Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Zəfər gününə bədii ədəbiyyatdan gedən yol


 
AYGÜN ORUCOVA, 
AMEA Naxçıvan Bölməsi, 
filologiya üzrə fəlsəfə doktoru, dosent

 
Hər bir xalqın bədii ədəbiyyatı onun həyatının güzgüsü, arzu və istəklərinin obrazlı ifadəsidir. Mütərəqqi ədəbiyyat çox zaman mənsub olduğu xalqın həyatının əks etdirməklə kifayətlənməyib, onun inkişafını əngəlləyən səbəblərə, problemlərə işıq salaraq onların aradan qaldırılması yollarını göstərərək bədii sözlə mübarizə meydanına atılır. Qələmlə mübarizənin ən mükəmməl nü­munələrini Azərbaycan ədəbiyyatının istənilən mərhələsində ədiblərimiz yaratmışlar. 
1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətinə gedən yol o dövrün bədii ədəbiyyatından və mübariz satirik “Molla Nəsrəddin” jurnalından keçmiş, ikinci dəfə Azərbaycanın SSRİ-nin tərkibindən ayrılması yenə 1980-90-cı illərin istiqlal şairlərinin və ədiblərinin yaradıcılıqlarının təsiri ilə baş vermişdi. Qətiyyətlə demək olar ki, sentyabr ayının 27-dən ermənilərin başladığı ağır artilleriya atəşlərinin qarşısını almaq məqsədilə edilən əks-hücumlarda qazandığımız zəfərləri tarixin səhifələrinə qeyd etdiyimiz bu gün müstəqillik dövrü ədəbiyyatımızın bütün ədəbi növ və janrlarının qəhrəmanlarının vətənlə bağlı yeganə arzusu olmuşdur. Düşmən tapdağı altında olan torpaqlarımızın sülh yolu ilə azad olunması, Şəhidlərimizin qanının yerdə qalmaması, onların nigaran ruhlarının rahatlıq tapması damarlarında azərbaycanlı qanı axan hər bir vətəndaşın olduğu kimi, hər bir ədəbi qəhrəmanın da ürəyinin diktə etdikləri olmuşdur. Fikrimizi təsdiq üçün Azərbaycan ədəbiyyatının müstəqillik dövründən yetəri sayda bədii nümunələrin adlarını qeyd edə bilərik. Lakin bu dövrün ədəbi nəsrinin iki tanınmış nümayəndəsinin iki hekayəsi ətrafında fikirlərimi bölüşmək istərdim. Bu əsərlərdən birincisi Azərbaycanın Xalq yazıçısı Hüseyn İbrahimovun (1919-2008) yaradıcılığının müstəqillik dövrü mərhələsinin şah əsəri “Ata, qız və bostonlu Franklin” hekayəsi və Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, filologiya elmləri doktoru, professor Akif İmanlının (1948) “Müharibə başlandı” novellasıdır. Ədəbi yaradıcılığa 1944-cü ildə “Ədəbiyyat qəzeti”ndə çap olunan “O, düşməndə qoymadı anasının qanını” adlı şeiri ilə başlayan Hüseyn İbrahimovun “Azərbaycan ədəbiyyatının hekayələrdən dü­zəldilmiş nəhəng boyunbağısına bəxş etdiyi mirvarilər” (Akademik İsa Həbibbəyli) içərisində müstəqillik döv­rünün gerçəkliklərini ifadə edən “Ata, qız və bostonlu Franklin” hekayəsi Xalq yazıçısının hekayə yaradıcılığında çatdığı ən yüksək zirvədir. Bir deyil, bir neçə ictimai-siyasi, mənəvi-əxlaqi mətləblərə (məcburi köçkünlük, ailə başçılarının itirilməsi səbəbindən maddi keçinməzlik, başqalarına əl açmağa məcbur qalınma, dünyada aparılan dırnaqarası siyasi islahatlar, vətənpərvərlik, halallıq, məişət çətinlikləri, düşmən tapdağı altında olan torpaqlarımızın azad olunması zərurəti və s.) toxunulan bu kiçikhəcmli hekayədə həm əsl ziyalı-pedaqoq, həm də əsl vətəndaş obrazı yaradılmışdır. Məktəbi özünə doğma ocaq, ev, şagirdlərini isə həqiqi övladlar hesab edən Kamran müəllim bütün həyatını gələcəyimiz olan şagirdlərə elm öyrətmək yolunda fəda etməyi özünə şərəf bilən, maddi çətinliklərin tədris prosesini ləngitməyinə im­kan verməyən, yaltaqlıq və mədhiyyəçilik kimi mənfi mənəvi keyfiyyətləri yaxına qoymayan, şagirdi Nurtəkinin rüşvət təklifindən mənəvi sarsıntı keçirən bir qəhrəmandır. Onun ən başlıca keyfiyyəti vətəni Azərbaycanı sonsuz məhəbbətlə sevməyi və onun dərdini öz ürəyində daim hiss etməyidir. Belə ki, Kamran müəllimin fikrincə, torpaqları, “qız-gəlinləri, körpələri düşmən əsarətində olan, irz-namusu düşmən tərəfindən tapdalanmış bir xalqın deyib-gülməyə, şənlənib-şadlanmağa haqqı yoxdur”. Şəhidlərimizin qisası alınacaq böyük intiqam gününü görməmiş Kamran müəllim canını Əzrayıla belə təslim etmək istəmir: “Bütün gücünü toplayıb əvvəlki sözünü təkrar etdi: “Yoxsa ölürsən, Kamran?!” Birdən elə bil səsi gücləndi: “Yox, yox!.. Sənin ölməyə haqqın yoxdu! Axı sənin hələ görməli günlərin qabaqdadı.. Sən böyük İntiqam gününü görməlisən... Şəhid cavanlarımızın, gözləri çıxarılan körpələrimizin, başı kəsilən qocalarımızın, namusu tapdalanan qız-gəlinlərimizin intiqamı alınacaq o günü görməlisən... Ölmə, Kamran, ölmə!””. Həyat yoldaşı itgin düşmüş, özü ilə balaca qız uşağını keçindirmək üçün dilənməyə məcbur qalan cavan gəlini görəndə ildırım vurmuş kimi silkələnən, dili tutulan, ehtiyat üçün yığdığı pulu sonuna qədər bu gəlinə versə də: “Qızım, çalış bir yerdə işlə ... bizim millətə dilənmək yaraşmır” -  deməsi də Kamran müəllimin vətənin ağrısı, acısını öz şəxsi kədəri kimi görməyinin nəticəsidir.         
Haqqında bəhs etmək istədiyim digər əsər isə 20 il bundan öncə qələmə alınmış Akif İmanlının “Müharibə başlandı” novellasıdır. Əsərin baş qəhrəmanı Murad müəllim vətənpərvər və açıqsözlü, son dərəcə mədəni, düşmənə nifrət edən, itirilmiş torpaqlarımızı geri qaytarmaq üçün müharibəyə qoşulmağa hər an hazır olan bir ziyalı obrazı kimi elə müəllif ideyalarının daşıyıcısıdır. Əsər həm gözlənilməz nəticə ilə qurtarması, həm də maraqlı süjet xəttilə seçiləndir. Düşmən onun xalqına qarşı necə amansızdırsa, Murad müəllim də eyni dərəcədə amansız olmaq gərəkdiyini düşünür. Əsərin əvvəlində həyat yoldaşı Xədicənin telefon zənginə cavab verən Murad sonda da həmin telefon zəngini bitirir. Bütün hekayənin əhvalatları, hadisələri də bu telefon zəngində nəql olunur. Xədicə xanımın tamamilə başqa məzmunda olan xəbərini müharibənin başlanması xəbəri kimi eşitməsi Murad müəllimin uzun zamandan bəri bu xəbəri gözlədiyinin nəticəsidir. Məşhur atalar məsəli “Karın könlün­dəki”ndə olduğu kimi. Düzdür, müharibə xəbəri heç bir xalqın arzusu, diləyi olmamalıdır. Lakin babalarının yadigarı və əmanəti olan, dilbər guşələri amansız düşmənin tapdığı altında inləyən bir vətənin igid oğulları üçün bu xəbər təbii bir həyəcanla qarşılanmalıdır və qarşılanır da. Müəllif ideyalarının daşıyıcısı olan Murad müəllimin bu xəbəri qarşılaması 30 ilə yaxın müddətdə bir xalqın münaqişənin sülh yolu ilə mümkün olmadığını anladığı andan gözlədiyi günün gəldiyi xəbərinin qarşılanmasıdır. Müəllif bu sevinc və təəssüf dolu həyəcanı bədii sözün gücüylə ifadə etməyə qadir olmuşdur: “Telefon dəstəyini götürməyi ilə həyəcanla qışqırmağı bir oldu: - Nə? Nə dedin? Müharibə başlandı?! Axır ki, … Televizordan eşitdin? Müharibə sözü adama ruh verir. Müharibədə qəhrəmanlıq var, müharibədə vətən torpaqlarını azad etmək var…Hərbi biletim, hə, biletim gərək ki, kitab rəfindədir. Bax gör biletim ordadır?”. Müharibə xəbərini eşidən kimi hərbi biletini axtarmağı yoldaşına tapşıran Murad müəllim ön cəbhəyə yola düşmək fikrində də qətidir. Adi həyatda qarışqanı belə tapdalamağa ürəyi gəlməyən Murad müəllim müharibənin qanunlarına əsasən düşmənə aman verməyi acizlik əlaməti, daha doğrusu vətənə xəyanət hesab edir. “Xalqın kədəri mənim kədərimdir” - fikrində olan Murad müəllim də, Şəmil müəllim də Xocalı faciəsini, Qarabağ dərdini hər an, hər saniyə içlərində yaşadıqlarından bu acı onlarçün hər zaman təzədir, sağalmayan bir yara kimidir. Bu yaraya məlhəm isə ədalətin bərpa olunması və vətən torpaqlarının geri qaytarılmasıdır. Dərs dediyi tələbələri də vətənpərvər, millət, dil sevgisi ilə tərbiyə edən Murad müəllim onları vətən yolunda hər an canını qurban verməyə hazır olan milli qəhrəmanlar kimi yetişdirir. Murad müəllim çox doğru olaraq bu qənaətdədir ki, bütün xalqı, milləti qəhrəman səviyyəsinə yüksəltmək müəllim və pedaqoqların başlıca vəzifəsi olmalıdır. Müəllif “Xocalının bizə nə dəxli?” - deyərək övladına toy şənliyi keçirən insanları qınaq obyektinə çevirir və o insanların vətən torpağında yaşamağa, onun havasını udub, suyunu içməyə mənəvi haqqı olmadığı fikrini ifadə edir. Professor Akif İmanlının 2013-cü ildə nəşr olunmuş hekayələr toplusunu bu hekayənin adı ilə adlandırması da, fikrimcə, təsadüfi deyil. 
Son olaraq onu qeyd etmək istərdim ki, Naxçıvan ədəbi mühitinin iki tanınmış nümayəndəsinin ictimai əhəmiyyətli hər iki kiçikhəcmli nəsr əsərində bütöv Azərbaycan dərdlərindən, Qarabağ və Xocalı faciəsinin ağrı-acılarından böyük ürək yanğısı ilə bəhs olunur və Qələbə gününə dərin inam hissi ifadə olunur. Biz də hər bir ürəyi vətən sevgisiylə döyünən sadə vətəndaş kimi Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman hərbçilərimizin göstərdikləri böyük şücaət və mübarizlik hissilə torpaqlarımızın işğaldan azad olunmasından doğan sonsuz sevincimizi ifadə edir, heç bir Puasız, tanksız, artilleriyasız dilbər guşəmiz Qarabağın ürəyi olan, ədəbiyyat, incəsənət, musiqi və qəhrəmanlıq beşiyimiz Şuşa şəhərini azad edən igid, qorxmaz qəhrəmanlarımızla, Qarabağımızın xilaskarı Ali Baş Komandanımızla qürur duyduğumuzu, fəxr etdiyimizi bildiririk!!!