Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BİR ŞƏKİLİN İZİ İLƏ

 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Prezident sərəncamları həm də Azərbaycan dövlətinin və xalqının Cümhuriyyət qurucularının xatirəsinə dərin hörmət və ehtiramının ifadəsidir. Məhəmməd Əmin Rəsulzadə bu sözləri sanki bu günlər üçün söyləmişdi: "Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-in 28 mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz, vətəndaşlar!".
Bu mövzu ilə əlaqədar bir neçə silsilə məqalələrim çap olunub. Yenidən bu mövzuya qayıtmağım Əlimərdan bəyin Abdulabadda Mir Əbutalib ağa ilə birlikdə olan şəklinin izinə düşərək onun həyat və yaradıcılığı haqqında araşdırma aparmaq və onun abdulabadlı Mir Əbutalib ağa ilə şəxsi münasibəti olmasını sübuta yetirən dəlillərə və faktlara müraciət etmək qərarına gəldim. Şəkildə ortada Mir Əbutalib ağa, onun yanında Mahmud bəy Mahmudbəyov, arxada Qori Müəllimlər Seminariyasının müəllimi Çernyayevski, aşağıda uzanan Abbas Səhhət və arxada ayaq üstə duran isə Əlimərdan bəy Topçubaşovdur. Şəkil 1905-ci ildə Abdulabad kəndində Kür çayının sahilində çəkilib.
XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan xalqının istiqlal məfkurəsinin daşıyıcılarından olan Əlimərdan bəy Topçubaşovun həyat və fəaliyyəti haqqında hər bir tədqiqat materialı hər dəfə yeni faktların üzə çıxmasına şərait yaradır. Ə.Topçubaşov dövrünün yüksək təhsil almış hüquqşünası, elm, ictimai xadimi və milli ruhlu naşir idi.
Tarixi XV əsrdən başlayan Topçubaşovlar nəslinin kökləri qədim Gəncəyə məxsusdur. Onlar Gəncə xanlarının topçu alaylarının başçılarının - "Topçubaşı"­ların nəslidirlər. Gəncənin son müstəqil hakimi Cavad xanın şəxsi katibi Əlimərdan bəy Əliəkbər bəy oğlu Topçubaşı ərəb və fars dilləri ilə yanaşı rus dilini də mükəmməl bilirdi. Bu, Azərbaycan torpaq­larının Rusiyaya birləşdirilməsindən əvvəl nadir bir hal idi. O, öz mədrəsəsində neçə-neçə savadlı gənc yetişdirdiyinə görə xalqın böyük hörmətini qazanmışdı. Gəncə uğrunda son döyüşlər ərəfəsində Cavad xanın general Sisianova yenilməzlik və cəsarət dolu məktublarını da Ə.Topçubaşı tərtib etmişdi. Cavad xanın katibinin oğlu Rusiya elminin görkəmli nümayəndəsi olub. Peterburq Universitetinin professoru, London Asiya Kral Cəmiy­yətinin üzvü Mirzə Cəfər Əlimərdan bəy oğlu Topçubaşov (1790-1869) rus şərqşünaslığının banilərindən sayılır. Yaraşıqlı, alicənab Mirzə Cəfər Peterburq aristokratiyasının rəğbətini qazanmışdı. Onun A.S.Puşkinlə tanışlığı vardı, A.S.Qriboyedov və görkəmli polyak şairi Adam Mitskeviçlə yaxın dost idilər (onlar Mirzə Cəfərdən şərq dillərini də öyrənirdilər). "Peterburq Universitetinin nə qədər ömrü varsa, Mirzə Cəfərin adı həmişə böyük minnətdarlıqla çəkiləcəkdir" - paytaxt mətbuatı 1869-cu ilin fevralında onun ölümü münasibətilə belə yazmışdı.
Mirzə Cəfər Əlimərdan bəy oğlu Topçubaşov 1790-cı ildə Gəncə şəhərində anadan olmuşdu. Sonralar ailəsi ilə birlikdə Tiflis şəhərinə köçmüşdü. 1812 -ci ildə Rusiya Xarici İşlər Nazirliyinin Asiya departamentinə tər­cüməçi təyin edilmişdir. 1819-cu ildə Mirzə Cəfər Sankt-Peterburq Baş Pedaqoji İnstitutuna fars dilçiliyi kafedrasına müəllim dəvət olunmuşdur. O, burada ərəb, fars və türk dillərindən dərs deyirdi. M.Topçubaşov 1835-ci ildə universitetin İran ədəbiyyatı kafedrasının müdiri və professoru olmuşdur.
M.C.Topçubaşov 1849 -1867-ci illərdə Asiya departamenti nəzdindəki Sərq Dilləri İnstitutunun professoru kimi fəaliyyətini davam etdirmişdi.
M.Topçubaşovun elmi fəaliyyətini V.Belinski, İ.Kraçkovski, O.Senkovski kimi rus elm və mədəniyyət xadimləri yüksək qiymətləndirmişlər. Rus imperiyası qarşısındakı xidmətlərinə görə imperatorun razılığı və senatın qərarı ilə ən yaxşı şərqşünaslıq əsərlərinə 100 rubl verməklə "Topçubaşov mükafatı" təsis olunmuşdu. Görkəmli alim şərqşünaslığın inkişafında xidmətlərinə görə Böyük Britaniya Kral Cəmiy­yətinin həqiqi üzvü seçilmişdir.
Mirzə Cəfər Əlimərdan bəy oğlu Topçubaşov I dərəcəli Stanislav, II və III dərəcə­li Anna, İranın "Şiri-Xurşid" ordenləri ilə mükafatlandırılmışdı.
1869-cu ildə Peterburqda vəfat etmişdir.
Əlimərdan bəy Topçubaşov 1862-ci ildə Tiflis şəhərində doğulub. Tiflis gimnaziyasını və Peterburq Universitetinin hüquq fakültəsini bitirib. Bakı Dumasının sədri, Rusiya Dövlət Dumasının üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri olub. Nazirlər Kabinetinin 1918-ci il 20 avqust tarixli qərarı ilə Osmanlı imperator hökumətində Azərbaycanın mənafeyinə aid bütün məsələlər üzrə fövqəladə səlahiyyətli nazir təyin edilib.
Maraqlıdır ki, 17 ay parlamentin sədri olan Əlimərdan bəy bir dəfə də olsun, həmin kürsüdə oturmayıb. Hətta sədr seçiləndə Azərbaycandan kənarda olub.
1918-ci il dekabrın 7-də ölkədə yaranmış çox ağır siyasi şəraitdə Azərbaycan parlamenti fəaliyyətə başladı. Milli Şuranın və Müsavat Partiyasının sədri Məhəmməd Əmin Rəsulzadə parlamenti açaraq bu münasibətlə onun üzvlərini təbrik etdi və onları xalqın mənafeyinin və əmin-amanlığının müdafiəçisi olmağa çağırdı. Eyni zamanda M.Rəsulzadə parlamentin sədrinin və müavinin seçilməsini təklif etdi. İstanbulda olmasına baxmayaraq, Azərbaycanda, o cümlədən bütün Qafqazda məşhur olan və hörmət qazanmış Ə.Topçubaşov yekdilliklə Azərbaycanın ilk parlamentinin sədri seçilmişdir. Tarixçi F.Kazımzadənin yazdığı kimi: "Parlamentin prezidenti seçilən Ə.Topçubaşov yüksək təhsilli hüquqşünas, öz görüşlərində dözümlü idi". Dekabrın 28-də isə parlament Paris sülh konfransına gedəcək nümayəndə heyətinin tərkibini seçdi. Bu tərkibə Ə.Topçubaşov (sədr), Məmmədhəsən Hacınski, M.Məhərrəmov, C.Hacıbəyli və M.Mehdiyev daxil oldu. Nəhayət, özü İstanbulda ola-ola Milli Şuranın sədri Məmməd Əmin Rəsulzadənin təklifi ilə 1918-ci ilin dekabrında Azərbaycan parlamentinin sədri seçilib.
Əlimərdan bəyin 1897-1917-ci illərdə “Kaspi” qəzetində yüzlərlə məqaləsi dərc olunub. Rusiyada yaşayan müsəlmanların “İttifaqi Müslimun” təşkilatının yaradılmasında yaxından iştirak edib. Təşkilatın Nijni Novqorod və Sankt-Peterburq qurultayları onun sədrliyi ilə keçirilib. Azərbaycan Xalq Cümhuriy­yəti yaranan gündən hüquqşünas alim olaraq cümhuriyyətin dünya ölkələri tərəfindən tanınması, diplomatik əlaqələrinin qurulması üçün var-qüvvəsi ilə çalışıb.
1918-ci il dekabrın 28-də Azərbaycan parlamenti Paris sülh konfransına gedəcək nümayəndə heyətini seçdi. İstanbulda olan Əlimərdan bəy Topçubaşov nümayəndə heyətinin sədri təyin edildi. Yanvarın 20-də nümayəndə heyəti İstanbula getdi. Lakin Fransa hökuməti onlara Parisə getmək üçün viza vermədi. Azərbaycanla eyni vəziyyətdə olan Ukrayna, Gürcüstan və digər yeni qurulmuş ölkələrin nümayəndələri birləşib memorandum hazırladılar. Topçubaşovun rəhbərliyi ilə hazırlanan memorandum İstanbulda olan Böyük Britaniyanın ali komissarı Vebbə çatdırıldı. Nəhayət, üç ay sürən mücadilədən sonra viza məsələsi həll olundu və Əlimərdan bəyin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti 1919-cu il aprelin 22-də Parisə yola düşdü.
Əlimərdan bəyin Parisdə gördüyü ən böyük iş nümayəndə heyətimizin ABŞ Prezidenti Vudro Vilsonla görüşüdür. Vilson 1919-cu il mayın 28-də, Cümhuriyyətin bir yaşının tamam olduğu gün Azərbaycan nümayəndə heyətini qəbul etdi. Ə.Topçubaşov ABŞ Prezidentini Azərbay­candakı, eləcə də Cənubi Qafqazdakı siyasi-iqtisadi vəziyyət barədə məlumatlandırdı, Paris sülh konfransına təqdim ediləcək memorandumu ona verdi.
1920-ci il yanvarın 15-də Fransa səfirliyinə dəvət olunan Topçubaşova Azərbaycanın müttəfiq dövlətlər tərəfindən de-fakto tanındığı barədə məlumat verildi və Paris sülh konfransının rəsmi sənədi təqdim olundu. Buna çox sevinən Əlimərdan bəy Baş nazir Nəsib bəy Yusifbəyova yazırdı: “Bizim də azad və müstəqil yaşamaq ümidlərimizin möhkəmləndiyi bir dövr başlanır... Biz bu səadətə bərabər olan heç nə tanımırıq”.
Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndə Əlimərdan bəy Parisdə idi və geri qayıtmayıb ömrünün sonunadək orada yaşadı. Azərbaycanın azadlığı naminə fəaliyyət gös­tərməkdə davam etdi. 1934-cü il noyabrın 5-də dünyasını dəyişən Ə.Topçubaşov Parisin Sen-Klu (Saint Cloud) qəbiristanlığında dəfn olundu.
Əlimərdan bəy Topzubaşov 1893-cü il dekabrın 31-də Tiflisdə Həsən bəy Zərdabinin qızı Pəri xanımla ailə qurub. Azərbaycanda qız məktəbi olmadığından Həsən bəy qızını Tiflisə aparır və vaxtı ilə Hənifə xanımın təhsil aldığı rus qız gimnaziyasına qoyur. Beləliklə, Tiflisdə rus qız gimnaziyasında ilk təhsil alan azərbaycanlı qız Pəri xanım olmuşdu.
Rəşid bəy Topçubaşov Azərbaycan Xalq Cümhuriy­yəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri, Azərbaycan Xalq Cümhuriy­yətinin Paris sülh konfransına yollanan nümayəndə heyətində sədrin - atasının şəxsi katibi olmuşdur.
Əlimərdan bəy Topçubaşovun oğlu Rəşid bəy Topçubaşov 1918-ci ildə Bakı real məktəbini bitirmişdir. Yeniyetmə yaşlarından ölkəsinin müstəqillik davasına qatılmışdır.
Şəkilə diqqətlə baxanda Mirəbutalib ağanın oğlu Seyid Məhəmmədrzanı görmək olar. Onu da qeyd etmək yerinə düşərdi ki, Seyid Məhəmmədrza da oxumağa göndərilən 100 nəfərdən biri olub. Yəqin ki Əlimərdan bəyin oğlu Rəşid də şəkildəki uşaq­ların biridir. Bunu söyləməyə əsas verən səbəblərdən biri Seyidlə Rəşidin hər ikisinin realnı məktəbi bitirmələri və hər ikisinin xaricə oxumağa göndərilən 100 gənclərdən olmalarıdır. Əlimərdan bəyi Abdulabada bağlayan səbəblərdən biri olmasını deməyə əsas verir.
Ə.Topçubaşov kimi insanları gərək unutmayaq. Çünki bu gün baxıb qürur hissi keçirdiyimiz üçrəngli bayrağımızı ilk dəfə onlar ucaldıblar.
Məhəmməd Əmin Rəsulzadə onun vəfatı ilə bağlı son­ralar yazacaqdı: “Biz Əlimərdan bəyin timsalında milli hərəkatımızın ziyalı nümayəndəsini, görkəmli dövlət xadimini, milli müstəqillik uğrunda mübariz döyüşçünü itirdik... Vaxt gələcək, ölkəmiz azad olunacaq, parlamentin ilk sədrinə minnətdarlıq hissi nümayiş etdirən xalqımız onun müstəqilliyi uğrunda yorulmadan döyüşən insanın adını yaddaşlara əbədi həkk edəcək...”
Vaxt gəldi və Azərbaycan müstəqil oldu. 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti, ulu öndərimiz Heydər Əliyev Fransaya ilk səfərində Əlimərdan bəy Topçubaşovun qəbrini ziyarət etdi və Müqəddəs Kloud qəbiristanlığında uyuyan Topçubaşovun qəbirüstü abidəsinin qurulması üçün Topçubaşovun uğrunda vuruşduğu müstəqil dövlətin büdcəsindən vəsait ayrılmasına sərəncam verdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu dahi şəxsiyyətin 150 illik yubileyinin keçirilməsi haqqında sərən­camı da dövlətçilik irsimizə təəssübkeşlikdən irəli gələn tarixi addım kimi qiymətləndirilməlidir.

Həsrət Xanbabaoğlu,
Hacıqabul rayon Abdulabad kənd
tam orta məktəbinin müəllimi,
tarix üzrə fəlsəfə doktoru


Tarix: 30-04-2018, 12:03

Xəbəri paylaş