Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Əsas hədəfimiz kamil insan yetişdirməkdir

 
   Elazə Teymurova,
Bakının Sabunçu  rayonundakı Tahir Hacıyev adına
 252 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi
 
   Bu, bir danılmaz həqiqətdir ki, ölkə rəhbəri cənab İlham Əliyev təhsilə, biliyə, elmə çox böyük dəyər verərək müəllim adını həmişə uca tutur. Biz müəllimlər də bu adı öz nümunəvi əməyimizlə ucaltmaq üçün daim axtarışda olaraq üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışırıq. Bildiyimiz kimi, hər bir müəllim dərsin forma və üsullarını, qiymətləndirmə vasitələrini, təlim tapşırıqlarını düzgün müəyyənləşdirərsə, uğurlu nailiyyətlər əldə edər. Mən də dərslərimdə yeni təlim metodlarından istifadə edərək müxtəlif  fənlər üzrə «açıq dərs»lər keçirirəm. Bu zaman şagird dərsə daha məsuliyyətli, daha diqqətli yanaşır. Dərslərin maraqlı olması üçün müxtəlif  oyunlardan istifadə edərək şagirdləri nağıl qəhrəmanları obrazında görüşdürürəm. Bu zaman zəif şagirdlərin də dərsə maraq hissi artır. Müəllimlik fəaliyyətimdə gəldiyim qənaət budur ki, tematik yanaşma üsulundan istifadə edərək məktəblilərin təlim marağını artırmaq ən mühüm vasitədir. Tematik yanaşma üsulundan istifadə zamanı şagirdləri araşdırmalar aparmağa, müəyyən qərar verməyə sövq etmək mümkün olur.
Mən ana dili, həyat bilgisi fənləri ilə yanaşı, təsviri in­cə­sənət dərslərində də şa­gird­lərin yaradıcılıq qabiliyyətini, təxəyyülünü inkişaf etdirməyə çalışıram. Riyaziyyat dərsində isə şifahi hesablamalar zamanı onlara bu fənnin nə qədər dəqiq, həm də bütün elmlərin şahı olduğunu bildirirəm. Bu cür metodlardan istifadə etməklə tədris etdiyim fənlərlə şagirdlərdə baza yaradaraq onların bilikli, savadlı, şəxsiyyət kimi yetişmələri üçün əlimdən gələni əsirgəmirəm.
Belə bir dərs nümunəsinə nəzər salaq.
Fənn – Riyaziyyat (I sinif)
Mövzu: Məsələ həlli. Məchul toplananın tapılması.
Məzmun standartları:
1.3.4. Toplama və çıxmaya aid müxtəlif sadə məsələləri həll edir.
1.2.6. Toplama çıxma əməllərinin komponentləri və nəticələri arasında əlaqələrdən hesablamalarda istifadə edir.
2.1.3. Dəyişəni olan ifadələr haqqında ilkin təsəvvür olduğunu nümayiş etdirir.
Gözlənilən nəticə:
- məsələnin şərtini başa düşdüyünü nümayiş etdirir;
- şərtə uyğun şəkil çəkir;
- məsələyə oxşar məsələ qurur;
- həlli təqdim edir;
- toplama və çıxmanın qarşılıqlı əlaqəsini məsələyə tətbiq edir;
- boş xanaya uyğun komponent tapır;
- məchul komponenti tapıb yoxlayır.
Təlim forması: kollektiv və kiçik qrupla iş.
Təlim üsulu: beyin həmləsi, müzakirə.
Dərsin tipi: induktiv.
İnteqrasiya: Azərbaycan dili 1.1.1.
Resurslar: pp prezentasiyası və işçi vərəqləri.
Dərsin gedişi
Motivasiya: Məsələ təqdim edirəm.
Ağacda bir neçə quş vardı. 3 quş uçub getdikdən sonra ağacda 4 quş qaldı. Əvvəlcə ağacda neçə quş var idi?
Öyrənmə: Məsələni oxuyub sinfə suallar verirəm.
Gəlin bir cümləni oxuyaq. «Ağacda bir neçə quş vardı». Biz bu ağaca sayı «bir neçə» olan quş qoya bilərikmi? Xeyr, bilmərik. Ona görə ki, «bir neçə» - o deməkdir ki, quşların sayı məlum deyil, məchuldur. Davamını oxuyaq - «3 quş uçub getdikdən sonra» Uçub gedən quşları göstərə bilərikmi?
Bəli. Bu üç quşu ağacdan uzaqlaşdıraq (əyani vəsaitin köməyi ilə).
Məsələnin şərtində daha nə deyilir? «Ağacda 4 quş qaldı». Biz bunu da göstərə bilərikmi?
Bəli.
(Əyani vəsait olan plakatda çəkilmiş ağac və quş şəkillərinin köməyi ilə. 4 quş ağacın üstündə, 3 quş uçub gedərkən).
Məsələnin sualını oxuyaq. Əvvəlcə ağacda neçə quş vardı? Bu suala cavab vermək üçün biz nə etməliyik? Biz uçub getmiş quşları ağaca qaytarmalıyıq. Belə ki, onlar əvvəlcə ağacın üstündə oturmuşdular. Bu 3 quşu ağaca qaytararkən onları oradakı 4 quşa əlavə edəcəyik. Əgər əlavə ediriksə, deməli ağacda əvvəlcə daha çox quş varmış.
(Şəkildəki ağacın üstündə 7 quş). Sayaq görək ağacda əvvəlcə neçə quş varmış - 1, 2, 3, 4, 5, 6, 7. 7 quş. 7 quşu necə aldıq? Uçub getmiş quşları qaytardıq qalan quşların yanına. Uçub getmiş quşlar 3-dür. 3 ədədini qoyaq və qalan quşların sayı 4-dür. 4 ədədini qoyaq 3 ilə 4-ün cəmi. 3+4=7 Bu məsələnin həllidir. Bəs cavab neçə quş olacaq?
Cavab: 7 quş olacaq.
Doğrudur, 7 quş uçub gedən quşlardan da, qalan quşlardan da çoxdur.
O zaman gəlin görək əvvəlcə ağacda olan quşların sayı nədən ibarətdir? Əvvəlcə ağacda olan quşların sayı uçub gedən və ağacda qalan quşların birlikdə sayından ibarətdir. Deməli, əvvəlcə ağacda neçə quş olduğunu bilmək üçün getmiş quşların sayı ilə qalan quşların sayını toplamaq lazımdır. Həllində də «+» işarəsi qoymaq lazımdır. Məchul azalanın tapılmasına aid məsələ belə həll olunur.
Tapşırıq: Karandaşlar, markerlər və ya stikerlərdən istifadə etməklə oxşar məsələlər qurun.
İndi isə gəlin məchul azalanı boş dama ilə işarə edək:
? - 3 = 4 +3=7
Demək məchul azalanı tapmaq üçün fərqin üzərinə çıxılanı əlavə etmək lazımdır. Yoxlayaq
7-3 = 4 doğrudur.
Tətbiq: Kollektiv iş.
Məchul azalanın tapılmasına aid olan ifadələri seçib həll edin;

? - 2 = 3 ? - 6 = 2
9 - ? = 3
6 - ? = 3 ? - 7 = 2 ? - 8 = 3
? - 1 = 4 10 - ? = 2
? - 2 = 5
Qruplarla iş:
I qrup: Məsələyə aid şəkil çək və həll et:
№1. Qabda bir neçə alma vardı. Anar 2 alma götürdük­dən sonra qabda 5 alma qaldı. Əvvəlcə qabda neçə alma vardı?
№ 2. Məchul azalanı tapın:
? - 2 = 4 ? - 3 = 6
?- 5 = 2 ? - 1 = 0

II qrup:
№1. Məsələni oxuyun, sualı tamamlayıb həll edin.
Qarajda bir neçə maşın var idi. 4 maşın işə çıxdıqdan sonra qarajda 5 maşın qaldı.
№ 2. Məchul azalanı tapın:
? - 2 = 5 ? - 3 = 3
? - 1 = 5 ? - 6 = 1

III qrup: Qısa şərtə görə məsələ qurub yazın:
Vardı - ?
Getdi – 2 uşaq
Qaldı – 7 uşaq
№ 2. Məchul azalanı tapın:
? - 4 = 2; ? - 7 = 3
?- 5 = 2 ? - 8 = 1

IV qrup. Boş damanın yerinə ədədlər qoyub məsələni həll edin. Fikrimdə bir ədəd tutmuşam. Həmin ədəddən 2 çıxdıqda 4 qalar. Fikrimdə tutduğum ədəd neçədir?
№ 2. Şəklə uyğun məsələ qur;
alma 5 alma şəkli
qaldı 3 alma şəkli
Qruplar işlərini təqdim edir. Belə bir nəticəyə gəlirik.
Nəticə: Məchul azalanı tapmaq üçün cəmin üzərinə çıxılanı əlavə edirik.
Qiymətləndirmə.
  Məsələ başadüşmə, həlletmə, təqdimetmə bacarıqlarına görə və məchul ədədin tapılmasına dair aparılır.


Tarix: 11-04-2017, 13:47

Xəbəri paylaş