Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Görkəmli şəxsiyyətlərin həyatından

Lev Davidoviç Landau
(1908-1968)

XX əsrin dahi fiziklərindən biri. Bakıda anadan olmuşdur. Metalların elektron diamaqnetizmlik nəzəriy­yəsini yaratmışdır. Maye heliumun ifrat axıcılıq nəzəriyyəsini, zərbə dalğaları nəzəriyyəsini, ifrat gərginlik nəzəriyyəsinin şərhini vermişdir. Kvant elektrodinamikasının əsasını tədqiq etmiş, Fermi mayesi nəzəriyyəsini yaratmışdır. Maye helium sahəsindəki tədqiqatlarına görə 1962-ci ildə Nobel mükafatı almışdır.
1962-ci ilin 7 yanvarı - bazar günü Moskvada görünməmiş şaxta var idi. Bütün yol donmuşdu. Məhz bu gün Nobel mükafatı laureatı akademik L.D.Landau avtomobil qəzasına düşmüşdü. Uzunmüddətli müalicədən sonra, mayın 3-də onun əqli normallığını yoxlamaq üçün psixiatr dəvət edirlər.
Psixiatr Dauya (onu əzizləmək üçün belə müraciət edirlər) yaxınlaşıb tapşırıqlar verir:
- Xahiş edirəm, dairə şəkli çəkin!
Landau xaç şəkli çəkir.
- İndi xahiş edirəm, xaç şəkli çəkin!
Landau dairə şəkli çəkir.
Psixoloq soruşur:
- Niyə belə edirsiniz, professor, sizə nə deyirlər onu da çəkin.
- Əgər mən siz dediklərinizi çəksəm, onda siz mənim əqlimə şübhə edərsiniz.
***
Landau xəstəxanada olarkən hər gecə onun yanında növbətçi həkim və ya tibb bacısı olarmış. Bir dəfə ona növbə çəkən tibb bacısı gecə yarıya qədər oturduqdan sonra tez-tez əsnəməyə başlayır və nəhayət, dözməyib Landauya deyir:
- Lev Davidoviç, sizin gözlərinizdə heç yuxu əlaməti hiss olunmur, mən isə yuxudan ötrü ölürəm.
Landau deyir:
- Qəşəng qız, siz yatın, bir az istirahət edin, əgər adam gəlsə, tez mən sizi oyadaram, mən isə bir az fikirləşməliyəm.
...Deyirlər, həmin axşam Landau diamaqnetizmin temperaturdan asılılığı barədə fikirləşirmiş.
***
1962-ci ilin noyabr ayının 22-də hələ də xəstəxanada olan Landau yanına gələn yoldaşlarına deyir:
- Deyəsən. mən xəstəxanada yatmaqla axmaq bir rekord vurmuşam.
***
Noyabr ayının 25-də Landaunu yoxlamağa gələn məşhur sınaqçı - paraşütçü Yevgeni Andreyevin görünüşcə çox cılız adam olduğunu görüb deyir:
- Doğrudan qorxaqların qəhrəman görünüşü, qəhrəmanların isə qorxaq görünüşü olur.
***
1962-ci ilin noyabr ayının 2-də İsveçin o vaxtkı SSRİ-dəki səfiri Ralf Suman xəstəxanaya gəlib Landaunun Nobel mükafatına təqdim olunduğunu bildirib, onu təbrik edir.
Yeri gəlmişkən, Landau dünyada yeganə şəxs olub ki, Nobel mükafatı ona xəstəxanada verilib. O günlərdə Amerika jurnalı «Layor» çox sensasiyalı başlıqla - «Ölümdən sonra Nobel mükafatı» adlı məqalə dərc edib. Jurnal çox təəssüf edib ki, bu fəxri ad Landauya çox gec verilib.
***
1968-ci ilin 1 aprelində səhər-səhər halı pisləşən Landau ətrafındakılara deyib:
- Mən bu günü yaşamayacağam. Amma xoşbəxtəm ki, həyatda nəyi arzulamışamsa, ona da nail olmuşam...
Bu onun şon sözləri idi.
***
Landau xasiyyətcə çox səbirsiz adam olub. Hətta işlədiyi institutdakı kabinetinin qapısından zarafatla yazıb asmışdılar:
«Dau, ostorojno, kusaet!»
***
Landau başqalarının əməyinə çox böyük ehtiramla yanaşardı. Bir dəfə fiziklərdən biri başqa bir fizikin işləri haqqında çıxış edərək deyir:
- Bu sahədə görülən bu iş boş şeydir, burada heç bir yenilik yoxdur.
Səbirsiz Landau dözməyib yerindən deyir:
- Bu sözləri deməyə sizin haqqınız yoxdur. Heç olmasa ona görə ki, o, bu məsələnin həllinə zəhmət çəkib, siz isə bu məsələ barədə yanız fikir söyləyirsiniz.
***
Landau haqqında deyirdilər ki, sanki onun üçün heç bir fiziki problem yoxdur. Fiziklər bir dəfə yeni problemlə üzləşdikdə Landauya müraciət edib deyirlər:
- Lev Davıdoviç, biz bu məsələnin həllində yeni bir problemlə üzləşmişik. Bir baxın, - deyib fiziki formullar yazılmış vərəqələri ona göstərirlər.
Landau onların izahına qulaq asıb, heç vərəqələrə baxmamış deyirdi:
- Bəli, belə bir problem var, bu problemdə isə belə bir çətinlik var. Maraqlıdır, siz bu çətinliyin öhdəsindən necə gəlmisiniz? - deyib yenə də özünün dərin biliyi ilə ətrafdakıları heyran qoyarmış.
***
Məlum olduğu kimi, 30-cu illərdə İsveçrə ilə o vaxtkı SSRİ arasında diplomatik əlaqə yox idi. Həmin dövrdə L.D.Landau iki həftəliyə istisna hal kimi Sürixə gəlir. Sonra ezamiyyəti yenidən iki həftəliyə uzadırlar və bu iki həftələr düz bir ay davam edir. Bu dövrdə Landau Sürixin ən yüksək tələbə mükafatı olan Rokfeller mükafatı alır. Nəhayət, Landau SSRİ-yə qayıdır. Landaudan isveçrəlilər haqqında soruşduqda o belə deyir:
- Lenin İsveçrədə bir neçə il olub, ancaq inqilab edə bilməyib. İsveçrəlilər qorxurdular ki, mən bunu «iki həftəyə» edəcəyəm. Ona görə də mənə çox ehtiyatla yanaşırdılar.

P.L KAPİTSA
(1894-1992)

Rus fiziki, Petroqrad Politexnik İnstitutunu qurtarmış­dır. İoffenin kafedrasında, Rezerfordun laboratoriyasında işləmişdir. Əsərləri nüvə fizikasına, aşağı temperaturlar fizikasına, yüksək temperaturlar plazmasına aiddir. 1978-ci ildə aşağı temperaturlar fizikası sahəsindəki işlərinə görə Nobel mükafatı almışdır.
***
Bir dəfə Parisdə gəzən Kapitsaya bir neçə gənc yaxınlaşıb onu Parisin gecə klublarından birinə dəvət edirlər. Akademik Kapitsa qarşıda gedən ağsaçlı kişini göstərib deyir:
- O kişi, mənim atamdır, ondan icazə alın, icazə versə gedərəm.
Qarşıda gedən kişi isə sovet fiziklər məktəbinin yaradıcısı akademik A.İ.İoffe idi. Gənclər ona yaxınlaşıb:
- Müsyö, oğlunuza icazə verin bizimlə Parisin gecə klubuna getsin, orada onun üçün çox xoş olar.
İoffe cavab verir:
- Cavan oğlan, mən buna icazə verə bilmərəm. Çünki bu, oğlunu sevən atanın oğluna qarşı diqqətsizliyi olar. Biz ikimiz də indi tamam başqa kluba gedirik.
...Bu klub isə vaxtı ilə Mariya Kürinin işlədiyi Paris Radium İnstitutunun laboratoriyası idi.
***

Repressiyanın tüğyan etdiyi dövrdə Beriya Kapitsaya fizikanın başqa sahəsində çalışmasını tapşırır.
Kapitsa ona çox kəskin cavab verir:
- Mən partituradan başı çıxmayan dirijorun rəhbərliyi altında olan orkestrdə çala bilmərəm.
***
Kapitsa Londonda Kavendiş laboratoriyasında ingilis fiziki E.Rezerfordun yanında işləyərkən onun gözəl xasiyyəti barədə yazırdı ki, Rezerford saat 18.00-dan sonra heç kəsə işləməyə icazə verməzdi. Bazar günləri isə işləməyi tamam qadağan etmişdi. Mən bir dəfə bunun səbəbini soruşduqda o dedi: «Axşam saat 18.00-dək işləmək tamamilə bəs edər. Qalan vaxtı isə fikirləşmək lazımdır. Yalnız qabiliyyətsiz adamlar, çox işləyib, az fikirləşərlər».
***
  Rezerfordun Kavendişdəki laboratoriyasının əməkdaşları onu öz aralarında «timsah» ləqəbi ilə adlandırırdılar. Onun xasiyyəti barədə ən gözəl şagirdlərindən olan Kapitsa yazırdı: «Timsah» insanlara, xüsusən, şagirdlərinə böyük qayğıkeşliklə yanaşırdı. Hər yeni ideyanın, bu ideyanı irəli sürənin adı ilə adlandırılmasına çalışırdı. Onda qeyri-adi cəzbetmə qabiliyyəti var idi. Kim ki, onu bir dəfə dinləmişdi, istəyirdi ki, dəfələrlə ona qulaq assın. Bir dəfə mən məzuniyyət vaxtı da işləmək istədiyimi «Timsaha» deyəndə, o, qəti etiraz edib dedi ki, hər kəsin istirahət hüququ var.


Tarix: 2-04-2018, 11:19

Xəbəri paylaş