Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Alimin statusu və əməyinin qiymətləndirilməsi







Son illərdə Azərbaycanda elm və təhsilin inteqrasiyası istiqamətində ciddi müzakirələr aparılmaqdadır. Bu müzakirələrdə xüsusən ali təhsil müəssisələrində elmin təşkili, elmlə məşğul olan insanların fəaliyyətinə qiymət verilməsi, onların əməyinin stimullaşdırılması ilə bağlı mühüm məsələlər gündəmə gətirilir. Və yaxşı xəbərlərdən biri də odur ki, artıq alim əməyinin qiymətləndirilməsi üzrə qərarlar da verilir. 

AMEA-nın son Ümumi iclasında elm və təhsil naziri Emin Əmrullayevin çıxışında səsləndirdiyi elmi dərəcəsi olan şəxslərin sonrakı fəaliyyəti və maliyyələşmənin elmi fəaliyyətin nəticəsinə əsasən aparılması zərurəti ilə bağlı fikirləri də  elm və təhsil müəssisələrimizdə çalışan alimlərimizin diqqətindən yayınmayıb. 
 
“Azərbaycan müəllimi” bəhs olunan məsələlərlə bağlı elm və ali təhsil müəssisələrində çalışan alimlərimizin mövqeyini öyrənib.

Elmlə məşğul olanı, elmi məşğul edənlərdən fərqləndirmək istəyiriksə…


Əfsun Sucayev,
Elm və Təhsil Nazirliyi akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru, professor

- Ümumilikdə cənab nazirin fikirlərinə münasibətim müsbətdir. Lakin düşünürəm, məsələyə müxtəlif nəzər-nöqtəsindən də yanaşmaq olar. Əvvəla sirr deyil ki, ölkəmizdə fəlsəfə və elmlər doktoru elmi dərəcələri və yaxud dosent, professor elmi adları alan bir qrup şəxs var. Onlar bu statusdan başqa məqsədlər üçün bütün ömrü boyu istifadə etməyə cəhd edirlər. Halbuki heç bir elmi fəaliyyət göstərmirlər. Əgər onların elmi məhsuldarlığı sıfıra bərabərdirsə, onlar elmdə sadəcə kəmiyyət göstəricilərinə təsir göstərir, onların keyfiyyətə təsirindən söhbət gedə bilməz. Ancaq nəzərə almaq lazımdır ki, elmi dərəcə və ya elmi ad təkcə onu qazanan şəxs üçün deyil. Bu status həm də dar çərçivədə çalışdığı universitet və ya elmi-tədqiqat institutu, geniş mənada təmsil etdiyi ölkə üçündür. Çünki alimin məhsulu onun qazandığı patent və ya çap etdirdiyi məqalə, tezis, konfrans materialıdır. Əgər nüfuzlu xarici jurnalda çap olunan bir məqaləyə dünya alimləri tərəfindən istinad edilirsə, deməli, bu, eyni zamanda onun ölkəsinə istinaddır. Elmmetrik göstəricilərə görə alimlər, universitetlərlə yanaşı ölkələrin reytinq sıralanmasının ortaya çıxması məhz, bu yanaşmanın məntiqi nəticəsidir.

Digər tərəfdən 30-35 yaşında elmi dərəcə və ya elmi ad alan əsl alimlər vardır ki, onlar üçün bu proses heç də ilk baxışdan təsəvvür edildiyi kimi asan başa gəlmir. Hər cür çətinliklərə rəğmən bütün sağlamlığını, yuxusuz gecələrini bu statusu qazanmağa sərf edir ki, onlar sıravi elmi işçilərdən fərqləndirilməlidir. Onu da nəzərə almaq lazımdır ki, inkişaf etmiş ölkələrlə müqayisədə ölkəmizdə elmi mühit tam qənaətbəxş səviyyədə deyil. Bunlara baxmayaraq fədakar alimlər ciddi cəhdlə elmə töhfə verməyə çalışırlar. Ancaq məsələnin problemli tərəfi odur ki, hazırda elmi dərəcə və elmi adı olanların hamısına verilən ödənişlər simvolikdir. Yaxşı olar ki, bu ödənişlər nəzərəçarpacaq dərəcədə və ən əsası ünvanlı olsun. Yəni bu ödənişlər də elmi fəaliyyəti ilə fərqlənənlərə verilərsə, əslində alimlər arasında sağlam rəqabət yaradar və elmin keyfiyyət göstəricilərinin yüksəlməsinə həlledici təsir göstərər.

İstənilən halda dünya təcrübəsində olduğu kimi elmi dərəcə və elmi ad alanların sonrakı elmi fəaliyyətinin elmmetrik meyarlar əsasında qiymətləndirilməsi ən ədalətli yanaşmadır. Mən elmi-tədqiqat institutları hələ Akademiya tabeliyində fəaliyyət göstərəndə dəfələrlə təkliflərlə çıxış etmişdim ki, elmlə məşğul olanı, elmi məşğul edənlərdən fərqləndirmək istəyiriksə, bunu ümumi əməkhaqqı artımı ilə deyil, elmmetrik göstəricilərə görə maddi mükafatlandırmaqla etmək lazımdır. Sevindirici haldır ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi artıq belə bir qərar verdi. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin obyektiv yanaşması əsasında ötən il 150 alimə üç kateqoriya üzrə maddi mükafat verildi. Bu ildən maddi mükafatdan faydalanan alimlərin sayı 300-ə çatdırılıb. Bu yanaşma özünü doğrultmaqdadır. Qısa müddətdə müxtəlif elm sahəsində olan əsl alimlərimiz sağlam mübarizə apararaq, təyin olunan maddi mükafatdan faydalanmaq üçün daha məhsuldar olmağa, beynəlxalq əməkdaşlığa, müştərək elmi tədqiqatlara daha çox maraq göstərir. Bu prosesdən qazanan o cümlədən ölkəmiz olur.
Elmi fəaliyyətin nəticəsinə söykənən maliyyələşmə ən ədalətli sistemdir

Ayrı-ayrı layihələrin, təqaüdlərin müxtəlif elmi fəaliyyətlərə yönəlmiş müəssisələr və alimlərə verilməsinə gəlincə,  tamamilə razıyam ki, elmi fəaliyyətin nəticəsinə söykənən maaliyyələşmə ən ədalətli sistemdir. Ona görə ayrı-ayrı layihələr, adlı təqaüdlər ancaq və ancaq ciddi elmi fəaliyyət göstərən, mühüm fundamental və tətbiqi nəticələri olan müəssisələr və alimlərə verilməlidir. Belə olan halda dünya elminin müasir çağrışlarına cavab verən və ölkəmizin inkişafı üçün qəbul edilmiş sosial-iqtisadi inkişaf strategiyalarında da nəzərdə tutulan əsas prioritet istiqamətlər üzrə uyğun elmin maliyyələşdirilməsi həyata keçirilmiş olacaq. Bunu, ilk növbədə, dünya təcrübəsində olduğu kimi yerli və xarici elm fondlarınının qrant müsabiqələri ilə maliyyələşməsi hesabına etmək mümkündür. 

Ölkəmizdə elm sahəsində yeni nəsil elmin inkişafı, elm və texnikanın nailiyyətlərinin istehsalatda istifadə edilməsi, fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi-tədqiqat proqramları və layihələrini qrant şəklində ünvanlı maliyyələşdirməsini hələki yalnız Azərbaycan Elm Fondu (AEF) həyata keçirir. Düzdür, Akademiyada neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual və müasir elmi, texnoloji  problemlərin tədqiqi ilə məşğul olan alimlərin və yaradıcı kollektivlərin fəaliyyətini stimullaşdırmaq, onlara əlavə yaradıcılıq imkanlarını yaratmaq məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Elm Fondu”nun elmi-tədqiqat, innovativ layihələrin maliyyələşdirilməsi məqsədilə ara-sıra təşkil etdiyi qrant müsabiqələrin də elmin inkişafına müəyyən dəstəyi olur. AEF isə 2010-cu ildən etibarən qrant müsabiqələri yolu ilə elmi təşkilat və qurumların müxtəlif tədqiqatlarla bağlı maddi-texniki bazasının yenilənməsi və ya gücləndirilməsi, eyni zamanda, yüksəkixtisaslı kadr hazırlığına diqqətin yetirilməsi, müxtəlif elmi tədbirlərin keçirilməsi, alimlərin xaricə elmi tədbirlərə göndərilməsini, qısamüddətli təcrübə artırmada iştirakının təmin edilməsi, nüfuzlu xarici jurnallarda elmi nəşrlərin çap olunması və bu yolla Azərbaycanda əldə olunan elmi nəticələrin ölkə hüdudlarından kənarda tanıdılması və başqa bu kimi məsələlərin həllində müəyyən işlər gerçəkləşdirmişdir.
Əvvəla elmi maliyyələşdirən bu fondların sayı çox azdır. Yuxarıda adları çəkilən fondlar dövlət təsisatı olduğu üçün bu mənbədən ayrılan vəsait də sonunda dövlət büdcəsindən xərclənmiş olur. Ancaq elmi məqsədlərə yönələn vəsaitlərin təkcə dövlət büdcəsindən olmaması üçün özəl, kommersiya şirkətləri, biznes strukturlarının nəzdində elmi fondlar mövcud olmalıdır.

Digər tərəfdən, Elm və Təhsli Nazirliyi növbəti illərdən layihələrin, təqaüdlərin müxtəlif elmi fəaliyyətlərə yönəlmiş müəssisələr və alimlərə verilməsini planlaşdırırsa, burada dünyanın aparıcı ölkələrinin təcrübəsində olduğu kimi şəffaflıq və hesabatlılıq məsələsinə daha çox önəm verilməlidir. Düşünürəm ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi alimlərin maddi mükafatlandırılması məsələsində ehtimadı doğrultduğu üçün qeyd olunan layihə maliyyələşməsi məsələsini də üzərinə götürüb, məqsədəmüvafiq şəkildə məsuliyyətlə yerinə yetirə bilər. Eyni zamanda Agentlik digər fondların layihələrinin də seçilməsində şəffaflıq və hesabatlılıq məsələrini məsuliyyətlə yerinə yetirər. Paralel şəkildə özəl şirkətləri də bu prosesə təşviq edə bilər.

Təsəvvür edin, dünyada dövlətlərlə yanaşı, özəl şirkətlərin də elm xərcləri böyük həcmləri ifadə edir. “Samsung”, “Google”, “Apple”, “Intel”, “Roche”, “Mercedes”, “Toyota”, “Merck”, “Facebook” və sair şirkətlərin hər biri ildə araşdırma və inkişafa milyardlarla dollar vəsait xərcləyirlər. 

Dünya təcrübəsini nəzərdən keçirsək görərik ki, elmi ilə nümunə kimi göstərilən Almaniyada elmi-tədqiqatlar sahəsində əsas təşkilatlar Alman Tədqiqat Cəmiyyəti, nəzdində 21 institutu olan Maks Plank Cəmiyyəti, 19 institut və filiala malik Fraunhofer Cəmiyyəti və sair həm federal, həm də əyalət büdcələrindən maliyyə vəsaitləri alırlar. Lakin digər Qərbi Avropa ölkələrində olduğu kimi, Almaniyada da elmi-tədqiqatlar üçün əsas maliyyə mənbəyi özəl biznesdir.

Çox uzağa getməyək, qardaş ölkənin timsalında dəyərləndirmə apara bilərik. XXI əsr texnoloji mübarizə silahı olan "Bayraktar"ın pilotsuz uçuş aparatlarının yaradılması üçün elmi fəaliyyətlərə təxminən 270 milyon dollar xərclədiyi Türkiyədə elm sahəsinə yönələn vəsaitlər ÜDM-in 2 faizi həcmindədir.
Ümumiyyətlə, dost-qardaş ölkədə təbiət elmlərində təməl və tətbiqli akademik araşdırmaları əsaslı şəkildə dəstəkləyən və gənc araşdırmaçıları təşviq edən Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu - TÜBİTAK) fəaliyyət göstərir. Orada həmçinin böyük universitetlərin tədqiqat işlərinin arxasında böyük şirkətlər, holdinqlər dayanır.

Ancaq çox təəssüf ki, Azərbaycanda indiyə qədər biznes, özəl sektorun elmə hansı həcmdə vəsait yönəltdiyinə dair konkret məlumat yoxdur. Dəqiq, təbiət, yer və aqrar sahələr üzrə ixtisaslaşmış məhdud sayda institutları təsərrüfat hesablı müqavilələr və büdcədənkənar fondlar hesabına sifarişli elmi işlər yerinə yetirir ki, bu da hər bir institutda 100 min manatdan çox deyil. 

Yuxarıdakı müsbət təcrübədən çıxış etsək deməliyik ki, Azərbaycanda da belə özəl və biznes sektorun məqsədli elm və inkişaf fondları olmalıdır və onlar əhəmiyyətli və qısa zamanda dönüş yarada biləcək elmi-texniki nəticələrin alınması üçün elmin ayrıca götürülmüş sahəsinin və ya istiqamətinin inkişafına böyükhəcmli qrantın verilməsi yolu ilə institut və tədqiqat universitetləri tərəfindən təqdim edilən ən müasir elmi cihaz, avadanlıq, qurğular alınması, paralel olaraq bunlarda işləyə bilən kadrların xaricdə hazırlığı və sair kimi məsələlərin həllini nəzərdə tutan pilot, o cümlədən axtarış-innovasiyayönlü layihələri maliyyələşdirilməlidir. Xüsusən, dünyanın aparıcı elm mərkəzlərinin də önəm verdiyi kimi fizika-riyaziyyat və texnika elmləri, yer haqqında elmlər, biologiya, tibb və aqrar elmləri, kimya elmləri sahələrini əhatə edən fundamental və tətbiqi xarakterli layihələrin qrantlar vasitəsilə maliyyələşdirilməsi tam üstünlük təşkil etməlidir.


Universitetlərdə aktiv elmi fəaliyyətlə məşğul olan və olmayan professor və dosentlər ay sonunda eyni vəzifə maaşı almamalıdır

Flora Hacıyeva,
Gənclər üçün Prezident mükafatçısı, Bakı Dövlət Universitetinin dosenti, kimya elmləri doktoru 
Düşünürəm ki, cənab nazirimiz bu fikri ilk olaraq hazırda elmi-tədqiqat müəssisələrində və ali təhsil sistemində çalışan, elmi dərəcə və elmi ada yiyələnmiş alimlərimizə şamil etmişdir. Alimlik elmi dərəcəsi və elmi adı almış, hazırda elmi-tədqiqat institutları və ali-təhsil müəssisələrində elmi fəaliyyəti davam etdirən şəxslər təbii ki, daha yüksək elmi nəticələr əldə etmək üçün daha aktiv çalışmalı, beynəlxalq elmmetrik bazalara daxil olan jurnallarda məqalələr dərc etdirməli və təmsil etdikləri qurumun beynəlxalq reytinq sistemlərində səviyyəsinin qalxmasında yaxından iştirak etməlidir. Sözsüz ki, bu alimlərin işləri stimullaşdırılmalı və diferensial əməkhaqqı sistemi tətbiq olunmalıdır. 

Eyni zamanda vurğulamaq istəyirəm ki, bu cür diferensiasiya Amerika və bir çox Avropa ölkələrində tətbiq olunmaqdadır. Yüksək elmi dərəcə və elmi ada yiyələnmək üçün alimin beynəlxalq bazalara daxil olan yüksək reytinqli jurnallarda dərc olunmuş məqalələrinin sayı, elmi işlərinə istinad sayı qazandığı və iştirak etdiyi beynəlxalq layihələrin sayı, alimin iştirak etdiyi beynəlxalq tədbirlər, alimin rəhbərliyi altında elmi dərəcə almış PhD-lərin sayı, alimin eyni zamanda tədris fəaliyyəti və s. kimi faktorlar nəzərə alınır. 

Əlbəttə, bu şəkildə bizim ölkədə də alimlərin elmi fəaliyyəti stimullaşdırılsa və diferensiasiya olunmuş elmi əməkhaqqına keçilsə, düşünürəm ki, bizim ali-təhsil müəssisələri və ali-tədqiqat müəssisələri çox qısa zaman ərzində beynəlxalq qiymətləndirilmə sistemlərində ilk yüzlüklərdə qərar tuta biləcəklər. 
Qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən, elmi-tədqiqat müəssisələrinə diferensiasiyalaşmış əməkhaqqı tətbiq olunur, bu çox tədqirəlayiq bir addımdır və ümid edirəm ki, bu proses sistematik şəkildə davam etdiriləcəkdir. Bəzi ali təhsil müəssisələri və universitetlərdə də beynəlxalq elmmetrik bazalarda indekslənən jurnallarda dərc olunan məqalələrə görə də birdəfəlik mükafatlar verilir. Lakin düşünürəm ki, bu stimullaşdırılma birdəfəlik mükafat şəklində deyil, difensial əməkhaqqı şəklində verilməlidir.   Universitetlərdə aktiv elmi fəaliyyətlə məşğul olan professor və dosentlər, ümumiyyətlə, elmi fəaliyyətlə məşğul olmayan dosent və professorlar ay sonunda eyni vəzifə maaşı almamalıdırlar. Düşünürəm ki, yaxın vaxta bu məsələ də öz həllini tapacaq. Ali təhsil müəssisələrində və universitetlərdə tədris sistemində çalışan, elmi dərəcəyə və elmi ada yiyələnmiş alimlərimiz də, düşünürəm, aktiv şəkildə elmi fəaliyyətlə məşğul olmalı və elmi səviyyəsini daha da yüksəltməlidir. Çünki tədris sistemində çalışan müəllimin çox yaxşı tədris etməsi üçün müasir dünya elmindən məlumatı olmalı və əldə etdiyi elmi bilikləri tədris sisteminə inteqrasiya etməlidir. Dünya elmi çox sürətlə inkişaf edir və bizim bu gün yeni bildiyimiz bilik sabah çox sürətlə köhnəlməyə başlayır.
Eyni zamanda vurğulamaq istəyirəm ki, elmi dərəcə və elmi ad almış hər hansı alim heç də sonradan elmi fəaliyyətini davam etdirmir. Məsələn, bu alimlər istehsalatda və sənaye müəssisələrində də öz fəaliyyətini davam etdirə bilərlər və etdirirlər. Bu tendensiya bütün dünya ölkələrində var. Təbii ki, onlar bu addan istifadə etmək hüququna malikdirlər və bu elmi dərəcə və elmi ada görə dövlət tərəfindən ayrılan müəyyən vəsaiti almalıdırlar və alırlar.
Layihələrin yüksək nəticələrə malik alimlərə və müəssisələrə ayrılması ən ədalətli yanaşmadır

- Cənab nazirin səsləndirdiyi “ayrı-ayrı layihələrin, təqaüdlərin müxtəlif elmi fəaliyyətlərə yönəlmiş müəssisələr və alimlərə verilməsi planlaşdırılır” fikrinə gəlincə bununla tamamilə razıyam və həmfikirəm. Bəli, yüksək nəticələrə malik alimlərə və müəssisələrə layihələrin ayrılması ən ədalətli yanaşmadır. Bununla bağlı bir neçə ay Yaponiyada elmi-tədqiqat aparan biri kimi mən öz Yaponiya təcrübəmi paylaşmaq istəyirəm. Yaponiyada alimlərin ən böyük maliyyələşmə mexanizmi ölkədaxili fondların hesabına həyata keçirilir. Qeyd etmək istəyirəm ki, Yaponiyada elmi laboratoriyalarda və mərkəzlərdə aparılan tədqiqatlar birbaşa ölkənin sənayəsinə tətbiqə gedən araşdırmalardır. Ona görə də ölkədaxili fondlara təqdim olunan layihə və qrantların müsabiqəsi çox çətindir və rəqabətlidir. Ümumi təqdim olunan layihələrin yalnız 25% maliyyələşir və bu layihələr çox yüksək məbləğdə olur. Bu layihənin maliyyəsi hesabına elmi laboratoriyanın maddi-texniki bazası güclənir, cihazlar və avadanlıqlar alınır, layihə rəhbərləri layihə büdcəsi hesabına layihəyə magistr və doktorantları cəlb edir, onlara müvafiq maaş ayırır, xaricdən gələn magistr, doktorant və PhD-ləri tədqiqata və işə cəlb edirlər. Xarici tələbələrə də layihənin işinin gördüyü müqabilində maaş ayrılır, layihənin hesabına xarici ölkələrdəki konfranslarda layihə iştirakçıları iştirak edə bilir, layihə büdcəsi hesabına gənc tədqiqatçılar müxtəlif ölkələrə qısa və uzunmuddətli ezamiyyələrə göndərilir, layihə büdcəsi hesabına “open access” (açıq girişli) jurnallarında məqalələr dərc etdirirlər və sair. Bizim  ölkəmizdə də alimlərin elmi fəaliyyətə təşviq olunması və stimullaşdırılması ilə bağlı ayrı-ayrı fondlar və agentliklər mövcuddur. Bir elm adamı olaraq bu cür fondların daha da çox olmasını, ədalətlilik və şəffaflıq prinsiplərini qorumaqla yüksək elmi göstəriciləri olan müəssisələrə və layiqli elm adamlarına bu cür layihələrin ayrılmasını arzu edirəm.

Oruc MUSTAFAYEV



Tarix: 6-03-2025, 21:58

Xəbəri paylaş