Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

2018-ci ilin Nobel mükafatları sahiblərinə təqdim olundu

  
Stokholm və Osloda təntənəli mərasimlər keçirilib

Dekabrın 10-da İsveçin və Norveçin paytaxt şəhərləri Stokholm və Osloda 2018-ci ilin Nobel mükafatı laureatlarının mükafatlandırılması mərasimi keçirilib. www.nobelprize.org saytının məlumatına əsasən, mərasimlər 1896-cı il dekabrın 10-da vəfat etmiş Alfred Nobelin anım günündə baş tutub. Alfred Nobelin vəsiyyətinə uyğun olaraq Stokholmda keçirilən tədbirdə fizika, kimya, fiziologiya və təbabət, iqtisadiyyat sahələrində mükafatlar təqdim olunub. Mərasimi açan Nobel Fondunun İdarə Heyətinin sədri Karl - Henrik Xeldin qeyd edib ki, elmi kəşflər üçün əlverişli şəraitin yaradılması vacibdir: "Elmdə sıçrayışlar, bu gün burada qeyd etdiyimiz kəşflərin oxşarı olanlar, əlverişli mühitin yaradılması, alimlərə müstəqilliyin, azadlığın verilməsi və uzun­müd­dətli maliyyələşdirmənin təqdim olunması nəticəsində mümkün olub. Belə yaradıcılıq mühiti ən müxtəlif istedadlar, təcrübə və mədəni ənənə­lər üçün, həmçinin gənc alimlərə fikir bildirməyə imkan verir", - deyə K.Xeldin bildirib.
Daha sonra İsveç Kralı XVI Karl Qus­tav Nobel mükafatı laureatlarına üzərində Nobelin təsvir olunduğu qızıl medal, diplom və 9 milyon İsveç kronu (təqribən 1,06 milyon dollar) pul mükafatı təqdim edib.
2018-ci ildə fiziologiya və tibb sahəsində Nobel mükafatına amerikalı Ceyms Ellison və yaponiyalı Tasuku Hondze layiq görülüblər. Onlar immunitet sisteminin mənfi fəaliyyətini dayandıraraq xərçəng xəstəliyinin müalicəsinin kəşfinə görə bu mükafatla təltif ediliblər. İqtisadiyyat üzrə Nobel mükafatı innovasiya, iqlim və iqtisadiyyat sahəsində tədqiqatlarına görə Vilyam Nordhaus və Paul Romerə verilib. Fizika üzrə Nobel mükafatı lazer fizikası sahəsində yenilikçi ixtiralara görə üç alimə - amerikalı Artur Eşkin, fransalı Jerard Moro və kanadalı Donna Striklanda verilib. Kimya sahəsində Nobel mükafatını amerikalı alim Frensis Arnold fermentlərin təkamülünə, Corc Smit və Qreqori Uinter isə faqotiv displey yaratdıqlarına görə alıblar.
2018-ci ilin Nobel Sülh mükafatı isə Norveçin paytaxtı Osloda sahiblərinə təqdim olunub. Mükafat hüquq müdafiəçisi Nadya Murada və konqolu cərrah Denis Mukvegeyə döyüşlər və silahlı münaqişələr zamanı cinsi zorakılığa qarşı mübarizədə göstərdikləri səylərinə görə verilib.
Mükafatlandırma mərasimində bütün laureatlara çıxış etmək imkanı da yaradılıb. Sonda Nobel mükafatı laureatları və qonaqlar üçün rəsmi bayram ziyafəti verilib. Stokholmun Konsert zalında keçirilən mərasimə 1500-dən artıq qonaq - laureatların ailə üzvləri, elm, mədəniyyət və siyasət nümayəndələri qatılıblar.
2018-ci ildə ümumilikdə 12 nəfər Nobel mükafatı laureatı olub. Bu il ədəbiyyat üzrə mükafat təsis olunmayıb. Ədəbiyyat üzrə Nobel mükafatının 2019-cu ildə veriləcəyi bildirilir.
  Qeyd edək ki, builki  laureatlar arasında ən qocamanı olan 96 yaşlı amerikalı fizik Artur Eşkin  səhhətinə görə İsveç paytaxtına gələ bilməyib. Onu  mükafatlandırma mərasimində oğlu  Maykl  təmsil edib.
 
  Oruc MUSTAFAYEV


Tarix: 10-01-2019, 15:11

Xəbəri paylaş