Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“CODE FOR FUTURE”-ADNSU təhsil lahiyəsinin qapanış mərasimi keçirilib












İyunun 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU)  “CODE FOR FUTURE”-ADNSU təhsil layihəsinin (Alqoritmika İT kursları) qapanış mərasimi keçirilib.
Tədbirdə Təhsil naziri Emin Əmrullayev, ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Təhsil Nazirliyinin nümayəndələri, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. 
Tədbirdə öncə Alqoritmika İT kurslarının qısa icmalı haqqında videoçarx nümayiş olunub, layihənin ərsəyə gəlməsi haqqında iştirakçılara məlumat verilib. Bildirilib ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə fevralın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Alqoritmika İT kurslarının keçirdiyi “CODE FOR FUTURE” təhsil layihəsinə start verilib. IT kursları (bootcamp) Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində ADNSU-da 2021/2022-ci tədris ilinin yaz semestrini əhatə edib. ADNSU-nun texniki ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələrinin iştirak etdiyi kurslarda Veb-tərtibatçılıq və Sistem inzibatçılığı proqramı üzrə tədris aparılıb və layihə 298 tələbəni əhatə edib.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı qonaqları salamlayaraq layihənin tələbələr üçün önəmindən danışıb. Rektor, professor M.Babanlı bildirib ki, kurslara start veriləndə 700-dən yuxarı tələbə müraciət etmişdi, onlardan 298 nəfər layihədə iştirak etmək hüququ qazandı və 260 tələbə kursu artıq uğurla başa vurub. 
Universitetin əsas vəzifəsinin tələbələrə yüksək təhsil vermək və ixtisaslı mühəndis kadrlar hazırlamaq olduğunu qeyd edən rektor, professor Mustafa Babanlı tələbələrin ixtisasları ilə yanaşı, İT biliklərinin yüksək olmasının vacibliyini deyib. O əlavə edib ki, Veb-tərtibatçılıq və Sistem inzibatçılığını əhatə edən hazırkı layihə bu baxımdan tələbələr üçün çox əhəmiyyətlidir və onların gələcək fəaliyyətlərində öz müsbət təsirini göstərəcək. Rektor, professor M.Babanlı belə bir innovativ layihədə iştiraka və ADNSU-ya dəstəyə görə Təhsil Nazirliyinə xüsusi minnətdarlıq edib və bütün qalib tələbələri təbrik edib.
Təhsil naziri Emin Əmrullayev çıxış zamanı ölkəmizdə gənclərin hərtərəfli inkişafına, sağlam və təhsilli formalaşmasına xüsusi önəm verildiyini vurğulayıb. Nazir bildirib ki, bu gün dünyada, o cümlədən, Azərbaycanda rəqabət aparmaq, uğurlu nəticə əldə etmək üçün bilikli olmaq əsas şərtdir və təbii ki, biz belə layihələrə önəm verməklə tələbələrin daha da hazırlıqlı olmasına, onların mövcud bazar iqtisadiyyatına və tələblərə uyğun formalaşmasına dəstək veririk. 
Nazir Emin Əmrullayev onu da bildirib ki, savadlı mühəndis kadr olmaq üçün hər bir tələbə texniki və riyazi biliklərlə yanaşı, İT sahəsində də kifayət qədər məlumatlı olmalı, sürətlə yenilənən texnoloji dəyişiklikləri vaxtında əxz etməlidir. Nazir kursu uğurla bitirən tələbələri, həmçinin, universitet rəhbərliyini təbrik edib. 
Sistem inzibatçılığı kursu üzrə təlimçi Zeynal Xıdırov və Veb proqramlaşdırma kursu üzrə təlimçi Sevda Hüseynova videotəqdimatla çıxış ediblər. Onlar tələbələrin çalışqan olduğunu və kurslarda böyük maraqla iştirak etdiklərini deyərək iştirakçılarla xoş təəssüratlarını bölüşüblər. 
Sonra Təhsil naziri Emin Əmrullayev, ADNSU-nun rektoru, professor Mustafa Babanlı Alqoritmika İT kurslarını müvəffəqiyyətlə başa vuran tələbələrə sertifikatlar təqdim ediblər. 
Tədbir konsert proqramı ilə davam edib.


Tarix: 17-06-2022, 14:00

Xəbəri paylaş