Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Prezident İlham Əliyev Kürdəxanı qəsəbəsində istifadəyə verilmiş yeni yaşayış kompleksindəki uşaq bağçası və məktəbdə yaradılan şəraitlə tanış olub

 
Bakının Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi aprelin 5-də istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.
Sonra Prezident İlham Əliyev uşaq bağçasında yaradılan şəraitlə tanış oldu. Burada balacaların təlim-tərbiyəsi üçün bütün imkanlar var. 280 yerlik bağça uşaqların zöv­qünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin edəcək. Otaqlar və dəhlizlər uşaqların sevimli nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilib. Bağçanın yerləşdiyi ərazidə geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıq zolağı salınıb.
Daha sonra Şuşa rayon 7 nömrəli tam orta məktəbdəki şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, bu təhsil ocağı 560 şagird yerlikdir. Yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlıqları ilə diqqət çəkən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılıb. Məktəbin kompüter otağında şagirdlər informasiya texnologiyalarının sirlərinə yiyələnəcəklər. İdman zalı da zəruri avadanlıqla təchiz edilib və burada şagirdlərin bədən tərbiyəsi ilə məşğul olmaları üçün hər cür imkan var.
Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu sahə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir, doğma yurdlarından didərgin düşən soydaşlarımızın təhsilinin yüksək səviyyədə qurulmasına xidmət göstərir.