Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Elmi tədqiqat bacarıqlarının inkişaf etdirilməsi günün tələbidir

 

 

Zülfiyyə Vəliyeva,
ADPU-nun  ETM-nin Tətbiqi tədqiqatlar 
                bölməsinin elmi işçisi, Əməkdar müəllimi    

 

     Tədqiqatın metodları, elmi-tədqiqatın təqdimatı kimi məsələlərin tədrisi günün zəruri tələbləridir. Yüksək ixtisaslı kadrların hazırlanmasında, onların elmi tədqiqat sahəsində təcrübəsinin inkişaf etdirilməsi əhəmiyyətli rol oynayır.


       Müasir       şəraitdə elmi-tədqiqat yönümlü yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında təhsil alanların elmi-tədqiqat işlərinin yerinə yetirmə bacarığının formalaşması mühüm əhəmiyyət kəsb edir.   Təhsilalanların elmi tədqiqat işinin təşkili, təhsilalanların elmi tədqiqat işi sisteminin metodoloji əsasları müasir dövrdə istehsal texnologiyalarının informasiyalaşdırılması ilə əlaqədar xüsusi informasiyaların (elmi, texniki, texnoloji və s.) həcmi sürətlə artır. Belə bir şəraitdə hazır biliklərin mənimsənilməsinə və təqdim olunmasına əsaslanan təlim texnologiyaları rasional və perspektivli hesab olunmur. Təhsilalanların yaradıcılıq qabiliyyətinin yüksəldilməsi və intellektual səviyyəsinin formalaşdırılmasına yönəldilmiş təhsil texnologiyalarından istifadə edilməsi vacibdir.

Pedaqoji texnologiya təlim prosesinə yeni baxışdır. Bu baxışa görə təlim prosesi ənənəvi təlimdən fərqli olaraq, maksimum idarə olunan proses olmalıdır.  Ali məktəbdə təhsilə qədəm qoymaqla gənclərin həyatında yeni mərhələ başlayır. Ali təhsilin əsas məqsədi də elə buradan irəli gələn özünütəşkiletmə və sərbəst işləmə kimi amillərlə müşaiyət olunan bir inkişaf prosesindən ibarətdir. Tədris prosesinə daha dərindən baş vuran tələbələrdən yeni yeni məsələləri həll etmək tələb olunur. Bu, aparılmış praktiki təcrübələrin yazılı şəkildə tərtibindən tutmuş, ali təhsil məktəbinin müəllimləri tərəfindən qoyulmuş hər hansı bir empirik və ya nəzəri məsələnin icrası və tələblərə uyğun elmi dildə yazılmasından ibarət geniş bir sahəni əhatə edir.

 Əldə olunan metodiki biliklər elmi-tədqiqat işlərinin ali məktəblərdə tədris olunan bütün elm sahələri üçün dəyərlidir. Təhsilalanların elmi tədqiqat bacarıqlarının inkişafına,  praktik təcrübələrin təşkilinə universitetlərdə fəaliyyət göstərən Elmi Tədqiqat mərkəzləri vasitəsilə  metodiki   köməyin təşkili nəzərdə tutulan problemin həllinə yardımçı ola bilər.  

 

Təhsilalanların  elmi tədqiqat  bacarıqları

   . Elmi-texniki potensialın - tədqiqatçıların təkrar istehsalını təmin edən elm və təhsil strukturlarının bir-biri ilə qarşılıqlı əlaqəsi qaçılmazdır. Bu pedaqoji potensialını inkişaf etdirməyə, tədris proqram və kurslarının məzmununu, təhsil texnologiyalarını və metodlarını yeniləşdirməyə imkan verir.

 Azərbaycan Respublikasının Təhsil Qanununa əsasən ali məktəblər həm təhsil, həm də mühüm elm mərkəzləridir. Ali məktəb elmi ixtisas profilinə uyğun olaraq təhsil prosesinin daim təkmilləşdirilməsini təmin etməklə bərabər dövlət sifarişlərinin, müqavilə və kontraktlar əsasında proqramların, layihələrin yerinə yetirilməsində fəal iştirak edir. Bu məqsədlə ali məktəblərdə kafedralarla yanaşı elmi-tədqiqat laboratoriyaları, mərkəzləri, institutları, yaradıcılıq kompleksləri və s. yaradılır. Elm sahələrində, o cümlədən təhsil və mədəniyyət problemləri sahəsində əsaslı araşdırmalar üstünlük təşkil edir. Elmi uğurları və tədqiqat səriştəsi nəzərə alınaraq mütəxəssislərinin fəaliyyətlərinin mühüm hissəsi elmi-tədqiqat sahəsində cəmləşdirilir. 

Elmi işlərin nəticələrinin tədris prosesinə tətbiq edilməsinə meyil getdikcə artır, aparılan elmi tədqiqatların keyfiyyətinin artırılmasına diqqət yetirilir. Təhsil alan gənclərin elmi-tədqiqat işinə cəlb olunması ali məktəb elminin əsas vəzifələrindən biridir. Bunun üçün  diqqətdə saxlanmalı kompetensiyalar:
Bacarıq - fəaliyyətdə olan bilikdir, öyrənilənlərin təcrübəyə yönəldilməsinin tətbiqi üsul və priyomlarına yiyələnməyi nəzərdə tutur və qazanılmış bilikləri tətbiq edə bilmək səriştəsidir.

Vərdişlər - praktik bacarıqlardır ki, insan fəaliyyət prosesində onları qismən avtomatlaşdıran hərəkətləri ilə, iş üsullarını çətinlik çəkmədən, xüsusi iradə səyi və şüurun xüsusi nəzarəti olmadan və tərəddüdsüz yerinə yetirir.

Dəyər - interpretasiyadır (latın sözü olub, interpretasiya izah, təfsir, şərh deməkdir).

Fərd, sosial qrup və ya bütövlükdə cəmiyyət üçün zəruri olan, onların tələblərini, maraq və məqsədlərini ödəməyə qadir olan hər şey dəyərlər kimi başa düşülür.

Bilik - təbiət və cəmiyyət hadisələrinə, təfəkkürün obyektiv qanuna uyğunluqlarına, anlayış. Təsəvvür və fəaliyyət üsulları sisteminə yiyələnmək, sərbəst və məntiq şəkildə müqayisə və ümumiləşdirmə apara, nəticəyə gələ bilməkdir.

Çeviklik- rəngarənglik. Bizim yetişdirdiyimiz təhsilalanlar hərtərəfli olsun.
Təhsilalan ilk növbədə:
1. Özünü kəşf etməlidir;
2. Öz istedadını dərk edərək irəli getməlidir;
3. Öz qabiliyyətinə inanmalıdır;
4. Onu qarşıda gözləyən baryerləri aşıb özünü cəmiyyətə təqdim etməlidir.

Bunun üçün:
1. İlk növbədə onlarda sorğu, həvəsi öldürməməliyik;
2. Onların irəli getməsinə imkan verməliyik;
3. Məqsədimiz ancaq alimlər yetişdirmək deyil;
4. Təhsilalanlar elm, incəsənət, idman sahələrində rəngarəng qabiliyyətlər nümayiş etdirsinlər
5. Onların istedadı boğulmasın, onlar bizdən məmnun qalsınlar.


Ali təhsilə başlayan tələbələr  müəyyən vərdişlərə  sərbəst şəkildə yiyələnmək məcburiyyətində qalırlar. Elmi problemin qoyulması, tədqiqat işləri hər şeydən öncə praktiki problemlərin həlli ilə məşğul olur və əldə olunan nəticələr sonralar nəzəriyyənin inkişafına yönəldilir. Onlar həmçinin yeni hadisələrin dərk edilməsində yaranan çətinliklərin aradan qaldırılmasında, əvvəllər məlum olan faktların izah olunmasında və yaxud köhnə faktların kifayət qədər araşdırılmadığı hallarda yerinə yetirilir. Elmi-tədqiqat işləri təkcə problemin qoyulması ilə bitmir, burada problem daimi diqqət mərkəzində olur. Elmi işin səviyyəsi qoyulan problemin aktuallığı ilə ölçülərək, bir çox obyektiv və subyektiv amillərdən asılıdır. Hər bir elmi problem adi sualdan onunla fərqlənir ki, burada cavab sadəcə olaraq məlum informasiyalar əsasında tapıla bilmir.

 Elmdə problem əsasən situasiyalarda mövcud nəzəriyyələrlə izah oluna bilməyən yeni faktların kəşfi ilə ortaya çıxır, elmi problem - elmi-praktiki araşdırılması vacib olan elmi biliyin forması olub, tərkibində insanlara məlum olmayan faktlar daşıyır. Problemdə onun empirik və nəzəri tərəfləri birləşir. Problemin məlum faktlar əsasında düzgün qoyuluşu onun uğurlu həlli üçün ilkin şərtdir. Bunun üçün sadəcə dərsliklərin oxunması kifayət etmir, çünki, dərslik sırf bir fənn üzrə məlum olan biliklərin sadə dildə tələbələrə çatdırılmasını qarşısına məqsəd qoyur. Sadəcə kitablara baxmaqla hər hansı verilmiş bir elmi tapşırığın icrası üçün iş planının tərtibi, aparılması və sənədləşdirilməsi çox çətin məsələdir.

 Burada elmi işlərin tərtibi və prezentasiyası xüsusi ədəbiyyatlarda təsvir olunmuş metodiki göstərişlərin köməyi ilə həyata keçirilir. Bu sahədə həyata keçirilən iş yaradıcılıq fəaliyyəti konsepsiyasına söykənən pedaqoji texnologiyalar əsasında qurulmalıdır.

TETİ-nin əsas vəzifələri aşağıdakılardır:
-tələbələrə elmi biliklərin, xüsusilə yeni elmi biliklərin rasional və effektiv əldə olunması və istifadə edilməsi metodlarının öyrədilməsi; - vahid təlim-tərbiyə sistemi çərçivəsində ali təhsil sisteminin elm və istehsalat fəaliyyətinə inteqrasiyasının yeni formalarının axtarılması və təkmilləşdirilməsi; 
- tələbələrə elmi, yaradıcılıq və tədqiqatçılıq vərdişlərinin aşılanması; 
- tələbələrin elmi tədqiqatlarda və texniki yaradıcılıqda real iştirakının təmin edilməsi, habelə innovasiya fəaliyyətinə cəlb edilməsi; - elm, texnika və istehsalat sahələrində mövcud olan yeni texnologiyaların mənimsənilməsinin təşkil edilməsi; 
- tələbələrin müasir elmi metodologiyalarla, habelə elmi etika normaları ilə tanış edilməsi, onlara elmi ədəbiyyatla işləmək qaydalarının öyrədilməsi;
 - tələbələrə elmi layihə, məruzə və məruzə tezislərini hazırlamaq, elmi tədbirlərdə (seminar, konfrans və s.) çıxış etmək və diskussiya aparmaq bacarığının aşılanması; 
- elmə meylli tələbələrin yaradıcılıq potensialının inkişaf etdirilməsi.  

Tələbələrin elmi tədqiqat işinin təşkili  tədris prosesinin davamına və dərinləşdirilməsinə xidmət edir və ali təhsil müəssisəsinin kafedra, laboratoriya, elmi tədqiqat mərkəzləri və institutlarında təşkil olunur. Tələbə elmi tədqiqat işlərinə rəhbərliyi ali təhsil müəssisəsinin professor və müəllimləri, elmi bölmələrinin əməkdaşları və doktorantlar həyata keçirir.

Elmin müxtəlif sahələri üzrə tədqiqatlar əsasən universitetlərin bazasında yerləşən elmi-tədqiqat mərkəzlərində və laboratoriyalarda aparılır. Elmlə məşğul olan insanın əsas məqsədi bir tərəfdən obyektiv bilikləri əldə etməkdən, digər tərəfdən onları nəzəri cəhətdən sistemləşdirməkdən ibarətdir. Ümumilikdə, elm - insanların mənəvi fəaliyyəti olub, təbiət, cəmiyyət haqqında biliklərin əldə olunması, həmçinin real faktlar və onlar arasında mövcud olan qarşılıqlı əlaqə əsasında həqiqətin öyrənilməsi və yeni qanunauyğunluqların aşkara çıxarılmasından ibarətdir.

     Elmi-pedaqoji tədqiqatlar təhsil sisteminin qarşısında getməklə qabaqlayıcı funksiyanı yerinə yetirməkdə yubanır. Sistemli olaraq ardıcıl və davamlı şəkildə təhsil prosesinin özülünə çevrilməkdə daha təkmil diskussiyalar yaradılmasına ehtiyac duyulur. Aparılan ilkin araşdırmalar bilavasitə bu mülahizələri təsdiqləməklə, həm də onun universitetlərin strukturuna inteqrasiya edilməsini, daha böyük elmi potensialla reallaşdırılmasını zəruri edir.
 


Tarix: 17-12-2024, 15:15

Xəbəri paylaş