Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-100: Tədris ilinin yekunları müzakirə edilib




 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Elmi Şurasının 2019/2020-ci tədris ilində sonuncu onlayn iclası keçirilib.
İclasda çıxış edən universitetin rektoru, professor Mustafa Babanlı son günlər Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlərdə ordumuzun qüdrətinin bir daha təsdiq olunduğunu, ölkə vətəndaşlarının isə dövlət və ordu ilə həmrəylik və vətənpərvərlik nümayiş etdirdiyini vurğulayıb. Bəzi qüvvələrin Azərbaycan gənclərinin vətənpərvərlik hisslərindən sui-istifadə etmək cəhdini qətiyyətlə pisləyən rektor M.Babanlı belə halların ali məktəblərdə, o cümlədən ADNSU-da tələbələrlə tərbiyə işinin daha səmərəli şəkildə təşkilinin zəruriliyi faktını ortaya qoyduğunu qeyd edib.
Sonra iştirakçılar Azərbaycan ordusunun həlak olan zabit və əsgərlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Rektor Mustafa Babanlı ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin Baş katibi vəzifəsinə yeni təyin olunmuş Elizaveta Budanovanı Elmi Şura üzvlərinə təqdim edib.
2019/2020-ci tədris ilinin nəticələrinə dair hesabatla çıxış edən rektor COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimi şəraitində martın 3-dən etibarən respublikanın bütün tədris müəssisələrində təlim-tərbiyə prosesinin ənənəvi formatda dayandırılmasının ADNSU-nun planlarına təsirsiz ötüşmədiyini qeyd edib. O, ADNSU-da mükəmməl elektron universitet sisteminin və möhkəm material-texniki bazanın olması, son illər professor-müəllim heyətinin informasiya texnologiyaları biliklərinin inkişaf etdirilməsi sayəsində universitetin Təhsil Nazirliyinin dəstəyi ilə qısa müddət ərzində onlayn tədrisə başlamasının tədrislə bağlı planları yüksək səviyyədə həyata keçirməyə imkan verdiyini, elmlə bağlı işlərin isə nəzərdə tutulduğu miqyasda həyata keçirilmədiyini bildirib. Rektor 2020-ci təqvim ilinin sonunadək ADNSU-nun 100 illik yubileyi çərçivəsində keçirilməsi planlaşdırılan 3 beynəlxalq elmi konfransın bu sahədə irəliləyişə nail olmaq üçün gözəl imkanlar açdığını qeyd edib.
2019/2020-ci tədris ilinin yay imtahan sessiyasının nəticələri haqqında məlumat verən M.Babanlı bu prosesin ümumilikdə 46 min 764 tələbəni əhatə etdiyini və onlardan 28,79 faizinin “əla” qiymət aldığını söyləyib. O, cari tədris ilində bütövlükdə 2869 gəncin, o cümlədən bakalavriat təhsil pilləsi üzrə 2364, magistratura pilləsi üzrə 505 nəfərin məzun olduğunu qeyd edib.
Məzunların işə düzəlməsi məsələsinə toxunan rektor M.Babanlı bunun ADNSU-nun qarşısında prioritet vəzifələrdən biri kimi dayandığını, karantin rejiminə baxmayaraq universitetin bu sahədə müəssisələrlə əməkdaşlığının inkişaf etdirildiyini bildirib. Xatırladılıb ki, iyunun 11-də ADNSU-da keçirilmiş onlayn məzun-karyera sərgisinə 37 dövlət qurumu və özəl şirkət tərəfindən 217 vakant iş yeri təklif edilib. Yüzdən çox tələbə artıq işə qəbul üçün müsahibədə iştirak edib və onlardan 10 nəfərdən çoxu iş təklifi alıb. Sərgi çərçivəsində təqdim olunmuş career.asoiu.edu.az saytının daimi əsasda fəaliyyət göstərdiyini və burada mütəmadi olaraq yeni iş elanlarının yerləşdirildiyini qeyd edən rektor M.Babanlı pandemiya ilə əlaqədar işəgötürənlərin həssas dövr yaşamalarına baxmayaraq ADNSU-nun məzunlarını işə cəlb etməsini universitetin nüfuzu və məzunlarının əmək bazarında rəqabətqabiliyyətli olmaları ilə izah edib, tərəfdaş müəssisə və təşkilatlara dəstəyə görə təşəkkürünü bildirib.
Ötən müddət ərzində ADNSU-nun beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində də ciddi uğurlar olduğunu söyləyən rektor növbəti tədris ilindən hind mütəxəssislərinin süni intellekt, verilənlər bazası ilə bağlı onlayn formatda universitetdə tədrisə cəlb olunmasının nəzərdə tutulduğunu, Banqladeşdə ADNSU-nun filialının açılması ilə bağlı razılıq əldə olunmasını qeyd edib.
Bildirilib ki, 2020/2021-ci tədris ili üçün ADNSU-da magistratura təhsil pilləsinə 1042 nəfər qəbul olub (UFAZ 80 nəfər, MBA 116 nəfər, ADNSU 846 nəfər), onlardan artıq 953-ü qeydiyyatdan keçib.
Sonda rektor M.Babanlı karantin rejimi qaydalarına riayət etməyin vacibliyini vurğulayıb, professor-müəllim heyətinə tədris və elmi fəaliyyətlərində uğurlar arzulayıb. 


Tarix: 18-07-2020, 23:17

Xəbəri paylaş