Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

"Saf düşüncə möcüzə yaradır"

 

 
ADPU-da III Respublika oxuları keçirilib
Məlumdur ki, müasir təhsil sis­temi qarşısında duran ən mühüm vəzifələrdən biri  hərtərəfli inkişaf edən, milli-mənəvi  dəyərlərə sadiq, yüksək əxlaqlı vətəndaşlar yetişdirilməsidir.  Son illər   ölkəmizdə təhsilin məzmununun müasirləşdirilməsi  istiqamətində ardıcıl  layihələr, tədbirlər keçirilir ki, bu da qarşıda duran hədəflərə çatmaq üçün həyati əhəmiyyət kəsb edir.
Bu mənada iyunun 29-da  ölkəmizdə pedaqoji müəllim hazırlığında xüsusi rolu  olan Azərbaycan Dövlət Pedaqoji Universiteti və Respublika Humanist Pedaqogika Mərkəzinin birgə təşkil  etdiyi "Saf düşüncə möcüzə yaradır"  mövzusunda Humanist pedaqogika üzrə III Respublika oxuları   müəllimlərimiz,  pedaqoji ictimaiyyət tərəfindən maraqla qarşılandı.
 
"Mənəviyyat dünyasına baş vurmaq"
  ADPU-nun rektoru, professor  Cəfər Cəfərov tədbiri açaraq qeyd edib ki, müasir dövrün tələblərinə uyğun  bilik və bacarıqlara malik müəllimlərin yetişdirilməsi təhsilimizin qarşısında duran başlıca vəzifə kimi  "Azərbaycan  Respublikasında təhsilin  inkişafı  üzrə  Dövlət Strategiyası"nda   xüsusi  olaraq qeyd olunmuşdur.   Dövlət strategiyasında ikinci istiqamət olaraq təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi nəzərdə tutulur.  Bu istiqamət innovativ təlim metodlarının tətbiq olunmasına, təhsilin məzmununun səmərəliliyinin mənimsənilməsini  təbliğ edən səriştəli təhsilverənlərin formalaşdırılmasına xidmət edir və özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsini,  təhsilalanların uğurlarının qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulması,  şagirdlərin istedadlarının aşkar olunması və inkişafı  ilə bağlı,  xüsusi qayğıya  ehtiyacı olanlar üçün inklüziv  təlim metodlarının yaradılmasını  ehtiva edir.
Rektor qeyd edib ki, Humanist pedaqogika  üzrə oxuların keçirilməsində məqsəd də təhsilin, təlim-tərbiyənin nəzəri-metodoloji əsaslarını, innovativ  texnologiyaları,  təhsilin yeni məzmununu,  ailə və cəmiyyətin digər sosial institutların tərbiyə prosesində rolunun artırılması yollarını pedaqoji kadrlara aşılamaqdır.  Hədəflərdən biri də təhsilin yeni məzmununun reallaşdırılmasında mənəvi-əxlaqi dəyərlərin aşılanmasıdır. İstər müasir dünyada,  istərsə də müasir təhsildə humanist pedaqogika ideyalarının əhəmiyyəti  danılmazdır.
Rektor məlumat üçün bildirib ki, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi  tərəfindən 67,  sərbəst şəkildə Bakıdan  125,  Sumqayıt Şəhər Təhsil İdarəsindən 35,  Abşeron Rayon Təhsil İdarəsi tərəfindən 35,  Qobustandan bir neçə, Pedaqoji Universitetin  Şamaxı  filalından 25 nəfər olmaqla  toplam 300 nəfər iştirak edir.   Bu vaxta qədər ADPU-da  keçirilmiş humanist pedaqogikaya həsr olunmuş  tədbirləri xatırladan  rektor qeyd edib ki, "bu görüşlərin çox böyük faydası var.  Bu görüşlər hər birimiz üçün mənəviyyat dünyasına baş vurmaqdır".
 ADPU-nun rektoru C.Cəfərov  xatırladıb ki, 2014-cü il dekabrın 2-4-də Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil Problemləri İnstitutu tərəfindən “Mənəvi-əxlaqi tərbiyə şəxsiyyətin hərtərəfli inkişafının əsasıdır” mövzusunda birinci elmi-praktik konfrans və seminar keçirilib. 2016-cı il dekabrın 21-25-də ADPU-nun və universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecinin və Humanist Pedaqogika Mərkəzinin birgə təşkilatçılığı ilə “Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin inkişafı” mövzusunda ikinci beynəlxalq konfrans-seminar və I Respublika oxuları keçirilib. 2018-ci il martın 23-də ADPU-da “Beynəlxalq Assosiasiya” İctimai Birliyinin Humanist Pedaqogika Beynəlxalq Mərkəzinin, ADPU-nun və Humanist Pedaqogika Mərkəzinin birgə təşkilatçılığı və oxuların müəllifi, Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin fəxri prezidenti, Rusiya Təhsil Akademiyasının akademiki Şalva Amonaşvilinin iştirakı ilə “Ailə insan mədəniyyətinin beşiyidir” mövzusunda humanist pedaqogika üzrə 3 günlük XVII beynəlxalq oxular keçirilib. Tədbirlərdə respublikamızın və xarici ölkələrin humanist pedaqogika sahəsində çalışan tanınmış 320 alim-mütəxəssisi, gənc müəllimlər iştirak edib və bu oxuları çox yüksək qiymətləndiriblər. 2018-ci il iyunun 2-də ADPU-nun Şamaxı filialında 8 regionun 250 nəfər pedaqoji kadrının cəlb olunduğu humanist pedaqogika üzrə II Respublika oxuları keçirilib.  Bu tədbirlərdə təhsilin, təlim-tərbiyənin nəzəri, metodoloji əsasları, innovativ texnologiyalar, təhsilin yeni məzmunu, ailə və cəmiyyətin, digər sosial institutların tərbiyə prosesində rolunun artırılması yolları müzakirə edilib, yüzlərlə pedaqoji kadra müvafiq mövzularda yeni bilik və bacarıqlar aşılanıb. “Saf düşüncə möcüzə yaradır” mövzusunda humanist pedaqogika üzrə III Respublika oxuları da bu tədbirlərin davamıdır.

Təhsildə mərkəzdə kim dayanır?  
AMEA-nın müxbir üzvü, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev ölkədə təhsil sistemində aparılan islahatların uğurlu nəticələrindən danışıb.  O qeyd edib ki, artıq silsilə xarakteri daşıyan bu tədbirlərin Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilməsi olduqca böyük əhəmiyyətə malikdir.  Müstəqil dövlətimizdə yeni təhsil sisteminin yaradılması, islahatların aparılması və bu işdə yeni nəsil müəllimlərin hazırlığı işinin düzgün istiqamətə yönləndirilməsi ADPU-nun  bu sahədə respublikanın əsas elm və metodiki bir mərkəzə çevrilməsinə yönəlib. Bu sahədə universitetin əldə etdiyi gözəl nəticələr var, yanaşmalar var.  Bütün bunlar isə təhsil sahəsində müəyyən nailiyyətlərin əldə olunmasında  və eyni zamanda bizim, bütövlükdə cəmiyyətimizdə bu məsələyə münasibətin dəyişməsinə öz təsirini göstərməkdədir.  "Təhsildə mərkəzdə kim dayanır?  Tarix boyu bu məsələdə fərqli fikirlər bir-birini əvəzləyib. Amma əvəzolunmaz bir məsələ  var ki,  cəmiyyətin tərəqqisi,  inkişafı təhsillə bağlıdır.  Təhsil olmadan cəmiyyətin tərəqqisinə nail olmaq mümkün deyil. Məhz ona görə də  Azərbaycan dövləti    hər zaman, xüsusilə də bu gün ölkədə təhsilin inkişafına xüsusi önəm verir.  Artıq təhsillə bağlı qanunvericilik bazasının tam möhkəmləndirilməsinə nail olmuşuq". Bəxtiyar Əliyev vurğulayıb ki,  qanunvericilikdə istər məktəbəqədər təhsil,  istər orta, istər peşə təhsili və bütövlükdə təhsil sistemimizdə qırmızı xətlə bir fikir keçir -  təhsilalan təhsilin əsasında dayanır  və  elə bir fikir formalaşmamalıdır ki,   müəllimin rolu ikinci plana keçir.  Müəllimin rolu  daha da artır, müəllim peşəsinə verilən dəyəri daha da gücləndirir.  Ali məktəblərə qəbul imtahanlarında 500-dən artıq  bal toplayaraq müəllimlik ixtisasını seçənlərin sayı getdikcə artmaqdadır.  Bu cəmiyyətin müəllimə verdiyi qiymət, müəllim nüfuzunun artması və cəmiyyət üçün bu peşənin nə qədər vacib və əhəmiyyətli olduğunu bir daha  göstərir.
Yeni müəllimin formalaşması məsələsinin humanist pedaqogikada tənqidi təfəkürə malik təhsilin yaradıcı  imkanlarının aşkar olunması və  inkişafında mühüm əhəmiyyət kəsb etdiyini  deyən  natiq tədbirin  işinə uğurlar arzulayıb.

Təhsildə dəyişikliklər labüddür
Təhsil Nazirliyinin Təhsilin inkişafı proq­ramları şöbəsinin müdiri Emin Əmrullayev çıxışında təhsil sistemində tətbiq olunan yeniliklərdən bəhs edib.  Tədbirə dəvət olunduğun görə  təşəkkürünu çatdıran E. Əmrullayev çıxışında təhsilə dair müzakirələrin  hər zaman maraqlı olduğunu deyib.   Onun sözlərinə görə,  son 20-30 il ərzində texnologiyaların həyatımıza sürətli  müdaxiləsi  baş verib. Texnologiyalar həyatımızda sürətli dəyişikliklər  yaradıb. Buna  baxmayaraq, "2019-cu ilin sinif otaqları ilə  ötən əsrin 70-90-cı illərinin sinif otaqları  arasında böyük fərqi görməyəcəksiniz. Bunlar o deməkdir  ki,  təhsildə baş verən dəyişikliklər,  təəssüflər ki,  texnologiyalar sahəsində baş verən dəyişikliklərdən əsaslı şəkildə geridə qalır. Sual belədir: hər şey belə sürətlə dəyişirsə, təhsil niyə belə sürətlə dəyişməməlidir və dəyişikliyə qarşı  niyə müqavimət gös­tərməliyik?. Burada müqavimət sözü əsaslı sözlərdən biridir".  E.Əmrullayev bildirib ki, təhsildə dəyişikliklər labüddür,  hansı ölkələr, sistemlər bu dəyişikliyə daha açıq olacaqsa məhz onların iqtisadiyyatları daha davamlı olacaq.  "Deməyim odur ki, təhsildə baş verənləri müzakirə etmək və onlara qarşı açıq olmaq hər bir təhsil işçisinə  həmin sürəti tutmaq baxımından çox vacibdir.  İkinci məsələ odur ki, Azərbaycan PISA qiymətləndirməsində iştirak edir.  Tədqiqatda dünyanın əsasən iqtisadiy­yatları  inkişaf edən ölkələrinin iştirakı məcburidir.  Digər tərəfdaş ölkələr isə bu tədqiqatda könüllülük  əsasında iştirak edə bilir.  Tədqiqatda cəmi 80-ə yaxın ölkə iştirak edir, Azərbaycan da o ölkələrin arasındadır.  Bizim nəticələr o siyahının yuxarısında deyil, biz bunu bilirik.  Amma  tədqiqatda niyə iştirak edirik? Çünki dünya təhsilinin bir hissəsi olmaq istəyirik, harada olmasından asılı olmayaraq".   Şöbə müdiri qeyd edib ki,  tədqiqata cəlb olunan ölkələr üçün mühüm sual "Nəyi ölçürük" məsələsidir.   "Bir sıra ölkələri maraqlandıran əsas məqam hansı məktəbin şagirdinin riyaziyyatı  daha yaxşı bilir deyil, hansı şagird özünü məktəbdə xoşbəxt hiss edir  sualının cavabını axtarmaqdır. Yəni,   öyrədənin yox,  öyrənənin xoşbəxtliyi  daha vacibdir.  Öyrədən nə qədər çalışsa da,  əgər öyrənən bunu istəmirsə, onda öyrənmə baş vermir. Təhsilin əsas mahiyyəti öyrənmənin baş verməsidir. Əgər bu baş verirsə, deməli, təhsil var, baş vermirsə, demək təhsil də yoxdur. Ona görə də məktəb mühiti və  məktəbdə şagirdlərin özünü necə hiss etməsi təlimin qarşısında duran əsas vəzifələrdəndir.  Biz başa düşməliyik ki, çox şeylər, xüsusilə də müəllimlərlə bağlı məsələlər əsaslı şəkildə dəyişir".
E.Əmrullayev qeyd edib ki, müəllimin  müqəddəsliyi qalır, çünki bu dəyər məsələsidir.  O, Sinqapur  təhsil sistemini  örnək kimi göstərib. Sinqapurun təhsil standartları, kurikulumlarının əsasında dəyərlər durur,  bu dəyərlər aşağı siniflərdən formalaşdırılır. Bu ölkə məhz humanist dəyərlərdən irəli gələrək təhsilini  qurmaqdadır. Buna görə də dəyərlər ətrafında müzakirələr aparılmalıdır.

Texnoloji inkişaf  təhsilin önündə gedir
Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, dosent  Qulu Nov­ruzov qeyd edib ki, hələ 5 il əvvəl respublikada humanist pedaqogikaya dair fərqli  fikirlər, fərqli baxışlar, yanaşmalar,  hətta buna sekta kimi baxanlar da var idi.  Əslində isə humanist pedaqogika çərçivəsində ölkəmizdə həyata keçirilən tədbirlər nəticəsində pedaqoji ictimaiyyət humanist  pedaqogika ideyaları ilə  tanış ola biliblər.  Azərbaycan çox intensiv islahatlar dövrünü yaşayır. Bu, dünyada təhsil sahəsində gedən dəyişikliklərə adekvat olaraq verilən bir reaksiyadır. Təəssüflər olsun ki,  dünyada texnoloji dəyişikliklər təhsil prosesinin önündə gedir. Bu, təkcə Azərbaycanla bağlı olan proses deyil. Hətta ən inkişaf etmiş ölkələrdə belə texnoloji inkişaf  təhsilin önündə gedir.  "Təhsil elm və innovasiyaların yaradıcısıdır.  Amma təəssüflər olsun ki,  bəlkə də anormaldır,  artıq böyük təhsil tədqiqatçıları kitablar yazır, ali məktəbin rolunu arxa plana çəkirlər.  Bəziləri mükəmməl təhsil almanın bəlkə də o qədər  əhəmiyyətli olmadığına dair birmənalı qarşılana bilməyən fikirlər səsləndirirlər.  Lakin təhsilin fərqli bir missiyası da var".   Bu da  dəyərlərə söykənən yeni nəsil hazırlığıdır.   Ona görə də ərazisinin 20 faizi işğal altında olan ölkənin vətəndaşları olaraq  bizi "Bizim yetişdirdiyimiz nəsil hansı dəyərlərə sahib olmalıdırlar"  sualı  düşündürməlidir.   2014-cü ildə keçirilən ilk pedaqoji oxuda akademik, humanist pedaqogikanın banisi Ş.Amonaşvili 12 yaşlı işaqları göstərərək deyirdi ki, bu uşaqlar çox fərqli uşaqlardır, 5 il keçib, indi o uşaqlar ali məktəblərdə oxuyurlar.
 Q.Novruzov qeyd edib ki, əsas vəzifə cəmiyyət üçün yetkin, mənəvi, əxlaqi dəyərlərə,  milli və ümumbəşəri  dəyərlərə sahib vətəndaş hazırlamaqdır.  Bu cür tədbirlər isə məhz yetkin şəxsiyyətin formalaşmasına xidmət edir.
Tədbirdə  Azərbaycanda Humanist pedaqogikanın tarixinə dair 5 illik (2014-2019) xronikaya həsr olunmuş videoçarx nümayiş olundu.
 Sonra Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun "Sosiologiya və sosial psixologiya" şöbəsinin müdiri, fəlsəfə  elmləri doktoru, professor,  Əməkdar elm xadimi Rəfiqə Əzimova,  Humanist Pedaqogika üzrə Təhsil Müəssisələrinin Beynəlxalq Assosiasiyasının prezidenti,  Əməkdar müəllim Asif Cahangirov  çıxış edərək  tədbirin əhəmiyyətindən danışdılar.
Daha sonra   ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, professor  Fərrux Rüstəmovun  "Düzgün düşünmək böyük kəşf qədər əhəmiyyətlidir",  Təhsil İnstitutunun Psixologiya və yaş fiziologiyası şöbəsinin müdiri, professor Elxan Bəylərovun " Dəyərlərin dilemması",  ADPU-nun professoru Buludxan Xəlilovun "Ülvi düşüncənin formalaşmasında ədəbi-bədii materialların rolu",  professor Asif  Cahangirovun "Müqəddəs Qurani-Kərim və humanist pedaqogika",  Bakı Humanitar Kollecin direktor müavini Afaq Əliyevanın "Uşaqlara töhfəmiz, intellekt, ürək və düşüncə",  Respublika Humanist  Pedaqogika Mərkəzinin rəhbəri Riza Xəlilovun "Düşüncə kosmik fenomen kimi", BDU-nun professoru Mətanət Abdullayevanın "Şagirdi saf düşüncəyə necə yönləndirək?" mövzularında  ustad dərsləri dinlənildi.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olundu.
 
Oruc MUSTAFAYEVшаблоны для dle 11.2