Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

İbtidai siniflərdə müxtəlif janrlı bədii əsərlərin tədrisinə dair


 

Sevil MAHMUDOVA,

Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin müəllimi

 

Məlumdur ki, bədii əsərlər üç növdə olur - lirik, epik, dramatik. Birinci sinifdən başlayaraq oxu dərsliklərində hər üç növdən nümunələr verilir.  Hər növə aid mətn üzrə iş apararkən onun xüsusiyyəti nəzərə alınır. Sinif müəllimi epik, lirik və dramatik əsərləri, onun növlərinin xüsusiyyətlərini, bu  xüsusiyyətlərin təlimdə nəzərə alınmalı olduğunu bilməlidir.   

Bədii mətnlər şagirdlərin fikrinə, hisslərinə və iradəsinə güclü təsir etməklə böyük tərbiyəvi əhəmiyyət daşıyır. Uşaq­lar bədii əsərlərdəki müsbət qəhrəmanı  sevir, onunla birlikdə həyəcan keçirir, həqiqi həyatda təqlid edir, özü üçün ideal seçir.

Ədəbi əsərlərin ifadəli oxusunda janr xüsusiyyətlərinə diqqət yetirilməlidir. Əsərin jan­rından asılı olaraq müəllim müvafiq metod və priyomlardan istifadə edir.   Müxtəlif növ bədii əsərlərin oxusunu düzgün təşkil etmək üçün onların özünəməxsus  xüsusiyyətlərini bilmək son dərəcə vacibdir. İbtidai siniflərdə şagirdlər müxtəlif janrlı əsərlərlə tanış olurlar. Burada epik və lirik növə dair kifayət qədər əsərlər verilmişdir.

Məlumdur ki, hər bir əsərin də öz quruluşu, bədii xüsusiy­yətləri vardır. Oxu prosesində bunları bilmək vacibdir. Nağıl və təmsil eyni olmadığı kimi, onların oxu qaydaları da fərqlidir. Eləcə də atalar sözləri, tapmaca,  bayatı, əfsanə, hekayə və s.   nümunələrin hər birinin öz quruluşu olduğu kimi, müvafiq oxu qaydaları və xüsusiyyətləri də vardır.

Bədii ədəbiyyatın özünəməxsus xüsusi cəhətlərindən biri də şagirdlərin     nitqini lazımi söz və ifadələrlə zənginləşdirməsidir. Bədii əsəri sadəcə oxumaq deyil,  onu başa düşmək, hiss etmək əsas şərtdir.

İbtidai siniflərdə bədii materialların oxusu yuxarı siniflərdə keçilən “Ədəbiyyat” fənnini yaxşı mənimsəməyin təməlidir. Ona görə də bu siniflərdə  şagirdlər bədii əsəri təhlil etməyi, qəhrəmanın xarakterini müəyyənləşdirməyi,  hadisələrin  zaman və məkan şəraitini təyin etməyi bacarmalı, ilk poetik anlayışlara (şeir, qafiyə, ahəng, ölçü, hekayə, təmsil, nağıl və s.) dəqiq yiyələnməlidirlər.

İbtidai  siniflərdə  oxu  təlimi prosesində müxtəlif   ədəbi janrlardan istifadə edilir:

* Bədii mətnlər (hekayə, təmsil, nağıl, şeir);

* Elmi (məlumatlandırıcı) mətnlər (müxtəlif  sahələr haqqında məlumat verən mətnlər).

Oxu materiallarının seçilməsində şagirdlərin yaş və bilik səviyyəsi nəzərə alınır. Yığcam formada onların əsas cəhətlərinə diqqət yetirək. İbtidai  siniflərdə   lirik  əsərlərin tədrisi şagirdlərin oxu vərdişlərini təkmilləşdirir, lüğət ehtiyatını  zənginləşdirir  və nəhayət, şagirdlərin rabitəli nitqə yiyələnmələrinə şərait yaradır ki, bu da xüsusi əhəmiyyət kəsb edir. Lirik obrazlı bədii ifadələr şagirdlərin ətraf aləmi dərk etməsinə güclü təsir göstərir, varlığı dərk etmək hisslərini artırır, yaradıcılıq  fəaliyyətini, təfəkkür və nitq mədəniyyətini inkişaf etdirir. Şagirdlər sözlərin məna çalarlığını aydın və konkret olaraq dərk edir, onlar bədii dilə və obrazlı təfəkkürə sahib olur.

Təbiəti təsvir edən lirik əsərlərə oxu dərsliklərində çox yer verilir. Bu məzmunda olan əsərlər iki yerə bölünür:

* Təbiətin gözəlliyini olduğu kimi tərənnüm edən lirik əsərlər;

* Təbiətin təsvirinə aid olan lirik əsərlər (şairin  yaradıcılığı əsasında).

Belə əsərlər şagirdlərdə təbiət gözəlliyinə vurğun olmaq, vətəni sevmək, həm də onlarda sevinc, şadlıq və s. hissləri tərbiyə edir.

Heyvanlar haqqında olan lirik əsərlərin dili şagirdlər başa düşəcək səviyyədə  təsvir olunur. Hadisələrin gedişi incə, sadə, konkret fikir, asan, başa düşülən söz və ifadələrə incə, əzizlənmə təsviri yaradır ki, şagird təsəvvürünü obyektə canlı surətdə yaxınlaşdırır. Həm də şagirdin obrazlı təsvirə meylini çoxaldır və obyekt haqqında müstəqil fikir söyləməyi fəallaşdırır.

Vətənpərvərlik mövzusuna aid olan lirik əsərlər oxu dərsliklərində əsas yerlərdən birini tutur. Bu baxımdan vətənpərvərliyə aid olan mövzuları aşağıdakı kimi qruplaşdırmaq olar:

· Vətənin təbii gözəlliyini, sərvətini və fəsillərini təsvir edən mövzular;

İnsanların həyat mübarizəsi, uşaqların xoşbəxt həyatını təsvir edən mövzular;

Vətənin oğul və qızlarının qəhrəmanlığını təsvir edən mövzular;

Vətən uğrunda canlarını qurban verən və xain düşmənlərdən vətəni qoruyan igidlərə aid mövzular və s.

Əməksevərlik mövzusunda olan lirik əsərlər şa­girdləri əmək, sənət, peşə tərbiyəsinə istiqamətləndirir.

Təsviri xarakterli lirik əsərlər şagirdlərə yaxın və doğma olduğuna görə onlar   bu məzmunda olan şeirləri sevir, tez də qavrayırlar. Müşahidə əsasında yazılan lirik əsərlər şagirdlərə nə qədər doğmadırsa, bir o qədər də onların nitq inkişafına təsir göstərir.

İbtidai siniflərin “Azərbaycan dili” dərsliklərində folklor nümunələrindən də geniş istifadə olunur:

- Nağılların tədrisi zamanı şagirdlər həm xalqın adət-ənənəsi ilə tanış olur, həm  də bu növlü nağıllar onlarda qara qüvvələrə, acgözlərə, düşmənə qarşı mübariz olmağı tərbiyə edir;

- Dastanlardan verilmiş parçalar şagirdlərə vətənə sadiq olmaq, dostluq, yoldaşlıq, mərdlik, qəhrəmanlıq, xalqını sevmək kimi keyfiyyətlər aşılayır;

- Atalar sözü qısa və lakonik ifadələrlə dərin mənalı fikir söyləməyə, şirin, duzlu danışmağa xidmət edir;

- Tapmacalar isə şagirdlərdə əşya üzərində dü­şün­mək və onları yaddaşda bərpa etmək hisslərini aşılayır.

Folklor nümunələrinin siniflər üzrə öyrədilməsini aşağıdakı qaydada həyata keçirmək məqsədəuyğun hesab edilir:

a) I-II siniflərdə tarix və heyvanlar aləmindən bəhs edən nağıllar;

b) III   sinifdə I-II siniflərdə öyrədilən nağıllara əlavə olaraq, sehirli nağıllar;

c) IV sinifdə I-III siniflərdə öyrədilən nağıllara əlavə olaraq məişət nağılları.

Dastanlar üzrə I-II siniflərdə dastan motivləri əsasında yazılmış hekayələr, III-IV siniflərdə isə qəhrəmanlıq və ailə, əxlaqi dastanlarından parçaların verilməsi nəzərdə tutulur.

Atalar sözləri üzrə I-IV siniflərdə bu janr üzərində yazılı və şifahi iş aparılır, belə ki, I-III siniflərdə ata, ana, böyüklərə hörmət, dost­luq, yoldaşlıq, yaxşılıq, birlik, mərdlik, əməksevərlik, vətən, xalq, ailə və sairə, IV sinifdə isə bunlara əlavə olaraq  sənət, peşə, təsərrüfat mövzularında atalar sözü seçilib öyrədilir.

Tapmacalar üzrə I sinifdə heyvanlar, təbiət hadisələri, məktəb əşyaları, meyvə, tərəvəz, quşlar, II sinifdə I sinifdə  öyrədilənlər nəzərə  alınmaqla   ağaclar, bəzək və geyim şeyləri həşəratlar, heyvanlardan alınan məhsullar, xörək adları, ev əşyaları və avadanlığı, insanlara aid tapmacalar öyrədilməlidir. III-IV siniflərdə I-II siniflərdə öyrədilən tapmacalar nəzərə alınaraq, musiqi, silah adları, texnika, alətlər,  qeyri-maddi aləm haqqında və mücərrəd anlayışları bildirən tapmacaların öyrədilməsi nəzərdə tutulur.

Bayatılar, laylalar üzrə I siniflərdə  ailə, vətənə məhəbbət, dostluq və mərdlik bayatıları, II-III siniflərdə I sinifdə öyrədilən bayatıları nəzərə alaraq, vəsf hallar,  zəmanədən narazılıq  və  şikayət,  qəribçilik, ailə bayatıları, IV sinifdə öyüd- nəsihət,  ağılar,  oxşamalar, məişətlə bağlı bayatıların və s. öyrədilməsi məsləhətdir.

Şagirdlərin nitq bacarıqlarının inkişafı üçün isə saymacalardan istifadə məqsədəuyğundur.


Tarix: 14-01-2021, 11:44

Xəbəri paylaş