər Tağıyev, Eldar Mansurov, İsrail Kərimov, Oqtay Rəcəbov, Oqtay Zülfüqarov, Şəfiqə Axundova, Hökumə Nəcəfova, Tahir Əkbər və başqaları 50-dən çox mahnı bəstələyiblər. Onun ikicildlikdə toplanmış şeirlərinə bəstələnmiş «Ola bilməz», «Zəminələr bacısı», «Təzə il», «Ad günün mübarək», «Bizim Vətən qızları», «Kəndimiz», «Biz qoşa gə­zək», «Danışanda, güləndə…», «Ala gözlər», «Məhəbbət yaşa baxmır…», «Nədir günahım de mənim» və bir çox digər mahnıları sevimli müğənnilərimiz tərəfindən böyük məhəbbətlə ifa olunur.
Hikmət Mahmudun oxuculara təqdim olunan ikicildliyində minə yaxın şeiri, qırxa yaxın qoşması, on üç poeması, rübailəri, qəzəlləri, bayatıları toplanıb. Bu poeziya incə, zərif duyğular poeziyasıdır, insanlara, həyata sonsuz məhəbbətin ifadəsidir. Bu şeirlər görkəmli alimin, müdrik şairin könül nəğmələridir. Hikmət Mahmudun poeziyası haqqında qüdrətli söz sərrafları – İlyas Əfəndiyev, Əli Vəliyev, Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Məmməd Araz, Famil Mehdi, Nəriman Həsənzadə böyük məhəbbətlə öz ürək sözlərini söyləyiblər. Şairin yaradıcılığına yüksək qiymət verən ədəbiyyatşünas alimlər – Əkrəm Cəfər, Pənah Xəlilov, Xalid Əlmirzəyev, akademik Firudin Köçərli, Fuad Qasımzadə və başqaları Hikmət Mahmudun qüdrətli sənətkar və ilhamlı bir şair olduğunu dəfələrlə təsdiqləmişlər.
Yeri gəlmişkən onu da qeyd edək ki, şairin yaradıcılığına yüksək qiymət verənlərdən biri də akademik İsa Həbibbəylidir. O, ikicildliyin ikinci cildinə yazdığı ön sözün sonunda fikirlərini belə yekunlaşdırır: «Hikmət Mahmudun «Seçilmiş əsərləri» Azərbaycan ədəbiyyatında müasir maarifçi poeziyanın maraqlı, cəlbedici və əhəmiyyətli nümunəsi sayılmağa layiqdir. Bu, elmlə şeiriyyəti, müdrikliklə şairanəliyi özündə birləşdirən qoşa qanadlı poeziyanın geniş imkanlarını əks etdirən qiymətli əsərlərin mənalı bir toplusudur. Bu, şeirdə elmiliyin yerini və elm adamının fəaliyyətində şeirin mövqeyini aydınlaşdırmağa imkan yaradan düşündürücü poetik bir irsdir…Şairin bədii əsərləri, onun yaratdığı elmi təlim olmayıb, əksinə, alim təfəkküründən qidalanmış yaddaqalan, təsirli, əhəmiy­yətli və ilhamlı şeirlərdən ibarət olan qiymətli poeziya nümunəsidir».
Bütün bunlar onu deməyə əsas verir ki, professor Hikmət Mahmudovun min bir zəhmət bahasına araya-ərsəyə gətirdiyi bu ikicildlik «Seçilmiş əsərləri» çoxsaylı oxucuların rəğbətini qazanacaq, onların stolüstü kitabına çevriləcək.

Ə.Daşdəmirliшаблоны для dle 11.2