İnsan kapitalına təhsil sisteminin ilk mərhələsindən diqqət artırılmalıdır
Şahrza Ağayev,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti,
pedaqogika üzrə fəlsəfə doktoru, qabaqcıl təhsil işçisi
E-mail: [email protected]
İnsan kapitalı anlayışı qloballaşmanın yaratdığı sosial-iqtisadi şəraitlə funksional olaraq aktuallaşmışdır. İnsanıncəmiyyətdə özünü tam realizə və mövcud imkanlardan tam istifadə etmək üçün öz biliyinin, bacarığının, əlaqələrinin, peşəkarlığının cəmi - insan kapitalını təşkil edir. Bütövlikdə bu intellekt, sağlamlıq, bilik, keyfiyyətliəmək və həyat şəraitidir. İlk dəfə terminTeodor Şuls tərəfindən işlədilib. Onun davamçısı Heri Bekker tərəfindən inkişaf etdirilib. İsbat edilib ki, insan fəaliyyətinə effektli iqtisadi baxış çox vacibdir.
Bu sahəyə dövlətin xərcləri daxil olmaqla, insanın istehlak xərcləri - ailəsinə çəkilən xərc, təhsil, səhiyyə xərcləri, mədəni tələbləri aid edilir.
İnsan kapitalının həlledici rolunu nəzərə alaraq, innovasiyaların davamlı inkişafı fonunda təhsil sisteminin ilk mərhələsindən başlayaraq bu işin həllinə diqqət artırılmalıdır. Mövzu ilə əlaqədar təhsil sisteminin ilk mərhələsi, yəni məktəbəqədər dövrün lazımınca müvafiq ekspertlərin tədqiqat problemi kimi araşdırılması arzu olunur.
Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə qeyd olunur ki, məktəbəqədər təhsil insan potensialının inkişafına və daha keyfiyyətli insan kapitalının formalaşmasına, uzunmüddətli perspektivdə əhalinin gəlirlərinə, iqtisadi artıma və davamlı inkişafa müsbət təsir göstərir. Məktəbəqədər təhsilin uzunmüddətli perspektivdə insan kapitalının keyfiyyətinin yüksəldilməsinə təsirini nəzərə alaraq, bu istiqamətdə stimullaşdırıcı tədbirlər həyata keçirilir, təlim-tərbiyə texnologiyaları təkmilləşdirilir. Məktəbəqədər kurikulum təhsilin ilk pilləsi olmaqla uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir. Danılmaz həqiqətdir ki, maddi sərvətlərin insan kapitalına çevrilməsinin təməli məhz məktəbəqədər təhsil müəssisələrində qoyulur. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd edilir: “Təməl bacarıqlar uşaqlıq dövrünün ilk illərindən əldə edildiyinə görə uşaqların zehninin erkən yaş dövründən inkişaf etdirilməsi vacibdir. Bu səbəbdən məktəbəqədər təhsilin inkişafı dövlət siyasətində əhəmiyyətli yer tutur”.
Məktəbəqədər yaşlı uşağın təhsili onun inkişafının süni surətdə tezləşməsinə deyil, zənginləşdirilməsinə istiqamətləndirilməlidir. Beşyaşlıların məktəbə hazırlığı “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin proqramı (kurikulumu) (3-6 yaş)” əsasında həyata keçirilir (Sənəd təhsil nazirinin 10 iyul 2012-ci il tarixli 1329 nömrəli əmri ilə təsdiq edilib). 2017-ci ildə Məktəbəqədər Təhsil Kurikulumunun təkmilləşdirilmiş variantı Təhsil Nazirliyinə təqdim edilmişdir. Beşyaşlıların məktəbəhazırlığı məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçalarında), məktəblərdə, ailədə və qısamüddətli təlim qruplarında aparıla bilər.
Məktəbəhazırlığın əsas məqsədi beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir.
Məktəbəhazırlığın vəzifələri: uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasıdır.
Məktəbəqədər təhsilin proqramında (kurikulumunda) məktəbəhazırlıq qrupu (5-6 yaş) üçün inkişaf sahələri alqoritmik olaraq bunlardır:
1. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik;
2. İdrakın inkişafı (əqli inkişaf);
3. Estetik və yaradıcı inkişaf (gözəlliyi duymaq və yaratmaq);
4. Sosial-emosional inkişaf (insanlarla ünsiyyət və əlaqələr qurmaq, hisslərini tanımaq və idarə etmək).
Uşağın inkişafında oyunların rolu əvəzsizdir. Xüsusən rollu oyunlar uşaqların sevimli əyləncəsi olmaqla bərabər, həm də onların əsas işidir. Məhz oyun zamanı uşaqda şəxsiyyətin formalaşması, sosiallaşma gedir. Oyun zamanı həm də uşağın mənəviyyatı formalaşır. Oyun ‒ uşaq üçün ilk iradə məktəbidir: məhz oyunda uşaq ilk dəfə könüllü şəkildə müxtəlif tələblərə riayət etməyə başlayır. Məsələn, əgər rollu oyunda uşaq sərhədçidirsə, onu növbədə əvəz etməyincə yerindən tərpənməyəcək. Çünki real həyatda sərhədçilər belə intizam qaydalarına əməl edirlər.
L.Vıqotskinin təbiri ilə desək, oyun uşaq üçün “yaxın inkişaf zonasıdır”: oyun zamanı uşaq öz yaşından daha böyükdür. Oynayarkən o, sanki irəli və yuxarı sıçrayışlar edir.
A.S.Makarenko uşaqların inkişafında oyunun böyük rolunu qeyd edərək yazırdı ki, “Yaşlı adamın həyatında iş, fəaliyyət, qulluq hansı əhəmiyyətə malikdirsə, uşağın da həyatında oyun bir o qədər vacib və əhəmiyyətlidir”.
Məktəbəqədər yaş dövrü üçün oyunlar iki böyük qrupa bölünür:
- yaradıcı oyunlar;
- qaydalı oyunlar.
Yaradıcı oyunlar uşaqların özləri tərəfindən yaradılan oyunlardır. Uşaqlar həyatda gördükləri və müşahidə etdiklərini öz təsəvvürlərində canlandırmaqla oyun yaradırlar.
Qaydalı oyunlar isə müəyyən qaydalara tabe olduğundan bu oyunların qaydalarını uşaqlar böyüklərin vasitəsi ilə öyrənib, oynayırlar. Ümumən qaydalı oyunlar mütəhərrik və didaktik olmaqla iki növə ayrılır. Qaydalı oyunların əhəmiyyyəti uşaqlara qaydalara əməl etməyi, qaydanı izləməyi və s. öyrədir. Bu gələcəkdə uşaqlarda həyatda rast gəlinən digər qaydaların əhəmiyyətli olması haqqında (məktəb qaydalarını, yol qaydaları və s.) anlayış yaradır. Qaydalı mütəhərrik oyunlar uşaqların hərəki fəallığını təmin edir. Mutəhərrik oyunlara milli hərəki oyunlar, yarışlar və s. aid edilir. Didaktik elementli mütəhərrik oyunlarda uşaqların nəinki hərəki, həm də idraki fəallığı təmin edilir. Bu oyunlarda uşaqların qarşısında müəyyən hərəkətlər – topu tutmaq, yoldaşa çatmaq, ritmik hərəkəti və s. təkrar etmək tələb edən vəzifələr qoyulur. Didaktik (öyrədici) oyunların şərti 3 növü var: - oyuncaqlarla (müxtəlif əşyalarla);
- şifahi və ya sözlu (məsələn: tapmacalarla);
- stolüstü çap oyunları (üzərində şəkillər olan lotolar, cüt şəkillər olan kartlar və s.).
Uşaq məktəbəhazırlıq qrupuna gələnə qədər ailədə müəyyən bilik, bacarıq və vərdişlərə yiyələnir. Ailənin uşağın ilk müəllimi kimi qəbul edilməsi gələcəkdə təlim-tərbiyə prosesinin məzmunlu qurulması, əlverişli münasibətlərin yaranması üçün vacib amildir. Valideyn və müəllimlərin ümumi səyləri uşağın böyüməsi və inkişafı üçün daha əlverişli şəraitin yaradılmasına yönəldilir.
Nəticə olaraq deyə bilərik ki, insan kapitalı təhsil sisteminin ilk mərhələsi uşaq şəxsiyyətinin inkişafında təməl kimi səciyyələndirilməlidir.
Tarix: 6-07-2022, 15:52
Xəbəri paylaş