Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Heydər Əliyev və Azərbaycan təhsili

                                     
         Azərbaycanın müasir tarixinin bir qərinədən artıq mərhələsi müdrik dövlət xadimi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dövlətçiliyinin müasir tarixinə öz adını əbədi həkk etmiş bu nadir tarixi şəxsiyyətin, fenomenal siyasi xadimin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir. Heydər Əliyevin siyasi və dövlət fəaliyyətinin ən böyük nəticəsi quruculuğuna bilavasitə rəhbərlik etdiyi və xalqımıza bəxş etdiyi mükəmməl milli dövlət, müstəqil Azərbaycan Respublikası hesab olunur.
 Hər bir xalqın milli azadlığa və dövlət müstəqilliyinə qovuşması üçün üç mühüm şərt - tarixi şans, milli iradə və liderə malik olması vacibdir. XX əsrin sonunda milli müstəqilliyə qovuşmuş Azərbaycan xalqı üçün tarixi şans keçmiş Sovetlər Birliyinin çökməsi oldu. Respublikamızda vaxtilə ümummilli lider Heydər Əliyevin böyük səyi və gərgin fəaliyyəti ilə yaradılmış və gələcək siyasi, iqtisadi və mədəni müstəqillik üçün formalaşdırılmış güclü infrastrukturun mövcudluğu və əhalidə formalaşmış müstəqil dövlətçilik əzmi milli azadlığı şərtləndirən iki mühüm amil oldu. Azərbaycan keçmiş SSRİ-də müstəqil dövlət kimi real yaşamaq imkanı olan bir neçə müttəfiq respublikadan biri idi. Müstəqilliyin əldə olunmasının, demokratik Azərbaycan dövlətinin qurulmasının, möhkəmləndirilməsinin digər mühüm şərti isə tarixi şəxsiyyət olan ümummilli lider Heydər Əliyev fenomeninin varlığı idi. Vaxtilə görkəmli ABŞ politoloqu Z.Bzejinskinin etiraf etdiyi «Hazırda Azərbaycanı idarə edə biləcək yeganə şəxsiyyət Heydər Əliyevdir!» həqiqəti bu gün bütün dünya siyasətçiləri tərəfindən də qəbul edilir. Keçən əsrin 90-cı illərinin əvvəllərində deyilmiş bu sərrast fikir son 10 ildə müstəqil Azərbaycana uğurla rəhbərlik etmiş ümummilli lider Heydər Əliyevin titanik siyasi və dövlətçilik fəaliyyətinin yekunları ilə dönə-dönə təsdiqlənir.
     Heydər Əliyevin bir qərinədən artıq siyasi və dövlət rəhbərliyinin real yekunu bu gün dünyada öz dəsti-xətti, öz mövqeyi, öz imzası olan müstəqil Azərbaycan dövlətinin qurulması, möhkəmləndirilməsi, beynəlxalq birlikdə özünə layiq yer tutmasıdır. 
  Fenomenal siyasi və dövlət xadimi kimi tarixə qovuşmuş Heydər Əliyevin dövlətçilik fəaliyyətinin elmi əsaslarla öyrənilməsi, Azərbaycan xalqının milli sərvəti, tükənməz xəzinəsi olan siyasi irsinin araşdırılması son dərəcə böyük nəzəri-siyasi və əməli əhəmiyyətə malikdir. Azərbaycan Respublikası müstəqilliyə qədəm qoyduğu vaxtlarda təhsil sahəsində böhranlı vəziyyətlə qarşılaşmışdı. Elm sahəsində çalışan ziyalılara, alimlərə qarşı, bütövlükdə elmə qarşı başlanmış təzyiqlər, elmi müəssisələrə ögey münasibət о vəziyyətə gətirib çıxarmışdı ki, Azərbaycanın elm məbədgahı olan Milli Elmlər Akademiyası, onun institutları bağlanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Təhsil sistemində də mənfi, dağıdıcı, depressiv, böhranlı tendensiyalar meydana çıxmışdı. Təhsilə dövlət qayğısı tamamilə unudulmuşdu. 1988-ci ildən Ermənistanın Azərbaycana qarşı torpaq iddiası ilə əlaqədar olaraq başlanan elan olunmamış müharibə nəticəsində torpaqlarımızın işğalı təhsil sisteminə də ağır zərbələr vurmuşdu. Dağlıq Qarabağ və onun ətrafındakı rayonların işğal olunması 220 körpələr evinin, 616 ümumtəhsil məktəbinin, 35 məktəbdənkənar tərbiyə müəssisəsinin, 11 peşə məktəbinin, 4 orta ixtisas məktəbinin, 1 ali məktəb filialının dağıdılması ilə nəticələnmişdi. Bununla yanaşı, 1988-ci ildən Azərbaycanda siyasi vəziyyətin gərginləşməsi, hakimiyyət uğrunda mübarizənin kəskinləşməsi təhsil sisteminə həm mənəvi, həm də fıziki zərbə vurmuşdu. 1993-cü ilin 15 iyunundan Azərbaycanda başlanan qurtuluş hərəkatı Azərbaycan təhsilini də böhrandan, uçurumdan, fəlakətdən qurtardı. Heydər Əliyevin hakimiyyətə xilaskar missiyalı qayıdışı ilə təhsildə tənəzzül, dağılma prosesi dayandırıldı. Təhsilin öz məcrasına düşməsi, onun inkişafı üçün əlverişli iqtisadi şərait, hüquqi, mənəvi-əxlaqi mühit yarandı. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən sosial-iqtisadi, ictimai-siyasi, mədəni və dövlət quruculuğunda baş vermiş dəyişikliklər təhsil sistemində beynəlxalq standartlara uyğun əsaslı islahatlar həyata keçirilməsini zəruri edirdi. Məhz Heydər Əliyevin 1993-cü ilin oktyabrında prezident seçilməsindən sonra təhsilin inkişafı onun ən çox diqqət mərkəzində olan məsələlərdən oldu. Bu diqqət və qayğı Prezidentin rəhbərliyi ilə işlənmiş Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır. Azərbaycan Respublikasının Konstitusiyası ilə onbirillik icbari təhsilə keçirildi. Azərbaycan vətəndaşlarının pulsuz ümumi orta təhsilinə dövlət təminatı verildi.
 Qeyd etmək lazımdır ki, müstəqillik dövründə təhsil islahatını həyata keçirmək üçün hələ əvvəlki dövrdə, xüsusən, ötən əsrin 70-80-ci illərində möhkəm təməl qoyulmuşdu. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin bir qərinədən artıq davam edən ölkəyə rəhbərlik, millətə liderlik fəaliyyətində təhsilə, elmə, mədəniyyətə, bütövlükdə xalqın intellektual səviyyəsinin yüksəldilməsinə qayğısı hər zaman üstün yer tutmuş, prioritet istiqamətlərdən biri olmuşdur. Əslində tariximizin son 33 illik milli intibahı mahiyyət etibarı ilə xalqın təhsillənmə səviyyəsinin yüksəlişi, fundamental elmin yaranması, milli mədəniyyətin tərəqqisi ilə sıx bağlı olmuşdur ki, bunların hamısı təhsil sisteminin və ondan səmərəli istifadə edilməsinin nəticəsində mümkün olmuşdur. Bu mənada təhsilin milli tərəqqidəki böyük rolundan danışarkən Heydər Əliyev deyirdi: «....təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkıl edir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı, Azərbaycanın elmi inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq...». Heydər Əliyevin keçən əsrin 70-80-ci illərində böyük uzaqgörənliklə həyata keçirdiyi təhsil, elm və mədəniyyət sahəsindəki uğurlu siyasəti, həqiqətən, bu gün müstəqil Azərbaycanın milli sərvəti olan zəngin aktual potensialının yüksəkliyində özünü göstərir və öz bəhrələrini verir. Əgər о illərdə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə təhsil muəssisələrinin zəngin şəbəkəsi yaranmasaydı, onların möhkəm maddi-texniki bazası qurulmasaydı, respublikadan kənarda Azərbaycan üçün yüksəkixtisaslı mütəxəssislər, xüsusən, milli hərbi kadrlar hazırlanmasaydı, elmi-tədqiqat institutlarında fundamental elmin inkişafı təmin olunmasaydı, şübhəsiz, Azərbaycanın bu gün müasir sivilizasiyaya cavab verən böyük elmi, milli təhsil sistemi və zəngin mədəniyyəti də ola bilməzdi. Müqayisə üçün deyək ki, təkcə Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsində, yəni 1969-1982-ci illərdə Azərbaycanın müxtəlif bölgələrində, şəhər və kəndlərində 350 mindən çox şagird yeri olan 849 ümumtəhsil məktəbi tikilib istifadəyə verilmişdi. Bu illərdə texniki-peşə təhsili məktəblərinin sayı 76-dan 184-ə, ali məktəblərin sayı isə 12-dən 17-yə çatdırılmışdı. Respublikadan kənarda Azərbaycan üçün təhsil almağa göndərilənlərin sayı 1969-cu ildəki 47 nəfərdən, 1975-ci ildə 14 dəfədən çox artaraq 700 nəfərə yaxın, sonrakı illərdə hər il 1000-1400 nəfərə yüksəlmiş, nəticədə о illərdə Azərbaycan üçün ən zəruri ixtisaslar üzrə 15 mindən artıq mütəxəssis hazırlanmışdı. Bu illərdə Azərbaycanda Elmlər Akademiyası böyük inkişaf yolu keçmiş, fundamental elmi araşdırmalar sahəsində 2280 elmi, elmi-texniki və xalq təsərrüfatı əhəmiyyətli nəticələr alınmış, xeyli yeni tədqiqat institutları yaranmış, Azərbaycan elmi keçmiş SSRİ-də öncül yerlərdən birinə yüksəlmişdi. Təhsil sahəsində о illərdə qazanılmış bütün bu böyük tarixi nailiyyətlər Heydər Əliyevin adı, ideyaları və titanik fəaliyyəti ilə bağlıdır. Bu mənada tam əsasla və böyük iftixar hissilə deyə bilərik ki, bu gün müstəqil Azərbaycanda təhsilin, elmin, bütövlükdə mədəniyyətin əsasları məhz о illərdə yaradılmış təməl üzərində yüksəlmişdir. Lakin təəssüflə bildiririk ki, Heydər Əliyevin müvəqqəti olaraq siyasi hakimiyyətdən uzaqlaşdırıldığı illərdə onun başladığı və uzun illər böyük uğurla həyata keçirdiyi mədəni quruculuq işlərində, о cümlədən, Azərbaycan təhsilində, Azərbaycan elmində sözün həqiqi mənasında tənəzzül, geriləmə prosesləri başlandı. Azərbaycan elmi və təhsili sahəsində formalaşmış mütərəqqi ənənələr unuduldu, Azərbaycandan kənarda Vətən üçün kadr hazırlığı kimi ümummilli işlərə son qoyuldu, elmə, maarifə, təhsilə dövlət qayğısı heçə endirildi, elmi müəssisələrin, təhsil ocaqlarının binaları hərraca qoyuldu. Elm, təhsil, mədəniyyət sahəsində uzun illər ərzində böyük zəhmətlər bahasına yaradılmış milli-mənəvi dəyərləri düzgün qiymətləndirməyən о zamankı respublika rəhbərlərinin səriştəsizliyi üzündən elm, təhsil, mədəniyyət kimi milli dəyərlərə böyük zərbə vuruldu, təhsilə, elmə maraq azaldı, ölkədən xaricə beyin axını gücləndi. Müstəqil dövlət quruculuğunun mühüm atributlarından və təsisatlarından olan təhsil, elm, mədəniyyət sahəsində Azərbaycan gənclərini milli vətənpərvərlik ruhunda tərbiyə etmək kimi tarixi missiyanı reallaşdırmaq üçün düşünülmüş tədbirlər təmin edilə bilmədi, aparılan «inqilabi» yeniləşmələr nəticəsində elmin, təhsilin inkişafına böyük zərbələr vuruldu. Ölkədə müstəqilliyin əldə olunması sayəsində geniş xalq kütlələrini bürümüş böyük ruh yüksəkliyi milli hərəkatın hərəkətverici qüvvəsinə çevrilmədi. Respublikada hələ təhsil konsepsiyası hazırlanmadan 1992-ci ildə 2-3 ay ərzində qəbul edilən və tələsik icrasına başlanan «Təhsil Qanunu» təhsil sahəsində əsaslı islahatlar aparmaq üçün stimuldan daha çox əngələ çevrildi, bir sıra həlli müşkül olan yeni problemlər yaratdı. Belə ki, həmin qanunda normativ xarakterli müddəaların olmaması, bir çox maddələrin bir-birinə zidd olması, real inkişaf prosesinin nəzərə alınmaması nəticəsində müəllimlərin sosial vəziyyəti daha da ağırlaşdırıldı, eyni zamanda sosial bəlaya çevrilmiş çoxsaylı qeyri-qanuni özəl təhsil müəssisələri açıldı. Həyat tezliklə bu qanunun dəyişdirilməsi zərurətini ortaya qoydu. Müstəqilliyin ilk illərində elm və təhsil sahəsini bürümüş böhran təhlükəli həddə  tənəzzül, dağılma, depressiya səviyyəsinə çatdı.
 Hələ 1970-80-ci illərdə həyata keçirilən və özünü doğruldan ümumi orta icbari təhsilin ölkənin iqtisadi durumunu nəzərə almadan «Təhsil Qanunu»nda 8 illik icbari təhsillə əvəz edilməsi orta təhsilə zərbə kimi və geriyə doğru addım kimi qiymətləndirilməlidir. Çünki ümumitəhsilin strukturunun dəyişdirilməsi və təhsilin məcmusunun zorla həmin struktura uyğunlaşdırılması heç bir qanunauyğunluğa əsaslanmırdı. Ona görə də bu struktur, hər şeydən əvvəl, təhsil islahatlarının aparılmasını ləngidirdi. Nəticədə ümumi təhsil geriləməyə başlamışdı. Azərbaycanda təhsilin düşdüyü böhran vəziyyəti və 1992-ci ildə qəbul olunmuş «Təhsil Qanunu» haqqında Prezident Heydər Əliyev deyirdi: «Heç vaxt yol vermək olmaz ki, on illərlə yaranmış şeyi bir gündə vurub dağıdasan, ondan sonra heç bilmədiyin yeni bir şey yaradasan. 1992-ci ildə qəbul olunmuş «Təhsil Qanunu» belə bir xarakter daşıyır. Ona görə mən deyiram ki, bu «Təhsil Qanunu» Azərbaycan təhsilinə böyük bir zərbə vurubdur».
Heydər Əliyev hələ keçmiş SSRİ-də Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi vaxtda təhsil işinə rəhbərlik edən görkəmli, səriştəli bir şəxsiyyət kimi tanınırdı. 1983-cü ildən 1988-ci ilədək SSRİ-də təhsil sisteminə rəhbərlik etmişdir. О vaxt Sovetlər İttifaqında təhsil sistemi üç nazirlikdən -  Maarif Nazirliyi, Аli və Orta İxtisas Təhsili Nazirliyi, Dövlət Texniki-Peşə Təhsili Komitəsindən ibarət idi. Keçmiş SSRİ-də «yenidənqurma» adlanan bir proses gedirdi. Özünəməxsus islahatlar aparılırdı. Məktəb islahatı da hazırlanırdı. Məktəb islahatı hazırlayan komissiyanın sədri Heydər Əliyev idi. Onun rəhbərliyi ilə komissiya ilyarım iş apardı. Layihə hazırlanandan sonra SSRİ Ali Sovetinin müzakirəsinə verilməzdən iki ay əvvəl ümumxalq müzakirəsi keçirildi.
Rəylər öyrənildikdən sonra ümumiləşdirilir. Komissiyanın sədri Heydər Əliyev SSRİ Ali Sovetinin sessiyasında bu məsələ haqda məruzə ilə çıxış etdi, geniş müzakirədən sonra təhsil islahatı üzrə müvafiq qərar verilmişdi. Buna görə də təhsil sahəsində böyük təcrübəyə malik olan Heydər Əliyev təəccüblənirdi ki, necə ola bilər ki, iki-üç ay içərisində «Təhsil Qanunu» kimi məsuliyyətli və dəqiqlik tələb edən bir qanun hazırlansın və qəbul edilsin. «Ona görə də, - mən bunu bizim təhsil işçiləri və cəmiyyətimiz üçün deyirəm, - 1992-ci ildə iki-üç ayın içərisində «Təhsil Qanunu» qəbul edib və onu icra edərək Azərbaycanın təhsilinə zərbələr vurmaq bu Azərbaycan xalqına qarşı cinayət etmək deməkdir». Azərbaycan Respublikası Prezidenti təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının 19 aprel 1999-cu il tarixli iclasındakı nitqində 1992-ci ildə təhsil sahəsində baş vermiş məsuliyyətsiz işlərə görə təəssüfləndiyini bildirirdi. Acı təcrübədən nəticə çıxarmağı məsləhət görür, təhsil sahəsində qəbul ediləcək qanunda və islahatlar proqramında da məsələyə çox dəqiq, həssas münasibət göstərilməsini tələb edirdi. Respublikamızda aparılan təhsil islahatları nəticəsində hazırda iki sektorda (dövlət və qeyri-dövlət) təhsil müəssisələri fəaliyyət göstərir. Azərbaycanın ali təhsil sistemində dünya standartlarına uyğun islahatlar həyata keçirilir. Ali təhsil sistemində təhsilin iki mərhələdə - bakalavr və magistr mərhələlərində aparılması mühüm yeniliklərdən biridir. Azərbaycan elminin, təhsilinin о illərdəki (1988-1992-ci illər) ağır, dözülməz vəziyyətini görmüş və yaşamış elm adamları, təhsil işçiləri, ziyalılar, müəllimlər taleyin hökmünə minnətdardırlar ki, elmin, təhsilin, mədəniyyətin böyük himayəçisi, əvəzsiz  maarifpərvər Heydər Əliyevin 1993-cü ilin iyununda yenidən Azərbaycanda siyasi hakimiyyətə xilaskar missiyalı qayıdışı ilə bütün sahələrdə olduğu kimi, elm, təhsil və mədəniyyət sahəsində də tənəzzülün, böhranın, dağılmanın qarşısı alındı. Heydər Əliyev tərəfindən belə bir konsepsiya, strateji xətt hazırlanıb həyata keçirilməyə başlandı ki, dövlətin, dövlətçiliyin təməl prinsipləri içərisində milli təhsil, bəşəri elm və milli mədəniyyət müstəsna yer tutur. Prezident Heydər Əliyevin milli müstəqillik, milli dövlət quraculuğu strategiyasında belə bir ideya əsaslandırıldı ki, dövlət müstəqilliyinin əbədiliyinin, vətəndaş cəmiyyətinin demokratik inkişafının magistral yolu mütləq və mütləq milli təhsildən keçir, təhsil dövlətin təməl ünsürü, millətin gələcəyidir. Buna görə də o, prioritet sahə olan təhsilə, elmə, mədəniyyətə qayğını dövlətin əsas strateji xətti kimi ön plana çəkdi.
        Qeyd etmək lazımdır ki, təhsilə, elmə, mədəniyyətə böyük qayğı Heydər Əliyev şəxsiyyətinin aparıcı əlaməti, onun daxili ziyalılığının, maarifpərvərliyinin mühüm təzahürü olub, xalqını, millətini sivil dünyanın inkişaf etmiş xalqlarından biri kimi görmək istəyinin parlaq ifadəsi idi. Azərbaycan təhsilinə, elminə, mədəniyyətinə böyük hörmətlə yanaşan Heydər Əliyev bu sahədəki böhrandan çıxmaq yollarını ətraflı araşdırmaq, ziyalılarla bu milli problemləri müzakirə etmək məqsədilə ilk olaraq 1993-cü il sentyabrın 21-də Azərbaycan MEA-da akademiyanın rəhbərləri, alimlərlə, ziyalılarla görüş keçirdi. Görüşdə qeyd edirdi ki, uzun müddət ziyalılarla görüşmək imkanından məhrum olduğu vaxtlarda da «Yalnız qəlbim, ürəyim həmişə Vətənlə, xalqımla və xalqımızın qabaqcıl dəstəsi olan ziyalılarla, onların yaradıcılıq işləri ilə bağlı olmuşdur». «Ziyalılarla görüşmək həmişə böyük bir bayram təsəvvürü yaradır. Mən həyatım boyu belə düşünmüşəm, belə fikirləşmişəm» - deyirdi.
      Dahi liderimiz Heydər Əliyev təhsilə verdiyi qiyməti bu cür ifadə edirdi: “Təhsil millətin gələcəyidir. Məktəb,maarif,təhsil işi ilə həmişə sıx bağlı olmuşam. Hesab edirəm ki,cəmiyyət haradan olursa- olsun,nədən olursa- olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu mənim prinsipial mövqeyimdir”.
 
Raqub Yunisov, 
Bərdə Dövlət İdarəetmə və Texnologiya 
Kollecinin əməkdaşı


Tarix: 9-12-2022, 15:39

Xəbəri paylaş