Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Təhsilin uğur anı və ya xoş gəldin G nəsli

 


  Dünya bir neçə aydır ki, çoxsaylı insan itkisi ilə müşayiət olunan koronavirus pandemiyası (COVID-19) ilə mübarizə aparır. Pandemiyanın ən ağır təsiri özünü təhsil sahəsində göstərməkdədir. YUNESKO-nun məlumatına görə, pandemiya nəticəsində dünyadakı şagirdlərin 90% -dən çoxu təhsildən məhrum oldu. Dünya əhalisinin üçdə birindən çoxunun evdə qalmaq məcburiyyəti hər bir ölkədə məktəbəqədər təhsil müəssisələrindən universitetlərə qədər-bütün təhsil ocaqlarının qapılarının bağlanmasına gətirib çıxardı ki, bu da milli təhsil sistemlərindən alternativ tədris metodlarını axtarmağı tələb etdi.
Gözlənilməzliyə hazır olmaq 
  Sözsüz ki, dünyada milyonlarla gəncin, yeniyetmənin, şagirdin əsas təməl hüquqlarından hesab olunan təhsildən, məktəbdən, ali təhsil auditoriyalarından uzaq düşməsi kimi narahatlıq doğuran hal uzun müddət davam edə bilməzdi, ona görə də təhsil sistemləri fəaliyyətlərini sosial məsafə və təcrid rejimi çərçivəsində yerinə yetirməyə başlayaraq, təhsilin fasiləsizliyinin təmin olunmasında qətiyyətli addımlar atdı. Bir çox ölkələr təhsil prosesinin gedişini bərpa etmək məqsədilə müasir texnoloji həlləri özünün milli təhsil sisteminə gətirməyə çalışdı. Ənənəvi baxışlar və yanaşmaları çevik, innovativ düşüncələr, təşəbbüslər əvəz etdi. Çoxları gözlənilməz fəlakətə vaxtında cavab verə bilmədi.
  Azərbaycan dövlətinin vaxtında qəbul etdiyi qərarlar isə digər sahələrdə olduğu kimi, təhsil sistemində də prosesin ağrısız keçməsinə kömək etdi. Son illərdə təhsil sferasında aparılmış məqsədyönlü islahatların müsbət töhfələri isə pandemiya dövründə özünü daha qabarıq şəkildə göstərməyə başladı. Söhbət nədən gedir?
  Ondan gedir ki, Təhsil Nazirliyi tərəfindən ümumtəhsil müəssisələrində uğurla həyata keçirilən və beynəlxalq təhsil sərgilərinin də diqqətini cəlb etmiş "Rəqəmsal bacarıqlar" layihəsi, məktəblərimizdə informatika dərslərinin yeni formatda tədrisi, dünya ölkələrində geniş yayılan STEAM tədris yanaşmasının təhsilimizə gətirilməsi, məktəb şəbəkəsinin ölkə üzrə elektronlaşdırılması və vahid təhsil şəbəkəsinə qoşulmuş təhsil müəssisələrinin geniş arealının təmin olunması kimi dəyişikliklər bizə pandemiyanın ilk günlərində tədrisin fasiləsizliyinin təmin edilməsində əlverişli şərait yaratdı. Məhz adıçəkilən innovativ tətbiq və platformaları, resurs və alətləri mənimsəmiş təhsil sistemimiz qısa vaxt ərzində özünün "Dərs saatı"nı yaratdı və "Virtual məktəb" kimi dünyanın bir çox ölkələrində tətbiq olunan müsbət təcrübəni də tətbiq etməyə başladı.
  Təhsil Nazirliyi tərəfindən ölkənin “Mədəniyyət” və “ARB Günəş” telekanalları üzərindən TV dərslər yayımlandı, ümumi təhsil müəssisələrində təhsil alan 1,6 milyon şagird tədrisə cəlb olundu, tədris ilinin sonunadək təqdim edilən teledərslərin ümumi sayı 2500-ə çatdı. "Dərs saatı" Azərbaycan məktəblisini təhsildən qopmağa qoymadı, onu tədrisə bağlayan alternativ yollardan biri oldu. "Virtual məktəb" qısa bir zamanda 1 milyondan artıq müəllim və şagird auditoriyasını qazandı. Ali məktəblərimizdə 100 mindən artıq tələbə və professor-müəllim heyəti Təhsil Nazirliyinin təqdim etdiyi "MS Teams” platformasından ödənişsiz istifadə imkanı qazandı.
Bərabər imkanlar 
İlk gündən ölkə üzrə bütün təhsilalanların öyrənmə imkanlarının təmin olunması baxımından mühüm təcrübə olan "Virtual məktəb" layihəsi və Azərbaycanın bu sahədə atdığı addımlar digər ölkələrin də diqqətini cəlb etməyə başladı. Müsbət təcrübə Böyük Britaniyanın BBC telekanalı tərəfindən yüksək qiymətləndirildi. Azərbaycanın virtual təhsilin təmin olunması üzrə bəhrələndiyi resurslar YUNESKO-nun saytında yer aldı. Ölkəmizin təcrübəsi İSESKO-ya üzv dövlətlərin Təhsil nazirlərinin virtual toplantısında da maraqla qarşılandı. Heç şübhəsiz ki, pandemiya dövründə təhsildə bərabər imkanların təmin olunmasında əvəzsiz rol oynayan "Virtual məktəb" layihəsindən ətraflı danışa və qənaətlərimizi bölüşə bilərik. Bu, həm də ona görə vacibdir ki, məktəblərə yenidən qayıdışın vaxtı ilə bağlı davam edən indiki qeyri-müəyyənlik şəraitində virtual dərslərin praktik nəticələrini və yenilikləri bölüşmək mühüm əhəmiyyət kəsb edir.
 Fikrimizcə, bu cür dərslərin tətbiqinin nəticələri barədə danışarkən qeyd olunmalıdır ki, müəllimlər şagirdləri keçirilən dərslərin öyrənilməsinə cəlb etmək üçün yalnız mövzuların izahı ilə kifayətlənməməli, həm də diskussiya, qrup işi kimi fəal təlim formalarından yararlanmalıdır. Bu yolla müəllimlər öz şagirdlərində tənqidi düşünmə, müstəqil qərar qəbuletmə bacarığını formalaşdıra bilərlər.
 Qeyd edək ki, pandemiya dövründə məsafədən tədris prosesində əldə olunmuş müsbət təcrübə gələcəkdə müəllimlərin peşəkarlığının yüksəldilməsi, sağlamlıq imkanları  məhdud uşaqların təlimi, təhsilverənlərin səriştələrinin artırılması üçün bir sıra qısamüddətli  kusların təşkilində əhəmiyyət kəsb edə bilər.
 Qədim dövrün Roma filosofu L.Seneka şagirdlərinə "məktəb yox, gələcək üçün oxuyuram" ( "Non scholae, sed vitae discimus") fikrini təlqin edərdi. Bu mənada pandemiyanın yaratdığı indiki şəraitdə məktəbdən uzaq düşən şagird öz gələcək trayektoriyasını daha aydın müəyyənləşdirə bilmək imkanını qazandı.
Xoş gəldin G nəsli 
Pandemiya təhsilin yeni mühitini yaratdı - evdə təhsil. Bu mühit valideynlərin də öz uşaqlarının tədrisinə daha yaxından cəlb olunmasına imkan verdi. Düşünmək olar ki, bu yeni reallıq artıq uşaqlarımıza verəcəyimiz "Gələcəkdə kim olacaqsan" sualını, bir növ arxivləşdirdi. Çünki yeni mühit uşaqların gələcək yolunun məhz rəqəmsallaşmadan, yumşaq bacarıqlardan keçdiyini əyani surətdə göstərdi. Uşaqlar mürəkkəb tətbiqlərdən istifadəni öyrəndilər; bəzən bunu böyüklərdən belə, daha yaxşı və çevik etdilər. Bununla da biz yeni maraqlara, düşüncə tərzinə, təfəkkür qabiliyyətinə malik yeni rəqəmsal mühitin içərisində “bişən”, yetişən bir nəsildən danışa bilərik. Futuroloqlar hal-hazırkı uşaqların artıq pandemiyadan əvvəlki uşaqlar olmadığını deyir. Bu uşaqlar artıq G nəslidir. Şagirdlər və müəllimlərlə söhbətlərimizdə məsafədən təhsilin bir sıra mühüm nəticələrini müşahidə etdik: Birincisi, uşaqların çoxunda öyrənmənin bu forması çox maraqlı idi. Onlar həm parta yoldaşları, həm də müəllimləri ilə ünsiyyətə girməyi bacardılar, müzakirələrdə fəallıq göstərə bildilər. İkincisi, biz əmin olduq ki, uşaqlar artıq qadjetlərdən tutmuş, digər mobil tətbiqlərin dilini və istifadə qaydasını çox yaxşı mənimsəyiblər. Demək, bu məqamı məsafədən təhsilin ən mühüm nəticələrindən biri kimi qiymətləndirməliyik. Çünki bu, həqiqətən də yenilikdir ki, şagirdlərimiz pandemiya dövrünün dərslərindən XXI əsr üçün vacib olan kompetensiyaları -məsafədən işləmək bacarığını əldə edirlər.    

Gələcəkdə insanların əksəriyyətinin distant şəkildə işləyəcəklərini düşünsək, məktəblilərimizin pandemiya dövründə nə qədər təkmil səriştə və bacarıqlara yiyələndiklərini söyləyə bilərik. Və biz keçmişə deyil, addım-addım gələcəyin məktəbinə - səriştəyə çevrilə bilən bilik və bacarıqlara malik, praktik vərdişlərlə özünü göstərən, nəzəri biliklərə sahib yeni nəsli yetişdirən məktəbə doğru getməliyik-bu, qətidir!
Təhsilin həqiqət anı 
Pandemiya dövrü müəllimə olan münasibəti dəyişdi. Çünki qəfil gələn amansız xəstəlik müəllimlərimiz üçün də gözlənilməz idi; onlar bütün bilik və bacarıqlarını, enerjilərini yeni təlim müstəvisinə keçirməli oldular, ev qayğılarını bir kənara qoyaraq, pandemiyanın onlara yaratdığı yeni vəzifələrin icrasına yönəldilər. Pandemiyanın ön cəbhəsində dayanan tibb işçiləri ilə yanaşı, elə müəllimlərimiz də bu günümüzün qəhrəmanları sayıla bilər! Onlar virtual dərslərin imkanlarından maksimum yararlanmağa çalışır, dərs keçir, mövzuları təkrarlayır, həm də məktəbə -canlı dərsə can atan yetirmələri ilə ünsiyyətində bu günlərin geridə qalacağı nikbinliyini aşılayır, onlara psixoloji dəstək olurlar. Bu mənada müəllimlər təkcə tədris materialını virtual auditoriyaya çatdırmağa çalışan bir öyrədən kimi yox, həm də onların yanında olan, onları ruhlandıran, inamlı olmağa səsləyən peşəkar pedaqoq kimi çıxış edir. Bu isə həqiqətən də əhəmiyyətli məqamdır!
Bildiyimiz bir gerçəklik də var ki, məsafədən təhsil müəllimlə şagirdin canlı ünsiyyətini əvəz etməyəcək! Əlbəttə, məktəblər yenidən açılacaq, uşaqlar doğma məktəb divarları arasına, öz siniflərinə qayıdacaq, əziz müəllimləri ilə birlikdə dərslərinə davam edəcəklər: daha həvəslə, daha maraqla, həm də təcrid rejimində qazandıqları yeni bacarıqlarla. Onlara məktəblə qovuşmağı, təhsildə uğurlar qazanmağı arzulayırıq!
Oruc MUSTAFAYEVшаблоны для dle 11.2