Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Görkəmli şəxsiyyətlərin həyatından

 
Ə. DƏMİRÇİZADƏNİN ÇIXIŞI
Görkəmli Azərbaycan dilçi alimi Ə.Dəmirçizadə alimlik dərəcəsi almaq istəyən gənc alimlərin namizədlik müdafiəsində həmişə belə bir cümlə ilə çıxış edərdi:
- Sizin bu elmi işinizdə elm adında heç bir şey yoxdur!..- və bir qədər fasilədən sonra əlavə edərdi, - desək səhv edərik.

«NAŞİ-VAŞİ»
Məşhur milyonçu Hacı Zeynalabdin Tağıyev hansı işə görəsə çar II Nikolayın qəbulunda olur. Xeyli söhbətdən sonra rus hökumətinin Azərbaycandakı siyasətinə etiraz edən Hacı deyir:
- Hörmətli hökmdar, sizin Azərbaycandakı siyasətinizi necə bəyənək ki, «zemlya naşi», «zerno vaşi», «more naşi», «rıba vaşi». Bu hərəkətlər xalq arasında böyük narazılıq yaradır.
İmperator soruşur:
- Heç elə bir şey yoxdur ki, əvvəl «naşi», sonra «vaşi» olsun.
Hacı o dəqiqə cavab verir:
-Niyə, var, «türmə vaşi», «sidit naşi».

AKADEMİK «SÜRÜCÜ»
Azərbaycanın böyük riyaziyyatçısı, rəhmətlik akademik İbrahim İbrahimov müəllimi Bəhram Yusifzadəni öz maşınında evə apararkən deyir:
- Müəllim, siz axı çox böyük riyaziyyatçısınız, nə üçün indiyədək müdafiə etmirsiniz?!
Sonra da zarafatla əlavə edir:
- İndi bizi görənlər fikirləşir ki, şagird akademikdir, müəllim isə elmlər namizədi də deyil.
Rəhmətlik Bəhram müəllim də bir qədər fikirləşib zarafatla deyir:
- Xeyr, camaat o cür fikirləşməyəcək, onlar fikirləşəcək ki, görün bu nə qədər böyük riyaziyyatçıdır ki, onun «sürücüsü» akademikdir!

ÜÇ LİMON
Bir dəfə böyük şair Hacı Seyid Əzim Şirvaninin yaxın dostlarından biri Həcc ziyarətindən gəlir. Şair onun görüşünə gedir və özü ilə gənc Sabiri aparır. Ev sahibi şair Seyid Əzimi çox böyük hörmətlə qarşılayır və cibindən üç ədəd limon çıxarıb ikisini Seyid Əzimə, birini isə Sabirə verir. Soruşur ki, bu kimdir? Seyid Əzim deyir ki, gənc şairdir. Ev sahibi deyir ki, onda bu limonlar münasibəti ilə bir şeir desin. Sabir də utana-utana bədahətən deyir:
«Xümsi şərabi Seyyidə saqi verib dedi,
Sabir fəqirdir, yetər ancaq zəkat ona!»
Xüms əmək haqqının 10, zəkat isə 5 faizidir.

PROLETAR DİLİ
Görkəmli Azərbaycan yazıçısı M.S.Ordubadi dünya dilləri haqqında söz düşəndə deyərdi:
-İngilis dili cahanşumul dildir, alman dili elm və texnika dilidir, fransız dili diplomatiya dilidir, italyan dili musiqi dilidir, fars - ərəb dili poeziya - şeir dilidir.
Ondan soruşanda ki, Mirzə, bəs rus dili hansı dildir?
Böyük yazıçı deyərdi:
-Rus dili proletar dilidir!

QADAĞA
Bir gün hökmdar Ənuşirəvan öz yediyi xörəklərin və içdiyi içkilərin başqaları üçün qadağan olunduğunu əmr edir. Bundan çox keçməmiş yüksək vəzifəli əyan qadağan olunmuş xörəklərdən hazırlatdırıb başqa bir əyanı nahara dəvət edir. Nahardan sonra, qonaq Ənuşirəvana, əmri pozan ev yiyəsindən belə bir şikayət edir: «Mən bunu öz gözlərimlə gör­müşəm və sizdən gizlətməyə cürət edə bilmərəm!»
Həmin əyan Ənuşirəvandan belə bir cavab alır:
- Biz sənin sadiqliyini qiymətləndirir və alqışlayırıq. Əmri pozanı isə ciddi surətdə pisləyirik, xüsusən ona görə ki, o, sirri saxlaya bilməyib, onu sənin kimilərə açmışdır!

ƏMİR TEYMURUN VƏSİYYƏTİ
Bəşər tarixinin ən böyük sərkərdələrindən olan Əmir Teymur ölərkən vəsiyyət etmişdir ki, onun məzarını açmasınlar, əgər açsalar, üç gün sonra dünyanı fəlakətə salan dəhşətli müharibə olar... Belə təsadüf baş verdi. 1941-ci il iyun ayının 18-də Teymurun məzarını açdılar və... üç gün sonra - 1941-ci il 22 iyunda tarixdə ən dəhşətli müharibə olan rus – alman müharibəsi baş verdi.

KOROĞLU «DƏLİSİ»
Bir dəfə dahi dirijor Niyazi İstanbul orkestrinin ifasında «Koroğlu» operasını hazırlamalı olur. Orkes­trin üzvləri məşqlərin birinə gələndə avtomobil qəzasına düşürlər. Niyazi dirijor pultunun arxasına keçib məşqə başlamaq istəyəndə görür ki, orkestrin üzvlərinin birinin başı, birinin qolu, birinin ayağı sarıqlıdır. Rəhmətlik Niyazi bir qədər onlara baxıb deyir:
- Bu gün məşq olmayacaq. Durun dağılışın evinizə, sizdən Koroğlu «dəlisi» çıxmaz!

«BƏDBƏXTLİK»
Bir dəfə Kəlbəcərə qonaq gedən şair Bəxtiyar Vahabzadə və böyük alim Xudu Məmmədovun şərəfinə ev sahibi qoyun kəsmək istəyərkən Bəxtiyar Vahabzadə bıçağı ev sahibinin əlindən alıb deyir:
- Kəsmə, sən allah, kəsmə!
Rəhmətlik Xudu Məmmədov da bıçağı Bəxtiyar Vahabzadənin əlindən alıb ev sahibinə verir və deyir:
- Kəs, qardaş, kəs! Qoy dünyadan bir qoyun azalsın! Qoy bu bədbəxtin öz canı da qoyunluqdan qurtarsın.

SEÇİM
Məşhur cərrah, gözəl bəstəkar İbrahim Topçubaşovdan müsahibə alan jurnalist ondan soruşur:
- Professor, sizə ikinci dəfə dünyaya gəlmək imkanı verilsə, yenədəmi həkimlik sənətini seçib, xalqın sağlamlığı keşiyində durardınız?
(...O vaxt sovet hökumətinin möhkəm vaxtı idi, hamı xorla «əvvəlki sənəti seçib xalqa xidmət edərdim» deyirdi).
Rəhmətlik İbrahim Topçubaşov cavab verir:
- Əgər dünyaya gəlmək imkanı mənə ikinci dəfə verilsə idi, mən dünyaya gəlməmək sənətini seçərdim. Çünki iki dəfə infarkt keçirmişəm, üçüncüdən Allah saxlasın.

CAVAD KƏNDİ
İran şahı Nadir şah ildə, iki ildə bir dəfə Azərbaycanı gəzməyə çıxardı. Hər xanlıqdan 12 bəyi qonaq çağırıb onlarla xeyli söhbət edərdi. Məclis qurtardıqdan sonra 11 bəyi buraxıb, axırıncı - 12-ci bəyi saxlayıb, onunla əlavə söhbət edərmiş. Xoşuna gəlməyən cavablar aldıqda, boynunu vurdurarmış.
...Bir dəfə yenə Azərbaycanı gəzən Nadir şah, axşama yenə 12 bəyi qonaq çağırır. Bu zaman 11 bəy tapılır. 12-ci cəzalanacaq bəy tapılmır. Görünür bəylərin Nadir şahın bu adətindən xəbərləri var imiş. Ona görə də kəndin kənarı ilə gəzib 12-ci «bəyi» axtarırlar. Onlar kəndin kasıblarından biri Cavad kişinin ulaq arabası ilə ot apardığını görüb ona yaxınlaşırlar:
- Salam - əleyküm, Cavad kişi, kefin-əhvalın necədir?
Cavad kişi təəccüblə onlara baxıb, bəylərin salamını alır. Sonra bəylərin biri «söhbəti» Cavad kişiyə açıb deyir:
- Cavad kişi, bilirsən də, Nadir şah bizə qonaq gəlib, axşam onun yanında böyük qonaqlıq var. Şah şəxsən səni də bu qonaqlığa dəvət edib. Hazırlaş, axşam bizimlə oraya gedəcəksən.
Çox çənə-boğazdan sonra Cavad kişini razı sala bilirlər. Onlar bəyə layiq pal-paltar və at alıb axşam Cavad kişini də özləri ilə qonaqlığa aparırlar.
«Qonaqlıqdan sonra bəylər əvvəlcədən şərtləşdikləri kimi 11-i də bir-bir aradan çıxır. Axırıncı çıxan Cavad kişinin qarşısını fərraşlar kəsir. Arxadan Nadir şahın səsi gəlir:
- Cavad bəy, əyləş, bir az söhbət edək.
Cavad kişi qayıdıb yerində oturur. Nadir şah söhbətə başlayır:
- Cavad bəy, sənə bir neçə sual verəcəyəm. Əgər xoşuma gələn cavablar aldım, yaşadın. Yoxsa özündən küs!
Bir neçə sorğu-sualdan sonra Nadir şah soruşur:
- De görüm, Şah Abbas yaxşı adam idi, yoxsa mən?
- Yaxşılığını deyə bilmərəm. Ancaq onu bilirəm ki, Şah Abbas əxlaqsızın biri idi, getdiyi hər kənddə bir qız alardı. Sizdə bu xasiyyət yoxdur. Ona görə ondan yaxşısınız. Başqa heç nə deyə bilmərəm.
Nadir şah razılıqla başını yırğalayıb növbəti sualı verir:
- Sən bilən, Cavad bəy, Həzrət Əli yaxşı adam idi, yoxsa mən?
Böyük iman sahibi olan Cavad kişi deyir:
- Şah sağ olsun, siz yəni belə azğınlaşıbsınız ki, özünüzü imama, peyğəmbərə tay tutursunuz?
Cavab Nadir şahın çox xoşuna gəlir və ondan soruşur:
- Cavad bəy, mən bir neçə dəfə bu məsələni soruşmuşam, hamısı deyib ki, sən! Düzünü de, görüm sən kimsən?
Cavad kişi əhvalatı olduğu kimi Nadir şaha söhbət edir. Nadir şah vəzirini çağırıb belə bir fərman hazırlamasını tapşırır:
- Bu gündən bu kəndin adı Cavad kəndi adlansın.
Sonra Cavad kişiyə xan rütbəsi verib həmin 11 bəyi də ona tabe edir və deyir:
- Gedə bilərsən, Gavad xan!
...Cavad xanın yoldaşları da çöldə onun tabutunu gözləyirdilər. Bu zaman fərmanı eşidib bir-birlərinə baxdılar...
Hazırda həmin kənd Sabirabad rayonunun ərazisində yerləşir...Cavad kəndi.

ŞEYX ŞAMİL
1859-cu ildə Şeyx Şamili əsir alan çar bir gün onu öz süfrəsinə nahara dəvət edir. Süfrə yığışdırıldıqdan sonra Şeyx Şamil necə olursa möhkəm əsnəyir. Çar stolun kənarlarından tutaraq zarafatla Şeyx Şamilə deyir:
- Ya Şeyx, az qalmışdı ki, məni içəri çəkəsən, bir az ehtiyatlı ol.
Şeyx Şamil cavabında:
  - Əlhəmdülillah, mən müsəlmanam, bizlər donuz əti yemirik!шаблоны для dle 11.2