Azərbaycan Respublikasında gender təhsili və tərbiyəsinin əhəmiyyəti
Nübar İsazadə
ADPU, Ümumi Pedaqogika
kafedrasının laborantı
Müasir dövrdə Azərbaycan qadınlarının sosial-siyasi proseslərdə fəal iştirakının zəruriliyi təhsil sistemində gender bərabərliyinə nail olmağı mühüm vəzifə kimi qarşıya qoyur. Ona görə ki, hər bir cəmiyyətin demokratik dəyərlərə malik olması onun qadına və onun azadlığına verdiyi dəyərlə də ölçülür. Bu cəhətdən qadınların və kişilərin bərabərhüquqlu tərəf- müqabil olması, eləcə də bu istiqamətdə təhsil, tərbiyə sahəsində həlli vacib olan işlərin görülməsi təhsilə yeni baxışın formalaşmasına zəmin yaradır. Təhsil sahəsində gender bərabərliyinin aktuallığı qadınlar və kişilər üçün sosial ədalət və hüquqların bərabər səviyyədə təmin olunması ilə bağlıdır. Təhsil və tərbiyə sisteminə gender probleminin gətirilməsi cəmiyyətin vacib sosial-iqtisadi, siyasi, mədəni məqsədlərinə daha tez və uğurla nail olunmasına kömək edir.
Təhsil cinsindən asılı olmayaraq hər kəsə ictimai həyatın müxtəlif sahələrində, idarəçilikdə iştirak etməyə imkan verir və onları layiqli fəaliyyət şəraiti ilə təmin edir. Məhz bu səbəbdən də təhsili gender bərabərliyinə nail olmaq və qadınların imkanlarının genişləndirilməsinin mühüm vasitələrindən biri kimi qiymətləndirmək lazımdır. Bütövlükdə təhsil sistemində, eləcə də həm orta, həm də ali təhsil pillələrində gender bərabərsizliyi problemi xüsusi aktuallıq kəsb edir. 2006-cı ildə qəbul olunmuş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycanda təhsil sistemini tənzimləyən hüquqi-normativ sənədlərə əlavə olundu. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyası, “Təhsil haqqında” qanun və “Gender bərabərliyinin təminatı haqqında” qanun cinsindən asılı olmayaraq hər bir vətəndaşın təhsil almaq hüququna malik olmasını qanunvericiliklə təsbit edir. “Gender bərabərliyinin təminatı haqqında” qanunda təhsildə gender bərabərliyinin təsbit olunması öz əksini tapmışdır. Bu qanunun 13-cü maddəsində deyilir: “13.1. Dövlət kişi və qadınlara təhsil hüququnun həyata keçirilməsi üçün bərabər imkanların yaradılmasını təmin edir. 13.2. İşəgötürən kişi və qadınlara əsas və əlavə təhsil almaq, təhsillə bağlı məzuniyyət hüququndan istifadə etmək üçün bərabər şərait yaratmalıdır. 13.3. Dövlət mülkiyyət növündən asılı olmayaraq, bütün tədris müəssisələrinə qəbulda, tələbələrin təqaüdlə təmin edilməsində, tədris planının seçilməsində və biliyin qiymətləndirilməsində kişi və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir. 13.4. Dərsliklər gender bərabərliyi prinsipinə əsaslanmalıdır”.
Təhsildə gender problemindən bəhs edərkən peşə seçimində gender balansının pozulmasının gələcək fəsadlarına da toxunmaq yerinə düşər. Ali təhsil sahəsində aparılmış tədqiqatlara əsasən aydın olmuşdur ki, oğlanların əksəriyyəti texniki və iqtisadi, qızlar isə humanitar və pedaqoji ixtisaslara üstünlük verirlər. Belə ki, sosiologiya, pedaqogika, psixologiya ixtisasları üzrə təhsil alanların böyük əksəriyyəti qızlardır. Pedaqogika və tibb sahələrinə qızların daha çox meyil etməsi, oğlanların bu peşələri “qeyri-kişi” peşələri kimi qəbul etməsi üzündən gələcəkdə məktəbəqədər və orta təhsil müəssisələrində uşaqların təlim-tərbiyəsində qadının rolunun güclənməsindən və təhsilin ilkin və sonrakı mərhələlərində gender balansının pozulacağından xəbər verir. Pedaqoji sahəni “qadın sahəsi” hesab edən oğlanlar cəmiyyətdə mövcud olan stereotiplər və bu sahədə iqtisadi çətinliklərin olması səbəbi ilə bu peşə üzrə təhsil almağa tərəddüd edirlər. Bu isə oğlanların şüurunda sosial rolların bölgüsünə dair gender stereotipinin mövcudluğundan xəbər verir.
Müasir dünyagörüşə zidd olan köhnə baxışları inkar etmək və zəruri olanı təsdiq etmək təhsildə mövcud olan gender problemlərini aradan qaldırmaq üçün günün tələbidir. Bu baxımdan pedaqoji fikir tarixində, digər humanitar elm sahələrində tarixi-nəzəri ümumiləşdirmələr, tarixi- məntiqi təhlil aparmaq lazımdır. Çünki əldə etdiyimiz keçmiş sosial təcrübəyə, malik olduğumuz əxlaqi-mənəvi dəyərlərə istinad etdikdə bu sahədəki çətinlikləri asanlıqla aradan qaldıra bilərik.
Bu gün gender təhsil və tərbiyəsi cəmiyyətin diqqət mərkəzində saxlamalı olduğu problemlərdən biridir. Ali təhsildə gender mədəniyyətinə nail olmağın meyarları aşağıdakılardır:
- gənc oğlan və qızlar arasında qarşılıqlı hörmətə əsaslanan münasibətin yaranması;
- qarşılıqlı anlaşma;
- şəxsiyyətlərarası münasibətlərdə əməkdaşlıq və tərəfmüqabilliyi əsas götürmək;
- şəxsiyyətə hörmət.
Ali təhsildə gender mədəniyyətinin formalaşması zamanı aşağıdakı amillər nəzərə alınmalıdır: tələbənin, valideynin, ictimaiyyətin və müəllimin mövqeyi. Bu 4 kateqoriyanı əhatə edən məsələlər genderlə bağlı tədqiqatlara daxil edilməlidir. Onun da əsasında aşağıdakılar durur:
- oğlan və qızların arasında qarşılıqlı münasibətlər mədəniyyətində meydana çıxan çətinliklər;
- kütləvi informasiya vasitələrinin gender tarazlığına mənfi təsiri;
- kişi və qadın idealları haqqında mövcud olan bəsit təsəvvür, kişilərin gənc nəslin mənəvi tərbiyəsində passiv rolu, davranış mədəniyyətinin formalaşmasına olan laqeyd münasibət;
- valideynlərin genderlə bağlı maarifləndirilməsi işinin və onlarla əməkdaşlığın zəif olması.
Pedaqoji təmayüllü ali məktəblərin əsas vəzifələrindən biri gender mədəniyyətinə malik olan şəxsiyyətin formalaşdırılmasından ibarətdir. Çünki bu günün tələbəsini sabahın pedaqoji işçisi kimi qəbul etməliyik. Tələbənin gender mədəniyyətinə hansı dərəcədə malik olması gələcək nəsillərin gender ruhunda böyüməsinə müsbət və yaxud mənfi təsir göstərəcək. Müəllimlər bu sahədə uğur əldə etmək üçün diqqətini yalnız bilik öyrətməyə yönəltməməlidirlər. Onlar tədris etdiyi fənnin gender aspektindən, imkanlarından maksimum dərəcədə yararlanmalıdırlar. Eləcə də genderlə bağlı problemin düzgün həll olunması üçün valideyn, müəllim və gender üzrə mütəxəssislərin vahid gender yanaşmasına riayət etməsi olduqca vacibdir. Bu zərurət gender tərbiyəsinin və təhsilinin məqsəd, vasitə, metod və məzmununu hər yaş xüsusiyyətindən asılı olaraq dəyişməsi ilə ortaya çıxarır. Tələbələrin gender tərbiyəsi ər-arvadın psixoloji, fizioloji uyğunluğunun müxtəlif istiqamətini, ailə qurmaq və nikaha daxil olma məsələlərini də əhatə etməlidir.
Təhsildə gender problemlərindən danışarkən müəllim və tərbiyəçinin özünün gender mədəniyyətinə nə dərəcədə malik olması məsələsinə xüsusilə diqqət yetirmək lazımdır. Çünki müəllim özü gender mədəniyyətinin daşıyıcısı və eyni zamanda ötürücüsü olmalıdır. Bu problemin həllində xoşagəlməz halların olmaması üçün pedaqoqların ixtisasının artırılması və yenidən hazırlanması üzrə kurslarda gender probleminə həsr olunmuş mövzuların da salınması mühüm əhəmiyyət kəsb edir.
Həm orta məktəblərdə, həm də ali təhsil müəssisələrində gender tədqiqatlarının aparılması və gender bərabərliyinin ali məktəbdə həyata keçirilməsi mexanizminin öyrənilməsi, həmçinin bu sahədə yeni elmi və təcrübi layihələrin reallaşdırılması təhsilin humanistləşdirilməsinə, cəmiyyətin demokratikləşməsinə, ictimai həyatda gənc nəslin fəal iştirak etməsinə kömək edən əsas amillərdən biridir.
Təəssüflə qeyd etmək lazımdır ki, bu gün digər elm sahələri ilə müqayisədə pedaqoji sahədə gender araşdırmaları və tədqiqatları aşağı səviyyədədir. Bir sıra ali və orta ixtisas məktəbləri istisna olmaqla, çoxunda gender problemi tədris olunmur. Bu cür laqeyd münasibət isə gender probleminin uğurlu həllində bir sıra çətinliklərin ortaya çıxmasına səbəb olur. Cəmiyyətdə gender bərabərliyi haqqında elmi biliklərin aşağı səviyyədə olması bir çoxlarına bu problemi istədikləri istiqamətə yönəltməyə şərait yaradır. Gender bərabərliyinin ölkəmizdə reallaşmasına mənfi təsir göstərən amillərdən biri də təhsil işçilərinin bu problemi yaxşı bilməmələri və bu həlliçətin məsələdə özlərinə əlavə problem yaratmaqdan ehtiyat etmələridir.
Təhsildə gender probleminin aradan qalxmasına mane olan amillər sırasına kişilərin və kişi müəllimlərin bu məsələyə mənfi münasibəti kimi səhv amilin salınması əks cinsin nümayəndələrində qadın hüquqlarına qarşı radikal münasibətin yaranmasına səbəb olur. Çünki həm Təhsil Nazirliyində, həm də ali və orta ixtisas təhsili müəssisələrində hər iki cinsə məxsus kifayət qədər rəhbər işçi çalışır və məktəblərin böyük bir qisminə məhz qadınlar rəhbərlik edirlər.
Müasir Azərbaycan təhsilinin qarşısında duran əsas vəzifələrdən biri gələcək üçün yüksək intellektə malik savadlı kadrların hazırlanmasıdır. Bunun üçün qarşıya qoyulan əsas vəzifələrdən biri də gender tərbiyəsidir. Hər bir şagird bilməlidir ki, gələcəkdə Avropa təhsil standartlarına cavab verəcək təhsil almaq üçün ən birinci olaraq bilik səviyyəsi yüksək olmalıdır. Bu vəzifənin öhdəsindən gəlmək üçün hərtərəfli dünyagörüşünə, ümumbəşəri və milli keyfiyyətlərə malik olmaq lazımdır. Bu məqsədlə də təlim prosesinin həm tərbiyəedici, həm də inkişafetdirici funksiyalarından istifadə etmək daha məqsədəuyğundur.
Təlim prosesinin məktəblilərin mənəvi tərbiyəsində mühüm rolu vardır. Təlimdə yalnız şagirdlərin intellektual inkişafı deyil, həm də tərbiyəsi və şəxsiyyət kimi inkişafı da həyata keçirilir. Pedaqoqlar haqlı olaraq qeyd edirlər ki, təlimin hər hansı hissəsi deyil, bütün təlim prosesi tərbiyə edir. Qeyd etmək istərdim ki, dünyagörüş şəxsiyyətin formalaşmasında əsas rol oynayır. Fərdin şəxsiyyətə çevrilməsində məhz dünyagörüşü əsasdır. Bir fərdin şəxsiyyət kimi formalaşmasında gender aspekti də, xüsusilə tərbiyə prosesi əsas rola malikdir.
Gender tərbiyəsi uzun sürən bir proses olduğu üçün bu prosesə orta məktəbdən başlayıb ali məktəbdə davam etdirmək lazımdır. Belə ki, şagirdlərin və tələbələrin bir-birinə münasibətlərində cinslərarası hörmətin əsas götürülüb tərbiyə edilməsi təlim prosesində həyata keçirilməlidir.
Ayrı-ayrı fənlər üzrə müvafiq mövzuların tərbiyəvi cəhətlərinin nəzərə alınması şagirdlərin gender bərabərliyi - qadın və kişi arasında sosial bərabərlik, bu bərabərliyin elmi-psixoloji və mənəvi əsasları ilə bağlı zəruri biliklərlə silahlandıra bilər. Müasir dövrdə ölkəmizdə gender bərabərliyinin həllindəki lənglik, qadınların cəmiyyətin həyatında fəal mövqe tutmaq işinə cəlb edilməsi mexanizminin qənaətbəxş olmaması və digər problemlərin həlli tələb edir ki, orta ümumtəhsil məktəbləri yeni nəsillərin gender bərabərliyi əsasında tərbiyə olunması işinə diqqətli və məsuliyyətli yanaşsınlar.
Müasir təlim və tərbiyə prosesinə təsir göstərən amillər sırasında gender tərbiyəsi mühüm rola malikdir. Tərbiyə prosesinin gender probleminə təsiri özünü birbaşa şagirdlərin təfəkküründə göstərir.
Müasir dövrün aktual problemi olan gender bərabərliyinin aşılanması bütün tədris proqramlarında nəzərə alınmalıdır. Bunun üçün də V-XI siniflərin ədəbiyyat dərslərində gender bərabərliyi sadə, şagirdlərin təfəkkürünə uyğun formada aşılanmalıdır. Bu zaman şagirdlərin yaş xüsusiyyətləri, idrak fəallıqları nəzərə alınmalıdır. Çünki yuxarı siniflərə keçdikcə gender bərabərliyinin tərbiyə edilməsi daha geniş, əhatəli, elmi əsaslar üzrə aparılmalıdır.
Şagirdlərdə cinslərarası sosial bərabərliyin tərbiyə edilməsində VIII-XI siniflərin ədəbiyyat kurslarının imkanları daha genişdir. Bu imkanlar “Kitabi-Dədə Qorqud” dastanı üzrə, “Qazan xanın evinin yağmalanması”, N.Gəncəvinin “Xosrov və Şirin”, M.Füzulinin “Leyli və Məcnun”, M.F.Axundovun, C.Məmmədquluzadənin M.Ə.Sabirin, S.Vurğunun, İ.Əfəndiyevin əsərlərində özünü göstərir (E.Mollayeva II-9.).
Biz N.Gəncəvinin əsərlərində əxlaqi xüsusiyyətlərə daha çox rast gəlirik. N.Gəncəvinin irsinin tədqiqindən belə bir nəticəyə gəlmək olar ki, o bütün yaradıcılığı boyu sosial münasibətlər, əxlaq, qadın-kişi arasındakı mənəvi bağlılıq haqqında suallara cavab axtarmışdır. Həmçinin şairin əsərlərində cinslərarası sosial münasibətlərə də diqqət yetirilmişdir.
Şagirdlərə gender münasibətlərinin aşılanmasında C.Cabbarlı irsinin imkanları olduqca genişdir. O, öz əsərlərində qadın azadlığı probleminə daha çox yer vermişdir. Qadın azadlığı problemini daha çox “Sevil” pyesində görmək olar.
Gender tərbiyəsinin ədəbi əsərlər vasitəsi ilə təbliğ olunması şagirdlərin dünyagörüşünə müsbət təsir göstərir. Buna görə də tərbiyə prosesində ədəbi-bədii istiqamət daha məhsuldar istiqamət sayılır. Şəxsiyyətin formalaşmasında tərbiyə amili mühüm əhəmiyyət kəsb etməkdədir.
Bu gün gender bərabərliyinin tərbiyə edilməsində əsas məsələ kişi və ya qadın hökmranlığının dəyişdirilməsindən ibarət deyil. Burada əsas diqqət hər iki tərəfin bir-birinə münasibətlərində gender bərabərliyinə əsaslanan əxlaqi dəyərləri əsas götürmələri və hər iki cinsin köhnə streotiplərdən azad olmasıdır. Məhz buna görə bu gün cəmiyyətimiz ümumiləşdirilmiş əxlaq nümunələrinə, davranış normalarına ehtiyac duyur. Bu aspektdən gender-cinsi münasibətlər, cinslər arasında sosial bərabərlik, əxlaqın mühüm tərkib hissəsini təşkil edir. Genderə dair müxtəlif elmi istiqamətlərdə tədqiqatlar çoxdur. Lakin gender bərabərliyinə nail olmaq üçün əsas olan əxlaq və tərbiyə məsələlərinə çox az diqqət yetirilir, onların əhəmiyyəti lazımınca qiymətləndirilmir. Dəyər xarakteri daşıyan əxlaq hüquqdan onunla fərqlənir ki, əxlaqi norma və prinsiplərə əməl etmək qanuna yox, vicdan və ictimai rəyə əsaslanır.
Ali məktəblərdə tələbələrin gender tərbiyəsinin aparılması zamanı müəllim heyətinin əsas rolu bu prosesi daha dərindən onlara aşılamaqdır. Çünki bu elə prosesdir ki, həm tələbə, həm də müəllim bu prosesin bilavasitə iştirakçısı olmalıdır. Fikrimcə, genderin tərbiyə ilə aşılanması gender tərbiyəsinin əsas göstəricisidir. Çünki hər şeyin əzəli tərbiyədirsə, bunun genderə aşılanması da mühüm amildir. Cinsi fərqliliklərin olduğu bir dünyada tələbələrə gender tərbiyəsi vasitəsi ilə təlim keçmək bu fərqlilikləri aradan qaldırmağa yardımçı olacaqdır. Fikrimcə, gender tərbiyəsinin formalaşması lap kiçik yaşlardan başlamalıdır. Uşağın məhz ailə daxilində bu prosesi yaşaması daha məqsədəuyğundur. Çünki lap kiçik yaşlardan qoyulan bu təməl sonrakı inkişaf mərhələlərində mühüm rola malik olacaqdır. Tərbiyədə rast gəlinən kobud səhvlər gender münasibətlərinin və gender tərbiyəsinin inkişafına mane olacaqdır. Bunun qarşısı isə lap uşaq vaxtlarından alınsa bu proses gələcək üçün stimul olar.
Ali məktəbdə tələbələrin gender tərbiyəsi məktəb vaxtı aparılan prosesdən daha dolğun və kamil olmalıdır. Çünki insan məktəbdən ali məktəbə getməklə artıq yeni həyata qədəm qoymuş olur. Ali məktəb mühitində təhsil alan tələbənin təhsili ilə yanaşı, gender tərbiyəsi də düzgün aparılmalıdır.
Tarix: 11-12-2018, 13:50