“KÖLGƏMLƏ SÖHBƏT”
Öz gözəl şeirlərilə oxucuların rəğbətini qazanmış Sahib Əliyev bu dəfə onların görüşünə publisistik yazılardan ibarət yeni bir kitabı ilə gəlmişdir. “Elm və təhsil” nəşriyyatı tərəfindən çap edilmiş həmin kitab “Kölgəmlə söhbət” adlanır. İstəyirəm, ilk sözümə də elə həmin sərlövhə ilə getmiş yazı ilə başlayım.
Yazı maraqlı bir priyomla qələmə alınmışdır. Deyilir ki, axşama bir neçə saat qalıb. Su kənarında fağır-fağır dayanmış müəllif Nazim Hikmətin “Su kənarında durmuşam” şeirini pıçıltı ilə dodaqlarının arasında zümzümə edir. Suyun içində bir kölgə də var. Şeirin təsirindən xoşhal olan kölgə müəllifə baxıb gülümsəyir, sonra da onunla ünsiyyətə girir. Müəllif əvvəlcə ona kölgə kimi baxmır, elə bilir ki, o da bir insandır, sadəcə olaraq, suya girib, özü üçün məzələnir. Kölgə soruşur: De, görüm, sən kimsən, haralısan, harda doğulub boya-başa çatmısan, haralarda işləmisən, həyatın necə keçib, qarşıda hansı planların var? Müəllif də başlayır suallara bir-bir cavab verməyə. Hər cavab da onun həyatının müəyyən bir hissəsini əhatə edir.
Lakin müəllif suallara cavab verərkən bəzi ştrixləri unudur. Kölgə də bunu dərhal hiss edir. Bu, müəllifin təəccübünə səbəb olur. Kölgədən soruşur ki, sən bunları haradan bilirsən? Kölgə əvvəlcə demir, ancaq lap axırda bildirir ki, əzizim, mən sənin elə öz kölgənəm. Çoxdan idi məqam axtarırdım ki, səninlə söhbət edim, bəzi məsələləri səndən soruşum. Nəhayət, bu fürsət indi əlimə düşüb.
Müəllif bu maraqlı süjet xətti ilə gedərək özünün keçdiyi həyat yolunu bir-bir açıb oxuculara çatdırır, gördüyü işləri, həyata keçirdiyi tədbirləri nəql etməklə, oxucunun gözündə daha da ucalır.
Bu cür maraqlı xətt boyu cərəyan edən hadisələr əsəri, bir növ, publisistik janrdan çıxarıb, bədii əsər şəklinə salır. Bunu da müasir publisistikanın uğuru kimi qiymətləndirmək olar.
Kitabda gedən bir sıra başqa yazılar da diqqəti cəlb edir. Buna, xüsusilə, “Ay uzaqdan daha cazibədar görünür”, “Yazıçı sənətinin işığı”, “Üstünə şöhrət yağışı tökülən adam”, “Dostu şənləndirməyi bacaran dost”, “Sözün düzünü zarafatla deyərlər” və başqa yazıları misal göstərmək olar. Cəsarətlə demək olar ki, həmin yazılar da oxucuya publisistik yazıdan çox, gözəl təsvir vasitələrilə bəzənmiş ən yaxşı hekayə təsiri bağışlayır. Bu da oxucunun əhvali-ruhiyəsini qaldırır, zövqünü daha da yaxşılaşdırır.
Ən yaxşı cəhətlərdən biri də odur ki, kitabda gedən “Həyat nədir və insan nə üçün dünyaya gəlir”, “Ağıldır insanın dövləti, varı”, “Sözün də su kimi lətafəti var”, “Kitabsız bir ömrün nə mənası var?”, “Tərbiyə biganəlik sevmir” yazılarının hər biri özündə maraqlı fəlsəfi güc daşıyır. Bu yazılarında Sahib Əliyev həyatın mənasını dərindən açır, insanları yüksək amallar uğrunda mübarizəyə səsləyir. Onları bir daha başa salır ki, insan həyata ona görə gəlir ki, qursun, yaratsın, kitab oxusun, biliyə, savada yiyələnsin. Bunlarsız həyatı inkişaf etdirmək heç cürə mümkün deyil.
Müəllif oxucuda belə bir fikir formalaşdırır ki, yuxarıda sadalanan keyfiyyətlər olmadan insanın həyata gəlib-yaşamasının heç bir mənası yoxdur. O, fikirini gücləndirmək üçün poeziyanın təsirindən də istifadə edir. Üzünü oxucusuna tutub deyir:
Sən ol bu dünyanın nəğmə deyəni,
Sinənin üstündə gur ötsün qoy tar.
Yoxsa, bu dünyaya elə beləcə
Gəlib yaşamağın nə mənası var?
Kitabda ən maraqlı yazılardan biri də “Özbaşınalıq müasirliyi gözdən salır” adlı yazıdır. Yazıda, əsasən, müasirləşmədən, müasirləşmənin həyat üçün hərtərəfli xeyrindən danışır, ölkəmizdə gedən müasirləşmənin hazırkı səviyyəsindən söz açır. Sonra da müasirləşməyə badalaq olan bir çox neqativ halları tənqid atəşinə tutur. Fikirlərini yekunlaşdırarkən isə deyir: Elə insanlar var ki, müasirləşməni sürətləndirmək, həyatı yaxşılaşdırmaq üçün nəinki narahat olmur, əksinə, bu işə əngəl törədir. Gənclər arasında böyüyə hörmət hissi həddindən artıq zəifdir. Özünü müasir hesab edən bəzi insanlar ictimai yerlərdə belə, etik qayda-qanunlara əməl etmirlər. Bəzi məktəblərdə şagirdlərin hərtərəfli təhsilinə bir o qədər də qayğı göstərilmir. Kitabxanalarda mədəni-kütləvi tədbirlərin keçirilməsinə ögey münasibət göstərilir. Qəzet və jurnalların zəif fəaliyyəti oxucuları boğaza yığıb. Günü-gündən çoxalan zəif bədii əsərlər ədəbiyyatı gözdən salır. Bəzən heç bir tutarlı fakt olmadan belə, tariximizə və tarixi şəxsiyyətlərimizə cürbəcür böhtanlar atılır.
Kitabda verilmiş başqa yazılar da maraqla oxunur. Həmin marağı doğuran səbəblərdən biri də odur ki, Sahib Əliyevin poeziyasına xas olan obrazlı deyim tərzi, diqqəti cəlb edən həzinlik, az sözlə daha çox fikir ifadə etmək bacarığı onun publisistikasına da sirayət etmişdir. Cəsarətlə demək olar ki, Sahibin publisistik yazılarının hər biri gözəl bir mənsur şeiri xatırladır.
Adil Abdullayev,
əməkdar mədəniyyət işçisi
Tarix: 5-03-2018, 13:36