İsmayıl Şıxlı, yaxud mənalı ömrün dastanı
Nizami Cəfərov
AMEA-nın həqiqi üzvü,
Milli Məclisin deputatı, akademik
Xalq öz gələcəyi üçün təhlükə hiss edəndə təbii-tarixi bir qüvvə ilə öz keçmişinə çökür, keçmişi ilə bugünü arasındakı ən zəif duyulan əlaqələri belə canlandırır və bir qayda olaraq bugünündə o keyfiyyətə qarşı həssas olur ki, həmin keyfiyyət ona bilavasitə genezisdən gəlir. Azərbaycan xalqı özünün ən narahat günlərində üzünü xalq yazıçısı İsmayıl Şıxlıya, onun şəxsiyyətinə və yaradıcılığına çevirir, çünki İ.Şıxlının şəxsiyyət və yaradıcılığı, həqiqətən, xalqın keçmişini, keçmişilə bugünü əlaqəsini sistemli şəkildə əks etdirir.
İ.Şıxlı ilə görüşmək, onun keçirdiyi hissləri duymaq, nə fikirləşdiyini anlamağa çalışmaq, nəhayət, onunla mübahisə etmək mənə qismət olmuşdur - mən İ.Şıxlı barədə söz demək ehtiyacını hiss edəndən sonra əlimə qələm alıb işə girişmişəm, ürəyimdən gəlməyən bircə cümlə də yazmamışam və mənim üçün olduqca doğma bir insanın obrazını yaratmaqdan sözün geniş mənasında həzz almışam.
KÖKLƏR… BUDAQLAR…
… Onunla üz-üzə oturursan, söhbət edirsən, ancaq heç cür ağlına sığışdıra bilmirsən ki, gözünlə gördüyün, sözünü eşitdiyin bu adam bu dünyanın adamıdır, inanmırsan ki, o haçansa mövcud olmayıb və haçansa mövcud olmayacaq. Mən İ.Şıxlının şəxsiyyətində, yaradıcılığında, ümumən fəaliyyətində, mükəmməl bir hissin təsiri altında, əbədi dünyanın təzahürünü görürəm və həmin hiss qarşısıalınmaz bir qüvvə ilə məni kökə, nəslə çəkir.
Şıxlılar nəsli qədim tarixə malikdir - bu nəsil zaman - zaman böyük adamlar yetirmiş (və yetirməkdədir); həmin böyük adamlar içərisində hal-hazırda ən məşhuru, heç şübhəsiz, İsmayıl Şıxlıdır…
Söhbəti bir az qədimdən başlayaq…
General Əliağa Şıxlinski «Xatirələrim»də göstərir ki, şıxlılar nəsli öz kökünü XVI əsrdən götürür. O yazır: «Bizim ulu babamız Ağdolaq Məmməd ağa Qazax qəzasına Şəmkirdən köçüb gəlmişdi. Onun iki oğlu var idi, böyük oğlu Şıxı - çox ağıllı və sakit, kiçiyi Əli Qazax - çox igid, amma dəlisov bir adam idi». Ağdolaq Məmməd ağanın böyük oğlu Şıxının övladları sonralar (yəqin ki, XVII əsrin sonu, XVIII əsrin əvvəllərində) Qazaxa köçüb, Kür qırağındakı Şıxlı kəndlərinin əsasını qoyurlar, kiçik oğlu Əli Qazağın övladları isə heç yerə köçməyib, köhnə yerlərində qalır. General Ə.Şıxlinski qeyd edir ki, böyük oğlunun övladları - Şıxızadə, kiçik oğlunun övladları isə Əli Qazaxoğlu familiyalarını daşımışlar, Azərbaycan Rusiyaya ilhaq olunandan sonra nəslin hər iki qolu, əsasən, Şıxlinski familiyasını qəbul etmişlər.
Təəssüf ki, Şıxlıların Azərbaycan Rusiyaya ilhaq olunana qədərki dövrdə hansı görkəmli şəxsiyyətlər yetirdiyi məlum deyil, ancaq heç şübhəsiz, bu cür şəxsiyyətlər olmuşdur və artıq qeyd edildiyi kimi, Şıxlılar çoxsahəli istedada malik idilər: Həm igid, vuran-tutan idilər, həm də elm, mədəniyyətlə məşğul olurdular. Bu nəslin ilk görkəmli nümayəndələrinin tarix səhnəsinə çıxması Azərbaycan xalqının milli özünütəşkili ilə bir dövrə düşür.
Şıxlıların tarixi keçmişi ilə bağlı fikirlər, mülahizələr qədim türk eposundakı əhvalatları xatırladır; adama elə gəlir ki, bu nəsil «nümunəvi bir epik ömür» yaşayır, qeyri-müəyyən, zaman ölçüsü olmayan əbədi «keçmişdən» gəlir və əbədi «gələcəyə» gedir. Azərbaycan xalqının həyatında baş verən ən mühüm ictimai-siyasi hadisələr Şıxlıların «əbədi» hərəkatına təsir edir, onda öz izini qoyur, ancaq bu hərəkat dayanmır. Və hərdən mənə elə gəlir ki, «əbədilik» keyfiyyəti nəsli bütövlükdə təyin etdiyi kimi, onun hər bir nümayəndəsinin xarakterinə, əxlaqına aiddir: qeyri-adi təmkin, heç zaman, heç yerə tələsməmək, heç nəyə dərhal reaksiya verməmək, yeniliyi ancaq və ancaq təcrübəsi əsasında qəbul eləmək bu nəslin mən tanıdığım, demək olar ki, bütün nümayəndələrini xarakterizə edir.
Və mənim dərin inamıma görə, İ.Şıxlı istəsə də, istəməsə də mənsub olduğu nəslin genetik keyfiyyətlərini daşıyır: istəsə də, istəməsə də öz gündəlik fəaliyyətində, yaradıcılığında, təfəkküründə bir Şıxlı olaraq qalır…
XIX əsrin əvvəllərindən başlayaraq Şıxlılar nəinki Azərbaycanda, Zaqafqaziyada, eyni zamanda daha uzaqlarda tanınan şəxsiyyətlər yetirir, general Ə.Şıxlinskinin fikrincə, onların ən görkəmlisi «Salik» təxəllüslü Kazım ağa idi…
Kazım ağa Salik Şıxlinski, yaxud Hüseyn əfəndi Qayibzadənin təbiri ilə «Kazım ağa Salik təxəllüs» XIX əsrin birinci yarısı Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindəndir. M.V.Vidadi, M.P.Vaqifin görkəmli davamçılarından biri, eyni zamanda dövrün ictimai tarixi mənzərəsini bütün genişliyi ilə əks etdirməyə çalışan, azad ruhlu bir şair olmuşdur.
Kazım ağa Salik istedadlı olduğu qədər də qürurlu, nəsil-nəcabəti ilə fəxr edən bir adam idi və bu barədə belə yazmışdır:
Adım Kazım, Vəli Salik ləqəb şerdə
məşhuram,
Gah övtanım kənari - Kür, şikargahım
Qarayazı.
Binayi- bixi- nəxi- əslimiz Şəmkurdurur,
amma
Bəli tifli- vücudumdur məkirə şiri - Dilbazi.
Şeyxzadə derlər bizlərə gəlmiş Qəzaqlüdən-
Şeyxili qəryəmizdir, həm bizüz ol qəryə əzazi.
Vəli min iki yüz qırx dörddə gəldi tarixi-hicri
Ki, üç yüzdən keçüpdür nəslimiz oldur
çoxü azi.
Burada bir sıra məsələlərlə yanaşı o da əksini tapır ki, hazırda daha çox «Şıxlı» şəklində qərarlaşan familiya (Şeyxzadə) - Şeyxizadə (Şıxzadə), (Şeyxli) - Şıxlı və Şıxlinski formalarında mövcud olmuşdur.
Kazım ağa Salik öz dövrünün görkəmli adamları ilə sıx əlaqələr saxlamış, M.V.Vidadinin oğlu Mirzə Məmməd «Fədayi» təxəllüsə onun oğlu (M.V.Vidadinin nəvəsi) Yəhyə bəyə, Mirzəcan Qarabağlıya (Mədətova), Mirzə Adıgözəl bəyə, Dağkəsəmənli podpolkovnik Həsən ağa Qiyasbəyova, Kəmərli İbrahim ağa İlyasova (Məsum təxəllüsə) və xüsusilə ürəkdən sevdiyi Mustafa ağa Şıxlinski «Arif» təxəllüsə bir sıra mənzum məktublar yazmış, həmin məktublarda kifayət qədər orjinal ictimai- fəlsəfi fikirlər ifadə etmiş, öz mənəvi dünyasını əks etdirmişdir. Kazım ağa arabir «qövmü qardaş»ın ondan gen durmasını da kədərlə xatırlamış, bunu dövrün, zamanın işi saymışdır:
Yad olub bəndən deyü, ey dustlar,
dövrü zaman,
Bir tamaşa eylə, bəndən qövmü qardaş
yad olub.
Salika, guşiş nə lazım ömri,
bidünyad üçün,
Bu cahan viranəlikdir, bunda kim
abad olub.
Kazım ağa Salik Qazax torpağı, Qazax elləri ilə fəxr etmiş, Qazax uyezdinin ağalarını zarafatyana tənbeh eləsə də, onların cəsarət və səxavətlərini qiymətləndirmişdir.
Kazım ağa özünün böyük söz ustası olduğunu bilir və bunu etiraf etməkdən çəkinmirdi:
Kim mənim dəryayi- şerimdən içər
bir qətrə ab,
Mövc-mövc artar kəmalı, fövc- fövc eylər
xəyal.
Salika, hər bir yetən şair olub bir növ ilə,
Əl götür, bəndən eşit, yaqşı dəgil bu qiylü qal.
Yaxud:
Salikəm, şerilə çəng istər könül,
ey piri-mərd,
Qaçma, gəl meydanıma, peykariyin
müştaqiyəm.
Bununla belə Kazım ağa Salik güclü dövlət tərəfindən istila olunmuş ölkənin övladı kimi bir sıra hallarda hüdudlanır, məsələn, deyək ki, «Qəzzaq qlavnı pristavı İvan Kuzmiç Jilovski»nin təşkil etdiyi qonaqlığı məhd edir.
…Saqiya, sanma ki, yandurdu məni odlara
Meyi-nabində olan tabü hərarət, nə deyim.
Bu İvan Kuzmiçin əlhəq bu səfər bəzgəhi,
Çox pristavlara göstərdi xəcalət, nə deyim.
Salika, heyf ki, səndən sonra tapılmaz
Bu fəsahət, bu bəlaqət, bu ibarət, nə deyim.
Və istər - istəməz, bu lənətə gəlmiş «təbəəlik» hissi böyük şairi xırda işlərlə məşğul olmağa məcbur edir, ancaq həmin halda da o, öz poetik qüdrətini heç də tamamilə itirmir, qürurunu sındırmır. Kazım ağa Salik, artıq qeyd etdiyimiz kimi, Azərbaycan intibahının son görkəmli nümayəndələrindən biri kimi folklordan klassikaya can atır, elat təbiətini, xalq ruhunu normativ estitik təfəkkürə gətirirdi.
XIX əsrin ortalarından etibarən Şıxlılar arasından tanınmış hərbçilər çıxmağa başlayır - bunun tarixi bir zərurət olduğunu qeyd etmək lazımdır: elə bil bu nəsil öz enerjisini hara lazımdırsa, harada xüsusi ehtiyac varsa, oraya sərf etmiş, nəslin öz əbədi keyfiyyətini qorumaq stixiyası ümumən mənsub olduğu etnosun, xalqın tarixi keyfiyyətlərini - qədim epos təfəkkürünü qorumaq üçün stixiyasına çevrilmişdir.
XIX əsrin sonu XX əsrin əvvəllərində Şıxlılar nəsli böyük sərkərdə general Əli ağa Şıxlinskini yetirir - bu görkəmli şəxsiyyət barədə Azərbaycan xalqı, əslində, çox şeyi bilmir və onun böyük hərbi yaradıcılıq irsi nəinki xalqın potensialı kimi istifadə olunmuş, hətta, demək olar ki, unudulmuşdur.
Əli ağa Rusiya imperiyasının ordusunda xidmət edirdi, ilk hərbi təhsilini orada almış, orada formalaşmış və bütün hərbi məharətini imperiyanı qorumağa sərf etmişdi, fəaliyyətinin son dövrü isə Azərbaycanla bağlı olmuşdu.
30-cu illərdə Şıxlılar pərən-pərən düşürlər. Bunun bir neçə səbəbi var idi: birincisi, onlar kökü, nəcabəti olan bir nəsil idilər; ikincisi, nüfuzlu, qabaqlarından yeməyən, hər gələn hökumətə tabe olmayan idilər; üçüncüsü isə, aralarında çoxlu ziyalılar var idi…
İsmayıl Qəhrəman oğlu Şıxlının (Şıxlinskinin) bütün sənədlərində və təbii olaraq, tərcümeyi-hallarında onun 22 mart 1919- cu ildə anadan olduğu göstərilir, lakin bu, tamamilə yanlışdır, - yaşı az olduğu üçün seminariyaya qəbul edilməyəcəyini nəzərə alıb, əlacsızlıqdan ona yeni təvəllüd ili «müəyyənləşdirilmişdir» və bu əməliyyatın xeyri olmuşdu, əslində isə İ.Şıxlı üç il sonra - 22 mart 1922- ci ildə dünyaya gəlmişdi.
1 aprel 1960-cı il tarixli «Bakı» qəzetində İ.Şıxlıdan bəhs edən bir məqalədə isə yazıçının təvəllüdü üçün daha «şərəfli» bir il seçilir - sonralar görkəmli tənqidçi kimi məşhurlaşan, o zaman isə gənc olan Qulu Xəlilov yazır: «İstedadlı bir yazıçı kimi tanıdığımız İsmayıl Şıxlı Azərbaycanda Sovet hakimiyyəti qurulan ildə doğulmuşdur». Şübhəsiz, bu «adi» qəzet üslubu idi - ciddi bir şey deyildi.
TƏLƏBƏLİKDƏN MÜƏLLİMLİYƏ
İ.Şıxlının həyat və yaradıcılığı üzərində düşünən hər bir tənqidçi, birinci növbədə, təhlilə çətin gələn mühüm bir keyfiyyəti görür: bu, ədəb-ərkandır - İ.Şıxlı nə qədər istedadlı olubsa, o qədər ədəb- ərkanlı olub və «nəsildən, kökdən gələn mədəniyyət» öz yerində, eyni zamanda güclü təlim-tərbiyə məktəbi keçmişdir…
1928-ci ildə Kosalar kəndində orta məktəbin birinci sinfinə gedir…
İ.Şıxlı 1934-cü ildə Qazax seminariyasına (pedaqoji məktəbinə) daxil olmuşdur… Yaşı az, boyu balaca olduğuna görə məktəbə götürmək istəmirdilər, lakin məktəbin direktoru, eyni zamanda riyaziyyat müəllimi və dövrünün görkəmli ziyalısı olan Mirqasım Əfəndiyev onu riyaziyyatdan xüsusi imtahan edir, istedadlı olduğunu görür, güzəştə getməli olur və beləliklə, qayda-qanunu pozub, İsmayılı seminariyaya götürürlər. Seminariyanın öz ədəbi mühiti var idi və xüsusilə tələbə şair Əli Sübhi məşhur idi, İsmayıl ona oxşamağa, onun kimi gözəl şeirlər yazmağa çalışırdı. Məktəbin ədəbiyyat dərnəyinə hərdən S.Vurğun, O.Sarıvəlli gələrdilər, dərnəyə ədəbiyyat müəllimləri rəhbərlik edir, məktəbin direktoru isə işlərin gedişi ilə yaxından maraqlanır, əlindən gələn köməyi əsirgəmirdi.
İ.Şıxlı sonralar verdiyi müsahibələrindən birində göstərir ki, o zaman «yeganə bir arzum vardı: heç olmasa, bircə şeirim dərc olunaydı…». Mirqasım Əfəndiyev gənc şairin şeirlərini Osman Sarıvəlliyə təqdim edir və xahiş eləyir ki, onun tələbəsinə, əgər həqiqətən istedadı varsa, kömək göstərsin, şeirləri dərc olunsun…
Xasiyyəti ümumiyyətlə tünd olan, lakin tündlüyü yaxın adama münasibətdə daha «parlaq» şəkildə ortaya çıxan Osman Sarıvəlli Mirqasım müəllimə nə deyirsə, o, tələbəsinə bir də şeir yazmamağı və yaxşı bildiyi riyaziyyatla məşğul olmağı məsləhət görür. İsmayıl şairliyi atmalı olur, ancaq (daha heç kimə bildirmədən) hərdən özü üçün yazır.
1936-cı ildə pedaqoji məktəbi bitirir, 1937-ci ilə qədər Kosalar kənd orta məktəbində müəllimlik edir.
1937-ci ildə İ.Şıxlı Bakıya gəlir və V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə daxil olur, bu, onu göstərir ki, gənc İsmayılın qəlbində şeirə, ədəbiyyata maraq heç zaman ölməmişdi, daxili mənəvi ehtiyac onu dağ seli kimi qabağına qatıb aparırdı, daşlara, qayalara çırpa-çırpa, əzə-əzə, ağrıda-ağrıda aparırdı, ancaq aparırdı.
Zəmanə pis zəmanə idi… İ.Şıxlı o günləri bu cür xatırlayır: «Bizə ədəbiyyatımızın və dil tariximizin mahir biliciləri mühazirə oxumadılar, onları görmədik. Çünki onların çoxu «xalq düşməni» çıxmışdı. Bu gün mühazirə oxuyan müəllimin əvəzinə sabah başqası gəlirdi. Hiss edirdik ki, bir gün əvvəl dərs deyəni gecə aparıblar. Əvəzinə isə ali məktəbdə dərs verməyə hazır olmayan bir cavanı göndərirdilər. Əli Sultanlı qorxa-qorxa dərsə gəlirdi. Dəmirçizadə xeyli görünmədi, dedilər müəllimi professor Çobanzadəyə çörək apardığı üçün tutublar. İdris Həsənovun sifətini bircə dəfə gördük. Qorxurduq ki, o biri müəllimlərimizi də əlimizdən alalar…”.
İnstitutda oxuduğu ilk gündən İ.Şıxlı ilə «maraqlanmağa» başlayırlar…
İ.Şıxlı ictimai gərginliyin, tutatutun doğurduğu psixoloji təzyiqə dözməyib, tələbəliyinin ilk ilində Xalq Maarif Komissarlığına ərizə verib xahiş edir ki, onu Azərbaycanın ucqar rayonlarından olan Kəlbəcərə müəllim göndərsinlər.
Ancaq institutun o zamankı direktoru Aqil Salayev əsəbiləşmiş «kənd uşağının» könlünü alır və İsmayıl öz təhsilini davam etdirməli olur…
APİ-nin ədəbiyyat dərnəyi var idi, İsmayıl həmin dərnəyə gedir və öz şeirlərini oxuyur. Dərnəyin rəhbəri tənqidçi Məmmədcəfər Cəfərov şeirlərindən birini bəyənir, çapını məsləhət görür, «Quşlar» adlanan bu şeir 24 noyabr 1938- ci ildə «Ədəbiyyat qəzeti»ndə dərc olunur.
Əlbəttə, «Quşlar» xüsusi istedadla yazılmış əsər deyildi, hətta demək olar ki, zəif idi və müəllif sonralar göstərirdi ki: «Həmin gün mən həm sevinir, həm də kədərlənirdim. Sevinirdim - nəhayət, şerim çıxdı; kədərlənirdim - heyf ki, bir də şer yazmayacağam…». Amma yazdı, bununla belə şeirlərini bir də çapa vermədi, özünün ən yaxşı həmdəminə çevirdi və özündən irağa buraxmadı. Mən indi bu şeirlər köçürülmüş, köhnə bir dəftərçəni vərəqləyirəm… küskün xəyallar, kədərli duyğular və xalq şerinin tarixi intonasiyası - Vidadi, Vaqif, Kazım ağa Salik və…
Familim Şıxlıdır, adım İsmayıl,
Hardasan, qara bəxtim, tez ayıl.
Mən ki, heç olmadım məqsədə nayıl,
Yaraları simli yad elə məni.
İ.Şıxlı APİ-də təhsil aldığı illərdə özünün ilk hekayələrini yazır, maraqlıdır ki, həmin hekayələrdən biri «Dəli Kür» adlanırdı və M.C.Cəfərovun köməyi ilə «Dəli Kür» APİ-nin qəzetində çap olunmuşdu.
1941-ci ildə APİ-ni bitirir. Qazağa qayıdır və 1942-ci ilin sentyabrına qədər əvvəl Birinci Şıxlı, sonra Daşsalahlı, daha sonra isə Kosalar kəndlərindəki məktəblərdə dərs hissə müdiri, direktor işləyir.
İ.Şıxlının şeir yaradıcılığının son dövrü də ilk dövrü kimi Qazaxla - Kosalarla bağlıdır: 1941-1942-ci illərdə yazdığı şeirlərdə artıq öz keçmiş sevgilisinə etinasız yanaşan, onun yalvarışlarına məhəl qoymayan bir aşiqlə qarşılaşırıq. Və bu cür «məhəbbət toxtaqlığı» İ.Şıxlının 1941-1942-ci illərdəki şeirlərində təkcə etinasızlıqda deyil, vaqifanəlikdə - müəyyən qədər açıq-saçıqlıqda da özünü göstərir - «Axşam nəğməsi»ndə olduğu kimi…
Durub seyrə çıxdım bir axşam çağı,
Könlümün oylağı laləzar oldu.
Çiçəklər içində gördüm sonamı,
Gözümdə çəmənlər güllüzar oldu.
Yaxınlaşıb ona salam eylədim,
Sıxanda əlləri dümağ qar oldu,
Qolumu doladım bəyaz boynuna
Rəqibimin ömrü ahu- zar oldu…
Məhz 1941-1942-ci illərdə sentimental, romantik dünyadan etnoqrafik reallığa - bu dünyaya qayıtdığı illərdə İ.Şıxlını insanın həyatda (və tarixdə) yeri kimi poetik -fəlsəfi məsələlər də düşündürməyə başlayır və gənc şair, nə qədər paradoksal olsa da (əlbəttə, yenə C.Bayronun təsiri altında), dünyanın mənasızlığı, puçluğu ideyasına gəlib çıxır:
Qoy yaransın qasırğa, qopsun tufan,
Sökülüb dağılsın hər bir yan.
Yer şarı qəzəblə çıxsın oxundan,
Həyatla birlikdə məhv olsun insan.
1942-ci ilin sentyabrında müharibəyə gedir… Şimali Qafqaz - Kerç - Belorusiya - Pribaltika - Şərqi Prussiya… İ.Şıxlının cəbhə yolları bu yerlərdən keçir…
Mənə belə gəlir ki, İ.Şıxlının tələbəliyi ilə müəllimliyi arasında cəbhə, ədəbiyyata marağı ilə professional ədəbiyyatçılığı, yazıçılığı arasında «Cəbhə yolları» durur - «Cəbhə yolları», iyirmi yaşını təzəcə keçmiş bir gənc tərəfindən yazılmasına baxmayaraq, ən nadir cəbhə gündəlikləri ilə müqayisə oluna bilər.
«Cəbhə yolları»ndan bir parça ilk dəfə 17 fevral 1968-ci ildə «Ədəbiyyat və incəsənət»də çap olunur. Bir neçə il sonra (1975-ci ildə) həmin qəzet bir də yazıçının gündəliklərinə müraciət edir və bundan sonra müxtəlif adlarla, müxtəlif redaktələrlə çıxır.
İ.Şıxlı 1945-ci ilin noyabrında cəbhədən geri qayıdır, bir müddət Qazaxda müəllimlik etdikdən sonra 1946-cı ildə APİ-nin aspiranturasına daxil olur. Artıq o, sentimental gənc deyildi, böyük həyat yolu keçmişdi, isti-soyuğa düşmüş, hətta «Qırmızı ulduz» ordeni və medallarla təltif olunmuşdu, keçmiş illərin təbiri ilə desək, ən mühüm hadisə isə ondan ibarət idi ki, İ.Şıxlını məhz cəbhədə (1944-cü ildə) Kommunist Partiyasına qəbul eləməmişdilər.
İ.Şıxlı müharibədən sonra ilk hekayələrini yazır: «Konserv qutuları», «Həkimin nağılı», «Səhəri gözləyirdik», «Kerç sularında», «Haralısan, ay oğlan?» və bu hekayələrdə bir daha cəbhə yollarına qayıdıb, onları təzədən keçir…
«Həkimin nağılı» 1947-ci ildə «İnqilab və mədəniyyət» jurnalında çap edilir…
1949-cu ildə APİ-də müəllimlik fəaliyyətinə başlayır və elə həmin ildə də SSRİ Yazıçılar İttifaqı üzvlüyünə qəbul olunur.
50-ci illərin lap əvvəllərində İ.Şıxlının şəxsi həyatında mühüm bir hadisə baş verir… Gözəl, əzəmətli zahiri görkəmi və zəngin mənəviyyatı ilə, yəqin ki, çox qızların xəyalından keçən İsmayıl o dövrün tanınmış ziyalılarından olan qohumu Məmməd Şıxlının böyük qızı Ümidə xanıma vurulur. S.Vurğun, M.Hüseyn və Ə.Vəliyev elçi gedəsi olurlar. Məmməd Şıxlının tərslik eləməsinə baxmayaraq, qadını Badisəba xanım qızın «hə»sini verir. Məmməd Şıxlı, deyilənə görə, qızlarının heç birinin elçiliyində evdə oturmamış, çıxıb getmişdi…
1952-ci ildə toyları olur, o zaman İsmayılın otuz yaşı var idi, Ümidə xanım isə iyirmi beş yaşında idi.
İ.Şıxlı uzun müddət pedaqoji institutda xarici ədəbiyyatdan dərs demiş, 70- ci illərdə isə onun bu sahəyə aid kitabları nəşr olunmuşdur.
İ.Şıxlının publisistikası onun yaradıcılığında o qədər əhəmiyyətli yer tutur və onun şəxsiyyətini bütövlükdə təsəvvür etmək üçün o qədər lazımlıdır ki, bu barədə xüsusi bəhs etməmək və bir sıra məsələləri diqqət mərkəzinə çəkməmək, sadəcə olaraq, mümkün deyil… Publisistik yaradıcılığa ilk hekayələri çap olunan dövrdə - 40-cı illərin axırlarında başlamış, «Ədəbiyyat qəzeti»ndə, «Kommunist», «Azərbaycan gəncləri» qəzetlərində, xüsusilə 60-cı illərin ortalarına - «Dəli Kür» yaranana qədər intensiv şəkildə müxtəlif oçerklər yazmışdır, hətta 40-cı illərin sonu - 50-ci illərin əvvəllərində publisistika kitabları nəşr olunmuşdur. İ.Şıxlı müasir publisistik təfəkkürümüzün formalaşması və inkişafında müəyyən rol oynamış, obrazlı düşüncəsi, demokratik emosiyası ilə onun sərhədlərini genişləndirmişdir.
50-ci illərin ortalarında «Ayrılan yollar» meydana çıxdı və müəyyən qeyd-şərtlə də olsa, deyə bilərik ki, bunu İ.Şıxlıya dövr yazdırmışdı və İ.Şıxlı yenə də məhz «Ayrılan yollar»da «dövrün yazıçısı» olmaqdan çıxmağa cəhd eləmişdi, ancaq çıxa bilməmişdi. Çünki 50-ci illər hələ davam edirdi, 60-cı illər isə hələ qabaqda idi…
Mən istəməzdim ki, İ.Şıxlının ədəbi-ictimai təfəkküründəki ziddiyyətli dövrlər, məqamlar barədə susam - xüsusilə 50-ci, qismən də 60-cı illərdə İ.Şıxlı özünü böyük xarüqələr yaradan, gündə bir rekord vuran sovet xalqının övladı (və yazıçısı!) hesab etmişdi (bəlkə də, ürəyində o qədər yox, ancaq bir sıra yazılarında bunu açıq etiraf edir…)
«DƏLİ KÜR» - «DƏLİ KÜR»Ə QƏDƏR VƏ «DƏLİ KÜR»DƏN SONRA
«Hörmətli İsmayıl müəllim, salam!
«Dəli Kür» romanını çapdan çıxandan bir qədər sonra oxudum. Mənə necə təsir etdiyini təsvir eləmək çətindir. Budur, neçə vaxtdır ki, bu romanı oxumuşam, ancaq onun təsirindən qurtara bilməmişəm. Sizin qəhrəmanlarınızı unuda bilmirəm… Siz xoşbəxtsiniz, İsmayıl müəllim! Çünki bu əsərinizlə oxucuların qəlbinə yol tapmısınız. Bu məktubu yazmaqda məqsədim belə bir əsər yazdığınız üçün sizə minnətdarlığımı bildirməkdir.
Əziz həmyerlim, xahiş edirəm, mənə cavab yazasınız. Yeni əsər üzərində işləyirsinizmi?
Bəlkə də, siz bu məktuba o qədər fikir vermiyəcəksiniz, ancaq mən sizin cavabınızı hər zaman gözləyəcəyəm…
Hörmətlə: Qazax rayonu, Yenikənd orta məktəbinin X sinif şagirdi Sevda İsmayılova.
Sağ olun!
24 dekabr 1969- cu il».
«Dəli Kür» onlarla povestlərin, romanların milli təfəkkürümüzdə yaratdığı mənəvi səhradan axıb keçdi və ona can verdi - adi bir məktəbli qızdan tutmuş böyük Mehdi Hüseynə qədər «Dəli Kür»lə tanış olan heç kəs öz emosiyasını, heyrətini gizlədə bilmədi. İ.Şıxlı 50-ci illərin sonlarından 60-cı illərin ortalarına, təxminən, 10 ilə qədər «Guşənişinlik»dən sonra ədəbiyyatımızın S.Vurğundan sonrakı şah əsərini yaratdı… Bu əsərin ilk oxucusu S.Vurğun olmalı idi, yazıçını ilk dəfə S.Vurğun özü təbrik etməli idi və «ayə, yaman yazıbsan» sözünü də ilk dəfə o deməli idi. Və nədənsə mənə elə gəlir ki, İ.Şıxlı «Dəli Kür»ü heç kimin yox, məhz Səməd Vurğunun xeyir-duası ilə yazmağa başlayıb, əsər üzərində işlədiyi dövrdə də ölməz sənətkarın ruhu həmişə onunla olub, kim bilir bəlkə yazıçı xəyalən öz sələfindən məsləhətlər alıb, təhtəlşüur bir qüvvə ilə S.Vurğunun işini davam etdirir…
Mənim dərin inamıma görə, İ.Şıxlının «Dəli Kür»ə qədərki yaradıcılığı «Dəli Kür»ə gətirib çıxarmır… «Cəbhə yolları»ndan tutmuş «Ayrılan yollar»a qədər yazıçı, demək olar ki, heç bir əsərində «Dəli Kür»ə «işarə eləmir».
Lakin artıq, qeyd edildiyi kimi, İ.Şıxlı çox gənc yaşlarında, tələbəlik illərində «Dəli Kür» adlı hekayə yazıb təhsil aldığı institutun qəzetində çap etdirmişdi. 1962-ci ildə «Azərbaycan» jurnalında (№ 6,7,8) «Dəli Kür»ün birinci hissəsi çap olunur və ədəbi ictimaiyyətin diqqətini cəlb edir. «Dəli Kür» barədə ilk məqalənin müəllifi Əhəd Hüseynzadə də Cahandar ağa barədə ilk səhvini buraxır: «Cahandar ağanın obrazı ailə və məişətlə bağlı şəkildə işlənmişdir. Onun xarakterinin müxtəlif cəhətlərini göstərmək üçün öz tabeliyindəki kəndlilərlə necə rəftar etməsi məsələsinə toxunulmalı idi. Bəlkə bu yolla romanın bir sıra fəsillərini sırf məişət planından çıxarmaq və bu fəsillərə daha dərin ictimai, siyasi məna vermək olardı» (“Ədəbiyyat və incəsənət” qəzeti, 17 noyabr 1962- ci il).
Müəllif bu və ya bu tipli «mülahizələri» eşidəndə görəsən hansı hissləri keçirmişdi? Mən bu suala cavab tapmaqda aciz olduğumu duyuram, çünki İ.Şıxlı «Dəli Kür» və ümumiyyətlə heç bir əsəri barədə söylənmiş mülahizəyə tendensiyalı yanaşmamış, heç bir yerdə özünü müdafiə ehtiyacı hiss etməmişdi, ancaq, heç şübhəsiz, hər şeyi içində çəkmişdi. Və M.Hüseynin «Dəli Kür» barədəki məşhur məktubu onu «xilas» etmişdi.
«Dəli Kür»ün nəşrindən dərhal sonra çap olunmuş tənqidi məqalələrin, resenziyaların hamısında İ.Şıxlının nə isə qeyri-adi iş gördüyü, ədəbiyyatımıza nəhəng bir əsər verdiyi ya bilavasitə, ya da dolayısı ilə qeyd olunur, lakin «isti başla» yazılmış həmin yazılarda «Dəli Kür» bütün mürəkkəbliyi ilə şərh olunmur (və əslində, oluna da bilməzdi), sənət barədə artıq köhnəlmiş trafaret təsəvvürlər həm professional, həm də kütləvi (qeyri-professional) təfəkkürü əsəri bütün mürəkkəbliyi ilə başa düşməkdən məhrum edir.
«Dəli Kür»dən sonra İ.Şıxlı özünün klassik hekayələrini yazır…
MİLLİ ŞƏXSİYYƏT FENOMENİ, YAXUD MÜDRİKLİYİN POETİKASI
İsmayıl Şıxlının əsərləri öz yerində, onun böyük şəxsiyyəti də milli sərvətimizdir və istərdim ki, müşahidələrim dairəsində həmin şəxsiyyəti xarakterizə edim.
Hər şeydən əvvəl, onun etnoqrafik zənginliyindən danışmaq lazımdır - İsmayıl Şıxlı elə bir torpaqda dünyaya gəlib ki, orada həm məişətdə, həm əxlaqda, həm də ictimai münasibətlərdə qəribə bir epos təbiiliyi, təmizliyi var. Etnoqrafik zənginlik (və müəyyənlik) İ.Şıxlının şəxsiyyəti üçün elə bir kontekstdir ki, sonradan nə qazanıbsa, nələri mənimsəməyə «məcbur edilibsə», hamısı bu kontekstdə meydana çıxıb, onda cilalanıb və onu cilalamışdır…
İ.Şıxlının yetmiş illik yubileyi keçirilirdi, təntənəli gecədə yazıçı o vaxta qədər görünməmiş və eşidilməmiş bir çıxış elədi. Həmin çıxışdan sonra bir müddət milli ictimai mühit onun şərhi ilə məşğul oldu… İ.Şıxlının o zamankı çıxışının ilk cümlələrini sözbəsöz xatırlamağa cəhd edirəm:
… Mən dostlarımın xoş sözlərinə görə nə qədər şad olsam da, yaxşı bilirəm ki, yetmiş yaş ömrün qürub çağıdır. Bir sıra sözlərimizi də indi deməyib haçan deyəcəyik?...
Və dedi…
1992
Tarix: 10-04-2019, 14:22