Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadın təhsili və qadın azadlığı məsələsi

 

Nübar İsazadə,
ADPU-nun Ümumi pedaqogika kafedrasının laborantı

Azərbaycan tarixinin milli dövlətçilik ənənələrinə əbədi imzasını qoymuş Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk andan etibarən məktəb və maarif sahəsinə diqqət yönəltməklə milli istiqlala gedən yolun buradan başlamasının vacibliyini dövlət məsələsi kimi qarşıya qoydu. Ümummilli lider Heydər Əliyev bu xüsusda demişdir: «Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində - XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları, xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhvali-ruhiyyəsi və bunların hamısı məntiqi olaraq Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır».

XX əsr Azərbaycan dövlətçilik ənənələrinə əvəzolunmaz xidmətləri ilə daxil olaraq, irsimizdə “Birinci Respublika” adını doğruldan ADR öz qısamüddətli fəaliyyəti döv­ründə tarixi vəziyyətin çətin olmasına baxmayaraq, qadın hüquqlarının qorunması məsələsinə ciddi mövqedə yanaşmış və qadın təhsilinə hər zaman qayğı göstərmişdir. Mövcud olduğu dövrün ictimai-iqtisadi və siyasi çətinliklərinə baxmayaraq, bütün səylərini ümummilli problemlərin həllinə yönəltmiş Azərbaycan Xalq Cümhuriyyəti maarif, mədəniyyət və təhsil sahəsindəki islahatların həyata keçirilməsində qadınların təhsili, cəmiyyətdə əhəmiyyətli möv­qe tutmalarını və kişilərlə bəra­bər hüquqlara sahib olmalarını diqqət mərkəzində saxlayırdı.
1918-ci il may ayının 28-də Milli Şura tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranması elan edilməklə bərabər, həm də “İstiqlal Bəyanna­məsi” qəbul edildi. De­mokratik dövlətin daxili və xarici siyasətini, fəaliyyəti üçün vacib olan məsələləri əks etdirən bəyannamədə dövlətin bütün vətəndaşlara qarşı humanist mövqeyi belə ifadə olunurdu: Azərbaycan Demok­ratik Respublikası öz sərhədləri daxilində milliyyətindən, sosial vəziyyəti və cinsindən asılı olmayaraq, bütün vətəndaşlara vətəndaşlıq və siyasi hüquqlar təmin edir.
Seçkilərdə cinsindən, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların iştirak etmək hüququna malik olması Azərbaycan qadınları qarşısında yeni üfüqlər açdı. Beləliklə, Azərbaycan qadını islam aləmində ilk dəfə olaraq seçib-seçilmək hüququna malik oldu. Azərbaycan Xalq Cümhuriy­yəti tərəfindən Azərbaycan qadınına verilən bu bərabərliyə nəinki Şərq ölkələrinin böyük əksəriyyəti, həm də Avropa dövlətləri həsəd apara bilərdilər.
Hər zaman qadın təhsili və qadın azadlığı məsələsinə xüsusi diqqət yetirən Azərbaycan Xalq Cümhuriyyəti qadınların kişilərlə bərabər təhsil almasına geniş imkanlar yaradaraq istər qadınlar üçün pedaqoji kurslarda, istərsə də qadın gimnaziyalarında azərbaycanlı qızların təhsili üçün hər cür şərait yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti qadın təhsili sahəsində həlli vacib olan bir sıra vəzifələrin həyata keçirilməsi işinə başladı. Təhsil sisteminin milliləşdirilməsi ilə əlaqədar Bakı Marinski Qadın gimnaziyası, I, II, III Müqəddəs Nina gimnaziyalarının adlarını milli qadın məktəbləri ilə əvəz etdi. Maarif Nazirliyi Balaxanı Real məktəbini Qadın gimnaziyası ilə birləşdirməklə kişilərlə bərabər qadınların da maariflənməsinə şərait yaratdı və qadın təhsili sahəsində əhəmiyyətli addım atdı. Beləliklə, yeni tipli humanitar şöbədən ibarət qadın məktəbi yarandı.
Azərbaycan Xalq Cümhuriyyətinin ən böyük təşəbbüslərindən biri milli dildə təhsil və maarif sistemi qurmaq­la, qadınlar içərisində də milli kadr hazırlamaq işini təkmilləşdirmək məqsədilə qadın gimnaziyalarındakı vəziyyəti müzakirə etmək oldu. Çünki o dövrdə gimnaziyalarda tədris rus dilində həyata keçirilirdi və bunu da qeyd etmək lazımdır ki, cəmiyyətin inkişafı qadınların iqtisadi və mənəvi yüksəlişindan asılıdır.
Cəmiyyətdə kişilərlə bərabər hüquqlar alan Azərbaycan qadını üçün özünütəsdiqləmə dövrü başlandı və çox keçmədi ki, qadınlarımız təhsil sahəsində ciddi fəaliyyətə başladılar.
Qadın təhsilində və qadınların ictimai cəhətdən fəallaşması işində mütərəqqi addımlar atıb onların fəaliy­yətinə şərait yara­dan Azərbaycan Xalq Cümhuriyyəti qadın məsələsinin reallaşmasında dövrün patriarxal qanunlarını və adət-ənənələrini nəzərə alırdı.
Qadınların yeniləşən cəmiyyətə daha fəal qoşulmasına çalışan və bunun üçün hər bir imkandan istifadə edən Azərbaycan Xalq Cümhuriyyəti qadın tədris müəssisələrinin təlim-tərbiyə işlərini ciddi nəzarətə alaraq aşağıdakı vəzifələri qarşısına qoydu:
a Qızların əxlaq tərbiyəsinin istiqamətləri;
a Tədris kursunun formasını, həcmini və məzmununu müəyyənləşdirmək;
a Fənlər üzrə dərsliklər, dərs vəsaitləri və ədəbiyyat seçmək;
a Qızların əxlaqını və biliklərini qiymətləndirib sinifdən-sinfə keçirmək.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsil sahəsində həyata keçirilən bir sıra islahatlar bu sahədə qadın və kişi təhsili arasındakı fərqləri və ayrı-seçkiliyi aradan qaldırmağa yönəldilmişdi. Belə ki, qadın məktəblərinin tədris planlarında əsaslı dəyişikliklər edilməklə onlar kişi realnı məktəb və gimnaziyalarının tədris planlarına yaxınlaşdırıldı. Yeni tədris planlarına görə qızlar da oğlanlar kimi həm humanitar, həm də dəqiq elmləri öyrənməyə başladılar. Bundan əlavə, qadın gimnaziyalarında daha çox dünyəvi elmlərin tədrisi genişləndirilməklə burada türk dili, ilahiyyat, rəqs fənləri, qadın əl işləri, nəğmə, hüsnxət, təbiət, pedaqogikaya giriş, fransız və alman dilləri, həndəsə və hesab kimi fənlər keçilirdi. Qadınların bilik dairəsinin artırılması hesabına cinslər arasındakı fərqləri aradan götürməyə çalışan Azərbaycan Xalq Cümhuriyyəti bu sahədə əsas çıxış yolunu qadınların maariflənməsində görürdü.
Azərbaycan qadınına özünütəsdiq üçün real imkanlar açan Azərbaycan Xalq Cümhuriy­yəti dövründə ziyalı qadınlar da bu sahədə hökumətə yardım etməyə çalışırdılar. Onlar qızların təhsil almasına yardım etmək məqsədilə pedaqoji sahədə bilik və bacarıqlarını əsir­gəmirdilər.
Qadın və qızların ictimai həyata qoşulmasını sürətləndirmək və onlarda özlərinə inam yaratmaq işində 1917-ci ildən fəaliyyət göstərən qızlar üçün peşə məktəbləri aktuallıq baxımından yüksək qiymətləndiril­di və onların sayının artırılması məqsədəuyğun hesab edildi.
Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan tarixinə həyata keçirdiyi tədbirləri ilə qızıl hərflərlə həkk olundu, qadın hüquqlarının qoruyucusu kimi sivil millət olduğumuzu dünyaya bəyan etdi. Ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətini belə qiymətləndirmişdi: «Azərbaycan Xalq Cümhuriyyəti ölkənin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmişdir. Bu dövlətin qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iz buraxmışdır. Milliy­yətindən, siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq, bütün vətəndaşlara bərabərlik hüququnun verilməsi, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq sahələrində atılmış addımlar Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətini əks etdirən istiqamətlərdir... ».
Azərbaycan Xalq Cümhuriyyətinin qadın təhsili və qadın azadlığı ilə bağlı həyata keçirdiyi islahatlardan bəhs edərkən onun qurulmasında çox böyük rol oynamış M.Ə.Rəsulzadənin qadın azadlığı və qadın təhsili haqqında xidmətləri barədə vurğulamaq lazımdır.
XX əsrin əvvəllərində M.Ə.Rəsulzadə məqalələrində qadın işsizliyini sosial bəla kimi qiymət­ləndirmişdi. M.Ə.Rəsulzadə “Şər arvadlar” adlı publisistik məqaləsində işsizlik probleminə sosial-siyasi baxımdan qadına cəmiyyətdə alçaldan, onu lazımsız edən bir məsələ olaraq toxunur. İşsizliyi məhz qadına bənzədən M.Ə.Rəsulzadə işsiz qadını cəmiyyətin təhqir edilmiş anası kimi səciyyələndirmişdir.
Qadın hüquqlarının tapdalanmasını, onun alçaldılıb istismar edilməsini cəmiyyətin bəlası sayan M.Ə.Rəsulzadə “Türkiyədə qadınlar” əsərində bütün Şərq ailələrində qadınların düçar olduqları hüquqsuzluğu ümumiləşdirməklə diqqəti qadın diskriminasiyasına cəlb etmişdir.
  Qadınlara qarşı münasibətdə demokratik və humanist ideyaları əsas götürən M.Ə.Rəsulzadənin fəaliyyətinin uğurlu nəticələrindən biri AXC dövründə Şərqdə Azərbaycan qadınına ilk dəfə seçib-seçilmək hüququnun verilməsi təqdirəlayiqdir.  шаблоны для dle 11.2