Azərbaycan dili və ədəbiyyat dərslərində şagirdlərə vətənpərvərlik duyğularının aşılanması
Ağabacı Mirzəyeva,
Bakı şəhəri, Nəsimi
rayonu T.Həsənov adına
23 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat
müəllimi
Demokratik cəmiyyət quruculuğunda yüksək mənəviyyatlı fəal vətəndaşın yetişdirilməsi başlıca vəzifədir. İndi “Vətəndaşlıq” anlayışı təkcə mənsubluq deyil, həm də mənəviyyata daxil olan, keyfiyyət kimi təzahür edir. Böyüyən Azərbaycan vətəndaşı aşağıdakı mənəvi keyfiyyətləri özündə cəmləşdirir:
1.Müstəqil dövlətin vətəndaşı kimi ölkəyə, yurda, insanlara gərəkli olmaq duyğusu;
2.Milli vətənpərvərliyi; Vətənin qorunmasına və inkişafına nail olmaq arzusu;
3.Vətəndaşlıq amalına yiyələnmək, xeyirxah, ədalətli, humanist, demokratik mövqeli olmaq istəyi;
4.Milli-mənəvi sərvətlərə yiyələnmək və onu göz bəbəyi kimi qorumağı; Dövlət dilini, ədəbiyyatını sevməyi; Dini-mənəvi dəyərlərə, xalqın adət-ənənələrinə, ictimai əxlaq normalarına hörmətlə yanaşmağı və onlara riayət etmək kimi keyfiyyətləri özündə tərbiyə edir.
Bu, danılmaz bir həqiqətdir ki, cəmiyyətdə hər şey məktəbdən, təhsildən başlayır. Məktəbdə müəllim cəmiyyət üçün ən dəyərli, bilikli, zəkalı, tərbiyəli, vətənpərvər, vətəndaşlar hazırlayır. Ulu öndərimiz Heydər Əliyev demişdir: “Uşaqlar gərək orta məktəblərdə bütün fənləri mənimsəsinlər. Həm də məktəblərimizdə Azərbaycanın dövlət müstəqilliyinin, azadlığının mənası, məzmunu çox geniş tədris olunmalıdır. Bu çox əhəmiyyətlidir, çünki vətənpərvərlik hissləri insanlara uşaq vaxtında aşılanmalıdır. Müəllimlərin müqəddəs borcu xalqımızın zəngin tarixini, mədəniyyətini, mənəviyyatını, mənəvi dəyərlərini uşaqlara öyrətmək, çatdırmaq, onları həmin ənənələr ruhunda tərbiyə etməkdir!”.
Məktəblilərdə vətəndaşlıq hissinin aşılanmasında “Azərbaycan dili və ədəbiyyat” fənninin tədrisinin böyük əhəmiyyəti vardır. Şagirdlərin mənəvi tərbiyəsində bu fənnin tədrisini ən güclü vasitə hesab etmək olar.
VII sinifdə keçdiyim xalq şairi Nəriman Həsənzadənnin “Azərbaycan” şeirində apardığım müzakirələr şagirdlərin vətənpərvərlik haqqında sərbəst söz söyləmələrinə, Vətən, torpaq, yurd barədə müxtəlif fikirlərə münasibət bildirmələrinə imkan yaradır. Məktəblilərdə bu şeir vətənpərvərlik duyğusunu daha da artırır.
Ruhuma büt, cismim üçün Vətən olan
Torpağına canım qurban, Azərbaycan!
Yaxud başqa bir bənddə:
Hər qonşuda bir parçası əsir qalan
Torpağına canım qurban, Azərbaycan!
Şagirdlər qruplara bölünərək çalışmaların şərtinə əsasən nümunələrdən istifadə edərək vətənimiz Azərbaycan barədə onun qəhrəman tarixi, azadlığın al rəmzi sayılan bayrağı haqqında fikir mübadiləsi edirlər, onlar Vətən torpağının yad əllərdə qalması ilə, düşmən tapdağında olması ilə heç cür barışa bilmirlər.
Şeirdə üçrəngli Azərbaycan bayrağı haqqında aşağıdakı fikirlərə rast gəlirik:
Başım üstdə məğrur-məğrur dalğalanan
Bayrağıma canım qurban, Azərbaycan!
Müxtəlif bəndlərdə Azərbaycan torpağnın qədim tarixi, zəngin təbiəti yeraltı və yerüstü sərvətləri, vətənimizin uğurları, savaşlardan alnıaçıq çıxan Azərbaycan torpağının müqəddəsliyi tərənnüm olunur. Budur, vətənpərvərlik! Ümummilli liderimiz Heydər Əliyev demişdir ki, vətənpərvərlik insanın daxili duyğularıdır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır.
Vətənpərvərlik hisslərini “Fətəli xan beşiyi” mətnində də davam etdirirəm. Mətni oxuyandan sonra şagirdlərin məntiqi düşünmə qabiliyyətini formalaşdırıram. Şagirdlər qruplara bölünməklə, Hüseynəli xan haqqında-onun qonaqpərvər, diqqətcil, ən başlıcası əsl vətənpərvər bir xan olduğununun şahidi oluruq. Hüseynəli xan torpağın bölünməz olduğu fikrini irəli sürür və niyyətini çox ustalıqla çatdırır: “Bax, hərənizə bir qılınc almışam. Vətəni qorumaq üçün. Bir olsaq, düşmən qorxaraq, üstümüzə gəlməz.”
Bu gün Azərbaycan torpağında Hüseynəli xan kimi vətənpərvər, torpağa, yurda bağlı insanlara böyük ehtiyacımız var. Əgər biz bir olsaq, torpaqlarımızı tezliklə düşmən tapdağından azad edə bilərik.
X sinifdə ədəbiyyatdan keçdiyim bir sıra mövzuların tədrisində şagirdlərdə vətənpərvərlik hisslərini aşılanmasını əsas götürürəm. Məsələn: “Salur Qazanın evinin yağmalanması” boyunun təhlili, “Koroğlu” eposunda “Keçəl Həmzənin Qıratı qaçırması” qolunun təhlili və s.
Məktəbdə keçirilən vətənpərvərlik ongünlüyündə mən dərs dediyim şagirlərlə “Azərbaycanın şəhid qızı vətənpərvər Salatın” tədbirini keçirtdim. Tədbir məktəbimizin Heydər Əliyev muzeyində təşkil olundu. Girişdə Salatın Əsgərovanın əziz xatirəsinə həsr olunmuş “Vətən üçün gedirəm” filmi nümayiş etdirildi.
Salatın Əsgərovanın ailəsi, oğlu Ceyhun haqqında məlumat verildi. Onun bir jurnalist kimi fəaliyyəti işıqlandırıldı. Şəhid qəhrəmana həsr olunmuş Nəbi Xəzrinin “Salatın” poeması, Fəridə Ləmanın “Salatın” şeiri şagirlərin ifasında dinlənildi:
Mən oğul istədim ilk övladımı,
Dedim Sultan qoyum onun adını.
Sən gəldin, can qızım, mehriban qızım
Mənə ilahidən ərməğan qızım.
Dedim ki, Soltana yaraşsın adın,
Odur ki, çağırdım səni Salatın!
Mən oldum səninlə bəxtəvər qızım,
Mənim yüz kişiyə bərabər qızım!
Bəstəkar Elza İbrahimovanın “Salatın” mahnısı ifa olundu. İstər “Vətən üçün gedirəm” kino-filmində, istərsə də Salatın Əsgərovaya həst olunmuş şeir və mahnılarda vətənpərvər şəhid qızın keçdiyi qəhrəmanlıq səhifələri anbaan vərəqlənir. Bu tədbirin keçirilməsi şagirdlərdə vətənpərvər jurnalistə olan məhəbbəti, sevgini daha da artırır. Şagirdlər vətənpərvərlik duyğularının nə olduğunu dərindən anlayırlar.
Tarix: 6-06-2017, 11:47
Xəbəri paylaş