Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“XXI əsrdə gənclərin bacarıqlarına yeni baxış”



Dekabrın 22-də UNICEF-in 75 illik yubileyi münasibətilə Təhsil Nazirliyi və UNICEF-in Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə “XXI əsrdə gənclərin bacarıqlarına yeni baxış” mövzusunda tədbir keçirilib.  Tədbirdə təhsil naziri Emin Əmrullayev, UNİCEF-in Azərbaycan nümayəndəsi Aleks Haykens, Təhsil Nazirliyi, UNİCEF, Təhsil İnstitutu, Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları, şagirdlər və digər şəxslər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyi ilə UNİCEF arasında əməkdaşlığa toxunub və təşkilatın ölkəmizdə gördüyü işlərin əhəmiyyətini vurğulayıb.  Emin Əmrullayev Təhsil Nazirliyi ilə UNİCEF-in pandemiya dövründə təhsil sahəsində birgə həyata keçirdiyi layihələrdən də danışıb.  “XXI əsrdə gənclərin bacarıqlarına yeni baxış” mövzusunda fikirlər səsləndirən təhsil naziri uzunmüddətli düşünmənin, gələcəyin yeni bacarıq və səriştələrini planlaşdırmağın çox əhəmiyyətli məsələ olduğunu deyib və əmək bazarının tələblərini nəzərə almağın vacibliyini bildirib.  UNİCEF-in Azərbaycan nümayəndəsi Aleks Haykens çıxışında qeyd edib ki, ötən onilliklər ərzində təşkilatın ölkəmizdə ən uğurlu və vacib tərəfdaşı Təhsil Nazirliyi olub. Qloballaşan dünyada baş verən iqlim dəyişikliyi, miqrasiya və digər məsələlərə də toxunan Aleks Haykens uğur yolunun bu kimi dəyişikliklərə hazır olmaqdan keçdiyini bildirib. Aleks Haykens öz çıxışında pandemiyanın təhsil sahəsinə olan təsirlərini qeyd edib və XXI əsrin tələblərinə uyğun məzmun üzrə bilik və bacarıqların vacibliyini vurğulayıb. Tədbirdə pandemiyanın təhsil sahəsinə təsirləri və təhsilin fasiləsizliyinin təmin olunması, uyğunlaşma qabiliyyəti və XXI əsrin çağırışları üçün lazım olan bacarıqlar mövzusunda panel müzakirəsi keçirilib. Panel müzakirədə məktəb, peşə təmayüllü siniflərin şagirdləri, SABAH qruplarının tələbələri və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının üzvləri iştirak edib. Panel müzakirəsində gənclərin bacarıqları ilə bağlı vəziyyət, COVID-19 pandemiyası zamanı və ondan sonrakı dövrdə iş imkanları, həmçinin gələcək əmək bazarının tələblərinə uyğun olan bacarıqların əldə olunması müzakirə edilib.