Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 
2018-ci ilin dekabr ayında Azərbaycan xalqının qəhrəman oğlu, İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hənifə oğlu Hüseynzadənin anadan olmasının 100 illiyi tamam olur.
Mehdi Hüseynzadə 1941-1945-ci illər müharibəsində faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanmış və Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazmışdır. Yüksək əxlaqi keyfiyyətlərə malik cəsur kəşfiyyatçının rəşadət dolu şərəfli həyat yolu bu gün Vətənimizin sərhədlərini layiqincə qoruyan və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan mətin Azərbaycan əsgəri üçün parlaq qəhrəmanlıq nümunəsidir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyəsində xüsusi əhəmiyyətini nəzərə alaraq, Azərbaycan xalqının igid övladı Mehdi Hüseynzadənin anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 iyun 2018-ci il


Tarix: 9-07-2018, 13:43

Xəbəri paylaş