Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Böyük dönüş


  

   44 günlük  Vətən müharibəsi xalqımızın tarixində çox şeyi dəyişdi

                            
Müharibələr haqqında deyilən fikirləri cəmləşdirib belə qənaətə gəlmək olar ki, analar övlad, millətlər dövlət, müharibələr isə dünyaya qəhrəmanlar gətirir. Məğlubiyyət yetim olur, qələbə isə bütün acıları unutdurur.
Odlu silahın kəşfi qala müharibələrini səngər müharibələri ilə əvəz etdi. İtkilərin sayı çoxalmağa başladı, şəhərlər, kəndlər daha böyük dağıntılara məruz qaldı.
Bu günə qədər baş verən müharibələrdə istifadə olunan strategiyanın Çingiz xana məxsus olması bilinməkdədir. Dəqiq kəşfiyyat, düşmən qüvvələrini parçalamaq və gözlənilməz zərbə.
Müharibələr bir gün, yüz gün və yaxud yüz il və artıq davam edib. Məsələn, e.ə 585-ci ildə Midiya Babil qoşunu üz-üzə dayansa da tərəflər həmin gün günəşin tutulmasını  mənfi əlamət hesab edərək sülhlə ayrılıblar.
Bəzən müharibə say üstünlüyü, bəzən də sayın heç bir əhəmiyyəti olmaması ilə bağlı olub. Məsələn, e.ə 480-ci il Fermopil döyüşü. Əgər Sparta hərbiləşdirilmiş dövlət olmasaydı və döyüşün baş verdiyi o keçid geniş olsa idi, onda yarım milyonluq fars qoşunu spartalıları ayaqlayıb keçərdi. 
Kimin kimi aldatması baxımından Süffeyn döyüşü çox maraqlıdır. Bu döyüş Xəlifə Əli ilə İslam dövlətinin Suriya valisi Müaviyə İbn Əbu Süfyan arasında 657-ci ildə baş verib. Təqribən 3 aya yaxın davam edən döyüşün kəskin vaxtı 26-28 avqust tarixlərində baş verib. Kiçik toqquşmalardan sonra Əli qəti bir vuruşmada üstün gəldi. Lakin sərkərdə Əmr hərbi hiyləylə əl atmaqla Müaviyəni xilas etdi. O,suriyalılara əmr etdi ki, öz nizələrinin ucuna Quran vərəqlərini assınlar. Görünür,  Əlinin hamıdan daha artıq müsəlman olması onun özünün hərb meydanında uduzmasına səbəb olur.
Dehli Sultanı İbrahim Ludi və Zahirəddin Babur arasında baş vermiş Panipat döyüşü odlu silahın müharibədə artileriyanın əsas rol oynayacağını əyani göstərdi. Orta əsrlərin ən güclü artilleriyasına malik olan osmanlı qoşunu Konstantinopolu fəth edərək müharibələr tarixində yeni salnamə yazdı.
Doğrudur, I Dünya müharibəsində bir çox yeniliklər oldu - ilk tank, kimyəvi silahlar, sualtı qayıqlar, təyyarələrdən geniş istifadə edilsə də onu İkinci Dünya müharibəsi ilə müqayisə etmək olmaz. Əslində 30-cu illərdə Sovet-Yapon, Sovet-Fin və İspaniyada Sovet-Alman qarşıdurması fəlakətin nə qədər böyük olacağından xəbər verirdi. Həmin dövrdə alman ordusunun generalı Quderianın müasir müharibə, tank, quru və hava qüvvələrinin sinxron fəaliyyəti ilə bağlı fikirləri yeni müharibə aparmaq qaydasının meydana çıxmasından xəbər verirdi.  Yeni müharibənin surət və tez-tez dəyişən taktika ilə müşayiət olunacağı aydın olurdu.
Sovet ittifaqında bu konsepsiya məsxərə ilə qarşılandı.
Faşist Almaniyası iyun-oktyabr ayları ərzində Sovet İttifaqının 1,5 mln. km² ərazisini zəbt etdi. Çingiz xan strategiyasına uyğun olaraq zərbə o qədər gözlənilməz idi ki, 4 mln. sovet əsgəri müharibənin elə ilk həftəsində əsir düşdü. Ordu komandanı Vlasov, ümumiyyətlə, almanlara təslim oldu. Aparılmış təbliğat nəticəsində bəzi qərbi Sovet rayonlarında almanlar duz- çörəklə qarşılandı. Həmin ağır günlərdə SSRİ Baş Qərargahının rəisi Jukov Stalinə bildirir ki, biz hansısa bir əməliyyatı işləyib direktiv halında cəbhəyə göndərənədək almanlar mövcud döyüş səhnəsindən çox-çox uzaqda, irəlidə olurlar.
Sovet generalları başa düşür ki, müharibə aparmaq taktikası dəyişib. 1943-cü il Kursk döyüşündə Sovet kəşfiyyatının əldə etdiyi məlumat almanların hazırladığı böyük əməliyyatı alt-üst edir. Doğrudur, almanların üç aya gəldiyi yolu Sovet qoşunları dörd ilə qayıtslar da, necə deyərlər, sovet ordusu döyüşü uduzsa da, müharibəni qazandı. 
Sovet qoşunlarının Berlin əməliyyatı SSRİ tarixçiləri tərəfindən geniş araşdırılsa da, yanaşmalar birmənalı deyil. Əməliyyatın qeyri-adiliyi ondadır ki, yüz qırx projektorun birdən düşmən mövqeyini işıqlandırması ilə alman tərəfi müəyyən müddətə kor olsa da, sovetlərin milyondan artıq əsgərini itirməsi, bəzi sovet tarixçilərinin fikrincə, yolverilməz idi. 
ABŞ 1945-ci ilin iyun ayında Alemadre statında ilk nüvə sınağını həyata keçirdi. Dünyanın bölünməsi üçün toplanan Podstam konfransının işinə təsir etmək üçün ABŞ prezidenti H.Trümen Stalinə ABŞ-ın kütləvi qırğın silahına malik olduğunu bildirir. Konfransda Stalin-Trümen dialoqu artıq hərbi sənaye komplekslərinin formalaşması və onun dünyanın siyasi gedişinə təsir etmək gücünə malik olduğunu göstərir.
İkinci Dünya müharibəsindən sonra baş verən lokal müharibələr əslində Sovet İttifaqını iqtisadi cəhətdən çökdürürdü. Elə ABŞ və onun müttəfiqlərinin məqsədi də bu idi. SSRİ adlanan qurama dövlətin daxilindəki süni qardaşlıq dağılmaqda idi. Bu zaman  gizli orqanlar milli qarşıdurmalar yaratdı .Bu isə SSRİ-nin axırına çıxdı.
Ermənistan layihəsi bunun bariz nümunəsidir. Xəritəyə nəzər salsaq, bütöv müsəlman-türk regionunda yaranan bu dövlətin məqsədi aydın şəkildə görünməkdədir.
SSRİ-nin dağılması heç də uzaq tarix deyil. Etiraf etməliyik ki,1988-1993-cü illər Birinci Qarabağ müharibəsində söhbət təkcə real hərbi əməliyyatlardan getmirdi. Yeni yaranmaqda olan Azərbaycan ordusunun arxasında, şəhərlərimizdə erməni terroru baş alıb gedirdi. Mülki əhali arasında çaşqınlıq  yaratmaq,insanların gözünü qorxutmaq üçün sərnişin avtobus, metro partladılması dünyanın gözü qarşısında baş verdi. Birdəki  ermənilər bu işdə təcrübəli idilər.
Ermənilərin 1988-1992-ci illərdəki fəaliyyəti heç bir müharibə qanunlarına  uyğun gəlmirdi. Onlar mülki əhaliyə divan tutduqca daha cəsarətlənirdilər. Bu müharibədən çox, siyasət idi. 1990-cı ilin 20 Yanvar hadisələrindən sonra ümummilli lider  Heydər Əliyevin xalqa müraciəti çox şeyi dəyişdi.  Sovet rəhbərliyinin düşmən siyasəti artıq başa düşülmüşdü. Dağılmaqda olan dövlətdə müttəfiq respublikalardan ən ağır vəziyyət Azərbaycanda idi. Sovet rəhbərliyinin erməniləri dəstəkləməsi, beynəlxalq erməni lobbisinin böyük yardımı erməniləri daha azğın edirdi. Əlbəttə, nəticə özünü çox gözlətmədi. Artıq sirr deyil ki, Sovet qoşunlarının 77-ci desant ordusu və onun 366-cı alayının əsgər və zabit heyəti yaşayış məntəqələrimizi boşaltmaq üçün ermənilərdən artıqlaması ilə vəsait alırdılar. Erməni təbliğatı yaranmış vəziyyətdən maksimum istifadə etdi. Onlar aldıqları vəsaitin əvəzində dəridən-qabıqdan çıxırdılar. 
Milli Qəhrəman Mübariz İbrahimovun qəhrəmanlığı bədhaxları xeyli sarsıtdı. Bir nəfət bütöv bir orduya qarşı. Bu işin davamı özünü çox gözlətmədi - aprel döyüşləri baş verdi. 1992-ci ildə Şuşa döyüşlərinə rəhbərlik etmiş erməni general Arkadi Ter-Tedovesyan aprel döyüşlərində Azərbaycan ordusunun uğurlu döyüş kəşfiyyatı həyata keçirdiyini dedi. Bu, gələcək hərbi əməliyyatların zəmini oldu. 
Vətən müharibəsini başlandığı gün yalanla həqiqətin, mərdliklə namərdliyin seçildiyi gündür. Bizim bildiyimiz və bilinən tərəf odur ki, dövlət və xalqın birliyi dünyanı heyrətə gətirdi. Digər tərəfdən Azərbaycanın hərb sənəti müharibələrin aparılması tarixində  inqilabi dəyişiklik etmişdi.
Müharibənin ilk günlərində kimin nə deyəcəyi və proqnozları çox maraqlı idi. Xüsusilə özünü yüksək rütbəli qərargah zabiti adlandıran Mixail Xodoryonok müharibənin əvvəlində erməni silahının, erməni əsgər və generallarının  qəhrəmanlığından  danışırdı.
Müharibənin sonunda isə  yanıldığını etiraf etdi. Dünya erməniliyinin altı il ərzində işğal etdikləri Azərbaycan torpaqları 44 gün ərzində azad edilmişdi.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı video görüntülər, ümumiyyətlə, erməniləri yerdən-yerə vurdu. Erməni təbliğatının yaratdığı qəhrəmanlıq mifi dağıdıldı. Vətən müharibəsi xalqımızın tarixində çox şeyi dəyişdirdi.  Bu müharibə nəinki Azərbaycanın, eyni zamanda, dünyanın  hərb və müharibələr tarixində böyük dönüş oldu. Hətta dünyanın aparıcı dövlətləri silahlı qüvvələrinə, ordularının təşkilinə yenidən baxmalı oldular. Hərbi akademiyaların dərsliklərində yeni fəsillər, ordu quruculuğunda isə yeni qoşun növlərinin yaradılmasına başlanıldı.  Bu müharibə Azərbaycan qürurunun qələbəsi idi. 80-90-cı illərdə erməni gülləsindən beşik nəğmələri yarımçıq qalmış uşaqlar məğlubiyyət yükünü üstümüzdən götürdülər. Bəzilər üçün həmin ana laylaları, ana ağısına çevrilsə də onlar öhdələrinə düşən vəzifəni şərəflə yerinə yetirdilər. 
                                                                                                         
Dilavər Qurbanov,
 BDU-nun Qazax filialının müəllimi