Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Mərkəzi Elmi Kitabxanada Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 27 Sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib. MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun təşkilatçılığı ilə baş tutan tədbirdə şəhidlərin ailə üzvləri, ictimai və elm xadimləri iştirak ediblər.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçmiş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu barədə AZƏRTAC-a MEK-dən bildirilib. Tədbirdə MEK-in baş direktoru professor Məmməd Əliyev xalqımızın qürur qaynağı olan İkinci Qarabağ müharibəsindən danışıb. “Uzun illər ermənilər tərəfindən dinc əhalimiz terrora məruz qalıb, xalqımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirilib. BMT Təhlükəsizlik Şurasının, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, 30 ilə yaxın torpaqlarımız işğal altında qalmışdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı həssas diplomatik mübarizə, xalq, ordu və dövlət birliyi Azərbaycanı öz tarixi torpaqlarına qovuşdurmağı bacardı. 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi tariximizə yazıldı”, - deyə baş direktor bildirib.
Məmməd Əliyev qeyd edib ki, 44 günlük şərəfli döyüşdə ölkəmizin ərazi bütövlüyü uğrunda şücaət göstərmiş əsgər və zabitlərimizə, canlarını fəda etmiş bütün şəhidlərimizə, qazilərimizə dərin ehtiram əlaməti olaraq yaradılan Qarabağ müharibəsi qəhrəmanları fondu öz fəaliyyətini uğurla davam etdirir. Fondda toplanan məlumat bazası, nəşrlər və elmi işlər istifadəçilərin, gənc alimlərin yaradıcılığında dəyərli mənbə rolunu oynayacaq.
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı professor Mais Əmrəhov bu günün önəmini vurğulayaraq mövzu ətrafında geniş məruzə ilə çıxış edib. Professor Azərbaycanda multikultural dəyərlərdən, ölkəmizin siyasi-coğrafi mövqeyindən bəhs edib, ölkə tarixinin ən qanlı səhifələrini bir tarixçi olaraq tədbir iştirakçılarının diqqətinə çatdırıb.
“Azərbaycan ordusu” qəzetinin müxbiri Lalə Hüseynova çıxışında MEK tərəfindən Qarabağ müharibəsi qəhrəmanları fondunun yaradılmasının təqdirəlayiq olduğunu vurğulayıb və digər kitabxanalar, qurumlar, mədəniyyət ocaqları üçün nümunə olduğunu bildirib. O, həmçinin müharibə zamanı hərbi müxbir olaraq ezam olunduğu cəbhə bölgələrində xidmət göstərənlərin Vətən sevgisinin əyani şahidi olduğunu və əzmkarlıqlarını qələmə aldığını diqqətə çatdırıb.
Daha sonra MEK-in oxucusu, İkinci Qarabağ müharibəsi iştirakçısı, qazi Yusif Kamal Paşabəyli müharibə ilə bağlı təəssüratlarını bölüşüb. Bildirib ki, həmin dövrdə xalq olaraq necə mübariz olduğumuzu bütün dünyaya sübut etdik.
Tədbirdə şəhid Nicat Tanrıverdiyevin anası Şükran xanım xalqımızın şəhidlərimizi unutmağa qoymayacağına inandığını bildirib. Vətən müharibəsinin iştirakçısı, polkovnik-leytenant Bəxtiyar Təşəroğlu döyüşlə bağlı xatirələrini bölüşüb.
Sonda MEK-in Anım Günü ilə əlaqədar hazırladığı video nümayiş etdirilib.


Tarix: 26-09-2022, 22:47

Xəbəri paylaş