Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Təbiət elminin patriarxı

  Xosrov Musayev, 
  Bərdə  Dövlət  İdarəetmə və 
  Texnologiya  Kollecinin ekologiya  fənn müəllimi,
  kənd təsərrüfatı  elmləri  üzrə  fəlsəfə  doktoru   
   
  Azərbaycanın görkəmli təbiətşünas alimi akademik Həsən Əlirza oğlu Əliyev 15 dekabr 1907-ci ildə Zəngəzur qəzasının Comərdli kəndində anadan olmuşdur. Naxçıvan şəhərində orta məktəbi bitirdikdən sonra AKTİ- də təhsil almışdır. 1941-1943-cü illərdə Böyük Vətən müharibəsi iştirakçısı olmuşdur. 1944-cü ildə kənd təsərrüfatı elmlər namizədi və 1965-ci ildə kənd təsərrüfatı elmlər doktoru alimlik dərəcəsi almışdır. Görkəmli alim 1952-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, 1974-cü ildə Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan Dövlət mükafatı laureatı adına layiq görülmüşdür. O, bir çox məsul vəzifələrdə çalışmış, Azərbaycan SSR Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi işlər üzrə direktor müavini (1944-1949) eyni zamanda Azərbaycan Dövlət Pedaqoji İnstitutunda baş müəllim (1945-1949), Azərbaycan SSR Elmlər Akademiyası Botanika İns­titutunun direktoru (1949-1952), Azərbaycan SSR kənd təsərrüfatı nazirinin birinci müavini və Azərbaycan Kommunist  Partiyası Mərkəzi Komitəsinin katibi (1952), Azərbaycan SSR Elmlər Akademiyasının akademik-katibi (1952-1957), Azərbaycan SSR Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunda laboratoriya müdiri (1957-1967), Azərbaycan SSR Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru (1968-1993) vəzifələrində işləmiş və Azərbaycan elminin tərəqqisi üçün əlindən gələni əsir­gəməmişdir. Azərbaycanın ekoloji vəziyyətinin yaxşılaşması üçün ömrünün sonuna kimi çalışan Həsən Əliyev 1993-cü il fevralın 2-də Bakı şəhərində dünyasını dəyişmiş, Fəxri xiyabanda dəfn edilmişdir.

 
  Akademik  Həsən  Əliyev  Azərbaycan  təbiətinin  gözəl  mütəxəssisi  idi. Azərbaycanda  təbiəti  qorumağın  elmi  əsaslarını  işləyib  hazırlamış, nadir təbiət  abidələrini  müəyyən  etmiş, yeni  qoruqların  yaradılmasının  zəruri  olduğunu  əsaslandırmışdır.
Böyük alim Həsən Əliyevin elmi yaradıcılığı çox zəngindir. Onun haqqında çoxlu kitablar yazılmış və filmlər çəkilmişdir. Alimin 60 illik elmi fəaliyyəti haqqında saatlarla, günlərlə danışmaq olar. Ancaq mən onun elmi fəaliyyətinin bir neçə məqamına toxunmaq istəyirəm.
Həsən Əliyev “Həyəcan təbili” kitabında yazırdı: “İnsanı təbiət yaratmış və öz sərvətlərini səxavətlə onun istifadəsinə vermişdir. 600 min ildən artıqdır ki, müasir insanla təbiət arasında münasibət müəyyən nisbətdə davam edir. Bəşəriyyət öz inkişafının yüksək pillələrinə ayaq qoyduqca bu nisbət müəyyən mənada insanların xeyrinə dəyişir. İnsanın sayı artdıqca və texniki vasitələrə daha mükəmməl yiyələndikcə təbiətə daha çox təsir edir, onu dəyişdirir, qırır, öz məqsədləri üçün daha geniş istifadə edir, əvəzində isə ona heç nə qaytarmır. Demək, insan təbiətə çox ciddi zərər vurur”.
Cəmiyyətin sürətlə inkişaf etdiyi, böyük texniki qüvvəyə malik olduğu indiki dövrdə təbiətlə insan arasındakı münasibət pozulmuş və təhlükəli şəkil almışdır. Hətta son zamanlar təbiətin istismarı elə bir dərəcədə qüvvətlənmişdir ki, təbii sərvətlər daha tez tükənməyə başlamışdır. Alim təbii sərvətlərin mühafizəsini, onlardan səmərəli istifadə edilməsini, xüsusən canlı sərvətlərin qorunmasını ümummilli və beynəlxalq məsələ hesab edir.
Akademik Həsən Əliyev Kür-Araz ovalığında geniş tədqiqat işləri apararaq şoran və şorəkət torpaqların yaranma səbəblərini öyrənmiş və onların aradan qaldırılma yollarını göstərmişdir.
Alimi Azərbaycan meşələrinin qorunması, mühafizəsi problemi daim narahat etmiş və onu düşündürmüşdür. O, meşələri təbiətin böyük sərvəti, əvəzsiz xəzinəsi adlandırmışdır.
Akademik Həsən Əliyev Bərdə bölgəsində meşəçilik institutunda olmuş və burada çalışan işçilərə öz dəyərli məsləhətlərini vermişdir.
Kür sahili boyu uzanan Tuğay meşələrini o belə qiymətləndirmişdir: “Tuğay meşələrini təbiət özü bizə bəxş etmişdir. Onun hərtərəfli əhəmiyyəti saysız –hesabsızdır. Bu təbii zolaq onu əhatə edən ərazinin iqlimini nizama salır, kənd təsər­rüfatı bitkilərinin məhsuldarlığının sabitliyinə və yüksəldilməsinə gözəl şərait yaradır. Bundan başqa, bu meşələr böyük torpaqqoruyucu və sahilbərkidici rola malik olub, həm də Kür çayının əvəzsiz bəzəyi kimi göz oxşayır. Ov heyvanları və quşlar üçün sığınacaq, insanlar üçün gözəl istirahət guşəsidir”.
Respublikamızın düzənlik zonasında yerləşən Tuğay meşələrinin insan fəaliyyəti nəticəsində məhv olmaq təhlükəsi ilə üzləşdiyini və Tuğay meşələrinin belə bərbad hala düşməsini, orada ilboyu qanunsuz olaraq mal-qara otarılması, fermaların yerləşməsini göstərmişdir. “Əgər Kürqırağı meşələr bərpa edilərsə, bu ölkəmizdə kənd təsərrüfatının inkişaf etdirilməsinə kömək deməkdir” fikirlərini söyləmişdir.
Akademik Həsən Əliyev həm də geniş ictimai fəaliyyətlə də məşğul olmuşdur. O, Azərbay­canda «Təbiəti Mühafizə Cəmiy­yəti» yaratmış və uzun müddət ona rəhbərlik etmişdir. O, respublikamızı qarış-qarış gəzmiş, təbiəti müşahidə etmiş, flora və faunanı öyrənmiş, qeydlər apararaq təbiətin qorunması, zənginləşməsi prob­lemini araşdıraraq və onun aradan qaldırılması yollarını kütləvi informasiya vasitələri ilə ictimaiyyətə çatdırmışdır.
Akademik Həsən Əliyevin qaldırdığı ekoloji problemlər, elmi fikirlər bu gün də çox aktualdır. Onun ekologiya elmi haqqında söylədiyi fikirləri istəyirəm sizin diqqətinizə çatdırım: «Ekologiya yaxın gələcəkdə bütün elmləri bir-biri ilə əlaqələndirərək nəhəng və möhtəşəm bir çinar ağacını xatırladan fundamental, planetar əhəmiyyətli və çox pers­pektivli elmə çevriləcəkdir. Ekologiyasız başqa elmlərin inkişafı qeyri-mümkündür».
Alimin başqa insanlardan fərqi ondadır ki, o, 50-100 il qabaqca baş verəcək prosesləri əvvəlcədən görə bilir. Bu yerdə Məhəmməd Peyğəmbərin bir kəlamı yadıma düşdü. O demişdir: “Alimlər dünyanın çırağı, axirətin nurudurlar”. Akademik Həsən Əliyev məhz belə alimlərdəndir.
Böyük alim Həsən Əliyevin elmi irsinin öyrənilməsi və təbliği məqsədilə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbə - gənclər təşkilatının nəzdində Həsən Əliyev adına “Yaşıl Dünya” klubu yaradılmışdır. Direktorluq və klubun üzvləri təşəbbüskarlıq göstərərək 2008-ci ildə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin həyətində yaşıllaşdırmada istifadə olunan 100 ədəd relikt ağac, Eldar şamı və çoxlu sayda bəzək kolları əkmişlər. Bundan başqa, klubumuz hər il «Beynəlxalq ekoloji bilik günü»nü qeyd edir, tədbirlər keçirir, 5 iyun – “Ümumdünya Ətraf Mühitin Mühafizəsi” günündə isə aksiyalar təşkil edir.
Əgər bu gün akademik Həsən Əliyevin elmi irsi öyrənilirsə, təbliğ olunursa, demək, o yaşayır və daim bizim qəlbimizdə yaşayacaqdır.
шаблоны для dle 11.2