Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

26 fevral Xocalı Soyqırımı Günüdür

   Xocalı qətliamı qan yaddaşımızdan silinməyəcək
   

 

  Xocalı faciəsi bir daha onu göstərdi ki, ermənilər Azərbaycanın təkcə torpaqlarına göz dikmək, ərazimizi qəsb etmək yox, xalqımıza qarşı soyqırımı törətmək kimi vəhşi bir yola düşmüşlər. Bu, Xocalı hadisələrində özünü açıq-aşkar büruzə verdi. O dəhşətli gecədə Azərbaycan xalqının ürəyinə bir süngü sancıldı. O süngü indiyədək bizi sızıldadır. Bu yara hələ sağalmayıb, bağlanmayıb. Bu yara qəlbimizdə həmişə olacaqdır. Qeyd etdiyim kimi, gecə vaxtı dinc əhaliyə hücum etmək, uşağı, qadını, qocanı, xəstəni vəhşicəsinə yerindəcə məhv etmək, öldürmək və onlara görünməmiş qəddarlıqla əzab-əziyyət vermək düşmənlərimizin nə qədər vəhşi olduğunu bir daha sübut edir.
Heydər Əliyev

Xocalı faciəsi iki yüz ilə yaxın bir müddət ərzində erməni millətçilərinin və onların havadarlarının xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamı və qanlı səhifəsi idi. Bu mənfur siyasət xalqımıza saysız-hesabsız müsibətlər və əzab-əziyyətlər gətirmişdir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Ermənilər təkcə XX əsrin son 90 ilində azərbaycanlılara qarşı 86 soyqırımı həyata keçirmişlər. Qəsbkar ölkənin silahlı qüvvələri 1991-ci il dekabrın 15-də Cəmilli, dekabrın 24-də Meşəli, dekabrın 28-də Kərgicahan, 1992-ci il yanvarın 18-19-da Nəbilər, fevralın 12-nə keçən gecə Malıbəyli və Quşçular kəndlərini yandırıb külə döndərdilər, dinc sakinləri isə qətlə yetirdilər. Fevralın 25-dən 26-na keçən gecə isə əsrin ən böyük faciəsi – Xocalı soyqırımı baş verdi. Bu soyqırımı Xatın, Sonqmi, Ruanda, Srebrenisa və Holokost faciələri ilə eyni sırada durur. Bu faciə tarixdə böyük rezonansa səbəb olmuş və dinc əhaliyə qarşı törədilən cinayət aktı kimi yaddaşlara həkk olmuşdur. Həmin gecə ermənilər Xankəndidəki Rusiyaya məxsus 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda 613 nəfəri vəhşicəsinə qətlə yetirdi, 487 nəfər yaralandı, 1275 nəfər əsir alındı. Əsir götürülənlərdən 150 nəfərinin taleyi indiyədək məlum deyil, 6 ailə məhv edildi, şəhər odlara qalanıb yandırıldı. 25 uşaq hər iki valideynini, 130 uşaq bir valideynini itirdi. Öldürülənlərin 106 nəfəri qadın, 83 nəfəri isə uşaq idi. Faciə nəticəsində şəhid olanların 335 nəfəri dəfn olunub. 56 nəfər xüsusi amansızlıqla və qəddarlıqla qətlə yetirilib.
Azərbaycan xalqına qarşı misli görünməmiş bu qanlı soyqırımı, kütləvi və amansız qırğın aktı erməni qəsbkarlarının Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəf götürmüş məqsədyönlü irticaçı siyasətinin növbəti heç bir miqyasa sığmayan ən qanlı səhifəsidir. Bu soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, küll halında bəşəriyyətə qarşı törədilmiş irimiqyaslı cinayət idi.
Ölkəmizin həmin o ağır vaxtlarında dahi şəxsiyyət, xalqını özündən artıq sevən, dünyaşöhrətli siyasətçi Heydər Əliyev respublika rəhbərliyində olsaydı, nəinki Xocalı faciəsinin, həm də bundan 2 il əvvəl  20 Yanvar faciəsi də baş verməzdi, eyni zamanda bundan sonra torpaqlarımızın 20 faizinin itirilməsi, bir sözlə, digər faciələr də, şübhəsiz başımıza gətirilməzdi.
Yeri gəlmişkən qeyd etməyə dəyər ki, erməni təcavüzü nəticəsində respublikamızın torpaqlarının 20 faizi işğal edilərək, 900 yaşayış məntəqəsi zəbt edilmiş, 4366 sosial oybekt, 690 məktəb, 280 uşaq bağçası, 862 klub, 932 kitabxana, 1831 kinoqurğusu, 855 məktəbəqədər müəssisə, 656 poliklinika, ambulatoriya, aptek və digər tibb müəssisəsi, 10 məscid dağıdılmış, Ermənistandan qovulmuş soydaşlarımızın 980 kəndi ələ keçirilmiş və bütün var-dövləti orada qalmışdır. Nəticədə respublikamıza təxminən 500 milyard ABŞ dollarından artıq məbləğdə ziyan dəymişdir.
Xocalı faciəsi nəticəsində respublikamızın flora və faunasına, bir sözlə, ekoloji durumuna ciddi zərər dəymişdir və bu zərər, vurulan ziyanın məbləği ilbəil, aybaay deyil, günbəgün artır.
Xocalı faciəsi 1993-cü ilin 15 iyun tarixində ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra öz siyasi-hüquqi qiymətini almışdır. Belə ki Azərbaycan Respublikasının Milli Məclisi 24 fevral 1994-cü il tarixli iclasında «Xocalı soyqırımı (genosidi) günü» haqqında qərar qəbul etmişdi. Qərarın 1-ci maddəsində göstərilirdi ki, 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisəsi hər il fevralın 26-da «Xocalı soyqırımı günü» elan olunsun və bu barədə beynəlxalq təşkilatlara məlumat verilsin.
Qeyd etmək lazımdır ki, Xocalı soyqırımına məruz qalmazdan əvvəl, yəni 1992-ci il fevralın 25-dən 26-na keçən gecəyə qədər artıq 4 ay idi ki, şəhər hər tərəfdən mühasirədə idi. Fevral ayının 13-də son dəfə Xocalıya çox az miqdarda ərzaq gətirən hərbi vertolyot düşmüşdü. Məhz həmin vertolyotla 80-nə yaxın qadın, kişi, xeyli sayda uşaq şəhərdən çıxarılmışdı.
Xocalı faciəsindən əsrin dörddə biri qədər – 25 il keçir. O dəhşətli, üzüntülü tarixdən bizi günlər, aylar, illər uzaqlaşdırsa da, həmin faciə xalqımızın qəlbində sağalmayan yaraya çevrilib. Nə qədər Azərbaycan xalqı var, qocaman tarix var, Xocalı qətliamı da o tarixdə əbədi qalacaq.
Xocalı faciəsi ərəfəsində həmin dəhşətlərin canlı şahidi olmuş bir neçə xocalılı ilə görüşdüm. Onlardan biri də 1960-cı il fevralın 1-də Xocalıda anadan olmuş, burada həyata göz açmış, Xocalının sadiq sakinlərindən biri, hazırda köçkün həyatı yaşayan 57 yaşlı Səriyyə Müslümqızıdır. Bu adı oxuculara təqdim etməyə, onun haqqında geniş danışmağa ehtiyac yoxdur. Səriyyə xanım ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş, bu faciəni ilk dəfə lentə alan Çingiz Mustafayevdən sonra ikinci şəxsdir ki, o müdhiş soyqırımı və həmin gecə qətlə yetirilən xocalılar barədə yazdığı 20 kitabda geniş məlumat vermişdir. Onun dediklərini, şahidi olduqlarını oxuculara təqdim edirəm.
- Xocalıda doğulmuşam. Elə valideynlərim, babalarım da bu qədim məkanda anadan olub, burada yaşayıb, ömürlərini burada başa vurmuşlar. Qısası, Xocalı mənim baba ocağımdır. Qəribədir ki, mən də faciə baş verən ayın 1-də Xocalıda həyata göz açmışam. Xocalının hər qarış torpağı, hər küçəsi, hər daşı, hər dalanı, hər cığırı mənə tanışdır. İndi məni aparıb Xocalının hər hansı bir küçəsinə qoysalar, gözüyumulu o məkanın adını dəqiq deyərəm. Xocalıda orta məktəbi, sonra da Xankəndidə Pedaqoji Universiteti bitirmişəm. 22 yaşında gənc müəllim olaraq Xocalının fidan balalarına dərs demişəm, onların vətənpərvərlik ruhda böyümələri üçün əlimdən gələni əsirgəmirdim, hər birinin qəlbinə yol tapmağı bacarır, hər birinin uğuruna sevinirdim. Onlar da məni çox sevir, xətrimi əziz tutur, müxtəlif suallarla mənə müraciət edir, hər sirrini mənə söyləyirdilər.
Xocalı faciəsi haqqında danışmaq mənim üçün çox çətindir. Bu gün Xocalı yoxdur, erməni vandalları onu viran qoydu, yerlə-yeksan elədi. Amma nə yaxşı ki orada baş verən hadisələri öz gözləri ilə görən şahidlər var. Nə yaxşı o torpaq uğrunda iş görən, ürəyi Vətən üçün çırpınan, Vətən üçün çalışan insanlar var. Xocalı haqqında çox danışılıb, çox deyilib. Deyilir, bundan sonra da deyiləcək. Mən də bir xocalılı kimi o dəhşətləri araya-ərsəyə gətirdiyim 12 kitabda əks etdirməyə çalışmışam, həmin kitablar xarici dillərə tərcümə olunub. Sənədli filmlərində Xocalı qətliamı barədə, faktlar əsasında fikrimi söyləmişəm, hələ söyləyəsi çox sözüm var, sağlıq olsun.
Onu da söyləyim ki, 1988-ci ilə qədər Xocalının 7 min əhalisi var idi. 1998-ci ildən sonra Dağlıq Qarabağın digər kəndlərindən olan məcburi köçkünlər, eləcə də Qərbi Azərbaycandan və Özbəkistanın Fərqanə vilayətindən olan qaçqınlar Xocalıya pənah gətirdilər. Burada rahat yaşayır, zəhmətlə məşğul olurdular. Beləcə, Xocalının əhalisinin sayı 10 min nəfəri ötdü. Balaca bir kənd böyüdü, şəhər və rayon statusu aldı. Bu da əbədi düşmənlərimizi qıcıqlandırmağa başladı və onlar namərdcəsinə Xocalıya hücum edərək dinc əhaliyə ağlasığmaz divan tutdular, şəhəri viranəyə döndərdilər.
Məni dünyasını dəyişmiş və əsir-girov götürmüş uşaqların taleyi ən çox narahat etdiyi üçün növbəti bir kitabımı - «Onlar heç vaxt böyüməyəcəklər»i böyük bir ürək ağrısı ilə yazıb ərsəyə gətirdim. Kitab Xocalıda şəhid olmuş, əsir və girov götürülmüş, itkin düşmüş uşaqların taleyindən bəhs edir. Mən Xocalı şəhər 1 nömrəli orta məktəbdə müəllim işləmişəm. Şagirdlərimin 5 nəfəri XI sinifdə oxuyurdu. Mən onların sinif rəhbəri idim. Onu da vurğulayım ki, Xocalı 4 il idi ki, mühasirə şəraitində yaşayırdı. Ona görə həmin gənclər təhsildən ayrılmadan həm də Xocalı özünümüdafiə batalyonuna yazılmışdılar. Xocalı hadisəsi zamanı da onlardan şəhid olan, girov götürülən, itkin düşən oldu. Həmin kitabı başa çatdırıb oxuculara təqdim etmək çox üzüntülü idi. Çünki onların hər birisini şagirdim kimi lazımınca tanıyırdım. Kitabın redaktoru da mərhum jurnalist Məmməd Nazimoğlu idi. Əsas məqsədim bir müəllim kimi dərs dediyim uşaqların qarşısında son borcumu yerinə yetirmək idi.
Onu da diqqətə çatdırım ki, fevralın 25-dən 26-na keçən gecə haqqında ətraflı bir məlumat yox idi. Çünki həmin gecə Kətik meşəsində jurnalist də yox idi. Həmin gecə mən anamı, yaxınlarımı itirmişdim. O vaxt Az.TV-nin müxbiri Allahverdi Əsədov mənə bildirdi ki, xarici jurnalistlər bir qrup yaradıblar – Xankəndiyə gedirlər. Təklif etdi ki, mən də onlara qoşularaq ora gedim, bəlkə yaxınlarımdan bir xəbər tuta bildim. Çünki onlar əsirlərlə də görüşəcəkdilər. Getdim. Qrupla görüşdüm. Amma bildirdilər ki, onlar dəstəni könüllülərdən yaradırlar, buraya azərbaycanlıları, yaxud hər hansı bir türkü daxil edə, onların təhlükəsizliyinə təminat verə bilməzlər.
Həmin müdhiş gecədə mən Rəfiqə anamı, əmimin 3 igid oğlunu – Etibarı, Sabiri, Mobili və bir xeyli yaxın qohumları itirdim. Əmimin oğlanlarından biri o vaxt Viktor Polyaniçkonun sürücüsü idi. Onu 1991-ci il noyabrın 1-də Əsgəranda öldürmüşdülər. Əmim də övladlarının dərdi ilə dünyadan köçdü. Mən bacımla böyük əzab-əziyyətdən sonra yarıcan vəziyyətdə Ağdama gəlib yetişə bildik, oradan da sonra Pirşağıdakı 2 saylı evtikmə kombinatında məskunlaşdıq.
Xocalı sakini, müəllim, ziyalı kimi bu şəhərdə yaşayanların demək olar ki, çoxunun adını və soyadını, ünvanını əzbər bilirdim. Xocalı faciəsi zamanı bir çox Xocalı ailəsinin neçəsinin öldüyü, neçəsinin itkin düşdüyü və ya girov götürüldüyünü söyləyə bilərəm. Məsələn, həmin faciədə Raya Kərim qızı Əbdülova ərini, ömür-gün yoldaşını itirmişdir. Yeri gəlmişkən onu da qeyd etməyə dəyər ki, 1992-ci il yanvarın 28-də Şuşa yaxınlığında vertolyot vurulandan sonra Xocalının başının üstünü qara buludlar almağa başlayır. Belə ki həmin vertolyotda şəhid olan 5 pilotdan biri də Raya xanımın bacısı oğlu Bəhram İsmayılov idi. Xocalının igid və dönməz, mərd oğullarından biri də Xocalı aeroportunun rəisi, Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyev idi. O, Xocalının belinin sütunu idi desəm, doğru olar. Əlif xocalıların himayədarı, köməkçisi, bir növ xilaskarı idi. Belə ki bu qorxmaz insan neçə-neçə qadını, uşağı, qocanı vertolyotla ən çətin məqamda Xocalıdan çıxarmışdı. Raya xanımın əri Yelmar 50-60 nəfəri maşınına yığıb yola salmaq üçün aeroporta aparmışdı. Ata 19 yaşlı oğlu Zahidi vertolyota mindirmək istəsə də, o, təkidlə Xocalını tərk etməyəcəyini, atasını qoyub getməyəcəyini bildirmişdi. Raya xanımgil də Xocalıdan çıxanların içərisində olurlar. Beləliklə, Rayagil şəhərdən çıxırlar, oğlu isə atası ilə birgə Xocalıda qalır, çünki onların hər ikisi Xocalı özünümüdafiə batalyonunda döyüşürdü.
Fevralın 25-dən 26-na keçən gecə rus ordusunun 366-cı motoatıcı alayı Xocalıya hücum etdi. Ermənilər dinc əhaliyə divan tutdular, tarixdə misli görünməmiş vəhşilik törətdilər. Heç kimə – nə uşaqlara aman verildi, nə qocalara, nə də qadınlara. Xocalıların bəzisi qarda, şaxtada donub gözlərini yumdu, çətinliklə, min bir əzab-əziyyətlə canlarını qurtaranlar isə sağlamlıqlarını itirdilər, çoxları həmişəlik şikəst oldu. Nə qədər də insan əsir götürüldü. Raya xanımın həyat yoldaşı Yelmar və oğlu Zahid də əsir götürülənlərin arasında olur. Onlar - 25 nəfər Xocalı özünümüdafiə batalyonunun döyüşçüsü fevralın 27-də sona qədər döyüşmüş, qeyri-bərabər döyüşdə ermənilər tərəfindən mühasirəyə alınaraq əsir götürülmüşlər. Ermənilərin əsirlərə işgəncələr vermələrini, qadın və qızlarımıza zorakılıq etdiklərini görən Yelmar dözə bilməyərək erməniləri rus dilində söymüşdü. Təhqir olunduqlarına dözməyən vəhşi ermənilər oğulun və başqa əsirlərin gözü qabağında Yelmarı güllələyirlər.
Sonralar həmin əsirlərdən geri qayıdanlar Zahidin əsirlikdə olduğunu söyləsələr də, amma ondan heç bir xəbər çıxmır. Ölümündən sonra isə Yelmar Əbdülov ulu öndər Heydər Əliyev tərəfindən «İgidliyə görə» medalı ilə təltif olunur.
Söhbətimizin sonunda Səriyyə Müslümqızına iki sualla müraciət etdim:
- Səriyyə xanım, Xocalı faciəsi ermənilərin bizə qarşı törətdiyi qanlı cinayətlərin bir epizodudur. Bu illər ərzində müxtəlif xarici səfərləriniz zamanı, yaxud mediada üzləşdiklərinizə əsasən tək-tək ermənilərin Xocalı hadisələrinə görə heç xəcalət çəkdiklərini, ya da hər hansı bir peşmançılıq keçirdiklərini hiss etmisinizmi?
- Çox maraqlı sualdır. Bildirim ki, tərif olmasın, gəncliyimdə çox fəal olmuşam, komsomol təşkilatı katibi kimi, eləcə də təhsil şöbəsində işimlə əlaqədar olaraq ermənilərlə çox təmasda olmuşam. Müəyyən bayramlarda, tarixi günlərin qeyd olunduğu tədbirlərdə bir yerdə təmasda olurduq. Hələ o vaxtlar hiss edirdim ki, onların bizə qarşı heç xoş niyyəti, doğmalığı olmayıb, çünki onlar çörəkləri dizi üstə olan məkrli insanlardır. Bütün tədbirlər erməni dilində keçirilirdi. Konfransların birində Dağlıq Qarabağ məsələsini ortaya atdılar. Biz bir qrup azərbaycanlı etirazımızı bildirərək ayağa qalxdıq. Onda bizə cavab verdilər ki, xoşunuza gəlmirsə, gedə bilərsiniz. Bilin: Qarabağ bizim olacaq, bu torpaq sizin deyil. Biz isə zalı tərk etdik.
Yaxud başqa bir misal. 1982-ci ildə mən məktəbliləri İrəvana ekskursiyaya aparmışdım. Kilsəyə girəndə gördüm ki, orada «erməni soyqırımı»nı təbliğ edən kitablar var. Kitabların birini götürüb vərəqlədm. Orada göstərilirdi ki, guya türklər erməniləri qırıblar, insanların kürəklərinə qaynar samovar bağlayıblar və s. hədyanlar. Ermənilər başqa cinayətləri kimi Xocalı hadisələrinin törədilməsinə çoxdan hazırlaşırdılar. Biz isə o zaman beynəlmiləlçilikdən dəm vururduq.
- Xocalı soyqırımının 25 illiyi tamam olur. Yenə müxtəlif idarə və müəssisələrdə tədbirlər keçiriləcək, müxtəlif layihələrdən söz açılacaq. Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması üçün uzun illər ərzində sanballı işlər ortaya qoyan Səriyyə Müslümqızının bu barədə təklif və tövsiyələri varmı?
- Doğrudan da nə üçün Xocalı ilə bağlı tədbirlər ancaq bu hadisələrin ildönümləri ərəfəsində keçirilir? Belə ki mən bəzən bir gündə 7-8 tədbirə dəvət alıram. Bəlkə bu tədbirlərin hamısını 26 fevrala salmayaq, Xocalı faciəsi zamanı həlak olanların hər birini müxtəlif günlərdə yad edək, Xocalının həqiqi qəhrəmanlarından danışaq?
Bu gün mənim və Xocalı uşaqlarının çiynində ağır bir yük var. Xocalı dərdini valideynlərimiz bizə ötürüb. Bu gün Xocalı uşaqlarının bircə arzusu, bircə ümidi var: Baba yurdumuza dönüb onun sönmüş ocağını yandıraq. Yandıraq ki, bir daha sönməsin. Bax, yalnız o zaman şəhid olmuş uşaqların nigaran ruhları şad olar…
İdris Hacızadəшаблоны для dle 11.2