Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Milli Qəhrəmanlar

Həsənov Səyavuş Həsən oğlu

1964-cü il yanvarın 20-də Şərur rayonunun Yenicə kəndində anadan olmuşdu. Kəndlərindəki məktəbdə səkkizinci sinfə kimi oxuduqdan sonra təhsilini 54 nömrəli texniki peşə məktəbində davam etdirmiş və rəngsaz peşəsinə yiyələnmişdi. Sonra hərbi xidmətə çağırılmış və Stavropolda əsgəri xidmətini başa çatdırıb Bakıya dönmüşdü. Əvvəllər işlədiyi evtikmə kombinatında çalışdıqdan sonra müqavilə ilə Tümenə işləməyə göndərilmişdi.
S.Həsənov 1990-cı il 20 Yanvar faciəsini eşidən kimi Azərbaycana dönərək xalq hərəkatına qoşulmuşdu.Torpaqlarımızı erməni iş­ğalçılarından müdafiə etmək məqsədilə könüllü olaraq Qarabağa - cəbhə bölgəsinə yollanmışdı. O, bir çox bölgələrdə - Qazaxda, Goranboyda, Gədəbəydə, Şuşada igidliklə döyüşmüş, çətin hərbi tapşırıqları layiqincə yerinə yetirmişdi. 1992-ci il iyunun 18-də Ağdərə bölgəsinə yola düşən dəstə bir çox kəndlərın ermənilərdən geri alınmasında böyük şücaət göstərmişdi.
S.Həsənov 1992-ci il iyunun 25-də ağır döyüş zamanı qəhrəmancasına həlak olub.
Ailəli idi.
Azərbaycan Respublikası Prezidentinin 21 iyul 1992-ci il tarixli 69 nömrəli Fərmanı ilə Həsənov Səyavuş Həsən oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Həsənov Məhəmməd Ələsgər oğlu

1959-cu il avqustun 9-da Goranboy rayonunun Qarasüleymanlı kəndində anadan olmuşdur. 1976-cı ildə orta məktəbi bitirmişdir. Bir il sonra ordu sıralarına çağırılmış, 1979-cu ildə Murmanskda hərb xidmətini başa çatdıraraq Kiyev şəhərınə gəlmişdir. 1980-ci ildə Kiyev Radio Elektronika Texnikumuna daxil olmuşdur. 1984-cü ildə texnikumu bitirərək orada "Kommunist" zavodunda çalışmışdır. Bir müddət sonra vətənə qayıdaraq, 1989-cu ildə M.F.Axundov adına ARDƏİ-yə daxil olmuşdur. O, 1991-ci ildə könüllü olaraq vətənin müdafiəsinə qalxmışdır. Minəşli, Erkəc, Qaraçinar, Talış və başqa kəndlərdə erməni işğalçılarına qarşı mübarizədə xüsusi igidliklər göstərmişdir. 1993-cü ildə Bakı Ali Komandirlər Məktəbini bitirmiş, 1994-2000-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında baş müəllim vəzifəsində çalışmışdır. Məhəmməd polkovnik-leytenant rütbəsinədək yüksəlmişdir. 2002-ci ildən Goranboy rayonunun Veysli kənd orta məktəbinin direktoru vəzifəsində çalışır.
Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 nömrəli Fərmanı ilə Həsənov Məhəmməd Ələsgər oğlu Azərbay­ca­nın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya
Mərkəzinin materialları əsasında
hazırladı: Ədalət DAŞDƏMİRLİ


Tarix: 6-02-2018, 13:05

Xəbəri paylaş