Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan-Türkiyə təhsil əlaqələri dinamik inkişaf edir

 

Təhsil naziri Ceyhun Bayramov Türkiyə Respublikasının təhsil nazirinin dəvəti ilə 18-20 fevral tarixlərində bu ölkədə səfərdə olub.
Nazir Ceyhun Bayramov səfər çərçivəsində ölkəmizin Türkiyədəki səfirliyində Ankarada təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Görüşdə təhsil naziri Ceyhun Bayramov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, qardaş ölkədə çalışan azərbaycanlılar - professor Həmdullah Mehrabov və doktor Şahin Xankişiyev çıxış ediblər.
Təhsil naziri Ceyhun Bayramov Türkiyədə keçirəcəyi rəsmi görüşlərdə qardaş ölkələrimiz arasında təhsil sahəsində vəziyyətin və onun perspektivlərinin müzakirə olunacağını vurğulayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsilin bütün sahələri üzrə çoxistiqamətli islahatların aparıldığını diqqətə çatdırıb. Çıxışı zamanı Azərbaycanda ali təhsilin inkişafı istiqamətində görülən işlərə, aparılan hərtərəfli islahatlara, əldə olunan nailiyyətlərə geniş yer ayıran nazir qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Türkiyə ilə bütün sahələrdə olduğu kimi, təhsillə bağlı da geniş əməkdaşlıq yaranıb.
Nazir Türkiyə hökuməti tərəfindən nüfuzlu ali təhsil müəssisələrində azərbaycanlı tələbələrə ayrılan yerlərdə oxuyan gənclərimizin bir qisminin ölkəmizə qayıdaraq cəmiyyətimizin fəal hissəsinə çevrildiyini, digər bir hissəsinin isə Türkiyədə qalaraq öz bilikləri ilə qardaş ölkəyə fayda verdiklərini, eyni zamanda, Vətənimizin maraqlarını qoruduqlarını söyləyib.
Aparılan islahatlar nəticəsində ölkəmizdə ali məktəblərin beynəlxalq təhsil ictimaiyyəti arasında böyük nüfuz qazandıqlarını vurğulayan Ceyhun Bayramov "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində mühüm nailiyyətlər əldə olunduğunu qeyd edib. Bildirilib ki, bu strategiya çərçivəsində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil almaq məqsədilə dünyanın aparıcı ali məktəblərinə göndərilən gənclər dərin biliklər qazanıblar. Bu proqram çərçivəsində ümumilikdə 3558 nəfər xaricdə təhsil almaq hüququ əldə edib. Böyük Britaniya və Türkiyə ali məktəblərinə maraq daha çox olub.
"2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" barədə iştirakçılara müfəssəl məlumat verən nazir əminliklə bildirib ki, bu sahədə islahatların inkişaf dinamikası gələcəkdə də qorunacaq. Türkiyədə bütün ixtisaslar üzrə təhsil alan gənclərə ölkəmizdə hər zaman diqqət və qayğı ilə yanaşıldığını, eyni zamanda, onlara etibar və etimad göstərildiyini, işlə təmin edildiklərini vurğulayan nazir tələbələrin Azərbaycana aid bütün məsələlərdə fəallığının vacibliyini qeyd edib, vətənpərvərlik və ictimai fəallıqla bağlı tövsiyələrini verib.
Azərbaycanda təhsil sahəsində əldə olunan uğurları milli sərvət kimi dəyərləndirən səfir Xəzər İbrahim Türkiyədə təhsil alan tələbələrə aid məsələlərin Təhsil Nazirliyi tərəfindən operativ qaydada həll edildiyini söyləyərək, qardaş ölkədə təhsil sistemində çalışan ziyalılarımızın və tələbələrimizin hər iki ölkənin həyatına dair ictimai işlərdə fəallığının ürəkaçan olduğunu bildirib.
Azərbaycana bağlı diaspor təşkilatları adından iştirakçıları salamlayan professor Həmdullah Mehrabov ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə 1993-cü ildən başlayaraq Türkiyə ilə təhsil sahəsində yaranmış səmərəli əməkdaşlığın əhəmiyyətini yüksək dəyərləndirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qazanılan bütün uğurların ölkəmizi xaricdə təmsil edən ziyalılar tərəfindən hərarətlə qarşılandığını vurğulayan professor əminliklə bildirib ki, həm tələbələrimiz, həm də təhsil sahəsində çalışan ziyalılarımız Vətənimizin və xalqımızın maraqlarının qorunmasında fəal iştirak edirlər.
Azərbaycan təhsilində əldə olunan uğurların və nailiyyətlərin bu sahədə ölkəmizlə Türkiyə arasında əməkdaşlıq əlaqələrinin inkişafına müsbət təsirindən danışan Şahin Xankişiyev diqqətə çatdırıb ki, qardaş ölkədə çalışan azərbaycanlı həkimlər öz vəzifələrini vicdanla yerinə yetirmək üçün həm elmin sirlərinə dərindən yiyələnir, həm də ictimai fəallıq göstərirlər. Türkiyədə tibb sahəsində təhsil alan azərbaycanlı tələbələrin ölkəmizə qayıtmasının əhəmiyyətinə toxunan Şahin Xankişiyev qeyd edib ki, Azərbaycanda modern xəstəxanalar tikilməsi və səhiyyə ocaqlarının ən müasir avadanlıqlarla təchiz olunması gənc həkimlərimizin işlə təmin edilməsi və xalqımıza xidmət etmələri üçün əlverişli şərait yaradıb.
Çıxışlardan sonra nazir Ceyhun Bayramov iştirakçıları maraqlandıran sualları cavablandırıb. Görüşdə Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, çoxlu sayda azərbaycanlı professor, müəllim və tələbə, eləcə də ölkəmizin Türkiyədəki səfirliyinin əməkdaşları iştirak ediblər.
Səfər çərçivəsində Azərbaycanın Ankaradakı səfirliyində təhsil naziri Ceyhun Bayramov ilə Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu arasında görüş keçirilib. Görüşdə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf dinamikası yüksək dəyərləndirilib.
Görüş zamanı tərəflər təhsil sahəsində əlaqələrin daha da genişləndirilməsinə dair səmərəli fikir mübadiləsi aparıblar. Çıxışlarda əminliklə bildirilib ki, Azərbaycan-Türkiyə qardaşlığı qarşılıqlı olaraq elm və təhsil sahəsində də böyük uğurların qazanılmasına təkan verir.
Təhsil naziri Ankara şəhərindəki Heydər Əliyev Parkı və "Anıtqəbir" kompleksini ziyarət edib.
Daha sonra Azərbaycanın təhsil naziri Ceyhun Bayramov ilə Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin sədri Abdullah Eren arasında görüş keçirilib. Görüşdə iki qardaş ölkə arasında təhsil sahəsində əlaqələrin vacib istiqamətləri müzakirə olunub. O cümlədən Azərbaycanda müxtəlif ixtisaslar üzrə fəlsəfə doktorlarının Türkiyədə təqaüd əsasında elmi araşdırmalarını davam etdirmələrinə dair səmərəli fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov bildirib ki, Azərbaycandakı ali təhsil ocaqlarında işləmək üçün Türkiyə universitetlərində müxtəlif ixtisaslar üzrə fəlsəfə doktorlarının yetişdirilməsinə ehtiyac var. Azərbaycan tərəfi istəyir ki, Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi bu sahədə Azərbaycan üçün kvotanın artırılmasını nəzərə alsın.
Daha sonra təhsil naziri Hacettepe Universitetində rektor Haluk Özən ilə görüşüb. Azərbaycanda aparılan təhsil islahatları, bu sahəyə aid dövlət proqramlarının nəticələri, Türkiyə ilə əməkdaşlığın mövcud vəziyyəti və s. barədə məlumat verən nazir, həmçinin ölkəmizin nüfuzlu ali məktəblərinin uğurlarından bəhs edib. Prezident İlham Əliyevin Azərbaycanda təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışan nazir "2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın qarşıya qoyduğu vəzifələrdən söz açaraq bildirib ki, kənd təsərrüfatı və tibb sahələri də bu sahəyə daxildir. Görüşdə, həmçinin Azərbaycan Tibb Universiteti ilə Hacettepe Universiteti arasında ikili diplomların verilməsi müzakirə olunub.
Rəhbərlik etdiyi Hacettepe Universitetinin Türkiyənin qocaman ali məktəblərindən olduğunu diqqətə çatdıran rektor Haluk Özən bu təhsil ocağının yüksək texniki imkanları və tədris metodlarından, universitetin qazandığı uğurlardan danışıb. Rektor əminliklə ifadə edib ki, Hacettepe Universiteti Azərbaycan təhsil sistemi ilə bütün istiqamətlərdə əməkdaşlığa hazırdır. Görüşdən sonra Hacettepe Universiteti ilə tanışlıq olub.
Türkiyənin Ali Təhsil Şurasında (YÖK) nazir Ceyhun Bayramov ilə YÖK sədri Yekta Saraç arasında görüş keçirilib. Görüşdə ikili diplomların verilməsi, təhsil sahəsində təcrübə mübadiləsinin aparılması, o cümlədən tələbə mübadiləsinə dair məsələlər müzakirələr olunub.
Təhsil naziri Ceyhun Bayramovun Türkiyəyə üçgünlük rəsmi səfərinin sonuncu günü Ankaradakı Heydər Əliyev Məktəbi ilə tanışlıq olub. Burada nazirə məktəbin fəaliyyəti və tədris metodikası barədə ətraflı məlumat verilib. Məktəbdə sagirdlərin Azərbaycan və Türkiyənin qardaşlığını tərənnüm edən rəsm sərgisi ilə tanışlıq olub.
Ceyhun Bayramov Azərbaycan Təhsil Nazirliyi adından məktəbə ümummilli lider Heydər Əliyevin mənalı həyat və fəaliyyətini əks etdirən, o cümlədən Heydər Əliyev Fondunun ölkəmizin həqiqətlərinə və mədəniyyətinə aid çap etdirdiyi nadir nəşrləri hədiyyə edib.
Məktəbin qapalı idman və konsert zalında müəllim və şagirdlərin iştirakı ilə toplantı təşkil olunub. Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Sonra Azərbaycanın təhsil naziri Ceyhun Bayramov, Ankara Təhsil İdarəsinin rəisi Turan Akpınar və Heydər Əliyev Məktəbinin müdiri Necati Şəngəzər çıxış ediblər.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün şəxsiyyətlərinin ucalığından bəhs edən çıxışçılar hər iki tarixi şəxsiyyətin ölkələrimizdə elm və təhsilin inkişafına xüsusi diqqət verdiyini bildiriblər. Qeyd olunub ki, bu dahi şəxsiyyətlərin təhsil sahəsində qəbul etdikləri qərarlar tarixi missiya daşıyıb. Vurğulanıb ki, Heydər Əliyevin adını daşıyan məktəbdə oxumaq həm şərəfli, həm də məsuliyyətlidir. Ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət!", Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!" ifadələrini xatırladan çıxışçılar qeyd ediblər ki, ölkələrimizdə təhsilin inkişafı, o cümlədən bu sahədə əlaqələrimizin böyük bəhrəsi dahi liderlərin arzu və istəklərinin gerçəkləşməsidir.
Çıxışlardan sonra şagirdlər tərəfindən zəngin bədii və idman proqramı təqdim olunub.
Daha sonra Azərbaycanın təhsil naziri Ceyhun Bayramov ilə Türkiyənin milli təhsil naziri Ziya Səlcuk arasında görüş olub. Görüşdə Azərbaycan və Türkiyənin təhsil nazirlikləri arasında münasibətlərin daha da inkişaf etdirilməsinə dair səmərəli fikir mübadiləsi aparılıb. Tərəflər iki qardaş ölkənin müvafiq nazirlikləri arasında əlaqələrin dinamik inkişafını yüksək dəyərləndiriblər.
   шаблоны для dle 11.2