Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

İnzibati idarəçilik sistemində elektron hökumətin tətbiqi xüsusiyyətləri

Xülasə. Müasir dövrdə bütün dünya ölkələrinin sosial-iqtisadi inkişafının təmin olunması və eləcə də idarə edilməsində informasiya amili mühüm rol oynayır. İnformasiya cəmiyyətinin formalaşması informasiya iqtisadiyyatının yaranmasına gətirib çıxarır. Və beləcə İKT-nin sürətli inkişafı hər bir dövləti informasiya cəmiyyətinin tələblərinə cavab vermək üçün idarəetmə sistemlərinin  elektron­laşdırılmasına məcbur qoydu. Bununla da aktual problem hesab edilən elektron­laşma üzrə artıq ölkəmizdə də genişmiqyaslı işlər görülmüşdür. Artıq Respublikamızda bir sıra xidmət mərkəzləri yaradılmış və sözsüz ki, ölkənin sosial-iqtisadi inkişafı məqsədilə atılan bu addımlar günümüzdə öz əksini tapmaqdadır.
Açar sözlər: informasiya amili, informasiya cəmiyyəti, İKT, elektronlaşma, e-hökumət.
Abstract. In the modern world, the knowledge factor plays an important role in the recovery and management of the sociopolitical thinking of the world's tribes. The emergence of the knowledge collection enables the creation of knowledge economics. The rapid development of the BIT has forced each state to electronize its internal control systems to meet the needs of the data collection. At the same time, large-scale work is being done on the console of electronicization, which is a troublesome issue in our country. A number of service centers have already been established in the country, and these steps are being reflected in the social and economic revival of the country.
Keyword: information factor, information society, ICT, electronicization, e-government
Резюме. В современном мире фактор знаний играет важную роль в восстановлении и управлении социально-политичес­ким мышлением мировых племен. Появление коллекции знаний позволяет создавать экономику знаний. Быстрое развитие ИКТ заставило каждое государство электронизировать свои системы внутреннего контроля для удовлетворения потребностей сбора данных. В то же время ведется масштабная работа над пультом электроники, что является проблематичным вопросом в нашей стране. В стране уже создан ряд сервисных центров, и эти шаги находят свое отражение в социально-экономическом возрождении страны.
Ключевые слова: информационный фактор, информационное общество, ИКТ, электронизация, электронное правительство.
İnzibati idarəçilik sistemində elektron hökumət anlayışı
Dünyanın ən qabaqcıl inkişafa malik ölkələri – Yaponiya, ABŞ və Qərbi Avropa XX əsrin ikinci yarısından etibarən texnologiyaların ən yüksək dərəcəli inkişafı, iqtisadiyyatdakı çox yüksək quruluş dəyişiklikləri və müasir idarəetmə vasitələrinin tətbiqinin köməkliyi ilə mövcud olan sənaye mərhələsindən əsas informasiya mərhələsinə keçid edə bilmişlər. İlk olaraq XX əsrin 60-cı illərində “informasiya cəmiyyəti” ifadəsi Yaponiya və ABŞ-da  istifadə olunmuş və artıq son illərdə inkişaf etmiş ölkələrdə demokratiyanı daha da inkişaf etdirən bir amil kimi “Elektron hökumət” yaradılmışdır. “E-hökumət” - müasir İKT-nin istifadəsi əsasında Azərbaycan Respublikası ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara həmçinin, vətəndaşlığı olmayan şəxslərə dövlət orqanları tərəfindən informasiya və elektron xidmətlərin göstərilməsinə imkan yaradır. Belə şəraitin yaradılmasında əsas məqsəd məhz sosial xidmətin təqdimatında dövlət qulluqçuları və vətəndaşlar arasında mövcud olan “məsafəni” azaltmaq və eləcə də, bu münasibətlərin sadə və şəffaf olmasını təmin etməkdir. Bu məqsədlərə çatmanın əsas vasitələri isə dövlət orqanları tərəfindən e-xidmətlərin geniş tətbiqi, onların sayı ilə yanaşı keyfiyyətinin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsindən ibarətdir. Dünya ölkələrinin təcrübəsinə əsasən vətəndaşların dövlət qurumları ilə əlaqələrinin daha münasib formada təşkili üçün “bir pəncərə” prinsipi əsasında yaradılan və dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin toplandığı “Elektron hökumət” portalı  tətbiq olunur. Virtual məkanın, müasir texnologiyaların imkanlarından, dövlət orqanlarında informasiyalaşdırmanın yüksək səviy­yəsindən istifadə edərək ölkənin vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətcə yeni üsulda təqdim olunması məhz “E-hökumət” sayəsində baş verir. Xaraktercə əkslik təşkil edən ənənəvi və müasir hökuməti bir-birindən aşağıdakı xüsusiyyətlər fərqləndirir:
 Quruluş baxımından ənənəvi hökumət mürəkkəb, elektron hökumət isə strukturuna görə və proseslərin gedişinə əsasən tamamən sadə hesab edilir;
Ənənəvi hökumət “hakimiyyət vertikalının daha da möhkəmləndirilməsi”, e-hökumət isə mərkəzləşmə prinsipinə əsaslanır;
 Ənənəvi hökumət rəqəmlərdən ibarət hesabat kimidir, e- hökumət isə nəticəyə əsaslanan qiymətləndirmə;
Ənənəvi hökumət ənənəvi daxili proseslərə əsaslanır, e-hökumət müəyyən açıq bir sosial sistemə oxşar olur.
E-hökumətin strukturu dövlət və mövcud sosial qruplar arasındakı bir-birilə əlaqəli olan münasibətlərin ümumi növlərinin təsnifatından ibarətdir. Elektron hökumət cəmiyyətin 3 ən böyük seqmentinə, dövlət, vətəndaş və biznes əlaqələrinə ayrılır. Mövcud elektron hökuməti virtual bir-birilə qarşılıqlı münasibətlər matrisində aşağıdakı cədvəl formasında qeyd edə bilərik.                                                                    
Cədvəl 1. Virtual qarşılıqlı əlaqələr matrisində e-hökumət
Cədvəldən də görə bilərik ki, hökumət-hökumət (G2G) əlaqələrinə mövcud təşkilatlararası əlaqə; hökumət-vətəndaş (G2C) əlaqələrinə mövcud vətəndaşlarla dövlət arasındakı əlaqə; hökumət-biznes (G2B) əlaqələrinə mövcud dövlət orqanları ilə biznes arasındakı əlaqə; hökumət-III sektor (G2N) əlaqələrinə İKT-dən istifadə etməklə mövcud dövlət, qeyri-dövlət ictimai şirkətlərlə (NGO) müəyyən münasibətlərin qurulması; hökumət-biliklər (G2K) əlaqələrinə dövlətin elmi-biliklər sektoru arasındakı əlaqələr və s. daxildir.
İnzibati idarəçilik sistemində elektron hökumət infrastrukturunun əsas  komponentləri və üstünlükləri
“E-hökumət”in əsas fəaliyyət prinsiplərinə Azərbaycan Respublikasının mövcud olan qanunvericilik tələblərinə riayət edilməsi, informasiyalaşdırma sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dövlət-milli maraqların qorunmasının təmini, göstərilən xidmətlərin təhlükəsizliyi, istifadəçilərə təqdim edilən məlumatların tamlığı və həqiqiliyi və s. daxildir. E-hökumət infrastrukturu dövlət orqanlarının vahid şəkildə şəbəkə infrastrukturu, elektron hökumət portalı, elektron hökumət şlüzü, informasiya resursları və sistemlərinin hökumət reyestri, elektron imzaya görə milli infrastruktur, elektron sənəd dövriyyəsinə görə milli infrastruktur (hazırlanmaqdadır), elektron hökumət verilənlər mərkəzi (data-center) (hazırlanmaqdadır) və s. kimi bir sıra mühüm komponentlərə malikdir.
İnzibati idarə etmə sistemində e-hökumət layihəsinin əsas üstünlüklərinə aiddir:
• Hökumət üçün: müasir texnologiyanın tətbiqi ilə hökumət orqanlarının mövcud fəaliyyətinin səmərəliliyinin daha da artırılması, büdcə vəsaitlərinə daha çox qənaətin edilməsi, hökumət xidmətlərinin təqdim olunmasında vaxt və xərclərin azaldılması, dövlət qurumlarının vahid informasiya məkanının yüksəksəviyyəli təşkili və təhlükəsizliyinin təmini, hökumət və yerli özünüidarəetmənin daha da şəffaflaşdırılması.
• Vətəndaşlar üçün: vətəndaşların hökumət idarə etməsində fəal iştirakı, hökumət orqanları ilə təmaslarının daha da sadələşdirilməsi, daha münasib və çevik formada reallaşdırılması, informasiya tələbatının daha dolğun şəkildə ödənilməsi, məhdud imkana malik  olan insanların hökumət xidmətlərinə mövcud çıxışının olması.
• Biznes sektoru üçün: dövlət orqanları ilə səmərəli operativ formada əlaqə imkanlarının yaradılması və xərclərin azaldılması, iqtisadi aktivlik mövcud rəqabət qabiliyyəti və xarici bazarlara çıxış imkanlarının daha da artırılması.  
Azərbaycanda elektron hökumət quruculuğu
Ölkəmizdə “Elektron hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ hüquqi aktlarla fəaliyyəti üçün hüquqi baza yaradılıb. “Elektron hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə birgə işlər görülür və müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət həyata keçirilir. Artıq elektron imzaların istifadəsi üçün Milli Sertifikasiya Xidmətləri Mərkəzi yaradılıb, dövlət qurumlarının informasiya sistemləri arasında informasiya mübadiləsini təmin edən infrastruktur qurulub, həmçinin “Elektron hökumət” portalı hazırlanaraq istifadəyə verilib. Bütün dövlət qurumları bunlardan bəhrələnərək vətəndaşlara elektron xidmətlərin göstərilməsini təmin edə bilirlər.
Elektron hökumət bölməsində Azərbay­canda görülən bütün genişmiqyaslı işlər, 2005-2008-ci illərə görə “Elektron Azərbaycan” Dövlət Proqramı və 2010-cu ildə Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının müəyyən şəkildə inkişafına görə 2010-2012-ci illərdə Hökumət Proqramı (Elektron Azərbaycan) dilində reallaşmışdır. İlkin mərhələdə 2005-2008-ci illər üzrə hökumət proqramında ən vacib məqsəd Azərbaycan Respublikasının mövcud informasiya cəmiyyətinə keçidin təmini olmuşdur. Bu nəzərdə tutulan  proqram daxilində rabitə və mövcud informasiya texnologiyaları bazarında azad formada rəqabət mühiti yaradılmış, İKT-yə investisiyalar cəlb edilmiş, informasiya-kommunikasiya texnologiyaları bölməsində normativ hüquqi baza yüksək şəkildə təmin olunmuş, mövcud telekommunikasiya infrastrukturu müəyyən formada müasirləşdirilmiş, əhaliyə, müəssisə və mövcud təşkilatlara təsvir edilən rabitə xidmətlərinin müəyyən şəkildə kəmiyyəti və keyfiyyəti daha da yüksəldilmişdir.[1]
Dövlət idarəçiliyinin həyata keçirilməsində elmi cəhətdən əsaslandırılmış yeni siyasi yanaşmaların axtarışları və işlənib hazırlanmasının hakimiyyət və cəmiyyət arasında qarşılıqlı münasibətlərin yeni modelinin yaradılmasının ölkəmiz üçün mühüm praktik əhəmiyyəti vardır. Belə yanaşmalardan biri də ölkəmizdə 2005-ci ildə “Elektron Azərbaycan” Dövlət Proqramının qəbul edilməsidir. “E-Azərbaycan” Dövlət Proqramına uyğun olaraq “E-Hökumət”in formalaşdırılması məqsədilə 2005-2008 və 2010- 2012-ci illər üçün Tədbirlər Planının işlənib hazırlanması bu sahədə irəliyə doğru atılmış real addımlardandır. E-hökumətin yaradılması və inkişafı mürəkkəb bir proses olaraq, xeyli vaxt tələb edir. 2013-cü ilin ölkəmizdə “İKT ili” elan edilməsi bu sahədə qarşıda duran vəzifələrin həyata keçirilməsini əhəmiyyətli dərəcədə sürətləndirmişdir.
Elektron hökumətin inkişafına nümunə kimi hazırda ölkəmizdə operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıq prinsipləri əsasında fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərini qeyd edə bilərik.      
NƏTİCƏ
E-hökumət quruculuğunun mövcud strategiyasını, mərhələlərini, e-hökumətin strukturunu və onun inkişaf etmiş ölkələrdəki fəaliyyətini dünya təcrübəsinə görə təhlil edərək aşağıdakı nəticələrə asanlıqla gəlmək olar: 1.E-hökumət quruculuğu dinamik bir proses olub, bir sıra mərhələdə reallaşdırılır; 2.E-hökumət hökümət idarəçiliyində İKT-nin potensial üstünlüklərindən işlətməklə reformalar aparmağa şərait yaradır; 3.E-hökumət layihəsinin reallaşdırılması ənənəvi mövcud inzibati proseslərə aid olan çatışmazlıqları aradan götürməklə hökumət idarəçiliyini keyfiyyətcə müasir mərhələyə qaldırır; 4.Ənənəvi dövlət strukturu tərəfindən isə e-hökumətdə siyasi və inzibati komponentlər ayrılır; 5.Bu yuxarıda sadaladığımız komponentlərə görə dünya praktikasında e-hökumət quruculuğunun Qərb və Şərq modeli müəyyən şəkildə formalaşmışdır; 6.Hər bir mövcud ölkədə e-quruculuq üçün müəyyən mühüm şərtlərin olması vacibdir.

Zəminə Müzəffərli,
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik 
Akademiyasının İnzibati idarəetmə fakültəsinin magistr, I kurs tələbəsi

шаблоны для dle 11.2