Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Professor Fərrux Rüstəmov: Ana dillində ilk orta məktəbin yaradılmasının təşəbbüskarı Abdulla Şaiq olub



Abdulla Şaiq Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri kimi tanınır. O, həm yazıçı, şair və dramaturq, həm də pedaqoq kimi milli maarifçiliyin inkişafına böyük töhfələr verib. Onun əsərləri bu gün də gənc nəslin tərbiyəsi, vətənpərvərlik və humanizm ideyalarının aşılanmasında mühüm rol oynayır. Böyük ədibin 145 illik yubileyi
ölkədə geniş miqyasda qeyd olunur, onun zəngin yaradıcılığı və pedaqoji fəaliyyəti yüksək qiymətləndirilir.
Bu sətirlər ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmovun AZƏRTAC-a təqdim etdiyi məqalədə yer alıb. Məqalədə qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə milliyyətindən, dini mənsubiyyətindən və cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verildi, ümumi, pulsuz və icbari təhsil elan olundu. Hökumətin 1918-ci il 28 avqust tarixli qərarına əsasən bütün məktəblərdə Azərbaycan dilinin məcburi tədrisi qanuniləşdirildi. O dövrdə Azərbaycanda ana dilində orta məktəb yox idi. Anadilli ilk orta məktəbin yaradılması təşəbbüsü Abdulla Şaiqin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə bütün dərslər rus dilində keçirilən Bakı I realnı məktəbinin nəzdində Azərbaycan dili üzrə üçaylıq kurs açılıb. Bu kursu qurtaran şagirdlər üçün Bakı I realnı məktəbində bütün dərslər Azərbaycan dilində keçirilən bir sinif (üçüncü sinif) təşkil olunub. Həmin dövrdə Bakı I realnı məktəbinin direktoru təcrübəli pedaqoq İvan Denfer idi. A.Şaiq həmin məktəbin ana dili müəllimi idi. Təlimin ana dilində aparılacağı sinfin təşkili, ayrı-ayrı fənlərdən Azərbaycan dilində dərs deyə biləcək müəllimlərin tapılması A.Şaiqə həvalə olunmuşdu. Camo Cəbrayılbəyli, Ağa Əli Qasımzadə, Qafur Rəşad və Sadiq Quluzadə və Qulam Əli Həsənzadəni həmin sinifdə dərs deməyə A.Şaiq dəvət etmişdi.
1919-cu ildə realnı məktəbdəki 21 sinif içərisində milliləşdirilən son üçüncü sinif “əxlaq və müvəffəqiyyətcə” birincilik qazanmışdı. Müəllimlər şurasında çıxış edən sinif rəhbəri Abdulla Şaiq III sinfin müvəffəqiyyəti haqqında danışdıqdan sonra dedi: “Əxlaqları haqqında kimsədən bir şikayət eşitmədim. Tələbələrdən məmnun qalmayan müəllimlər varsa, söyləsinlər”. Fransız dili müəllimi Qaplanova, alman dili müəllimi Barzak da “biz bu sinfi nümunə görür və heç bir mənfiliyə təsadüf etmirik” dedilər. Məktəbin müdiri və digər çıxış edənlər də Abdulla Şaiqin fikrini təsdiq etdilər. İlk milli sinif belə yarandı.
Sovet hakimiyyətinin ilk illərində həmin məktəb iki yerə ayrıldı. Məktəbin aşağı sinifləri birinci dərəcəli məktəbə çevrilərək 9 nömrəli, yuxarı siniflər isə ikinci dərəcəli məktəbə çevrilərək 12 nömrəli məktəb statusu aldı. 1922–1923-cü tədris ilində 12 nömrəli məktəb A.Şaiqin təşəbbüsü ilə Ali Pedaqoji Kişi İnstitutunun binasına köçürüldü və burada “Nümunə məktəbi” kimi fəaliyyət göstərməyə başladı. 1924-cü ildə məktəbə onun yaradıcısı və cəfakeşi A. Şaiqin adı verildi. İlk vaxtlar məktəbə A.Şaiq rəhbərlik edirdi. Sonra məktəbə coğrafiya və təbiət fənlərini tədris edən Qafur Əfəndizadə müdir təyin olundu.
Nümunə məktəbi 1925-ci ildə A. Şaiq adına Pedaqoji Texnikuma çevrildi. 1926-cı ildə A. Şaiq adına Pedaqoji Texnikumu I dərəcəli məktəblərdə dərs demək hüququ qazanan 23 tələbə bitirib. 1926-1927-ci tədris ilində A.Şaiq adına Pedaqoji Texnikumda 123 tələbə təhsil alırdı ki, bu da həmin dövrdə Azərbaycanda fəaliyyət göstərən 15 pedaqoji texnikumda oxuyan 2260 tələbənin 5,4 faizini təşkil edirdi. 1926-27-ci dərs ilində maliyyə və kadr çatışmazlığı, Ali Pedaqoji İnstitutun Azərbaycan Dövlət Universiteti ilə birləşdirilməsi nəticəsində A.Şaiq adına Pedaqoji Texnikum öz fəaliyyətini dayandırdı və yenidən II dərəcəli məktəbə çevrildi.
Abdulla Şaiq və onun məsləkdaşlarının böyük zəhmət və fədakarlıqla əsasını qoyduqları milli orta məktəb, qarşılaşdığı çətinliklərə və sonrakı təşkilati dəyişikliklərə baxmayaraq, Azərbaycan təhsil tarixində silinməz iz buraxıb.


Tarix: Bu gün, 15:36

Xəbəri paylaş