“KİTABİ-DƏDƏ QORQUD”UN TƏDRİSİNDƏ HƏRBİ VƏTƏNPƏRVƏRLİK TƏRBİYƏSİ
Hərbi-vətənpərvərlik tərbiyəsi bütün ictimai formasiyalarda həmişə diqqət mərkəzində olmuşdur. Bu işin səmərəsi hər bir ölkə vətəndaşının Vətəninin müdafiəsinə şəxsi hazırlığının səviyyəsi ilə müəyyən edilir.
Hərbi-vətənpərvərlik tərbiyəsini şagirdlərə, sadəcə, quru sözlərlə, nəsihətlərlə məhdudlaşdırmaq olmaz. Çünki Vətən sevgisi gənc vətəndaşlarımızın məqsədyönlü davranışının və fəaliyyətinin motivi və ideyasıdır. Bu baxımdan orta məktəblərdə tədris olunan fənlərin böyük əhəmiyyəti vardır. Əslində məktəbdə tədris olunan elə bir fənn yoxdur ki, onun hərb elmi ilə əlaqəsi olmasın. Bu fənlərin içərisində isə ədəbiyyat fənninin xüsusi yeri vardır.
Ədəbiyyatın tədrisində şagirdlər “Kitabi-Dədə Qorqud”, “Koroğlu” kimi qəhrəmanlıq dastanlarında və digər bədii nümunələrdə vətənimizin azadlığı uğrundakı mübarizələrin ümumiləşmiş obrazları ilə tanış olur, onların nümunəsində cəsuluq, qəhrəmanlıq, əsgəri igidlik ruhunda tərbiyə olunurlar. Digər tərəfdən bu bədii nümunələr şagirdləri vətənə daha dərindən bağlanmağa, onun şərəf və namusunu əziz tutmağa, vətənin keşiyində möhkəm dayanmağa ruhlandırır.
“Kitabi-Dədə Qorqud” dastanı bu mənada daha geniş imkanlar yaradır. Dastanda hərb tariximizin izləri – oğuz igidlərinin zəfər tarixi bədii-obrazlı şəkildə əbədiləşib. Dastandakı döyüş səhnələri, oğuzların döyüş silahlarından istifadə bacarığı, mükəmməl döyüş hazırlığı, nəhayət onların qələbə gətirən döyüşləri hərb tariximizin şanlı səhifələridir. Təsadüfi deyil ki, ümummilli liderimiz H.Əliyev deyirdi: “...”Kitabi -Dədə Qorqud” qəhrəmanlıq eposudur... Onun ən böyük ideyası baş sərkərdədən tutmuş böyükdən kiçiyə kimi bütün qəhrəmanlarının doğma torpaqlarını qorumaq uğrunda canlarından keçməyə daim hazır olduqlarını göstərməkdir...”.
Dastanın motivləri əsasında çəkilmiş filmdə də deyildiyi kimi, “əgər torpağı qorumursansa, əkib becərməyə; əkib becərmirsənsə, qorumağa dəyməz”.
Ona görə də dastanın tədrisi zamanı hərbi vətənpərvərlik tərbiyəsi işlərinə xüsusi önəm verilməlidir. Şagirdlər oğuz qəhrəmanlarının şəxsi nümunəsində vətənpərvərlik, cəsurluq, igidlik və ölkənin ərazi bütövlüyünün hər hansı formada pozulması hallarına dözümsüzlük ruhunda tərbiyə olunmalıdırlar. Çünki vətənpərvərlik və qəhrəmanlıq əsas mənəvi-psixoloji xüsusiyyətlərdəndir.
Oğuz alp və ərənlərin sakin olduğu, yaşadığı və müdafiə etdiyi bir məmləkətdir. Onun öz ərazisi, bu ərazinin öz hüdudları və sərhədləri mövcuddur. Sərhədlər ciddi şəkildə qorunur. Burada Vətənin və xalqın mənafeyi hər şeydən ucadır. Vətən təhlükədə olanda bir çağırışla hər bir bəylik öz sərkərdəsi – başbuğu ilə xanlar xanı Bahadur xanın buyruğuna gəlir. Eposda ümumxalq mənafeyini hər şeydən üstün tutmaq, Vətəni qanı və canı bahasına da olsa, qorumaq ruhu mövcuddur.Ölkənin hər bir vətəndaşı Vətən uğrunda ölməyi özünə şərəf bilir. Vətən məhəbbəti bütün incilklikləri unutdurur, oğuzları düşmənə qarşı vahid cəbhədə birləşdirir. Bunu Qazan xandan incik düşmüş Bəkilin hərəkətləri də sübut edir.
Oğuz ölkəsi sülhsevər ölkədir, işğalçılıq siyasəti yeritmir. Ona görə də onların başı üzərində müharibə elanetmə simvolu olan qırmızı bayraq görmürük. Eposda mehriban qonşuluq mühasibətləri irəli sürülür. İki epizod müstəsna olmaqla, qalan bütün hallarda oğuzlar ədalətli - müdafiəedici müharibələr aparırlar. Onlar ölkəyə hücum edən erməni və gürcü feodallarına, Bizans imperiyasına, slavyanlara və gürcü hakimləri ilə əlbir olan qıpçaq türklərinə qarşı vuruşurlar.
Ölkənin hər bir vətəndaşı Vətənin gələcək əsgəridir. Onların əsil döyüşçü kimi yetişməsi üçün valideynlər, tərbiyəçilər və cəmiyyət xüsusi məsuliyyət daşıyırlar. Xüsusi fiziki tərbiyə üsulları və vasitələri mövcuddur. El şənliklərində nişan qoyub ox atmaq, qılınc oynatmaq, at yarışı keçirmək, güləşmək və ov əslində gənclərin fiziki hazırlıqlarını yüksək saxlamaq üçündür. Sadəcə “tamaşa”, “əyləncə” deyil, əvvəlcədən düşünülüb təşkil edilmiş bir məşğələ idi. Bu oğuz ərənlərini, xüsusi ilə də gəncliyi güclü və qüdrətli yetişdirən təlim-tərbiyə növlərindən biridir. Bütün dastan boyu gənclərə döyüşmək qaydaları və döyüş zəfəri taktikası öyrədilirdi.
Ovçuluq hərbi-təsərrüfat mahiyyəti daşıyır. Təsadüfi deyil ki, əski ovçuluqda düzülüş, hərəkət eyni ilə ordunun döyüş vaxtı düzülüşünə bənzəyir. Ovda ata oğula döyüşün sirlərini heyvanlar üzərində öyrədir. Onun çevikliyini və cəng alətləri ilə davranma qabiliyyətini izləyir, bir döyüşçü kimi necə yetişdiyini öyrənir. Ovun uğurla başa çatması münasibəti ilə keçirilən şənlik, eləcə də adqoyma mərasimi gəncin döyüşçü cərgəsinə qəbul edilməsi kimi anlaşılır.
Ümumiyyətlə, hər bir oğuzlu həyatda və cəmiyyətdə öz igidliyi ilə mövqe qazanır. Onların hökumət divanında oturduqları yer də igidlik dərəcəsi ilə müəyyən olunur. Əsl ad şəxsi hünər və qəhrəmanlıq göstərdikdən sonra verilir.
Burada qadınlar da “cici-bacı türkmən qızı” deyil, kişilər kimi igid və cəsurdurlar. Onlar da at minir, qılınc çalır, sağa-sola qoşa yay çəkir, ov ovlayır, quş quşlayır, qurşaq tutur, düşmənlə savaşırlar. Oz vətənləri, sevgililəri, ərləri, ailələri uğrunda canlarından keçməyə hər an hazırdırlar. Məsələn, Burla xatun qara qılıncını qurşayıb qırx incəbelli qızla ərinin və oğlunun köməyinə gedir; Selcan xatun Qanturalı ilə birlikdə düşmənin qoşununu qırıb çatır; Banuçiçək Beyrəklə at çapır, ox atır, güləşir, on altı illik həsrətə qatlaşır. IV boyda düşmənin qara tuğunu qılınclayıb yerə salan yenə qadındır – Burla xatundur.
Yaxşı olar ki, dərslərdə döyüş epizodlarının təsviri zamanı oğuz qəhrəmanlarından Salur Qazan, Bamsı Beyrək, Qaraca Çoban, Qaragünə, Şirsəmsəddin, Dəli Dondar, Yegrək, Qantiralı, Burla xatun, Banıçiçək və digərlərinin igidliklərindən ətraflı söhbət açılsın.
Təcrübələrimizə istinadən bildiririk ki, epos qəhrəmanlarının istifadə etdikləri döyüş silahları – qılınc, ox, süngü, sapand, göndər, gürz, cida və s. barədə məlumatlar maraqla qarşılanır. Bu zaman qeyd olunmalıdır ki, oğuz qəhrəmanları silahla davranmağı kamil bilir, onu qayğı ilə qoruyur və müqəddəs hesab edir. Dastanda silaha and içilməsi və silah altından keçənlərin bağışlanması onun müqəddəs tutulduğunu sübut edir. Hərbi vətənpərvərlik təbiyəsi ilə əlaqədar belə məlumatların veriməsi əhəmiyyətlidir.
Dərslərdə oğuzların döyüş taktikası barədə məlumatların verilməsi də çox vacibdir. Oğuz igidləri də mükəmməl döyüş üsullarına, döyüş taktikasına malikdirlər. Daha çox “qurd oyunu”na bənzər hərtərəfli hücum taktikasından (sağdan, soldan, öndən intensiv hücum) istifadə etməklə düşmənə aman verməyərək mütləq qələbəyə nail olurlar. Onlar hücum döyüşünün tələblərinə dövrə uyğun şəkildə ciddi əməl edirlər, ona görə də layiqli qələbə çalırlar. Göstərilməlidir ki, oğuz igidləri heç vaxt düşmənə xəlvət hücum etmirlər. Onlar açıq döyüşə, meydan döyüşünə üstünlük verirlər. Bu, dəyişməyən savaş taktikası olub, müəyyən rituallardan ibarətdir. İgidlər döyüşdən əvvəl dua edirlər. Nağaraların döyülməsi və tunc boruların çalınması ilə döyüş başlayır. Əvvəl sərkərdələrin təkbətək döyüşü olur. Düşmən sərkərdəsinin məğlub olması ilə açıq döyüş başlayır. Sağdan, soldan və mərkəzdən hücum başlayır. Bayraq adətən mərkəzdə yerləşdirilir. Qoşuna başçılıq edən sərkərdə də mərkəzdən hücum edir. Düşmən bayrağının qılınclanıb ayaq altına salınması və düşmən qərargahının alınması qələbəni təsdiq edir. Qaçanlar təqib olunmur, aman diləyənlər öldürülmür. “Oğuzlar düşməni qırmaqla, məhv etməklə yox, hərb mədəniyyəti ilə ram edirlər”.
Döyüşdə şəhid olanların ölümü xalq matəminə çevrilir. Qız-gəlinlər “ağ çıxarıb, qara geyinir”, igidlər “qara geyinib, göy sarınırlar”, papaqlarını çıxarıb yerə çırpmaqla qisas andı içir, şəhidin atının quyruğunu kəsirlər. Şəhid ailəsi el qayğısı ilə əhatə olunur.
Tədris prosesində oğuz ordusundakı ciddi intizam barədə məlumatların verilməsi çox önməlidir. Bu, şagirdlərin hərbi intizam barədə təsəvvürlərinin formalaşması üçün zəruridir. Qeyd edilməlidir ki, ölkədə yurdun müdafiəsi ilə bağlı bütün məsələlərdə Bayandır xanın çağırdığı hərbi məclisdə baxılır. Səfərbərlik elan olunduqda bütün böyüklərin silahlı dəstələri onun sərəncamında olur. Savaşın başlanması şəxsi iş deyil, bunun üçün xanlar xanı icazə və ya əmr verməlidir. Döyüşdə savaş taktikası özbaşına dəyişdirilə bilməz. Ordunu təşkil edən alaylar müəyyən olunmuş qaydada hərəkət etməlidirlər. Cıravi döyüşçüdən tutmuş çəribaşı, minabaşına kimi hər kəs öz üzərinə düşən işi müzakirəsiz yerinə yetirməlidir. Çünki intizam qələbənin əsasıdır.
Düşmən qabağından qaçmaq – fərarilik çox ağır cəzalandırılır. Qorxağa cəmiyyətdə yer yoxdur. Ölkədə belələrinə münasibətdə vahid tələbkarlıq və münasibət var. Belələrinin keçmiş xidmətləri, valideynlərinin mənsəb və mövqeyi qətiyyən nəzərə alınmır. Məsələn, “Qazan bəy oğlu Uruzun tutsaq olduğu boy”da Qazan bəy oğlunun düşmən qabağından qaçdığını güman edərək deyir: “Bəglər, Tanrı bizə bir kür oğul vermiş. Varayın, anı anası yanından alayın, qılıcla paralayayın, altı bölük edəyin, altı yolun ayırdında burağayın. Bir dəxi kimsə yazı yerdə yoldaş qoyub qaçmaya.” Nümunənin bu gün üçün nə qədər aktual olduğu göz qabağındadır. Bəli, Vətən hamınındır. Onun uğrunda hamı vuruşmalı, lazım gələrsə, şəhid olmalıdır. “Torpaq uğrunda ölən varsa, Vətəndir.”
Ümumiyyətlə, “Kitabi-Dədə Qorqud” eposu ata öyüdü olub, Vətəni sevməyin və onu qorumağın ən yaxşı nümunələrini verir. Dastan gənclərin Vətən, yurd, torpaq və xalq barədə təsəvvür və qənaətlərini genişləndirmək, onlarda vətənpərvərlik duyğusunu gücləndirmək üçün əvəzedilməzdir. Ona görə də əsərin tədrisi zamanı hərbi vətənpərvərlik ruhunu çoşduran məqamlara üstünlük verilməli, Vətəni qorumağa hər an hazır olmaq, əsgəri xidmət borcunun vacibliyi əsas leytmotivə çevrilməlidir.
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi
Tarix: 18-12-2024, 23:14