Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-nun rektoru universitetin tələbəsi, Avropa çempionatının qızıl medalını qazanmış Vəli İsrafilovu qəbul edib




İyunun 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı universitetin tələbəsi, Avropa çempionatının qızıl medalını qazanmış idmançı Vəli İsrafilovla görüşüb.
Paralimpiyaçı çempionumuz Vəli İsrafilov ötən ayın 19-da Portuqaliyanın Madeyra şəhərində keçirilən böyüklər arasında üzgüçülük idman növü üzrə Avropa çempionatının qızıl medalına sahib olub. O, 100 metr məsafəyə brass üsulunda üzgüçülük yarışlarında 1 dəqiqə 4 saniyə nəticə ilə bütün rəqiblərini geridə qoyub. Beləliklə Vəli "Tokio-2020" Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.
Görüş zamanı rektor Mustafa Babanlı idmanda qazandığı bu uğurlara görə Vəli İsrafilovu təbrik edib. Bildirib ki, bu gün tələbəmizin beynəlxalq yarışlarda uğur qazanması, bayrağımızı uca tribunalarda dalğalandırması bizi çox sevindirir. Universitet olaraq təkcə elmdə, təhsildə yox, hər bir sahədə uğur qazanan gənclərimizin yanındayıq, onları dəstəkləməyə hazırıq. Gənc paralimpiyaçı çemipona gələcək təhsilində və idman karyerasında uğur arzu edən rektor Mustafa Babanlı V. İsrafilova hədiyyə təqdim edib.
Tələbə idmançı V. İsrafilov onu qəbul etdiyinə, həmçinin dəyərli tövsiyələrinə və xüsusi diqqətə görə professor Mustafa Babanlıya, eyni zamanda müəllimlərinə təşəkkürünü bildirib. Qarşıdakı hədəfə çatmaq üçün bu görüşün onun üçün xüsusi motivasiya olduğunu vurğulayıb.
Qeyd edək ki, Vəli İsrafilov Uşaq Paralimpiya hərəkatının üzvü olub və peşəkar karyerasını orada başlayıb. İndiyə qədər bir neçə beynəlxalq və yerli idman yarışlarının qalibi və iştirakçısı olub.