“Mirzə Kazımbəyin “Türk-tatar dilinin ümumi qrammatikası”nın tərcümə, tədqiq və şərhi” monoqrafiyası dilçiliyin inkişafına töhfədir
Oktyabrın 30-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) professor İdris Abbasovun “Mirzə Kazımbəyin “Türk-tatar dilinin ümumi qrammatikası”nın tərcümə, tədqiq və şərhi” monoqrafiyasının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli təqdim olunan kitabın türkologiya, Azərbaycan dilçiliyi və ümumi dilçiliyin inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını deyib. Mirzə Kazımbəyin həyat və yaradıcılığı barədə danışan T.Kərimli ədibin Şərqdən qopmadan Qərb mədəniyyətinə inteqrasiya etdiyini və bunu öz əsərlərində peşəkarlıqla göstərdiyini bildirib. Görkəmli dilçi alim M.Kazımbəyin 33 yaşında Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçildiyini xatırladan T.Kərimli onun bütün dünyada tədris olunan əsərlər yazdığını diqqətə çatdırıb.
T.Kərimli şəxsiyyəti ilə qürur duyduğumuz Mirzə Kazımbəyin rus şərqşünaslığının banisi sayıldığını, ensiklopedik biliyə malik olduğunu, Rusiyanın, Avropanın və Şərqin elmi dairələrində tanındığını, dünya şərqşünaslığında silinməz izlər qoymuş unudulmaz şəxsiyyət olduğunu vurğulayıb.
Sonra Dilçilik İnstitutunun tətbiqi dilçilik şöbəsinin müdiri, professor İsmayıl Məmmədlinin “Mirzə Kazımbəyin “Türk-tatar dilinin ümumi qrammatikası”nın tərcümə, tədqiq və şərhi” kitabı haqqında məruzəsi dinlənilib. Bildirilib ki, dünya şöhrətli alim, rus şərqşünaslığının patriarxı, Kazan və Sankt-Peterburq universitetlərinin ordinar professoru, Sankt-Peterburq Universitetində şərq fakültəsinin ilk dekanı Mirzə Kazımbəyin məşhur “Türk-tatar dilinin ümumi qrammatikası” əsərinin nəşrindən 178 il sonra onu rus dilindən ana dilimizə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov tərcümə edib. Üç hissə və 22 fəsildən ibarət, min səhifədən artıq olan bu nəhəng işin önəmi mütərcimin orijinal mətnin tərcüməsi ilə yanaşı, kitaba öz tədqiq və şərhlərini də əlavə etməsidir. Bu məqsədlə İ.Abbasov Mirzə Kazımbəydən əvvəl və onun yaşadığı dövrdə rus, fransız, ingilis, ərəb, italyan, latın, ispan, alman və digər dillərdə yazılmış fundamental əsərləri müqayisəli tədqiqata cəlb edərək sanballı tədqiqat işi aparıb.
Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu əsərin tərcüməsinə 2014-cü ilin noyabrından başlandığını bildirib. Qeyd edilib ki, nəşrin tərcüməsi üçün türk, ərəb, fransız dillərinin qrammatikasını, o cümlədən nəzəri və müqayisəli dilçiliyi mükəmməl bilmək lazımdır. İ.Abbasov bunun öhdəsindən peşəkarlıqla gəlib. M.Kazımbəyin Azərbaycanda lazımi səviyyədə tədqiq olunmadığını deyən M.Nağısoylu bu istiqamətdə işləri davam etdirməyin zəruriliyini vurğulayıb.
Təqdimat mərasimində nəşrin elmi redaktoru, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov əsərin SSRİ dövründə tərcüməsinin baş tutmadığını diqqətə çatdırıb və kitabın Azərbaycanın müstəqillik dövrünün bəhrəsi olduğunu bildirib. O, “Türk-tatar dilinin ümumi qrammatikası” əsərinin bu günədək Azərbaycan dilçiliyində çox istifadə edildiyini, nəşrin ensiklopedik mahiyyət daşıdığını söyləyib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, Dilçilik İnstitutunun terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova, Rusiya Federasiyası Tatarıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəliyinin sədri Alfred Zakirov monoqrafiya ilə bağlı fikirlərini bölüşüblər.
Qeyd olunub ki, M.Kazımbəyin çoxcəhətli yaradıcılığında müstəsna yer tutan “Türk-tatar dilinin ümumi qrammatikası” kitabı ilk dəfə 1839-cu ildə işıq üzü görüb və dərslik kimi şöhrət qazanıb. Kitab ikinci dəfə 1846-cı ildə "Türk-tatar dilinin ümumi qrammatikası" adı altında təkrar nəşr olunub. Əsər ilk dəfə 1848-ci ildə alman dilinə tərcümə olunaraq ali məktəblərdə dərslik kimi istifadə edilməyə başlayıb.
Çıxışlarda təqdim olunan kitabın türk-Azərbaycan dili tarixi mütəxəssisləri, şərqşünaslar, türkoloqlar, müəllimlər üçün qiymətli mənbə olacağı vurğulanıb. Diqqətə çatdırılıb ki, İ.Abbasovun “Mirzə Kazımbəyin “Türk-tatar dilinin qrammatikası”nın tərcümə, tədqiq və şərhi” monoqrafiyası bir institutun görə biləcəyi ağır və məsuliyyətli işdir. Müəllif bu işi təkbaşına yerinə yetirərək orijinal bir əsər ortaya qoyub.
Tarix: 11-12-2017, 13:39