Blum taksonomiyası və fəal təlimin bəzi metodları ilə qurulan dərs
Həbibullah Əzizov,
Qubadlı Rayon Təhsil Şöbəsinin tarix üzrə metodisti,
Xıdırlı kənd tam orta məktəbinin tarix müəlimi
Artıq XX əsrin 90-cı illərindən etibarən Azərbaycan təhsili dünya təhsil sisteminə inteqrasiya edərək forma və məzmun cəhətdən yeniləndi və yeni inkişaf mərhələsinə qədəm qoydu. Təbii ki, bu yeniliklər Azərbaycan təhsilində və təhsil işçiləri arasında motivasiyaya və müsbətə doğru dəyişikliyə səbəb oldu. Bəhs olunan dövrdən etibarən Azərbaycan müəllimləri Blum taksonomiyasi, fəal təlim, konstruktivizm nəzəriyyəsi, Con Dyunin pedaqogikaya aid fikirləri və bu kimi onlarca təhsillə bağlı nəzəriyyələrlə tanış oldu və bunları yüksək məharətlə tətbiq etməyə başladılar. Azərbaycan müəllimlərinin bu yeniliklərə həvəslə qucaq açmasının, mənimsəməsinin və tətbiq etməsinin səbəblərindən biri də bütün bu nəzəriyyələrin, təlimlərin və ideyaların mərkəzində şagird və onun öyrənməsi, mənimsəməsi və tətbiq etməsi dururdu. Bununla bərabər, istər öyrənən, istərsə də öyrədənlərin müasir təlimlərə isti yanaşmasının səbəblərindən biri də XXI əsrin əvvəllərinə qədər ənənəvi təhsildə təhsilalanlara obyekt kimi baxılması və müəllim-şagird arasında avtokratik əməkdaşlığın hökm sürməsi olmuşdur. Bundan başqa, yeni təlimlərin və ideyaların yüksək rəğbət görməsinin başqa səbəblərindən biri də bu idi ki, yeni təlim metodlarında nəzəriyyə ilə təcrübənin bir yerdə tətbiq edilməsi fikri irəli sürülürdü. Buradan da belə bir nəticəyə gəlmək olar ki, bütün bu qeyd olunanlar öyrənənlərdə öyrənməyə həvəs yaradan faktorlara çevrilirdi.
Əslində minilliklər boyu özünəməxsus “təhsil sistemi” olmuş, klassik və sovet təhsil sistemində də öz sözünü demiş Azərbaycan təhsili üçün bu nəzəriyyələr və təlimlər bir növ dünya təhsil sisteminə inteqrasiya idi. Bu gün Azərbaycan təhsil işçiləri yuxarıda qeyd olunan təhsilə aid nəzəriyyələrdən, təlimlərdən daha çox blum taksonomiyasi və fəal təlim ilə tanışdır və bunları dərslərində məharətlə tətbiq edərək yüksək səviyyədə dərslər qururlar. Çünki Blumun özünün də qeyd etdiyi kimi idrak taksonomiyası öyrənənlərdə təfəkkürün, dərketmənin və koqnitiv düşünmənin inkişafına gətirib çıxarır. Öyrənənlər daha ali düşünürlər. Burada dahi ixtiraçı Tomas Alva Edisonun vurğuladığı kimi, “sivilizasiyanın birinci vəzifəsi insanı düşünməyə öyrətməkdir”.
Bilindiyi kimi, Blum taksonomiyası 6 mərhələdən ibarətdir. Ancaq etiraf etmək lazımdır ki, zamanla Azərbaycan müəllimləri piramidadakı mərhələləri təhsil prosesi zamanı pərakəndə, bir-biri ilə əlaqəsiz və ardıcıllığı gözləmədən tətbiq etsələr də, Benjamin Blum piramidadakı mərhələləri sistemli, ardıcıl düzmüş və bu düzülüşün öyrədənlər və öyrənənlər üçün daha effektiv olacağını qeyd etmişdir. Onun fikrincə, bu düzülüş daha məqsədəuyğundur və şagird, müəllim üçün pedaqoji cəhətdən daha effektlidir. Bunu da qeyd lazımdır ki, istənilən nəzəriyyə, ideya və fikir hər hansı bir insanın beyninin məhsuludur və müəyyən bir mühit, cəmiyyət və qrup üçün yaradılmış və uyğunlaşdırılmışdır. Necə ki, dərketmənin səviyyələrini göstərən Blum piramidasında 2001-ci ildə B.Blumun ardıcıllarından olan D. Krasvol və L. Anderson dəyişiklik etmişlər (Z.Veysova Fəal-interaktiv təlim üçün tapşırıqların hazırlanması: “Tapşırıqlar halqaları” modeli, Kurikulum jurnalı, 2013, № 2, səh 62-78). Ona görə də hər hansı bir üsuldan - metoddan istifadə edərkən təhsilverən əsas ideyadan, məzmundan və ana xətdən kənara çıxmadan müvafiq təlimi özününküləşdirə bilər və bu pedaqoji cəhətdən məqsədəuyğundur. Bu yanaşma əslində təhsilverənin pedaqoji cəhətdən çevikliyini, səriştəsini, eyni zamanda zamana, məkana, mühitə və şəraitə uyğunlaşmasını və bu sadaladıqlarımızı müəyyən təlimə ustalıqla tətbiq etməsini göstərən faktlardandır. Əslində hər bir müəllimin hər hansı bir ideyaya aid müsbət, tənqidi və şəxsi yanaşması hər zaman qəbul edilən olmuşdur. Bütün bunları nəzərə alaraq təqdim edəcəyim məqalədə şəxsi yanaşma edərək Blum nəzəriyyəsi ilə fəal təlimin bəzi metodlarından istifadə edib dərs qurmağa çalışmışam.
Motivasiya: Müasir zamanda istər təhsil sahəsində, istərsə də digər sahələrdə ən çox işlənən alınma sözlərdən biri də motivasiya sözüdür. Bilindiyi kimi, fəal təlimin ilk mərhələsi də motivasiya mərhələsidir. Motivasiya haqqında elmi və təhsilə aid ədəbiyyatlarda kifayət qədər məlumat vardır. Motivasiyasız müasir dərs düşünülə bilməz və bu fəal təlimin ilk mərhələsi olmaqla bərabər həm də müasir dərsin Zülfiyyə Veysovanın təbiri ilə desək “yolgöstərən ulduzu”dur. (Zülfiyyə Veysova, səh 18, 2007). Mövcud dərsliklərə aid müəllim üçün metodik vəsaitlərdə hər bir mövzuya aid müvafiq motivasiyalar vardır. Ancaq bunlarla bərabər müəllim konstruktivizm nəzəriyyəsində qeyd olunduğu kimi, yaradıcı yanaşaraq mövzuya aid şəxsi motivasiyalarını qura bilər. Bununla bərabər, şəxsi təcrübəmdə bəzən mövzuya uyğun olaraq motivasiya qurarkən fəal təlimin əqli hücum və ya beyin həmləsi, qismən də klaster (şaxələndirmə) metodlarından da istifadə edərək və bu metodları motivasiya meyar və tələblərinə uyğunlaşdıraraq motivasiya qurmağa çalışıram.
Bilik: Bilik mərhələsi taksonomiyanın vacib, əhəmiyyətli və “strateji” mərhələsidir. Çünki öyrənənin bu mərhələdə əldə etdiyi, mənimsədiyi və öyrəndiyi informasiyalar Taksonomiyanın növbəti mərhələləri üçün bünövrə rolu oynayır. Müəllim taksonomiyanın bilik mərhələsini xəyali olaraq iki hissəyə - “köhnə” və “yeni bilik” hissələrinə ayırıb, şagirdlərin köhnə biliklərini üzə çıxara bilər. Bu köhnə biliklər öyrənənin əvvəlki dərslərdən və siniflərdən, mətbuatdan, kitabxanalardan, internetdən və digər informasiya mənbələrindən əldə etdiyi məlumatlar ola bilər. Köhnə biliklərin üzə çıxması istər şagird, istərsə də müəllim üçün vacibdir. Şagird nöqteyi-nəzərdən baxanda cüzü də olsa bildiyini təkrarən şagirdə yenidən çatdırmaq şagirddə mövzuya qarşı həvəssizlik hissi yarada bilər. Müəllim isə bundan sonra sinfin səviyyəsini nəzərə alıb əlavə məlumatlarla şagirdlərin biliklərini zənginləşdirir. Bunun üçün şagirdin hər hansı mövzuya aid əvvəlki informasiyalarını dinləyib taksonomiyanın bilik mərhələsinin yeni bilik hissəsində zənginləşdirmək lazımdır. Müəllim həm bu mərhələdə, həm də köhnə bilik hissəsində fəal təlimin BİBÖ, İNSERT, soz assosiasiyaları və Klaster metodlarından da istifadə edə bilər. Bu mərhələdə müəllim şagirdlərə fasilitasiya bacarıqlarından məharətlə istifadə edərək internetdən araşdırma aparmaq üçün tapşırıqlar da verə bilər. Bu da şagirdlərdə araşdırmaçılıq və tədqiqatçılıq bacarıqlarının inkişafına səbəb olacaqdır. Son zamanlar mətbuatda müəllimlərin bilik vermək deyil, sadəcə sinifdə fasilitator-idarəedici-istiqamətverici mövqeyindən çıxış etməsini vurğulayırlar. Amma bu, zənnimcə, yanlış yanaşmadır və təhsil prosesi zamanı müəllimin mövqeyinin sarsılmasına və azalmasına xidmət edən düşüncədir. Bunu da qəbul etmək lazımdır ki, taksonomiyanın-piramidanın ilk və geniş mərhələsi bilik mərhələsidir. Öyrənənin qismən motivasiya mərhələsində və biliyin “köhnə” və “yeni bilik” mərhələlərində əldə etdiyi informasiyalar elə möhkəm, qalıcı və fundamental olmalıdır ki, şagird qavrama mərhələsində, “izah edə bilsin, nümunə göstərsin, təfsir və təsvir etsin”, Tətbiq mərhələsində “nümayiş etdirsin, sınaqdan keçirsin, hesablasın, tətbiq etsin, şəklini dəyişsin, təcrübədə istifadə edə bilsin”, Təhlildə “müqayisə etsin, fərqləndirsin, ayıra bilsin, sıralasın, əqli nəticə çıxarsın”, Sintezdə “yaratsın, hipotez irəli sürsün, ixtira etsin, inteqrasiya etsin, əvəz etsin” və Qiymətləndirmədə isə “qiymətləndirsin, qərar qəbul etsin, inandırsın, tənqid etsin və s”. Buna görə də həm Bilik mərhələsinin, həm də müəllimin dərs prosesi zamanı fəaliyyətini və rolunu, zənnimcə, qəbul etməmək düzgün olmaz.
Qavrama: Blum piramidasının bu mərhələsində müəllim tərəfindən şagirdlərə çətin və düşündürücü suallar təqdim edilərək şagirdin bu mərhələyə qədər əldə etdiyi bilik və öyrəndiyi informasiyalar üzə çıxarılır və bu bilik və informasiyaların şagird tərəfindən necə özününküləşdirildiyi, qavranıldığı, necə izah edildiyi öyrənilir. Çünki Qavrama mərhələsinin açar sözlərindən biri də “izah etmə”dir. Qavrama mərhələsində müəllim sinifi müəyyən sayda qruplara bölərək fəal təlimin metodlarından biri olan karusel metodu ilə şagirdlərə suallar və tapşırıqlar ünvanlaya bilər. Bu zaman hər qrupun tapşırığı-sualı yerinə yetirərək növbəti suala-tapşırığa keçməsinin üstünlüyü budur ki, hər qrup bir deyil, bir neçə sual üzərində işləyəcək. Təbii ki, şagirdlər tapşırıqları təqdim etdikdə düzgün və yanlış cavablar üzə çıxacaq. Ancaq yuxarıda vurğuladığımız Qavrama mərhələsində hər qrupa karusel metodu ilə fərqli sual və tapşırıqların verilməsi zamanı şagirdlər bir deyil, bir neçə suala müxtəlif aspektdən yanaşacaqlar. Onların eyni sualı, eyni problemi müxtəlif şəkildə həll etmələri, müxtəlif şəkildə cavablandırmaları dərsdə rəngarəngliyə səbəb olacaq və fəal təlimin prinsiplərindən dialoji təlim və əməkdaşlıq prinsipinin formalaşmasına gətirib çıxaracaqdır. Bu “rəngarənglik” qrupların işlərini təqdim etdikləri zaman daha da bariz şəkildə özünü büruzə verəcək. Bu zaman müəllim fasilitasiya bacarıqlarından istifadə edərək şagirdləri diskussiya və müzakirələrə cəlb etməlidir. Müzakirələr zamanı şagirdlərin sərbəst fikir söyləmə, tənqidi yanaşma, dialoji, natiqlik, bir-birinə hörmət və hətta ünsiyyət bacarıqları üzə çıxacaq.
Tətbiq: Müasir dərsin əsas tələblərindən biri də öyrənənin öyrəndiyini tətbiq etməsidir. Bu zaman şagirdin əzbərçilik deyil, koqnitiv öyrənməsi üzə çıxır. Məzmun standartlarının fəaliyyət növlərindən isə psixomotor fəaliyyət inkişaf edir. Şagirdin məlumat xarakterli deklorativ və prosedural bilik kateqoriyaları kontekstual biliyə çevrilir. Öyrənənin hafizəyə əsaslanan biliklərini tətbiq etməsi fikri hər zaman gündəmdə olmuş ideyalardandır. Bu fikirlər təhsil və digər cəhətdən inkişaf etmiş ölkələrin müvafiq nümayəndələrinin irəli sürdüyü fikirlərdir. Bu haqda ABŞ-lı filosof və pedaqoq Con Dyui belə demişdir: “Uşaqlar bugünkü həyatın tələb etdiyi şeyləri özləri edərək və ya sınayaraq yaxından öyrənməlidirlər”. Burada taksonomiyanın tətbiq mərhələsi adından da göründüyü kimi, öyrənənin öyrəndiyi informasiyaları tətbiq etməsi üçün ideal bir “meydandır”. Bununla bərabər taksonomiyanın tətbiq mərhələsi həm də inteqrasiya cəhətdən münasib və əlverişli mərhələdir. Müəllim dərsin əvvəlində motivasiyadan taksonomiyanın qiymətləndirmə mərhələsinə qədər sual və tapşırıqlar vasitəsilə fənlərarası və fəndaxili inteqrasiyalar həyata keçirə bilər. Amma şəxsi təcrübəmdə tətbiq prosesini taksonomiyanın tətbiq mərhələsində həyata keçirməyi daha vacib sayıram. Həmçinin inteqrasiya cəhətdən fənlərarası əlaqəyə-inteqrasiyaya daha çox önəm verirəm. Çünki fənlərarası inteqrasiyanın həyata keçirildiyi dərslərdə şagirdlər digər fənləri də oxumağa meyilli olurlar və onlarda digər fənlərə qarşı da müsbət maraq yaranır.
Təhlil: Müasir təhsildə “müqayisə et” və “fərqləndir” kimi tapşırıqların olması şagirdin məntiqi təfəkkürünün inkişafına səbəb olan tapşırıqlardandır. Təfəkkürün üç növündən biri olan məntiqi təfəkkür təhlil mərhələsində ortaya çıxır və inkişaf edir. Bu mərhələdə müəllimin ünvanladığı tapşırıqlar və suallarla öyrənən mövzunun, cisim və hadisələri ən incə ayrıntısına qədər daxil olur, xırdalayır və parçalayır. Blum taksonomiyasının təhlil mərhələsində fəal təlimin metodlarından biri olan Venn diaqramının tətbiq edilməsi ən ideal bir yanaşmadır. Təhlil mərhələsində şagirdin prosedural biliyi ortaya çıxır.
Sintez: Taksonomiyanın sintez mərhələsi ənənəvi təhsildə az yer verilən sahələrdən biridir. Bu mərhələdə müəllimin ünvanladığı sual və tapşırıqlar vasitəsilə öyrənənin yaradıcı təfəkkürü üzə çıxır və inkişaf edir. Sintez mərhələsinin üstünlüklərindən biri də budur ki, şagird özündən yeni və şəxsi “məhsul” yaradır. Bu “məhsul” kitabda olmayan və müəllimin “öyrətmədiyi” yeni bir informasiya olmasına baxmayaraq, şagird yeni “məhsul”unu yaradarkən əvvəlki biliklərindən də istifadə edir. Bu yeni informasiya sadəcə öyrənənin yaradıcı təfəkkürünün məhsuludur. Şagird bu mərhələdə əvvəlki deklorativ (faktoloji), prosedural və kontekstual biliklərindən istifadə edərək yeni bir kəşf edir və bu kəşf zamanı yaranan bilik meqakoqnitiv bilik adlanır. Sintez də daxil olmaqla Blumun son 3 mərhələsi şagirdin təfəkkürünün inkişafına müsbət təsir edən mərhələlərdir. Bu mərhələ şagird yaradıcılığının sürətlə inkişaf etdiyi və “yeni məhsul yaratmış” öyrənənin fikrini, ideyasını və yaradıcılığını sübut etməyə çalışdığı bir mərhələdir. Ona görə də taksonomiyanın bu mərhələsində fəal təlimin debat və müzakirə metodlarından istifadə etmək daha münasib olardı. Çünki bu mərhələdə hər bir şagird yeni kəşfini, ideyasını, fikrini və “məhsulunu” təsdiq və sübut etməyə çalışacaq. Bu zaman öyrənənlər müzakirələrdə yoldaşlarını və ya debatda üçüncü tərəfi-müəllimi inandırmağa çalışacaqlar. Bu zaman öyrənənlərdə müqayisə etmə, fərqləndirmə, natiqlik, ünsiyyət və dinləmə bacarıqları yaranacaq və inkişaf edəcək. Bununla bərabər bu zaman şagirdlərdə fəal təlimin əməkdaşlıq və dialoji təlim prinsipləri də həyata keçmiş olur. Müəllimin idarəçilik, fasilitasiya və idarəetmə bacarıqları vasitəsilə sinif əsl şəxsiyyətyönümlü sinfə çevrilir.
Qiymətləndirmə: Bilindiyi kimi, Blumun qiymətləndirmə mərhələsi şagirdin müəllim tərəfindən qiymətləndirilməsi deyil, öyrənənin mövzunu qiymətləndirməsidir. Bu hal klassik, ənənəvi və ya sovet təhsili dediyimiz təhsil sistemlərində olub. Ancaq burada qiymətləndirmə mövzuda hazır şəkildə öyrənənə təqdim olunurdu. Məsələn: ədəbiyyatda M.P. Vaqifdən bəhs edən mövzunun sonu bu cümlələrlə bitirdi. “M.P. Vaqifin ədəbi irsi yetərincə araşdırılmış, onun şeirləri kitab şəklində çap olunmuşdur. Partiya və hökumətimiz ədibin adını əbədiləşdirmiş onun adına kino-teatrlar tikilmişdir. Şuşada ev-muzeyi yaradılmış, Bakı şəhərindəki küçələrdən birinə ədibin adı verilmişdir”. Bu nümunələri artırmaq da olar. Göründüyü kimi, burada yuxarda qeyd etdiyimiz qiyməti şagird vermir, mövzu hazır şəkildə öyrənənə təqdim olunur. Bu qiymətin verilməsində, problemin həllində və tənqid-qiymətləndirmə prosesində şagirdin heç bir rolu olmur. Blumun taksonomiyasında isə şagird özü mövzunu qiymətləndirir. Bu zaman şagirdin tənqidi təfəkkürü inkişaf edir. Hər hansı bir mövzuya, fikrə və ideyaya qarşı onun obyektiv və subyektiv fikri, düşüncəsi olur. Şagird mövzunu öz sözləri və fikirləri ilə qiymətləndirdiyi zaman belə bir nəticəyə gəlmək olar ki, artıq öyrənən tərəfindən mövzu qavranılıb və mənimsənilib. Qiymətləndirmə mərhələsində şagirdin irəli sürdüyü fikirlər onun kontekstual bilikləridir. Sintez mərhələsində olduğu kimi, bu mərhələdə şagirdlərin fərdi yanaşmalarını, şəxsi ideyalarını üzə çıxarmaq üçün debat, müzakirə, qrup şəklində isə akvarium metodlarından istifadə etmək daha məqsədəuyğun olardı.
Vaxt bölgüsü və ehtiyat plan: İstənilən təlim, metod və nəzəriyyə ilə dərs keçən müəllim və ya dərsini hər hansı bir müasir metodla həyata keçirmək istəyən müəllimin ilk işi vaxt bölgüsünü düzgün planlaşdırmasıdır. Çünki vaxt bölgüsü olmadan və vaxt bölgüsünə riayət etməyən müəllim dərs prosesi zamanı heç bir uğura nail ola bilməz. Vaxt bölgüsünün əhəmiyyətli olması həm klasssik, həm də sovet təhsil sistemində də əhəmiyyət verilən bir mövzu olmuşdur. Bundan başqa vaxt bölgüsü müəllimin fasilitasiya bacarıqlarının, səriştəsinin və digər bacarıqlarının üzə çıxdığı mərhələdir.
Adi-gündəlik, nümunəvi və “açıq dərs” həyata keçirmək istəyən müəllimin nəzərdə tutması gərəkən məsələlərdən biri də ehtiyat plandır. Ehtiyat plan müəllimi uğura aparan əsas yollardan biridir. Məsələn, mövzunun əvvəlində müəllim tərəfindən Bilik mərhələsinin Yeni bilik hissəsində şagirdlərə internetdən istifadə üçün tapşırıqlar verilərkən internet kəsintisi olarsa və ya kompüterlər çalışmazsa müəllimin müvafiq problemləri çevik həll etmək üçün müəyyən ehtiyat planları olmalıdır. Vaxt bölgüsü və ehtiyat planı nəzərdən qaçırmayan müəllimin dərsinin zamanla mükəmməl, rəngarəng və ideal dərsə çevriləcəyi təkzib olunmaz faktlardan biridir.
Tarix: 30-04-2018, 12:14