Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Mifoloji düçüncədə İsgəndər obrazının funksiyaları





      Mifoloji semantikası hakimlik, ilkinlik, mədəni qəhrəmanlıq olan buynuz türk mədəniyyətində sistemli şəkildə təzahür edir. Türk mədəniyyətində İslamın qəbulundan sonra mədəniyyətin bir sıra məsələləri islam-türk mədəniyyətinin amilinə çevrildiyindən, buynuz da Oğuzdan alınıb şərq, həm də türk folklorunun mərkəzi obrazlarından biri olan İsgəndərin üzərində cəmləşdi. Bu baxımdan İsgəndər bütün parametrlərdə Oğuzu əvəz edir. İsgəndərin türklərə “türkmanəndə”, həmçinin uyğurlara özü tapıb yeyən mənasını verən “Hodhur”, yəni uyğur adını verməklə yanaşı, şəhərlər salır, ölkələri fəth edib qayda-qanunu bərpa edir. Oğuz kimi İsgəndər də zülmətə getsə də, dirilik suyunu içə bilmir. Bütün bunlar ikibuynuzlu mifik hökmdar haqqında türk təsəvvürünün İslamdan sonra İsgəndərə aid edilməsinin nəticəsi idi. Türk mədəniyyəti makedoniyalı Aleksandrı tanımır, İsgəndər Zülqərneyni tanıyır. Bu tanıma Oğuz mifoloji semantikasından kənarda mümkün deyildir. İkibuynuzlu İsgəndər obrazı bu baxımdan daha çox türk folklorunda öz əksini tapmışdır. İranlılar skif-saka hökmdarı Alp Ər Tonqanı Əfrasiyab etdikləri kimi müsəlman türkləri də Oğuzu buynuzlu İsgəndər etdilər (Bayat, 1993: s.76-77).
         Dünyanı vahid bayraq altında birləşdirən, Tanrı missiyasını yerinə yetirən ikibuynuzlu hökmdar obrazının prototipi İslamın müqəddəs kitabı Quranda Zülqərneyn adı ilə xatırlanır. Quranın bir çox obrazları Bibliya  obrazları ilə üst-üstə düşsə də, Zülqərneyn obrazına bu müqəddəs kitabda rast gəlmirik. Zülqərneynin makedoniyalı Aleksandr olmasına etiraz edən  Rüstəm Paşa “Osmanlı sülaləsinin tarixi” adlı əsərində yazırdı: “Quranda Oğuz xan “ikibuynuzlu” adı ilə xatırlanır. Bu o Oğuzdur ki, atasını öldürərək hakimiyyəti ələ almışdı. Onun babaları İbrahimin haqq dinində idilər” (Bayat, 1993: s. 77). 
        Buynuz elementinə aydınlıq gətirməyə çalışaq. Buynuz elementi mifoloji semantikasına görə hakimiyyət, güc anlayışları ilə bağlıdır. Nağıl və dastanlarımızdakı buynuzlu qəhrəman obrazı ənənəvi olduğundan türklər hökmdarlara belə Buka təkin deyirdilər. Türk və monqol dillərində “ buka, buxa, buqa” şəklində mövcud olan bu söz bu gün Azərbaycan dilində “buğa” şəklində işlənir. Mifoloji çağın buynuzlu təsvir olunan  qəhrəmanları göy oğlu və eyni zamanda ilkin şaman idi. Türk mifoloji mətnlərində buynuz göy oğlunun başlıca atributlarından biri sayılmışdır (Bəydili, 2003: s. 71). 
       Əski çağlarda hökmdar və kahinlər (Bilqamıs, Oğuz kağan, İsgəndər Zülqərneyn ) başlarına çox vaxt buynuzlu tac (papaq-müəllif) qoyurdular. Güman etmək olar ki, əski hökmdar tacları buynuz şəklində imiş. Hökmdar tacındakı buynuzların sayı onun gücünü, həm də etnik mənsubiyyətini bildirməyə xidmət edirdi. Bəzi mənbələrdə Oğuzun üç buynuzlu təsvir olunması Oğuz cahan dövlətinin qüdrətini bildirir.
       Türk mifoloji düşüncəsində buynuzun funksiyaları aşağıdakılardır:
        1. İkibuynuzluluq tanrıçılıq nişanəsi, təkbuynuz isə xtonik güc nişanəsidir. Çin, yunan mifologiyasında isə əksinə təkbuynuz nizamın, düzümün rəmzi kimi çıxış edir.
        2.  İkibuynuzluluğun Göy oğlu- tanrı oğlu, məhsuldarlıq,  nizamın nişanəsi olması “Bilqamıs” dastanında Bilqamıs və Enkidu, dünya fatehi İsgəndər Zülqərneyn, Oğuz kağanın simasında öz təsdiqini tapır.
       3.  Buynuzun şər simvoluna çevrilməsi  türk mifologiyasında müsbətdən mənfiyə transformasiyası ilə bağlıdır. Mənfi məna kəsb edən buynuzun yeraltı səltənət ilə bağlanması yakutlarda Erliyin ekvivalenti olan Arsaan Doolay, İslamda Seytanın simasında təsdiqlənir. Həmçinin Altay mifologiyasında Erliyin çox vaxt ikibuynuzlu təsvir olunması da bunu sübut edir. Deməli, mifoloji mətnlərdə buynuz Göy oğullarından Tanrı düşmənləri olan demonik qüvvələrə keçdi. Türk mifoloji düşüncəsində buynuz müsbətdən mənfiyə dəyişdiyindən buynuzlu İsgəndər haqqında ironik səciyyəli nağıl və rəvayətlərin yaranmasına səbəb olmuşdur.
       4.  Buynuz seçilmək, ucalıq, hakimlik anlayışını ifadə edir.  Fikrimizcə, Bilqamıs, Enkidu, Oğuz kağan, İsgəndər Zülqərneynin buynuzlu təsvir olunması onların başqalarından seçilərək Göy oğlu, Tanrı övladı olmasına işarədir. Bir- birinə adekvat olan ”buynuz–zad çıxarmamısan ki?” və ya “göydən zənbillə düşməmisən” deyimlərinin bununla  əlaqədar  meydana gəlməsi ağılabatandır.
     5.  Çoxbuynuzluluq. Buynuzun sayca çoxluğu gücə, gücün çoxluğuna dəlalət edir. Mifoloji Ulu Ananın funksiyalarını daşıyan, uşaqların və anaların hamisi, göylərdən uşağın kutunu gətirən Umay ana, Orta Asiyada jalmauz və ya Məstan kəmpir və s. obrazlar yeddi buynuzlu təsvir olunur (Cəlilova, 2001: s. 3-4).
     Fikrimizcə, İskəndər Pala, Füzuli Bayat, Cəlal Bəydili və başqalarının fikirlərinə istinad etsək, Oğuz və İsgəndər Zülqərneyni  birləşdirən cəhətlər aşağıdakılardır:

  1. Türk mifoloji sistemində  Oğuz kimi İsgəndər də buynuzlu təsəvvür olunur;
  2. Mənbələrdə İsgəndər də Oğuz kimi tayfalara ad verir;
  3. Oğuz kimi İsgəndər də şəhərlər, məsələn, uyğur şəhərlərini salır, ölkələr fəth edib qayda-qanunu bərpa edir;
  4.  Oğuz kimi İsgəndər də zülmətə gedir, lakin dirilik suyunu içə bilmir.  
 “Bilqamıs” dastanının  baş qəhrəmanı üçdə iki tanrı, üçdə bir insan olan Bilqamıs //Gilqamış da  İsgəndər kimi göy oğlu, tanrı mənşəli olsa da, öləridir. Uruk şəhərinin hakimlər sülaləsinin 5-ci padşahı Bilqamıs İsgəndər kimi dirilik suyu-dirilik çiçəyini əldə etsə də, ona qismət olmur. Əgər İsgəndər rəvayətlərimizdən birində Diri babanın məsləhəti ilə dirilik suyunu içməkdən imtina edirsə, dastanda isə yolda ilan qəfildən dirilik çiçəyini Bilqamısdan oğurlayıb yeyir, o saat dərisini dəyişərək, cavanlaşır və əbədi həyat qazanır. İsgəndər ilə Bilqamıs arasındakı oxşarlıqlar aşağıdakılardan ibarətdir: 1) Bilqamıs və İsgəndər tanrı oğulları - göy mənşəlidirlər; 2) Göy mənşəli ilkin əcdad və mədəni qəhrəman kimi  xtonik qüvvələrə, nizamsızlığa qarşı mübarizə aparırlar; 3) İsgəndər, Bilqamıs ilk hökmdar kimi ikibuynuzlu təsvir olunurlar.
       Folklor düşüncəsi İsgəndərin buynuzu ilə bağlı nağıl süjetini çar Midasla əlaqədar olan qədim yunan mifinə bağlayır. İbtidai cəmiyyətdə şah, firon tanrı övladı sayıldığından təbiət obyektləri, xüsusilə günəş özünün sürətli hərəkəti ilə dərin təsir gücünə malik idi. Günəş çox vaxt sürətli qaçan atla müqayisə edilmiş və çox vaxt at şəkilində təsvir edilmişdir. Təbiət qüvvələri ilə bağlı olan şah Günəş allahının müəyyən atributlarına  malik olurdu.  Qədim mifoloji təsəvvürlər unudulduqca, at və ya eşşək qulaqları, qoç buynuzu insanın fiziki nöqsanı kimi qəbul edilmişdir.  İbtidai insanın təsəvvürünə görə, şah maq, cadugar olmaqla təbiət qüvvələri ilə sıx əlaqədə idi. Dünyanın yaradıcıları olan ilkin əcdadlar ya zoomorf olmuş, ya da heyvan rudimentləri daşımışlar. Təbiətə təsir etmək gücündə olan maq-şah özünü, xalqı və tayfanın rifahını qorumaq üçün müəyyən qaydalara ciddi şəkildə əməl etməli idi. Adi insanlara yasaq, tabu yalnız şahı görmək deyil, həm də çar adlarına, onların toxunduğu əşyalara da şamil edilirdi.
        Heyvan qulaqlı və ya buynuzlu çar haqqında süjetin mənbəyi maq- şahlara təsbit edilmiş görüşlərlə birbaşa bağlıdır. Şahın təbiətə mağik bağlılığının gizli saxlanılması tələb olunan ibtidai inamın itməsi ilə qədim süjetlərin yenidən dərk edilməsi baş verir və uzun qulaq, buynuz və s. gülüşə səbəb olan fiziki nöqsana çevrilir. Mifoloji düşüncədə göy oğlu, güc, məhsuldarlıq və s. keyfiyyətləri daşıyan buynuz özünün ilkin xüsusiyyətlərini itirərək, gülüş hədəfinə çevrilir.
Şərq mistik düşüncəsində İsgəndər allaha bərabər tutulduğundan, Şərqdəki tanrıların totemist atributlarını daşıdığından  Zülqərneyn, yəni “ikibuynuzlu” adlandırılır.Fikrimizcə, İsgəndər buynuz kimi fərqləndirici bir əlaməti Tanrı  övladı olduğundan alır. Misir mifoloji düşüncəsində İsgəndər qoç obrazında təcəssüm edən Amonun oğlu olduğundan, qoçun qoşa buynuzunun Böyük isgəndərin əlamətinə çevrilməsi təbii sayılmalıdır. Şərq mifologiyasında öküz və qoç hökmdarın gücü bə məhsuldarlığını rəmzləndirir. Belə ki, Şərqdə İsgəndərin məğlubedilməzliyi onun hərbi istedadı ilə deyil, magik gücün əlaməti sayılan buynuza sahib olmaqla izah edilir. İsgəndərin gənc yaşında ölməsi və böyük imperiyanın dağılma səbəbi buynuzun sınması və ya itirilməsi ilə bağlanılır (Костюхин, 1972: s.100-119).
Nağıllarımızda bu yunan sərkərdəsi yalnız fiziki nöqsanlı padşah kimi deyil, həm də son dərəcə güclü, ağıllı, tədbirli, quş dili bilən, quşlar və balıqlardan xərac alan bir hökmdar kimi təsvir edilir. Əfsanə və rəvayətlərimizdə fatehin Azərbaycana gəlməsi, işğal etdiyi ərazilərdən topladığı varidatı və xəracı torpaqda basdırması, Dərbənd qalası, Şirvan darvazasını tikdirməsi, İsgəndərin buynuzlu olması, Şirvanın qadın hökmdarı ilə qarşılaşmasında buynuzunun sınması ilə məğlub olması  və qırılmış  buynuzun torpağın altında qalmasına baxmayaraq onun sərvətini qoruması və bu sərvəti axtaranları müxtəlif şəkildə cəzalandırmasından danışılır. Deməli, həmin əfsanə və rəvayətlərdə buynuz güc, quvvət, qoruyucu, cəzalandırıcı  funksiyaları yerinə yetirir.
 “Zülqərneyn” sözünün mənasına gəlincə, həmin söz “zu” və “ qərneyn”  sözlərindən əmələ gəlmişdir. “Zu”  söz olaraq “sahib, malik” mənasını, “qərneyn” isə” buynuz, təpə, zaman, rəis, müasir, nəsil, kiçik dağ” mənasını verən “qərn“ sözünün təsniyədə ( ikilik- müəllif) verilmiş halıdır. Bundan əlavə günəşin iki kənarına, ağac qabığı lifindən hazırlanmış ipə, qılıncın kəsən tərəfinə  də “ qərn” deyilir.
      Bəzi tədqiqatçılar bildirirlər ki, Zülqərneyn  Quranda haqqında məlumat verilən şəxsin adı yox, ləqəbidir.  Zülqərneyn ləqəbinin verilməsi ilə irəli sürülən ehtimallar aşağıdakılardır:
       1. Zülqərneyn dünyanın ən ucqar Qərb və ən ucqar Şərq  nöqtələrinə səfərlər etdiyi üçün Quran ayələrində Zülqərneynin günəşin doğduğu və batdığı yerə getdiyi barədə ifadələr mövcuddur. Bununla əlaqədar, bəzi alimlər Zülqərneyn ləqəbinin “dünyanın iki ucuna gedən” mənasında işləndiyini söyləyirlər.
      2. Başında buynuza bənzər iki çıxıntının olduğu üçün;
      3. İşığa və qaranlığa, zülmətə girdiyinə görə, ona bu ləqəbin verildiyi ehtimallardan biridir.
      4. Zülqərneynin iki qərinə həyat sürdüyü ilə əlaqədar bu ləqəbin ona verilməsi müddəalardan biridir. 
      5. Saçını iki hissəyə ayırdığı üçün onu Zülqərneyn adlandırmışlar (19, İslamzadə, 2010: s. 16-17).
      6. “Qurani-kərim”də Zülqərneynlə əlaqədar ayələrdən savayı, “qərn” sözü 19 ayədə qeyd edilir. Bu ayələrin hamısında həmin söz “nəsil, millət, eyni dövrdə yaşayanlar” anlamını verir. İlahi kitaba istinad edən İ. Türe sözün mənasının “iki nəsil sahibi, iki dövr sahibi” olması qənaətinə gəlir (Türe,  2001: s. 57).
       Bir çıx tədqiqatçıların fikrincə, Zülqərneyn sözünün “ikibuynuzlu” mənasına gəlməsi ehtimalı türk mifoloji düşüncəsin və türk xalqlarının folklor örnəklərində  öz təsdiqini tapır. 
       Fikrimizcə, türk mifoloji sistemində göy oğlu və ilkin şamanın  başlıca atributlarından biri olan buynuz hakimiyyət, güc, məhsuldarlığı simvolizə edir. Tədqiqatçılara görə qoşa buynuz kosmik düzümün, nizamın işarəsidirsə, təkbuynuzluluq xtonik güc nişanıdır. Ulu Ana kompleksi ilə bağlanan buynuz işarəsi sonralar türk etnik mədəni ənənəsində müsbətdən mənfiyə doğru dəyişdiyindən, yeraltı dünya sahibləri buynuzlu təsvir olunaraq mənfi semantik yük qazanmışdır. Fikrimizcə, ikibuynuzlu mifik hökmdar haqqında  türk təsəvvürləri İslamdan sonra İsgəndərə aid edilmiş, sonralar buynuzun mənfi semantik yük qazanması nəticəsində folklor örnəklərində, xüsusilə nağıllarımızda  fiziki naqislik çaları daşımışdır. Məsələn, Azərbaycan folkor örnəklərində İsgəndərin buynuzu ilə bağlı əfsanə, nağıl nümunələrində buynuzu mənfi çalar, yəni fiziki naqislik kimi  görürük (Azərbaycan folkoru antologiyası, XVI kitab, 2006: s. 263-264)
        İsgəndər Zülqərneynin nə qədər yaşaması ilə bağlı mixtəlif rəvayətlər mövcuddur. Onun əski çağllarda yaşadığı, Nuh oğlu Yafəs nəslindən olduğu və  1600 il yaşadığı göstərilir. Bəzi araşdırıcılar onun  2000 və ya 3000 il ömür sürdüyünü qeyd edirlər. İmam Həsən Əskəridən gələn rəvayətdə oğlu XII İmam Sahib əz-zamanın  Zülqərneyn kimi uzun ömürlü olacağı söylənilir (İslamzadə, 2010: s.16).

 Zaur MUSTAFAYEV, 
 Bakı Dövlət Universitetinin filologiya fakültəsinin elmi işçisi,
  [email protected]



  
                                        Ədəbiyyat: 
Azərbaycan folkoru antologiyası, XVI kitab ( Ağdaş folkoru) / Toplayıb tərtib edən: İlkin Rüstəmzadə. Bakı: Səda, 2006, 495 s.
Bayat F. Türk epik ənənəsi və “Oğuz kağan” dastanı. Bakı: Sabah, 1993, 194 s.
Bəydili C. Türk mifoloji sözlüyü. Bakı: Elm, 2003, 418 s.
Cəlilova L. Türk mifoloji sistemində buynuz// Azərbaycan filoloji fikri son 10 ildə. Gənc tədqiqatçıların elmi konfransının tezisləri. II kitab, Bakı: BDU-nun nəşriyyatı, 2001, s. 3-5.
İslamzadə X. Dini və tarixi mənbələrdə Zülqərneynin şəxsiyyəti. Bakı: “Adiloğlu”, 2010, 174 s. 
 
Türk dilində:
Türe İ. Zülkarneyn. İstanbul: Karizma yayınları, 2001, 267 s.
Rus dilində:
Костюхин Е.А. Александр Македонский в литературной и фольклорной традиции. Москва, 1972, 190 с.


Tarix: 27-06-2022, 22:47

Xəbəri paylaş