Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BDU-da onlayn elmi konfrans

 


 
İyunun 17-də Bakı Dövlət Universitetində (BDU) Hüquq və Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) yaranmasının 90-cı ildönümünə həsr edilmiş “İqtisad elminin təşəkkülü və inkişafının iqtisadi-hüquqi aspektləri” mövzusunda virtual elmi konfrans keçirilib.
Konfrans BDU, UNEC, Azərbaycan Turizm və Menecment Universitetləri (ATMU) eləcə də digər ali təhsil ocaqlarından olan professor-müəllim heyəti, alimlər və gənc tədqiqatçıların iştirakı ilə baş tutub.
BDU-nun rektoru Elçin Babayev virtual konfransı giriş sözü ilə açaraq Azərbaycan Dövlət İqtisad Universitetinin tarixi və inkişaf yolu haqqında məruzə ilə çıxış edib. O, son illərdə ölkəmizdə aparılan elm və təhsil sahəsində islahatlardan, həyata keçirilən uğurlu tədbirlərdən bəhs edib, cəmiyyətin bütün sahələrində gənclərin aktiv fəaliyyətindən danışıb.  
 Rektor Azərbaycanda ali təhsil sistemində iqtisadiyyat sahəsində özünəməxsus yer tutan Azərbaycan Dövlət İqtisad Universitetinin geniş profilli, yüksək peşəkarlıq qabiliyyətinə malik iqtisadçı kadrların hazırlanmasında müstəsna rol oynadığını diqqətə çatdırıb.  
Universitetin tarixindən bəhs edən rektor 1922-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) İctimai Elmlər fakültəsində İqtisad bölməsi açıldığını və bu bölmə 1930-cu ilə qədər iqtisadçı kadrlar hazırladığına diqqət çəkib. Elçin Babayev 20-ci illərdəki çətinliklərə, təcrübənin olmamasına, iqtisadçı mütəxəssislər hazırlamalı olan yüksək  ixtisaslı  elmi-pedaqoji  kadrların azlığına baxmayaraq, respublikada  xalq təsərrüfatının müxtəlif sahələrində işləyə biləcək geniş profilli iqtisadçıların  hazırlanması işinin  bünövrəsinin qoyulduğunu qeyd edib.  
 Sonda rektor Elçin Babayev 90 illik yubileyini qeyd edən Azərbaycan Dövlət İqtisad Universitetinin bu gün ali təhsil müəssisələri arasında böyük tələbə kütləsi ilə seçildiyini, Azərbaycanda və beynəlxalq aləmdə tanınmış məzunları,  elmi cəmiyyətdə tanınan kadr potensialı və əldə olunan nəticələri ilə  özünəməxsus yer tutduğunu xüsusi vurğulayıb. O, yubiley münasibətilə UNEC kollektivini təbrik edib, aparılan uğurlu islahatların davamlı olmasını arzulayıb.
Sonra ADİU-nun Elm və innovasiyalar üzrə prorektoru Sakit Yaqubov tədbir iştirakçılarını ADİU-nun rektoru Ədalət Muradovun adından salamlayıb, onlayn konfransın yüksək səviyyədə təşkil edildiyinə görə BDU rəhbərliyinə təşəkkür edib. Təmsil etdiyi qurumun tarixi, keçdiyi mürəkkəb yol barəsində danışan S.Yaqubov iqtisad təhsilinin yaranmasında və inkişafında BDU-nun fundamental baza olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. ADİU-nun müasir dövrdə əldə etdiyi uğurlardan danışan prorektor S.Yaqubov, akademik kollektivin situmullaşdırılması, Universitetin elmi-tədqiqat mərkəzinə çevrilməsi istiqamətində aparılan işlərdən bəhs edib .
UNEC-in Strateji inkişaf üzrə prorektoru Mirdaməd Sadıqov isə elmi konfransın universitet həyatında əlamətdar hadisəyə həsr olunduğunu deyib, Azərbaycanda ali təhsil sistemində mühüm xidmətləri olan BDU kollektivinə təşəkkür edib.  
Prezident İlham Əliyevin BDU-nun 100 illik yubiley mərasimində çıxışına diqqət çəkən M. Sadıqov həmin çıxışın UNEC-in Strateji İnkişaf planına daxil edildiyini bildirib. O, çıxışının sonunda 19 iyun - İqtisadçılar Günü münasibətilə bütün iqtisadçıları təbrik edib.
Çıxışlarda UNEC-in həyatında yadda qalan hadisələrdən ən önəmlisinin Ulu Öndər Heydər Əliyevin universitetə gəlişinin olması vurğulanıb. Bildirilib ki,  2002-ci ilin iyun ayının 13-də o zaman Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ADİU-nun 70 illik yubiley mərasimində iştirakı kollektivin xatirində mühüm hadisəyə
çevrilib. Həmçinin Prezident İlham Əliyevin də UNEC-də keçirilən islahatlara çox yüksək qiymət verdiyi qeyd edilib.
Sonra BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Zeynalabdin Həsənəliyev və Hüquq fakültəsinin dekanı Əmir Əliyevin Universitetdə iqtisadiyyat sahəsində aparılan tədris prosesi, beynəlxalq iqtisadi hüquq magistratura ixtisaslaşması üzrə tədris prosesinin təşkili mövzularında məruzələri iştirakçıların marağına səbəb olub.  
BDU-nun İqtisadiyyat və idarəetmə kafedrasının müdir əvəzi, professor Vahid Abbasov, Dünya iqtisadiyyatı kafedrasının müdiri Hacıağa Rüstəmbəyov, UNEC-in İqtisadiyyat və idarəetmə kafedrasının professoru Rasim Həsənov, İnsan hüququ və informasiya hüququ (UNESCO) kafedrasının professoru Etibar Əliyev, UNEC-in Maliyyə və maliyyə institutları  kafedrasının professoru Mübariz Bağırov, İqtisadiyyat və idarəetmə kafedrasının professor əvəzi Sərvər Abbasov, İqtisadiyyat və idarəetmə kafedrasının dosenti Kutais Sarıyev, Beynəlxalq münasibətlər kafedrasının professoru Ramiz Sevdimalıyev, İqtisadiyyat və idarəetmə kafedrasının professor əvəzi Pəri Tağıyeva, ATMU-nun Marketinq kafedrasının müdiri, dosent Elmira Qocayeva, Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının dosenti Kərəm Məmmədov, Mülkü proses və kommersiya hüququ kafedrasının dosenti Əsmər Əliyeva, İqtisadiyyat və idarəetmə kafedrasının dosenti Mehriban Yadulla, Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının dosenti Nigar Dünyamalıyeva məruzə ilə çıxış ediblər.
Məruzələrdə ali təhsil müəssisələrində akademik sahibkarlığın inkişaf problemləri, tədris prosesində iqtisad elminin öyrənilməsinin metodoloji aspektləri, Dağlıq Qarabağ və ətraf ərazilərin işğaldan azad olunması kontekstində Azərbaycanın özünümüdafiə və təzminat alma hüquqlarına dair məsələləri, iqtisad elminin innovativ inkişaf istiqamətləri haqda daşışılıb. Həmçinin “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və reallıqlar”, “İqtisadi diplomatiya dövlətin beynəlxalq münasibətlərə təsir vasitəsi kimi”, “Pandemiya dövründə dövlətin iqtisadi qanunvericilik sahəsindəki islahatlarının mahiyyəti”, “Milli iqtisadi modeler - stabil inkisaf eden suveren dovletin iqtisadiyyati kimi”, “Avropa İttifaqı beynəlxalq təhlükəsizlik sahəsində yeni faktor kimi” mövzularında da müzakirələr aparılıb.  
Konfrans iqtisad elminin müxtəlif aspektlərinin elmi müstəvidə müzakirəsi ilə başa çatıb


Tarix: 17-06-2020, 21:55

Xəbəri paylaş