Bakıda IAEA 2019 beynəlxalq konfransının açılış mərasimi keçirilib
Sentyabrın 23-də Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assesment) "Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları" mövzusunda 45-ci illik beynəlxalq konfransının (IAEA 2019) rəsmi açılış mərasimi keçirilir. Beynəlxalq konfransın Azərbaycanda təşkilatçısı Dövlət İmtahan Mərkəzidir. Dövlət İmtahan Mərkəzi IAEA-nın üzvüdür və bu təşkilatın keçirdiyi tədbirlərdə mütəmadi olaraq iştirak edir. IAEA 1975-ci ildən başlayaraq hər il bu cür konfranslar keçirir. Ötən il konfrans İngiltərədə təşkil olunub. Azərbaycan hələ 2007-ci ildə MDB ölkələri arasında IAEA tərəfindən belə bir konfrans keçirilən ilk ölkə olub.
IAEA-nın illik konfransı ölkəmizdə ikinci dəfədir təşkil olunur. Builki konfransın işində Azərbaycanla birgə 55 ölkədən 300-dən çox nümayəndə iştirak edir.
Konfransın rəsmi açılış mərasimində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Tədbirdə IAEA prezidenti Rendi Bennett rəhbəri olduğu assosiasiyanın məqsədinin təhsilin qiymətləndirilməsi elmi və təcrübəsinin inkişafına peşəkar mübadilə vasitəsilə kömək etməkdən ibarət olduğunu bildirib. Vurğulayıb ki, tədbirə ev sahibliyi edən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi IAEA-nın mövzularla zəngin konfransının Azərbaycanda yenidən keçirilməsi üçün səylə çalışıb. Dövlət İmtahan Mərkəzi maraqlı və informativ elmi proqram, habelə Xəzər dənizinin sahilində yerləşən gözəl Bakı şəhərində bir sıra sosial tədbirlər işləyib hazırlayıb.
IAEA 2019 təhsilin qiymətləndirilməsini necə inkişaf etdirə biləcəyimiz ətrafında stimullaşdırıcı mübadilə ilə dolu xüsusi bir konfrans vəd edir.
Konfransın "Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları" mövzusu apardığımız araşdırmanın və tətbiq etdiyimiz təcrübənin mərkəzində qiymətləndirmənin məqsəd və istifadəsini qoyur.
Qoy bu konfrans zəngin ideya və diskussiyalarla, habelə təşviq edəcəyi zəngin qarşılıqlı əlaqələrlə yadda qalsın. Təhsilin səmərəliliyini artırmaq və dünyanı daha da yaxşılaşdırmaq naminə birgə işləməyimizə kömək etsin. Rendi Bennet konfrans iştirakçılarına məhsuldar və xoş həftə arzulayıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik beynəlxalq konfransının iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.
Tədbirdə çıxış edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə konfransın Bakıda ilk dəfə 2007-ci ildə keçirildiyini xatırlayaraq deyib: "Əvvəlki tədbirimizdən artıq 12 il keçib. Bu müddət ərzində həm biz dəyişmişik, həm də dünya bir çox yeni nəzəri, mədəni və texnoloji yeniliklərin təsirlərinə məruz qalıb. Bütün bunlar da öz növbəsində öyrətməyə, öyrənməyə və ümumilikdə təhsilə təsirsiz ötüşməyib. Bu cür böyük dəyişikliklər, heç şübhəsiz təhsildə qiymətləndirmədə də dəyişikliklərə səbəb olmalıdır. Artıq onilliklərdir ki, qiymətləndirmə təhsildə aktuallaşan prioritetlərdən birinə çevrilib və bu sahədə islahatların aparılması da əsas müzakirə mövzularındandır.
Nailiyyətlərin sınağı və bu barədə ictimaiyyətə hesabat verilməsi, uşaqların həyat imkanlarını genişləndirmək məqsədilə mövcud resurslardan istifadə barədə siyasətçiləri və cəmiyyəti aşkar məlumatlandıra biləcək azsaylı vasitələrdən biri kimi görünür.
Keçmiş təcrübəyə və ötən il Oksfordda "Qiymətləndirmə və böyük verilənlər" mövzusu üzrə keçirilən konfransın nəticələrinə əsaslanaraq söyləyə bilərik ki, əksər qiymətləndirmələr zamanı məlumatların azlığı qarşıya çıxan problemlər arasında yer almır. Çünki əslində əksər hallarda aydın qərar qəbul etmək üçün kifayət qədər çox məlumat bazası olur. Buna görə də builki konfransın mövzusunu daha çox müzakirəyə ehtiyac duyulan istiqamətdə - "Qiymətləndirmə və qərar qəbuletmə" kimi müəyyən etdik.
Məhz bu baxımdan, institusional islahat vasitəsi kimi təhsildə qiymətləndirməni təşviq edən ən yaxşı qiymətləndirmə tədqiqatçılarını və əsas şəxsləri konfransımıza dəvət etdik. Onlar sizinlə qiymətləndirməyə əsaslanan qərar qəbuletmənin müxtəlif perspektivlərini müzakirə edəcəklər. Bu sıraya ibtidai təhsildə test, dil biliklərinin qiymətləndirilməsi, qiymətləndirmə sistemləri, sinif qiymətləndirməsi, qiymətləndirmə fəlsəfələri, qiymətləndirmənin yoxlanılması sistemləri, qiymətləndirmənin tərtib olunması, müəllimlərin sertifikasiyası daxildir. Həmçinin qərar qəbuletmə, siyasətin formalaşdırılması, ali təhsil, qiymətləndirmə strategiyaları, müəllim inkişafı, psixoloji qiymətləndirmə, müəllim hazırlığı və qiymətləndirmə, yazı işlərinin qiymətləndirilməsi, validlik, qiymətləndirmə metodları, müqayisəli tədqiqatlar, diaqnostik qiymətləndirmə, qiymətləndirmə standartları, testdə keyfiyyətin təmin olunması, seçim üçün qiymətləndirmə, texnologiya, qiymətləndirmə islahatları, qiymətləndirmənin tətbiqi modelləri, qəbul proqnozları, regional inkişaf müzakirə olunacaq əsas mövzulardır.
Bundan əlavə, biz, Astana Dövlət Qulluğu üzrə Regional Xab tərəfindən dəstəklənən dövlət qulluğu panelini də builki proqrama daxil etmişik. Ümid edirəm ki, panel sessiyaları və müzakirələr intellektual baxımdan stimullaşdırıcı və faydalı olacaq.
Biz yeni ideyaların yaranmasında, qarşılıqlı əməkdaşlığın qurulmasında çox maraqlıyıq! Biz buna çərşənbə günü Cambridge Assessment (Kembric Qiymətləndirmə) ilə tərəfdaşlıq sazişi imzalamaqla başlayırıq. Biz təhsildə qiymətləndirmə üsullarının tətbiqi ilə əlaqədar olan hər bir kəslə əməkdaşlıq etməyə hazırıq və bunu səbirsizliklə gözləyirik.
Tərəfdaşlarımız, sponsorlarımız və bütün bizə dəstək olanlarla birgə sizin Bakıya bu gəlişinizi xoş xatirələrlə zəngin və unudulmaz etməyə çalışmışıq!
Bu həftə burada toplaşan və Bakını yenidən təhsilin qiymətləndirilməsi üzrə müzakirələr mərkəzinə çevirən hər bir kəsə dərin təşəkkürümü bildirirəm".
Təhsil naziri Ceyhun Bayramov ölkəmizdə bu cür nüfuzlu tədbirin təşkilinin əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırıb ki, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının əsas istiqamətləri sırasında səriştəyə əsaslanan təhsil məzmununun və yeni təhsil idarəetmə sisteminin yaradılması, ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsi və yüksəkixtisaslı kadrlar hazırlanmasının təmin edilməsi, rəqabətqabiliyyətli mütəxəssislər yetişdirilməsi, həmçinin təhsilin beynəlmiləlləşdirilməsi imkanlarının genişləndirilməsi önəmli məsələlərdir. Son 6 ildə təhsilin keyfiyyətində xeyli irəliləyiş əldə edilib. Əldə olunan nailiyyətlərin gedişatını ölçmək üçün Azərbaycan bir sıra beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirak edir. "Progress in International Reading Literacy Study" (PIRLS) - oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatın nəticələrinə görə, azərbaycanlı şagirdlərin 2016-cı ildə oxu bacarıqları 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 462 baldan 472 bala yüksəlib və ya 10 bal artıb.
Azərbaycanda məktəbəqədər təhsil səviyyəsinin inkişafı istiqamətində mühüm addımlar atılır. Son üç ildə 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb göstəricisi 24 faizdən 75 faizə kimi artırılıb.
Ölkəmizdəki mərkəzləşdirilmiş imtahan modelinin yüksək səviyyədə şəffaflıq və rəqabət əldə etməsi baxımından həlledici rolu olub.
Milli tədris proqramları gələcək əmək bazarının ehtiyaclarını ödəmək, öyrənənlərin fərdi rifahına və xoşbəxtliyinə nail olmağa xidmət edir. Bu məqsəd üçün qiymətləndirmə siyasəti əsas aparıcıdır.
Təhsil sistemini dünyada baş verən sürətli dəyişikliklərə uyğunlaşdırmaq əsas istiqamətlərdən biri olmalıdır.
İnanıram ki, konfrans hamımızın bu sahədə ən yaxşı təcrübələrimizi bölüşmək və qarşılaşdığımız ümumi problemləri müzakirə etmək üçün bir platforma olacaq.
Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev bildirib ki, konfransın gündəmində duran məsələlər, o cümlədən qiymətləndirmə proseslərində texnologiyaların rolu, imtahan proseslərinə aid psixoloji tədqiqatların artırılması, təhsildə müəllimlərin yeri universitetlərin gündəlik işinə bilavasitə təsir edir.
Rektor vurğulayıb ki, təhsildə şəffaf və etibarlı qiymətləndirmə prosesinin inkişafı üçün Azərbaycan əhəmiyyətli irəliləyişlər əldə edib - sovet dönəmindən qalan subyektiv və qərəzli qiymətləndirmə bilik və qabiliyyətləri aydınlaşdıran imtahan sistemi ilə əvəz olunub. Məhz bunun nəticəsində ölkədə həm universitetlərin keyfiyyəti, həm də onların məzun etdiyi insan kapitalının səviyyəsi müvafiq şəkildə qalxıb.
ADA Universitetinin təcrübəsi ilə bölüşən Hafiz Paşayev qeyd edib ki, onun rəhbərlik etdiyi ali təhsil ocağı ölkədə bakalavr proqramlarına qəbulda beynəlxalq SAT imtahanının nəticələrini nəzərə alan ilk universitet idi. SAT nəticələri ADA-nın ərizə qəbulu prosesində tələb olunan digər sənədlər və daxili müsahibə mərhələsinin nəticələri ilə birgə nəzərə alınır. Hazırda bu təcrübədən ölkənin digər universitetlərində də istifadə olunur.
Hafiz Paşayev diqqətə çatdırıb ki, ADA Universiteti davamlı olaraq Dövlət İmtahan Mərkəzi ilə işləyərək ölkədə imtahan sisteminin təkmilləşdirilməsi üçün yeni yollar və üslublar üzərində çalışır. Buna misal kimi, imtahanlar zamanı istifadə olunan sualların abituriyentlərin məntiqi və tənqidi düşüncə tərzini yoxlamağa istiqamətləndirildiyini göstərmək olar. Beləliklə, tələbələr əzbərçilikdən uzaqlaşaraq, təhlil və tənqid kimi vacib qabiliyyətləri inkişaf etdirirlər. Bundan əlavə, ADA Universiteti ölkədə ilk dəfə olaraq orta məktəbin əhəmiyyətini vurğulamaq məqsədilə pilot layihəsi çərçivəsində ali təhsilə qəbul imtahanlarını orta təhsildən məzun imtahanlarının nəticələri ilə birləşdirdi. Belə ki, bu ildən fəaliyyətə başlayan ADA Məktəbinin məzunları ADA Universitetinin bakalavr pilləsinə məktəbin yekun daxili orta bal qiymətləndirmə sistemi (Cumulative Grade Point Average) əsasında qəbul olunacaqlar. Hafiz Paşayev bu yeniliyin də ölkənin təhsil sisteminə müsbət meyillər gətirəcəyinə inandığını dedi və bildirdi ki, ADA Universiteti dataya əsaslanan təhlil nəticəsində qəbul prosesini daha da təkmilləşdirmək üçün Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıqda humanitar və texniki elmlər üzrə bilikləri qiymətləndirəcək vahid imtahanın institusional həlli yollarını axtaracaq. Bu da məktəbliləri əlavə müəllimlə məşğul olmaq zərurətindən azad edəcək.
Orta məktəb mühitinin vacibliyini diqqətə çatdıran rektor Paşayev vurğuladı ki, sinif mühiti tək şagirdlərə bilik və bacarıq vermək üçün deyil, həm də vətəndaş hazırlayan mühit kimi labüddür.
ADA Universitetinin rektoru konfrans müzakirələrinin nəticələrinin dünyanın hər yerində təhsilin keyfiyyətinin qaldırılmasına xidmət edəcəyinə inamını ifadə edib.
Açılış mərasimində Kolumbiya Universitetindən (ABŞ) Amra Sabik-El Rayessin videomüraciəti təqdim olunub. Müraciətdə Amra Sabik-El Rayess 2018-ci ildə ABŞ Departamenti və Azərbaycan Təhsil Nazirliyi tərəfindən ölkəmizə işə dəvət edildiyini, burada araşdırmalar apardığını xatırladıb. Müraciətdə Azərbaycanda təhsilin inkişafına, təhsildə qiymətləndirməyə xüsusi önəm verildiyi, test praktikasının uğurlu olduğu, təhsil sisteminin üzləşdiyi çağırışlara uyğun olaraq tədbirlər həyata keçirildiyi vurğulanıb.
Konfransda Böyük Britaniyanın Durham Universitetinin professoru Piter Tims "İlkin qiymətləndirmənin üstünlüyü: ibtidai təhsildə potensialın və inkişafın ölçülməsi" mövzusunda əsas məruzə ilə çıxış edib. O, məruzəsində ilkin təhsildə bilik və bacarıqların səmərəli qiymətləndirilməsini təşkil etməyin zəruriliyini bildirib. Qeyd edib ki, təhsil proqramlarını indikindən daha qətiyyətli şəkildə tərtib etməklə fərdi problemlər yaranmamışdan əvvəl onları müəyyənləşdirib aradan qaldırmaq mümkün olar. Növbəti il ikinci bir qiymətləndirmənin aparılması daha ciddi şəkildə tələbələrin xüsusi ehtiyaclarının müəyyən edilməsinə, onların il ərzində şagird, məktəb və ölkə səviyyəsində hesab, oxu, sosial və fiziki inkişaf sahələri üzrə inkişaf səviyyələrini ölçməyə kömək edəcək. Yetərli səviyyədə olmayan TIMSS (Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramı) və PISA (Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı) kimi təhsil nailiyyətlərinin qiymətləndirilməsi tədqiqatlarına güvənməkdənsə, ilkin qiymətləndirmənin düzgün aparılması bütün təhsil sistemlərinin təsirinin dəyərləndirilməsi üçün təməl rolunu oynayacaq.
Piter Timsin fikrincə, dünyada təhsil sahəsində yüzlərlə ilkin qiymətləndirmənin fəaliyyət göstərdiyi bir dönəmdə niyə bu sahədə böyük irəliləyişləri görmədiyimizi aydınlaşdırmaq ağlabatandır. Cavab isə budur ki, qarşılaşdığımız çağırışlar son dərəcə ciddidir. Bunların sırasında bir neçə əsas olan aşağıdakılardır; uşaqların diqqət yayınıqlığı (qısa konsentrasiyası dövrü), onların çoxunun ilkin təhsilə başlayarkən oxuya və yaza bilməməsi, müvafiq məktəbəqədər tədris planının olmaması, cavabdehlik üzrə testin mənfi nəticələri və uşaqların bilik və bacarıqlarının ibtidai təhsil üzrə ekspertlər tərəfindən dəyərləndirilməsinə qarşı geniş yayılmış narazılıq.
Bu yaşda qısa, lakin daha əhatəli qiymətləndirmə aparılmalıdır. Bu qiymətləndirməni aparan şəxsin kimliyindən asılı olmayaraq prosesin eyni nəticələri olmalı, həm də müxtəlif dillər və mədəniyyətlərlə müqayisə edilə bilən olmalıdır. Həmin qiymətləndirmə prosesi müəllimlərin də rəğbətini qazanmalıdır. Bu məqsədə tam nail olunmasa belə, bu qiymətləndirmə nəyin üzərində çalışmalı olduğumuzu nümayiş etdirir.
Piter Tims irəli sürdüyü fikirləri konkret nümunələrlə əsaslandırıb.
Tarix: 6-11-2019, 19:12