Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Görkəmli alim: pedaqogikanın patriarxı

 

Bir neçə  il əvvəl görkəmli pedaqoq, Zaqafqaziyada və Orta Asiyada ilk pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi Əhməd Yusif oğlu Seyidov haqqında məqaləm çap olunmuşdu. Səhərisi mənə iki zəng gəldi: oğlanları,  professor Fikrət Seyidovdan və kriminal psixologiyada öz dəst-xətti olan, dosent İsmayıl Seyidovdan…
Telefonum susdu…
Əhməd Seyidov Qazax rayonunun Aslanbəyli kəndində kəndli ailəsində doğulmuşdu (1892). Anası Xədicə maarif işığında gələcək axtaran qadın idi, ərini itirsə də övladlarını özünə, qüdsiyyətinə daha yaxın etdi. Böyük oğlunu oxutdurmağı hər vaxt düşünürdü. Xədicə Əhmədin Qori Müəllimlər Seminariyasında oxumaq arzusunu dəstəklədi. İmtahanlardan sonra məsələ xeyli çətinləşdi; o, pullu şöbəyə düşmüşdü. Ailənin də imkanı yox idi. Anasına imkansızlıqdan oxuya bilməyəcəyini bildirəndə nə eşitsə yaxşıdır: - Əhməd, qapımızda mal-qaranı satıb, səni oxutduracağam! Və bu fikrə hazırlaşdı. Lakin göydə Allah var və o, hər bir bəndəsinə tale payı göndərir. Seminariyadan çıxmaq istəyini direktor Semyonova deyəndə, bu səmimi, həssas maarifçi müəllimləri kabinetinə dəvət edir və artıq tələbə sayılan arıq, uzun, iti baxışlı Əhmədi sınağa çəkirlər. Bir sual isə hər şeyə yaxşı mənada nöqtə qoyur:
 - Sən rus ədəbiyyatından bir şey oxumusanmı?
Əhməd irəli yeriyir və inandırıcı cavab verir: - Bəli. Puşkinin «Bulut» şeirini hətta əzbər deyərəm.
Tufanların qovduğu,
sən ey sonuncu bulut,
Bircə sən dolanırsan bu          
aydın göylərdə sən.
Kədərli kölgələri
gəzdirirsən qoynunda,
Bu şən günü salırsan                  
qüssələrə, dərdə sən…
 
Pedaqoqlarda bir oyanış yaranır. O, qaltanlı səsilə (son nəfəsinə qədər bu səs çaları onu tərk etmədi) şeiri rusca söyləyir. Ə.Seyidov Qori Müəllimlər Seminariyasını bitirəndə (1917) artıq 25 yaşında idi. Doğma kəndinə gəlir, iki mərtəbəli evlərinin ikinci mərtəbəsində qızlar üçün rəsmi məktəb açır. Bu, o bölgədə ilk qızlar məktəbi kimi tarixə düşür. Sonralar rayonun başqa kənd məktəblərində dərs deyir.
Maraqlı bir fakt. Tədris vəsaitlərinin yoxluğundan Əhməd Seyidov «Əlifba» dərsliyini Hacı Sanılı ilə müştərək yazır. Çap olunmasa da uzun illər bu dərslikdən istifadə edilir. Beləliklə, M.F.Axundovun «Əlifba»sından sonra bu, ikinci sayılırdı.
Mən seminariya mühitinə toxunmaq istərdim. Bu zəngin maarif (təhsil) xəzinəsini (o cümlədən, onun Qazax şöbəsini) ciddi araşdıran mərhum professor, Əhməd müəllimin oğlu Fikrət Seyidova minnətdar olmalıyıq. Ə.Seyidovla yanaşı Yusif Qasımov, Səmədbəy Acalov, Kamal Səfərov, Pənah Qasımov da təhsil almışlar. Bu nəslə qədər N.Nərimanov, Ü.Hacıbəyli, M.Maqomayev, S.S.Axundov, F.B.Köçərli, R.B.Əfəndiyev, S.Vurğun, O.Sarıvəlli həmin təhsil ocağını bitirmişlər. Bu simaların adları müasirlərimizə çox mətləblərdən xəbər verir.
Ə.Seyidov Bakıya gəlir, Xalq Maarif Komissarlığında çalışır, Lənkəranda maarif şöbəsinin müdiri vəzifəsində pedaqoji fəaliyyətini davam etdirir. 1930-cu ildə Azərbaycan Dövlət Darülfünü bitirir və həmişəlik həyatını məktəbə, pedaqoji fikir tariximizin tədqiqinə bağlayır. Otuzuncu illər üçün elmi-pedaqoji yenilik kimi «Kütləvi məktəblərdə ekskursiya» (1932), «K.D.Uşinskinin həyatı və pedaqoji fəaliyyəti» (1938), «K.D.Uşinskinin didaktik görüşləri» (1938) əsərlərini nəşr etdirir. Bununla Əhməd Seyidov on ilin boşluğunu aradan qaldırır, 40-50-ci illərdə yetişəcək elmi kadrlara yol açır. Yanılmadı: M.Muradxanov, Aben Kərimov, Əyyub Tağıyev, Vəlixan Mustafazadə, Hüseyn Əhmədov nəsli formalaşdı.
Əhməd Seyidov milli kökünə bağlı alim idi və onu tanıyanlar (onun yetirməsi kimi bu sətirlərin müəllifi də) bu keyfiyyəti etiraf etmişlər. Unutmayaq ki, sovet ideologiyasının tufanında, repressiya maşınlarının sürətli gedişində N.Gəncəvinin, M.Füzulinin, S.Ə.Şirvaninin, A.A.Bakıxanovun, H.B.Zərdabinin, F.B.Köçərlinin, xalqımızın digər şəxsiyyətlərinin həyatı – pedaqoji fəaliyyətini araşdırmışdır. Başı da ağrımışdır. Hətta A.A.Bakıxanov haqqında tədqiqləri üçün «yuxarılara» çağrılmış, «Siz çar generalı haqqında dissertasiya yazmısız, məqalələr çap etdirmisiz» xəbərdarlığı almışdır!
Əhməd Seyidov isə daxilindən gələn hisslə: həm özünü, həm də klassiklərin pedaqoji dünyagörüşünü gənc nəslə, eləcə də kütləvi oxuculara çatdırmaq naminə cavabında deyir ki, mən bu şəxsiyyətləri Rusiyanın və Qərbin ictimai mühiti kontekstində, J.J.Russodan, K.D.Uşinskidən, V.Q.Belinskidən bəhrələnən maarifçilər kimi təqdim etmişəm. A.A.Bakıxanov, M.F.Axundov, M.Ş.Vazeh, H.H.Zərdabi, eyni zamanda K.D.Uşinskiyə, V.Q.Belinskiyə, N.A.Dobrol­yubova da laqeyd qalmamışam.
Etiraf yerinə düşər ki, ən gərgin məqamlarda belə, tərəf-müqabilini başa düşən olur. «İttihamçıların» liderlərindən biri Əhməd Seyidovla razılaşır və bu fəaliyyəti davam etdirməyi məsləhət görür. Professor Ə.Seyidov «Azərbaycanda xalq maarifinin təşkili oçerkləri», «A.A.Bakıxanovun fəlsəfəsi onun pedaqoji sisteminin əsasıdır», «A.A.Bakıxanov əxlaq tərbiyəsi və təhsil haqqında», «S.Ə.Şirvani müəllimin rolu haqqında» əsərlərini qələmə alır.
Professor Əhməd Seyidov A.A.Bakıxanovun və M.F.Axundovun ictimai-maarifçi görüşlərinə xüsusi diqqət yetirir. Bu da təsadüfi deyildi: hər iki şəxsiyyət mənsub olduğu xalqın ən qədim məziyyətlərini, yaradıcı potensialını, oxumağa meylini, qlobal mühitə çıxmaq potensialını və sairi elmi səviyyədə araşdırmaq niyyətində idi. Kimsə bunu ortaya qoymalı idi. Bir qədər ədəbiyyatın tədqiqi vəziyyətinə qayıtsaq, məsələ yaxşı idi. Nisbətən gənc ədəbiyyat tarixçilərindən Məmməd Arif, Feyzulla Qasımzadə, Həmid Araslı, Mikayıl Rəfili, Ə.Ə.Səidzadə, Mir Cəlal ədəbi şəxsiyyətlər, ədəbi məktəblər haqqında sanballı əsərlər yazmışdılar. Halbuki, bu işıqlı simalar Nizamidən, Füzulidən, Mirzə Fətəlidən, Abbasqulu Ağadan, Seyid Əzimdən və digərlərindən qidalanmışdılar. Əhməd Seyidov isə məhz Nizamini orijinaldan, Füzulinin, Seyid Əzimin ərəb və fars dilindəki poeziyasından çıxış etdi, onların pedaqoji irsini sistemləşdirdi. Bu tədqiqlər SSRİ miqyasında, xüsusilə, rus pedaqoji fikrin tədqiqatçılarından, akademiklərdən Y.Medinski, N.Qonçarov, S.Konstantinov, N.Şimbiryev və b. diqqətindən yayınmadı. Professorun araşdırmalarını Qərbi Avropa və Rusiya klassik pedaqoqların mülahizələrilə səsləşdiyini gös­tərirdilər. Çünki Ə.Seyidov klassiklərimizi son dərəcə yüksək elmi-pedaqoji və fəlsəfi səviyyədə araşdırmışdı. 1940-cı ildə professor Ə.Seyidov A.Bakıxanov haqqında Kiyevdə keçirilən Ümumittifaq konfransda geniş məruzə edir, maraqla qarşılanır. Az sonra «XVIII-XIX əsrlərdə Azərbaycan xalq maarifinin təşkili oçerkləri» və «Təlimin sinfi mahiyyəti» kitabları işıq üzü görür.
Vətən müharibəsinin başlanması tədqiqatları xeyli səngitsə də, təhsilalma, kadr hazırlığı davam edirdi. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi mövzusu aktuallaşırdı. Pedaqoji İnstitutda rəhbərlik etdiyi kafedranın üzvlərini belə səpgili məqalələr yazmağa çağırdı. Əyyub və Əmir Tağıyevlər, Vəlixan Mustafazadə, Əliş Həsənov, M.Mustafayeva kimi müəllimlərin qüvvəsi birləşdi. Respublikanın rəhbərliyi Ə.Seyidova məsul vəzifə etibar edirlər. V.İ.Lenin adına APİ-nin direktoru təyin olunur (1944-1949). O, institutda çalışan alim-pedaqoqların qüvvəsini mövcud əhvali-ruhiyyəyə yönəldir. Məmməd Şıxlı, Allahverdi Verdizadə, Həmid Qədirov, Sədi Əfəndiyev, Mikayıl Rəfili, İmran Babayev auditoriyalarda tələbələr arasında qələbəyə inam ruhu aşılayırlar. Ona görə ki, şifahi təbliğata – sözə daha çox ehtiyac duyulurdu.
Bu sətirlərin müəllifinə söyləmişdi ki, pis vaxt idi, institutda lazımi vəzifələri ermənilər tutmuşdu, institutun yerləşdiyi ərazidəki “raykom”da da erməni ideoloqları kök salmışdılar. Hətta tələbə qəbulunda üstünlük erməni fakültələrinə verilirdi. Əhməd Seyidov M.C.Bağırovun qəbuluna düşür və bu məsələdə onu inandırır, azərbaycanlılara üstünlük verilməsinə nail olur. Lakin bir ovuc ermənilərin təzyiqilə (onlar Moskvadan idarə olunurdular) Ə.Seyidov direktor vəzifəsindən uzaqlaşdırılır.
Müharibədən sonra - 1947-ci ildə Əhməd Seyidov «XIX əsrdə Azərbaycanda pedaqoji fikrin əsas nümayəndələri» (A.A.Bakıxanov, M.Ş.Vazeh, M.F.Axundov, S.Ə.Şirvani və H.B.Zərdabi) adlı doktorluq işini Moskvada uğurla müdafiə etdi. Beləliklə, çağdaş pedaqoji sahədə məşğul olanların, tarixçilərin, bəzi təyinatlı məmurların bilmədiyi tarixə imza atdı: Zaqafqaziyada ilk pedaqoji elmlər doktoru elmi dərəcəsini aldı, az sonra «professor» vəzifəsinə layiq görüldü (rəsmi qaydada).
Əllinci illərdə professor diqqətini bir mühüm sahəyə - pedaqoji kadr hazırlığına istiqamətləndirdi. Bu işi təhsilimizin (milli pedaqoji fikrimizin) tarixindən başladı. İstedadlı gəncləri kafedraya cəlb etdi, qaynaqlara yönəltdi. «Kitabi-Dədə Qorqud»dan başlamağı tövsiyə etdi. Eləcə də Nizami, Füzuli, S.Ə.Şirvani, S.S.Axundov, habelə təlim və tərbiyə nəzəriyyəsinə Hüseyn Əhmədov, Aben Kərimov, Nurəddin Kazımov, Fikrət Seyidov, Bəxtiyar Abdullayev, Abbas İsmayılov, Yusif Talıbov, Əjdər Ağayev, İramin İsayev və di­gərlərinin dissertasiya tədqiqatlarına rəhbərlik etdi. Bu simalar sonralar pedaqogika elmində öz dəst-xətlərini yaratdılar. Beləliklə, ədalət naminə desək, pedaqogika elmində «Əhməd Seyidov məktəbi» yarandı. Çox təəssüf ki, çağdaş, nisbətən yaşlı nəsil bu anlayışı işlətməkdə sanki ehtiyatlanır, bəlkə də qısqanclıq edirlər. Əslinə qalsa, bu «məktəbin» (ruslar ona doğru olaraq «şkola» deyirlər) mahiyyətli mənası vardır: Birincisi, o alim (pedaqoq) mənəviyyatca təmiz, nəfsi tox olmalıdır, gözü aspirantının, dissertantının cibində olmamalıdır. İkincisi, əsərləri milli, yaxud bəşəri mahiyyət daşımalıdır, hər yeni ideologiya üçün «əyilməməlidir». Üçüncüsü, tədqiqatçı olaraq yetirmələrini həmin mövzu sahəsində araşdırmaya istiqamətləndirməlidir və elmi nəticəsini almalıdır. Dördüncüsü, yetirmələri yaşadığı məkandan, ölkəsindən kənarda da olmalıdır və elmi rəhbərinin elmi üslubunu mənimsəməlidir. Beşincisi, o pedaqoqun (alimin) vəfatından sonra da tədqiqat ənənəsi davam etməlidir.
Təsəvvürə gətirək ki, professor Əhməd Seyidov 30-cu illərdən üzü bizə sarı Azərbaycan pedaqoji fikir tarixinin ən dərin qaynaqlarını yüksək səviyyədə və ardıcıl şəkildə araşdırmışdır; əvvəl onun özü liderlik etmiş, bahəm yetirmələrini tədqiqata cəlb etmişdir. Eyni zamanda Pedaqoji Universitetdə «Pedaqogika» kafedrasına qırx ilə yaxın rəhbərlik etmiş, təqaüdə çıxanda da orada elmi məsləhətçi kimi əməyini əsirgəməmişdir. Onun elmi xidmətinə bir faktı da əlavə edərdim ki, neçə-neçə filosofun, pedaqoqun, metodistin doktorluq dissertasiyalarına opponentlik etmişdir, rəylərilə hansısa əsərin taleyini müsbət həll etmişdir. Bunun sərhəddi Moskvaya, Tiflisə, Dağıstana, Orta Asiyaya qədər gedib çıxmışdır. Professor Əhməd Seyidov pedaqoji dəyərlər tariximizi hərtərəfli və dərindən öyrənib yazmaqla, həyatımızın məntiqini, cəmiyyət quruculuğunun dialektikasını yeni nəslə çatdırmışdır və tədqiqatın gedişində bəzi mərhələləri sistemləşdirmişdir. Birincisi, Azərbaycan şifahi xalq ədəbiyyatı materialları əsasında tərbiyə və təlim məsələlərinin öyrənilməsini. İkincisi, Azərbaycan xalqının orta əsr pedaqoji fikrini. Üçüncüsü, Azərbaycanın Rusiya tərəfindən işğalından son­rakı pedaqoji fikrin vəziyyətini. Dördüncüsü, Oktyabr inqilabından və Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra pedaqoji fikrin və təhsilin inkişafını. Qeyd edim ki, ümumiyyətlə, bu bölgü pedaqoji fikir tariximizin inkişafı mərhələlərinin dürüstləşməsində əsas metodoloji istiqamət olmuşdur.
Professor Əhməd Seyidovun ümumi kontekstdən irəli gələn elmi-pedaqoji fəaliyyətində üç istiqamət aparıcıdır: Birincisi, Azərbaycan pedaqoji fikrin tədqiqidir. İkincisi, rus pedaqoji fikrinin Azərbaycanda təbliğinin bəzi məqamlarıdır. Üçüncüsü, xarici ölkə pedaqoqlarının öyrənilməsidir (A.Disterveq, J.Rus­so, Con Lokk, K.Uşinski, N.A.Dobrolyubov və b.). Ə.Seyidovun çapdan çıxmış və zama­nında da, indi də əhə­miyyətini saxlayan dərslikləri, digər əsərləri, məqalələri alimin elmi yaradıcılığı haqqında yetərli təsəvvür yaradır: «Azərbaycanda pedaqoji fikrin inkişafı tarixindən» (1958), «Pedaqogika tarixi» (üç kitabdan ibarət), «Pedaqogika tarixi» (1970) dərsliyi və onun ölümündən sonra çapdan kənarda qalmış pedaqoqlarımız haqqında elmi tədqiqatlarını nəzərdə tuturam. Siyahını artırmaq da mümkündür. Bir haşiyə çıxardım ki, ömrünün son illəriydi, mənzilinə gəlmişdim - görüşüb hal-əhval tutmaq üçün. Üçümüz idik: oğlu Fikrət Seyidov, mən, bir də professor. O, asta, qaltanlı səslə danışırdı, ötən illərini xatırlayırdı. Söz o məqama çatdı, Əhməd müəllim dedi ki, unudulmaz müəllimim Firudin bəy Köçərli haqqında kitab yazmışam, ona olan bor­cumu çıxmağa çalışmışam. Əlbəttə cüzidir. – Susdu. Hannan dilləndi. – Xəstəlik imkan vermir onu çap etdirim. Hazırdır. Fikrət baxıb, oxuyub.
- Sağlıq olsun, ustad, - dedim. – Sanki daxili inamımdan gəlmişdi: - Darıxmayın, bu kitabınızı da görərsiz.
Lakin… Vaxt yetişdi, mən «Maarif» Dövlət Nəşriyyatına baş redaktor təyin olundum (1984) və müəllimim Fikrət Seyidovdan həmin əsərin əlyazmasını, digər çapdan çıxmamış pedaqoji əsərlərini aldım və elmi redaktorluğumla «Azərbaycan pedaqoji fikrin inkişafı tarixindən» irihəcmli kitabı işıq üzü gördü (1987). Mərhum professor təəssüf ki, bunu görmədi…
Əhməd Seyidov sağlığında ilk növbədə şəxsiyyətinin bütövlüyünü, təmənnasızlığını qorumuşdur, sonra elmin nüfuzunu; belə alimlər az-az yetişir. Çünki ikinci tərəfi daha önəmli sayırlar. Halbuki, öncə yaradıcı insanların şəxsiyyətini xalq, oxucu, ətrafı qəbul etməlidir. Yaradıcılıq da məhz şəxsiyyətdən doğmalıdır. Görkəmli alimlərdən, yazıçılardan A.Şaiq, S.Vurğun, O.Sarıvəlli, Mir Cəlal, M.Mehdizadə, Abasqulu Abaszadə, Mirzə Məmmədov, Mikayıl Rəfili, Ə.Dəmirçizadə, rus pedaqoqlarından xüsusilə, akademik N.K.Qonçarovun şəxsi simpatiyaları vardı. N.K.Qonçarov rəsmi yazmışdır ki, Əhməd Seyidov, siz Azərbaycan sovet pedaqoji fikir tarixi elminin akademiki, canlı ensiklopediyasınız. Bu real epitet - canlı ensiklopediya – Azərbaycan pedaqoqlarından heç bir şəxsə hələ də qismət olmamışdır: İlk və son həqiqət!
 Professor Əhməd Seyidov elə bir «ocaq» qaladı ki, onun ətrafında övladları, nəvələri onu söndürməyə qoymadılar, ata və baba közünün işığını qiymətləndirdilər, əlbəttə, öz istedad­ları, əzmkarlıqları, ziyalılıqları ilə. Böyük oğlu, dosent, seçilən psixoloq İsmayıl Seyidov, professor, pedaqogikada öz tematikası olan Fikrət Seyidov, nəvələri, professor, ictimai xadim, politoloq, millət vəkili Səməd İsmayıl oğlu Seyidov, dosent Aytən Fikrət qızı Qəhrəmanova respublikamızın elmi üçün, ictimai mühiti üçün çox iş görmüşlər və görürlər.
Professor Fikrət Seyidovun saysız monoqrafiyaları ilə bərabər, «Aslanbəylidən başlanan yol» memuarı bir nəslin 100 ilini əhatə edir, tarixi məqamlar, insanların taleyi, çağdaş sosial-mənəvi durum bu fundamental kitabın leytmotivini təşkil edir.
Nəvəsi, professor Səməd Seyidov on beş ildən artıqdır təhsil sistemində fədakarlıq göstərir, hələ gənc yaşlarından idarəetmənin mənəvi və ictimai prinsiplərinə bacarıqla əməl edir, millət vəkili olaraq Azərbaycanı xarici siyasi qurumlarda təmsil edir. Bu ibrətli dəyər ilk növbədə ata, baba Əhməd Seyidov tərbiyəsindən gəlir. Bu böyük insanın yaradıcılığı bir yana, müdrik şəxsiy­yəti öyrənilməlidir – nümunə kimi. Gənc nəslin buna ehtiyacı vardır…
O, ömrünün son bir-iki ilini doğulduğu kənddə – Aslanbəylidə keçirdi. Ailə təkidlərinə baxmayaraq Bakıda yaşamadı, torpağa təpindi, torpaq onu özünə çəkdi. Və 1977-ci ildə dünyasını dəyişdi.
Azərbaycan xalqı böyük olduğu kimi, dünyaya böyük şəxsiyyətlər gətirir, onlar da öz xalqına xidmət edirlər. Onlardan biri də pedaqogika elminin patriarxı, əməkdar elm xadimi, professor Əhməd Yusif oğlu Seyidovdur. Bu soyadı «keçmiş» zamanda işlətmədim, onun pedaqoji irsi və intəhasız nəsli yaşayır, xalqına, müstəqil dövlətinə xidmət göstərir. Yadıma fransız yazıçısı Viktor Hüqonun bir kəlamı düşdü: «Ey xalq, əgər dahilər sənin deyilsə kimin olmalıdır? Sən böyük bir ana qucağısan, dahiləri yetirən sənsən, qoy onlar doğma torpaq­larına xidmət etsinlər».
P.S. Bu il isə professor Əhməd Seyidovun doğum gününün 125 ilidir. Güman ki, məqalə çap olunacaq. Kimsə mənə zəng edəcəkmi ?!.

Allahverdi EMİNOV,
pedaqoji elmlər üzrə 
fəlsəfə doktoru, 
dosent, yazıçı, 
ədəbiyyatşünasшаблоны для dle 11.2