Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

İdarəetmədə təhsilin məqsədləri

 

Aydın ƏZİZOV,
İsmayıllı rayonu
Talıstan kənd tam orta məktəbin direktoru, Əməkdar müəllim


Təhsil sisteminin qarşısında duran məqsədə məktəb səviyyəsində mü­vəffəqiyyətlə nail olmaq üçün gələcək məktəb rəhbərləri təhsil məqsədlərini müəyyənləşdirmək sahəsində obyektiv və subyektiv çətinlikləri bilməlidirlər.
Müasir pedaqoji ədəbiy­yatda və müxtəlif xarakterli dövlət sənədlərində bu məsələyə münasibət müxtəlif xarakter və məzmunda izah olunur. Məktəblərimizdə illər uzunu təkrar-təkrar üzü köçürülən illik təlim-tərbiyə işləri üzrə fəaliyyət planlarında “məqsəd - hərtərəfli inkişaf etmiş gənclərin formalaşdırılması” və ya bunun üçün şəraitin yaradılmasıdır. Heç şübhəsiz, vəzifə belə müəyyənləşirsə, hesabatda da belə verilir: bu qədər  şagird orta məktəbi bitirmiş, bu qədər ali məktəblərə qəbul olmuşdur. Belə çıxır ki, məqsəd bir, nəticə isə başqadır. Bəzən də yazılır: “Məktəbin məqsədi şagirdi həyata hazırlamaqdır”. Ancaq onu hansı parametrlər üzrə həyata hazırlamağın lazım olduğu açıqlanmır.
Əslində yuxarıda açıqlanan bu məsələlər məktəbin qarşısında duran böyük məqsədin ayrı-ayrı hissələridir. Onlar da əslində, hərtərəfli inkişaf etmiş şəxsiyyətin formalaşmasını tam təmin edən şəraitin yaradılması müddətini və s. müəyyənləşdirmir.
Məqsəd və nəticə, onların arasındakı münasibət onların idarə olunması üçün aparılan  əməliyyatları, təhsilin keyfiyyətini müəyyənləşdirməyə imkan yarada bilər. Bu tələblər həyata keçirilmirsə, təhsilin keyfiyyətinə  verilən tələbləri, sadəcə olaraq, müəyyənləşdirmək qeyri-mümkündür.
Elmi-pedaqoji ədəbiyyatda məktəbdə təhsilin keyfiyyəti anlayışı adətən məktəbin qazandığı müvəffəqiyyət və məktəbdaxili idarəetmə sisteminin fəaliyyəti ilə əlaqələndirilir. Təhsilin keyfiyyəti təhsilin nəticələrini xarakterizə edən mühüm xüsusiyyətlərin cəmi kimi qəbul edilir. Bu nəticələr cəmiyyəti, sifarişçiləri və  şagirdlərin tələbatlarını ödəməlidir. Təhlil olunan bu anlayış durğunluq illərində hökm sürən təhsil keyfiyyətinin eyni deyil. O vaxtlar keyfiyyət şagirdlərin sayının  attestasiya zamanı yaxşı və əlaqiymətlər almış şagirdlərin ümumi sayına bölünməklə müəyyənləşirdi, keyfiyyəti belə müəyyənləşdirmək düzgün deyil, onların ümumi sayını faiz ilə eyniləşdirmək olmaz. Son zamanlar təhsilin keyfiyyəti haqqında hamı narahatlıq keçirirsə, bu özü müsbət haldır.
Qeyd etmək lazımdır ki, təhsilin keyfiyyətinə verilən bəzi mühüm tələblər təhsil standartlarının əsasını təşkil edir.
Bu da aydındır ki, standartların formalaşdırılmasına adətən kəmiyyət baxımından yanaşırlar. Bu açıqladıqlarımız ümumi münasibətlərdir. Fikrimizcə, ümumi münasibətlərdən savayı, bir də hər bir təhsil müəssisəsi tərəfindən arzu olunan keyfiyyət nəticələrini əldə etmək məqsədilə bir sıra kompleks məqsədlər müəyyənləşdirilməli və onların həyata keçirilməsi təmin edilməlidir. Bunlar aşağıdakılardır:
- Hazırda əldə edilmiş nailiyyətlərin, həll edilməmiş problemlərin və pers­pektiv tələbatların proqnozu əsasında arzu olunan təhsilin keyfiyyət səviyyəsinin modelləşdirilməsi (bu, faktiki olaraq məktəbi bitirəcək məzunların modelidir);
- Təhsil sisteminin və bütövlükdə məktəbin fəaliyyətinin təmin edilməsi. Bu da müəyyənləşdirilmiş (planlaşdırılmış) keyfiyyət səviyyəsinin təmin edilməsidir (bu isə özlüyündə hədsiz qabaqlayıcı mənada, təhsilin keyfiyyətinin operativ şəkildə planlaşdırılmasından kənara çıxmanın qarşısının alınmasıdır);
3. Keyfiyyətin əldə edilməsinin təmin edilməsi (bu da özlüyündə təhsil nəticələrinə və məzunların müəy­yənləşdirilmiş modellərinə tələbatların yeniləşməsi, onların yeni keyfiyyət əldə etməsi deməkdir);
4. Əldə edilmiş təhsil keyfiyyətinin diaqnozlaşdırılması.
Müasir məktəb təcrübəsində bu vəzifələr hələlik eyni səviyyədə və sistematik  şəkildə həll edilmir. Xüsusən də keyfiyyətin yüksəlməsinə lazımi diqqət yetirilmir. O ki qaldı diaqnos­tika və monitorinqin həyata keçirilməsinə, bu sahəyə diqqət lazımi səviy­yədə deyildir və hər yerdə o qədər də yüksək səviyyədə həyata keçirilmir. Keçirililənlər də daha çox tədbir naminə həyata keçirilir.
Buna görə də monitorinqlərin keçirilməsi heç də həmişə keyfiyyətin yüksəlməsinə kömək etmir.
Bütün bunlarla yanaşı, təhsilin keyfiyyətindən söz getdikdə araşdırılmalıdır ki, müəyyən edilmiş məqsədlə nəticə arasındakı mütənasiblik yəqin ki, təhsilin keyfiy­yəti kimi müəyyənləşdirilir, həm də məqsədin həyata keçirilməsi, nəticənin  əldə edilməsi üstüstə düşürsə, deməli, müəyyənləşmiş məqsədin əldə olunması üçün aparılan əməliyyatlar məktəblinin potensial inkişaf zonasında proqnozlaşdırılmışdır.  Başqa sözlə, məktəbli tərəfindən mənimsənilmiş təhsil o zaman keyfiyyətli qəbul edilir ki, onun nəticələri müəyyən edilmiş məqsədə və şagirdin proqnozlaşdırılmış inkişaf səviyyəsinə uyğun olsun. Bu, zaman o da unudulmamalıdır ki, təhsilin nəticələri mütləq özündə nəticənin necə, hansı yollarla, nələrin bahasına əldə edilməsini cəmləşdirməlidir.
Yəqin ki, burada söz neqativ halların aradan qaldırılmasından gedir. Başqa sözlə, nəyinsə bahasına başa gələn keyfiyyətdən yox, məhz optimal nəticələrdən bəhs olunmalıdır.
Məktəbdə təhsil prosesi qarşısında duran məqsədlərdən ən mühümü və mürəkkəbi təhsildə keyfiyyətə nail olmaqdır. Bu məsələ ən az öyrənilmiş məsələdir. Məktəbdə bu problemi həll etmək üçün məktəb direktorları təhsil məqsədlərinin müəyyənləşməsində ob­yektiv və subyektiv çətinlikləri görməyi, təhlil etməyi bacarmalıdırlar. Onların bəzilərini açıqlamaq yerinə düşər:
- Diqqəti daha çox cəlb edən əsaslandırılmış mühüm təhsil məqsədlərindən biri keyfiyyətin əldə edilməsi üsuludur. Bu situasiya məktəb rəhbərlərindən tələb edir ki, rəhbərliyin bu məsələdə şəxsi mövqeyi müəyyənləşdirilsin, elmdə bəlli olan və ölkənin qabaqcıl məktəblərinin və xarici təcrübənin nəticələri öyrənilsin, təhsil qarşısında duran sosial sifariş və nəhayət, müəllim və şagirdlərin imkan və tələbatları nəzərə alınsın;
- Digər bir çətinlik dəqiqliyin əldə edilməsi, diaqnozun müəyyənləşdirilməsidir. Çox vaxt böyük əhəmiyyəti olmayan məqsədlər ölçüyə daha asan yatır, nəinki əsas məqsəd, daha doğrusu, təhsilin keyfiyyəti. Məktəb rəhbər­lərinin müəyyənləşdirilmiş məqsədlərə, məqsədin qoyuluşuna, onun keyfiyyətinin diaqnozlaşdırılmasına, əldə olunmuş təhsil nəticələrinin qiymətləndirilməsinə və s. münasibəti aydınlaşdırılmalıdır;
- Təhsil prosesində məqsədin müəyyənləşdirilməsinin subyekti ilə bağlı daha bir problem diqqəti cəlb edir. Ənənəvi məktəb təhsili üçün təbii bir hal adətən müəllimin mərkəzi şəxsiyyət kimi qəbul edilməsidir. Onun qarşısında dövlət proqramlarının, standartların, xüsusən Azərbaycan təhsil sistemi üçün yeni olan milli və fənn kurikulumlarının tələbləri, hansısa daha bir sıra məqsədləri (məsələn, şəxsiyyətin hərtərəfli harmonik inkişafı və s.) nəzərə alıb-almaması, onları həyata keçirib-keçirməməsi də durur. Belə olduqda şagirdlər onlarla müzakirə edilməməsinə baxmayaraq, bu məqsədləri ya qəbul etməli, kor-koranə onlara əməl etməlidirlər, ya da istər-istəməz bu müzakirələrdə passiv şəkildə iştirak etməlidirlər. Ancaq düşünmək lazımdır ki, belə münasibət təhsilə, onun humanizm dəyərlərinə, təhsil prosesində subyekt-subyekt münasibətləri ideyalarına uyğun gəlirmi?
- Bəs  şəxsiyyətə istiqamətlənmiş təhsil harada qaldı?
Buna görə də məktəbdə şagirdlərin bütün fəaliyyət növləri üçün hərtərəfli məqsədlər müəyyənləşdirilməlidir. Bu suallara hər bir müasir məktəb rəhbəri cavab axtarmalıdır.
Məktəbdə qarşıya qoyulan hər bir konkret təhsil məqsədinin müəyyənləşdirilməsi uzun və əzablı bir yol keçir. Onu asanlaşdırmaq məqsədilə lazım olan istənilən nəticəni əldə etmək məktəbdaxili idarəetmə subyektlərinin vəzifə borcudur. Ona görə də təhsil məqsədlərini müəyyənləşdirdikdə aşağıdakıları nəzərə almaq yerinə düşər:
I. Məqsədin qoyuluşunda problem və tələbatlar təhlil edilməli, digər tərəfdən isə imkan və vasitələr nəzərə alınmalıdır;
II. Məqsəd aktual olmalı,  əsas problemlərin həllinə yönəldilməlidir;
III. Məqsəd mürəkkəb olsa da, real, yəni, məktəblinin yaxın inkişaf məkanında olmalıdır;
IV. Məqsədlər konkret olmalıdır ki, onların yerinə yetirili­b yetirilmədiyini müəyyənləşdirmək mümkün olsun (Əlbəttə, bu zaman onun yerinə yetirilmə müddəti düzgün müəyyənləşdirilməlidir);
V. Məqsəd stimullaşdırıcı, motivləşdirici, maraqlandırıcı xarakter daşı­malıdır;
VI. Məqsəd son nəticədə təhsilin vəzifələrinə uyğun olmalıdır;
VII. Əlaqəli fəaliyyətin məqsədləri onu həyata keçirənlərin hamısına aydın olmalı, onlar tərəfindən düşüncəli  şəkildə qəbul edilməlidir. Bu, tələb edir ki, müəyyənləşmiş məqsədlər kollektiv şəkildə hazırlansın və razılaşdırılsın;
VIII. Xüsusi xarakter daşıyan konkret məqsədlər böyük və uzunmüddətli vəzifələrə tabe edilməlidir;
IX. Məqsədlərin kompleks şəkildə formalaşdırılması arzu olunur, eyni zamanda başlıca prioritet məqsəd və vəzifələr müəy­yənləşdikdə şagirdlərin xüsusiyyətləri nəzərə alınmalıdır;
X. Məqsədlər aydın, açıq olmalı, lazım olduqda onları korrektə etmək mümkün olmalıdır.
Bu tələblər ümumi xarakter daşıyır. Təhsil prosesinin məzmun baxımından, planlaşdırmada müəyyən edilmiş məqsədlərin məzmununa aidliyi yoxdur. Buna baxmayaraq, bu məzmunun seçimi mühüm əhəmiyyət kəsb edir.
Planlaşdırmada, xüsusən məqsədlərin planlaşdırılmasında prinsipial məsələlərin məqsədlərinin müəyyənləşdirilməsində tələbatın balansı dəqiqləşdirilməlidir. “Nəticə nədən ibarət olmalıdır? Texniki baxımdan məqsəd necə formalaşdırılmalıdır?“ suallarının cavabları dəqiq müəy­yənləşdirilməlidir. İnsanın formalaşması, təhsilin, şəxsiyyətin tamlığı, o cümlədən, ümumiyyətlə təhsilin arzu olunan başlıca məqsədinin nədən ibarət olması nəzərə alınmalıdır.
Təhsil məqsədlərinin elmi baxımdan düzgün müəyyənləşdirilməsinin mühüm əhəmiyyətinə baxmayaraq, onun nəticəliliyi, əlbəttə ki, hər  şeydən  əvvəl, təhsil prosesinin keyfiyyətindən asılıdır. Yüksək nəticələr məqsədin müəyyənləşdirilməsi ilə başlayırsa, onun həyata keçirilməsi adekvat vasitələrin seçimi və tətbiqi ilə həyata keçirilir.
Təhsil prosesi və onun ümumi istiqamətləri, xüsusiyyətləri təhsilin tipindən, onların arasındakı münasibətlərin səviyyəsindən asılıdır. Təhsilin tipi, ona uyğun məzmunu, təlimin texnologiyası, təşkili, müəllimin mövqeyi və  şagirdlər tərəfindən müəyyən bilik, bacarıqlar kompleksinin mənimsənilməsi, tərbiyənin humanist məqsədi və məktəblilərin psixi inkişafının səviyyəsinə uyğunluğu bizi narahat etməyə bilməz. Ona görə də təhsil prosesinin məqsəd­yönlü planlaşdırılmasında irəli sürülmüş məqsədlərin realizə olunacağını sübut etmək üçün tədris plan və proqramının köməyilə mühüm məqsədyönlü istiqamətlər, real imkanlar, metodlar, arzu olunan nəticələrin əldə edilməsi pedaqoji kadrların səviyyəsindən asılıdır.шаблоны для dle 11.2