Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Ölməz bəstəkar”

  



Nazim Kazımov,
Əməkdar incəsənət xadimi, professor

Azərbaycan musiqi sənəti əsrlər boyu təkmilləşərək, öz tarixinin səhifələrinə bir çox sənətkarların adını yazmışdır. XX əsrin ilk onilliklərində Azərbaycan musiqi mədəniyyətində dərin iz qoyub getmiş bəstəkarlardan olan A.Zeynallı öz dəst-xətti, çoxşaxəli fəaliyyəti ilə Azərbaycan bəstəkarlıq məktəbinin formalaşmasında mühüm rol oynamışdır. İlk professional musiqi təhsilli Azərbaycan bəstəkarı, pedaqoq, musiqi xadimi, milli folklorumuzun tədqiqatçısı Asəf Zeynallı Azərbaycan musiqi mədəniyyətinin təşəkkülü və tərəqqisində xüsusi xidmətləri olan sənətkarlarımızdandır. Məhz böyük istedadının, tükənməz yaradıcılıq eşqinin gücünə o, 23 illik ömür yolunda əsrlərin sınağından cəsarətlə çıxan, sənət dəyərini saxlayan qiymətli bir irs yaratmışdır.
Dahi Üzeyir bəy qısa, lakin mənalı və dəyərli ömür sürən Asəf Zeynallının yaradıcılığını yüksək qiymətləndirərək, onun gələcəkdə daha böyük sənət nailiyyətləri qazana biləcəyini vurğulamışdır: “Asəfin əsərlərinə nəzər saldıqda aydın olur ki, gələcəkdə o, olduqca böyük, orijinal və dərin düşüncəli bir bəstəkar ola bilərdi”. Musiqi incəsənətimizə dərin məzmunlu, milli zəminlə bağlı, formaca yeni və müasir əsərlər bəxş etmiş görkəmli sənətkar Asəf Zeynallının bu il anadan olmasının 110 illiyini qeyd edirik. Bu münasibətlə bəstəkarın vaxtilə oxuduğu və adını daşıdığı AMK tərkibindəki Musiqi Kollecində silsilə tədbirlər - elmi-nəzəri konfranslar, seminarlar, konsert və xatirə gecələrinin keçirilməsi planlaşdırılır.
Bəstəkarlıq, pedaqoji və ictimai fəaliyyət, xalq musiqisinin toplanması, nota yazılması, Azərbaycan musiqisinin təbliği, milli musiqi alətlərinin hər cür siyasi və şovinist hücumlardan qorunması və bu kimi sahələrdə A.Zeynallı dəyərli işlər görmüş, XX əsrin əvvəllərində öz fəaliyyəti ilə Azərbaycan milli bəstəkarlıq məktəbinin formalaşmasında özünəməxsus tarixi rol oynamışdır.
Bəstəkarın üslubunun əsas xüsusiyyəti miniatür formalara tez-tez müraciət etməsidir. Kamera musiqisi A.Zeynallının yaradıcılığına xas olan milli özünəməxsusluğu, melodik və harmonik dilini, bədii təxəyyülünü və novator baxışlarını özündə daha çox daşıyan və ifadə edən sahədir. Bəstəkarın fortepiano üçün yazdığı “Uşaq süitası”, “Durna” və “Çahargah” pyesləri, fuqaları, skripka və fortepiano üçün “Muğamsayağı”, violonçel və fortepiano üçün “Laylay”, eyni adlı xalq mahnısı əsasında violonçel və fortepiano üçün “Qoyunlar” və bu kimi pyeslər kamera-instrumental janrın və ansambl ifaçılığının inkişafında mühüm rol oynamışdır.
A.Zeynallı uşaqlar üçün klassik fortepiano musiqisi ənənələrini davam etdirərək, “Uşaq süitası” ilə Azərbay­canda ilk uşaq miniatür fortepiano musiqisinin əsasını qoymuşdur. Bu gün də bu əsər uşaq musiqi məktəblərinin tədris repertuarını zən­gin­ləşdirməklə yanaşı, uşaq­ların musiqi qavrayışının və ifa texnikasının formalaşmasında əhəmiyyətli rol oynayır. Fortepiano üçün yazdığı fuqaları ilə A.Zeynallı Azərbaycan ladları üzərində yazdığı mövzuları xüsusi ciddi üslublu polifonik formanın qanunauyğunluqlarına tabe etdirmişdir. Skripka ilə fortepiano üçün yazdığı “Muğamsayağı” pyesi respublikamızda milli üslubda skripka üçün yazılmış ilk əsərlərdəndir. “Bayatı-Şiraz” ladı üzərində yazdığı bu pyesində müəllif muğamın daxili lirikasını, fəlsəfi kədərini skripka alətinin tembri, texniki imkanları və səs boyaları vasitəsilə ifadə etmişdir.
Azərbaycan musiqi ədəbiyyatında romans janrının ilk nümunələri A.Zeynallının adı ilə bağlıdır. Bəstəkar kamera-vokal musiqisinin romans və mahnı janrlarında peşəkar səviyyəli gözəl nümunələr yaratmışdır. A.Zeynallının ilk vokal əsəri “Ölkəm” romansı yarandığı gündən xalq kütlələri tərəfindən sevilərək ölməzlik qazanmış və müəllifinə böyük şöhrət gətirmişdir. “Sual”, “Sərhədçi”, “Seyran”, “Çadra” romansları da zəngin bədii obrazlılığı, emosional təsirliliyi, əlvan lad-məqam palitrası ilə seçilirlər.
Romans janrı, fortepiano və kiçik ansambl pyeslərinə müraciət edən A.Zeynallı 1931-ci ildə yazdığı “Fraqmentlər” simfonik süitası ilə bu janrın ilk nümunəsini yaratmışdır. 7 fraqmentdən ibarət olan bu simfonik süitanı bəstəkar Türk İşçi Teatrında dram əsərlərinə yazdığı musiqi materialları əsasında bəs­tələmişdir. “Fraqmentlər”in musiqisi parlaq obraz məzmunu, bədii təsvir və ifadə vasitələrinin konkretliyi, mövzu və lad-məqam bağlılığı ilə seçilir. Ayrı-ayrı epizodlar harmoniya və orkestr sahəsində bəstəkarın axtarışlarının uğurlu nəticəsindən xəbər verir.
Xalq musiqisindən bəhrələnən, Azərbaycan lad intonasiyalarından öz yaradıcılığında geniş istifadə edən A.Zeynallı xalq mahnılarının top­lanmsı, nota yazılması ilə də ciddi məşğul olmuşdur. 1930-cu illərin əvvəllərində Elmi-Tədqiqat Musiqi Kabineti yaranan zaman bu qurumun tərkibində ilk ekspedisiya - Qarabağ ekspedisiyasına gedən ilk bəstəkar məhz A.Zeynallı olmuşdur. Onun nota yazdığı folklor nümunələri müxtəlif janrları əhatə edir: xalq mahnıları, xalq rəqsləri, təsniflər, yas-mərasim oxumaları, rəng və diringələr və s. “Dağlar”, “Uzundərə”, “Ləli”, “Ləbu-ləb”, “Kəklik”, “Darçını”, “Evləri var xana-xana”, “Qarabağ şikəstəsi”, “Qalanın dibində”, “Bülbüllər oxur”, “Gözəlim sənsən” və bu kimi nümunələr A.Zeynallının folklorşünaslıq fəaliyyəti sayəsində toplanıb nota yazılmış, gələcək nəsillərə çatdırılmışdır. Bəstəkar xalq mahnılarını səs ilə fortepiano üçün işləyərək, transkripsiyanın ən gözəl nümunələrini yaratmışdır. A.Zeynallı aşıq musiqisini yüksək qiymətləndirərək, xalq yaradıcılığına və peşəkar musiqi sənəti məsələlərinə həsr olunmuş müxtəlif müşavirələrdə aşıq yaradıcılığının zən­ginliyini vurğulamış, aşıq musiqisinin bəstəkarlar üçün yaradıcılıq mənbəyi olduğunu təsdiqləmişdir.
Azərbaycanda təhsilin inkişafında aparıcı qüvvə olan müəllimlik peşəsinə önəm verən A.Zeynallı qısa ömür yolunda pedaqoji fəaliyyətilə də məşğul olmuşdur. Həm konservatoriya, həm də texnikumda musiqi nəzəriyyəsi, solfecio, harmoniya fənlərini tədris edən A.Zeynallı tələbələrin peşəkar musiqiçi kimi formalaşmasında səmərəli üsullar axtarır, gənc musiqiçiləri düzgün yaradıcılıq yoluna istiqamətləndirirdi. Tələbkarlıq, məsuliyyət, təşəbbüskarlıq, qayğıkeşlik, səmimilik onun müəllimlik keyfiyyətləri idi. Pedaqoji fəaliyyətinin az zamanda davam etməsinə baxmayaraq, A.Zeynallının müəllimlik fəaliyyəti musiqi təhsilimiz üçün səmərəli və faydalı olmuşdur. Onun dərs verdiyi tələbələr arasında Azərbaycan musiqi mədəniyyətinin görkəmli simaları yetişmişlər. Q.Qarayev, C.Hacıyev, S.Rüstəmov, T.Quliyev, Z.Bağırov, M.S.İsmayılov, Əminə Dilbazi kimi sənət nümayəndələri müəllimləri A.Zeynallını bütün həyatları boyu dərin hörmətlə xatırlamış, bir müəllim, şəxsiyyət və bəstəkar kimi onun barəsində həmişə yüksək fikirlər söyləmişlər. O dövrdə musiqi texnikumu və konservatoriyada təhsil alan tələbələrin öz ana dilində nəzəriyyə dərsliklərinə böyük ehtiyacı var idi. Musiqinin elementar nəzəriy­yəsinə dair Azərbaycan dilində ilk kitabın ərsəyə gəlməsində A.Zeynallının da rolu olmuşdur.
  Tarix  Asəf Zeynallı  kimi ölməz şəxsiyyəti bizdən uzaq­laşdırdıqca, zaman onun bir sənətkar kimi milli - mənəvi varlığımız, mədəniy­yətimiz üçün əhəmiyyətini dönə - dönə təsdiq edir.


Tarix: 10-04-2019, 14:35

Xəbəri paylaş