Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Məktəblilərin əməli fəaliyyətində texnologiyanın rolu

 
 
Şahrza Ağayev,
pedaqogika üzrə fəlsəfə doktoru, ADPU-nun dosenti, qabaqcıl təhsil işçisi  
 e-mail:  [email protected] 
 
Məqalədə texnologiya, müəyyən bir məqsədə çatmaq üçün tətbiq olunan texnika və biliklərin məcmusu olması; texnologiyanın insanların həyat tərzində real dəyişikliklər meydana gətirməsi; insanın bütün həyatı boyu istifadə etdiyi  əsas fəaliyyət növləri olan oyun, təlim və əmək prosesləri üzrə bacarıqlarda texnologiyanın rolunun aid edilməsi,elmi mahiyyətinə görə mövzunun nəzəri və praktik problemləri ilə səciyyələnməsi  məsələləri şərh olunur.
Bəşər tarixində insan fəaliyyəti bütün sahələr üzrə sadədən mürəkkəbə yönəlməsi tələbata uyğun olaraq texnologiyanın optimallaşması ilə mümkün olmuşdur. Texnologiya, müəyyən bir məqsədə çatmaq üçün tətbiq olunan texnika və biliklərin məcmusudur.  Yunan dilindən olub, "sənət elmi" kimi mənalandırılır.Müasir dövrdə daha çox istifadə olunan texnologiya sözü elm və mühəndisliklə əlaqələndirilir. Beləliklə, onun mənşəyini təyin edən müəyyən bir tarix yoxdur. Hər dövrün tarixi konteksti insanların yaratdığı texnologiyanı dərindən qeyd etmişdir. 
Təbii aləmi  başa düşməyi tədqiq edən sahə -elm və bunu  dəyişmək bacarığı-texnologiya əsrlər boyu dəyişikliyə məruz  qalmişdir. 
Texnologiya insanın bütün həyatı boyu istifadə etdiyi  əsas fəaliyyət növlərinə: oyun, təlim və əmək prosesləri üzrə bacarıqlar aid edilir. Elmi mahiyyətinə görə nəzəri və praktik problemləri ilə səciyyələnir.
 Fəaliyyətin bu növlərindən biri müəyyən yaş dövründə aparıcı olur. Digərləri isə köməkçi, yardımçı fəaliyyət kimi özünü göstərir.Məsələn,məktəbəqədər yaş dövründə oyun aparıcı fəaliyyət  növü hesab olunur. Müşahidələrdən aydın olur ki, bu dövrdə uşaqlar öz tələbatlarını əsasən oyunun köməyi ilə ödəyirlər. Onlar  öyrənir, həm də sadə özünəxidmət əməyindən istifadə edirlər.
 Məktəb yaşı dövründə  təlim fəaliyyəti aparıcı olur. Bu dövrdə şagirdlər hər növ fəaliyyət üzrə məşğələlərindən bacarıqla faydalanırlar. Sonrakı mərhələdə əmək fəaliyyəti əsas olsa da insanlar oyun və təlimdən inteqrasiya olunurlar.
Oyun, təlim və əməklə yanaşı olaraq ünsiyyət də  psixoloji ədəbiyyatda  əsas fəaliyyət növü kimi qeyd edilir. Həyatının bütün dövrlərində insanlar ünsiyyətə hədsiz tələbat hiss edir. Onlar qarşılıqlı informasiya mübadiləsi,  və  qavrama, anlama prosesini həyata keçirirlər. 
Fəaliyyət anlayışı hər zaman pedaqoji psixologiyanın ən aktual məsələlərindən biri olmuşdur. Tanınmış tədqiqatçılar J.Pyaje, A.Vallon və D.V.Elkonin bu sahədə xeyli araşdırma aparmışlar. Oyunu istiqamətləndirmə fəaliyyəti ilə əlaqələndirən D.V.Elkonin oyunu davranışın idarə edilməsinin inkişaf etdiyi və təkmilləşdirdiyi fəaliyyət kimi müəyyən edir.
Makarenkoya görə : “Böyüklərin həyatında iş nə qədər vacibdirsə, uşaq həyatında da oyun bir o qədər zəruridir”.
Oyun – elə fəaliyyət növüdür ki, onun nəticəsində heç bir maddi və mənəvi məhsul əldə edilmir. İşgüzar və quraşdırma oyunlarından başqa. Oyun ən çox əyləncə xarakteri daşıyır, istirahət məqsədi güdür.
Oyunun müxtəlif tipləri: əşyavi və süjetli; hərəki və didaktik; fərdi və qrup halında; rollu və qaydalı oyunlar mövcuddur.
 Əşyalarla əlaqədar olaraq aparılan oyunlar şagirdlərin həmin şeylərə münasibətləri ilə bağlı funksiyaları kimi çıxış etməyə başlayır.
Süjetli oyunlar müəyyən ssenari üzrə aparılır və bu zaman həmin prosesin əsas detalları əks etdirilir. 
Hərəki oyunlar bilavasitə hərəkətlərlə icra olunur. Bu cür oyunlar hərəki vərdişlərin inkişafına kömək edir.
 Didaktik  oyunlar öyrətmə xarakteri daşıyır. Məsələn, «nə yerini dəyişmişdir?», «səsindən tanı» kimi oyunların köməyi ilə uşaqlarda müşahidəçilik, dəqiq qavrama imkanları inkişaf etdirilir.
Oyunlar fərdi və qrup halında da aparılır. Fərdi oyun ancaq bir nəfər tərəfindən həyata keçirilir. Qrup halında oyunlarda isə bir neçə nəfər iştirak edir. 
Rollu oyunlar zamanı oynayan adam müəyyən rolu öz üzərinə götürür.Həmin rola uyğun hərəkət edir. Məsələn, uşaq müəllim, həkim,sürücü,rəngsaz rollarını oynayır. Öz oyuncaqlarına «dərs deyir», onları «müalicə» edir və s. Bu zaman uşağın işi istifadə etdiyi şeylərin xüsusiyyətləri ilə deyil, müəllimin, həkimin vəzifəsi haqqında təsəvvürlə idarə olunur.
Qaydalı oyunlar müvafiq qaydalara əsasən aparılır.  Oynayanlar bu qaydalardan kənara çıxa bilmirlər. Çox vaxt həyatda oyunun əşyavi-rollu, süjetli-rollu, süjetli-qay­dalı və s. kimi qarışıq formada aparılır.
 Oyun məktəbəqədər dövrdə aparıcı fəaliyyət növü olub texnologiyaya əsaslanaraq uşaqların fiziki və əqli inkişafında mühüm rol oynayır. M.Qorkinin qeyd etdiyi kimi, oyun uşağın yaşadığı və gələcəkdə dəyişdirilməli olduğu mühiti dərk etmə yoludur. Oyun uşağın tələbatını ödəməklə yanaşı, yaşlılarla ünsiyyət saxlamaq, həyatı başa düşmək, ətrafdakıları təqlid etmək imkanı yaradır.
Beləliklə bu yolla gələcək həyata hazırlaşmaq işində mühüm vasitəyə çevrilir.
Təlim fəaliyyəti -  öyrənənlərin nəzəri bilikləri və onlarla bağlı bacarıq və vərdişləri mənimsəmələrinə yönəldilmiş fəaliyyət növlərindən biridir.
Təlim insanın fəaliyyət və davranışını bəşəriyyətin ictimai təcrübəsini mənimsəməsinə yönəldən texnologiya olub fəal bir prosesdir. Təlim fəaliyyəti təkcə öyrənənlərdə bilik, bacarıq və vərdişlərin formalaşmasını təmin etməklə kifayətlənmir. Bu prosesdə onlarda psixi inkişafa, şəxsiyyətin formalaşmasına da əsaslı təsir göstərir. Təlim fəaliyyətinin başlıca xüsusiyyəti ondan ibarətdir ki, o, fərdin birbaşa psixi inkişafı vasitəsi kimi xidməti həyata keçirir.
 C.Bernal ovçuluqdan əkinçiliyə keçidi  təhlil edərək belə qənaətə gəlir ki, əmək  əkinçiliyə keçid sayəsində mümkün olur. Məqsədlə fəaliyyətin nəticəsi arasında dayanan əlaqələndirici vasitə, süni alətlər və bu alətlərdən istifadə vərdişləri ilk texniki nümunələr olmuşdur. Texnika insanla təbiət arasında qarşılıqlı münasibəti (məsələn, gözlük, mikroskop, teleskop, lokator, rentgen qurğusu və s.) vasitələndirməklə yanaşı, nitqlə birlikdə həm də biliklərin maddiləşməsi və ötürülməsinə xidmət etmişdir.
İnsan fəaliyyəti sistemində əmək xüsusi yer tutur. Əmək fəaliyyəti son nəticədə özünün məhsuldarlığı ilə fərqlənir. Əmək insan həyatının əsasını təşkil edir,ləyaqət və xoşbəxtliyin bünövrəsi onunla qurulur. Həyata yenicə qədəm qoyan, ətraf aləmlə, əşyalarla çox böyük maraqla tanış olan, hər bir şeyi öyrənmək həvəsində olan uşaqlarda əməksevərliyin inkişaf etdirilməsinə məktəbəqədər yaş dövründən başlanması zəruridir . Onların əmək fəaliyyətinin  əhatə dairəsi getdikcə genişləndirilərək mürəkkəbləşdirilir. Əmək uşaqlarda zəhmətsevərliklə yanaşı, dözümlülük, cəsarət, yoldaşlıq, dostluq, qayğıkeşlik, xeyirxahlıq, qeyrətlilik və vətənpərvərlik kimi əxlaqi keyfiyyətlər formalaşdırır. Ona görə də əməyin cəmiyyətdə rolunun nədən ibarət olmasının uşaqlara çatdırılması və onlarda zəhmətsevərlik hisslərinin aşılanması  mühüm vəzifələrdəndir. Düzgün təşkil olunan və məqsədyönlü həyata keçirilən əmək uşağın bütün şəxsi keyfiyyətlərinə müsbət təsir göstərir. Onun gələcək həyat yolunun müəyyənləşdirilməsində həlledici rol oynayır. Fiziki əmək orqanizmin fizioloji inkişafına,  mənəvi yüksəlişinə  təsir edir. İnsanın əzələlərinin, qan damarlarının və sinir sisteminin normal işlənməsini təmin edir. Uşaq şəxsiyyətinin inkişafı fəaliyyət prosesində təşəkkül tapır. 
Uşağa ünsiyətdə olanların təsiri əsas etibarı ilə oyun, təlim, əmək fəaliyyəti prosesində həyata keçirilir. Belə fəaliyyət prosesində uşaqlarda məsuliyyətli olmaq, özünə nəzarət, qarşılıqlı yoldaşlıq köməyi kimi keyfiyyətlər yaranır. Bu da onların  ləyaqətli şəxsiyyət kimi yetişmələrində öz təsirini göstərir. Əməksevərliyin inkişafına kiçik yaş dövründən başlamaq vacibdir. Çünki həmin keyfiyyətin tərbiyə olunmasının müvəffəqiyyəti bu dövrdən çox asılıdır. Məktəbəqədər yaşlı uşaqların əməyi özünəməxsus xüsusiyyətlərə malikdir. Onların əməyi çox vaxt oyunla əlaqədar olur. Bu özünü müxtəlif formada göstərir. Məsələn “Vaqon nəzarətçisi“ oyununda uşaqlar nəzarətçi rolunda sərnişinlərə mədəni xidmət edir. “Aşpaz“ oyununda aşpaz dadlı xörək bişirməyə çalışır. Kiçik qrup uşaqları isə oyun prosesində fiziki iş görmək zərurətini hiss edirlər. Əməyin oyunla əlaqələndirilməsi uşaqları müəyyən rolda çıxış etməyə (böyük qrup) və peşə nişanlarını daşımağa sövq edir (matros papağı qoymaq, yol qaydaları nişanları, bayraqcıq, fənər gəzdirmək və s.). Uşaqların fəaliyyətində tərbiyəçinin nəyi necə yerinə yetirmək haqqında göstəriş verməsi işin müvəffəqiyyətlə həyata keçirilməsi üçün çox əhəmiyyətlidir. 
Əməyə hazırlıqla əlaqədar söhbətdə zehni əməyi unutmaq olmaz. Çünki zehni əməyin də özünəməxsus spesifik bacarıq və vərdişləri mövcuddur. Məsələn: şeir yazmaq, şəkil çəkmək, musiqi bəstələmək,elmi tədqiqat işi, dərsə hazırlaşmaq, dərs təşkil edib keçirmək və s. fəaliyyət növləri zehni əməyə aiddir. Onların hər birini səciyyələndirən bir sıra bacarıq və vərdişlər var. Bu cür bacarıq və vərdişlərin gənc nəslə aşılanması da əməyə əməli şəkildə hazırlığın tərkib hissəsidir.
 Əmək mədəniyyəti, bacarıq və vərdişlərinin uşaqlara aşılanması əmək tərbiyəsinin vəzifələrindən biridir. Əmək mədəniyyəti deyəndə iş yerinin sahmana salınması,  fəaliyyət üçün lazım olan əşyaların, cihazların, alətlərin, avadanlıqların və s.nin gətirilməsi, təhlükəsizlik tədbirlərinin görülməsi nəzərdə tutulur. 
Dünyanın inkişaf etmiş ABŞ, Çin, Almaniya, Yaponiya, Rusiya, Türkiyə kimi ölkələrdə əmək terapiyası təhsil sisteminin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Bir daha təsdiq olunur ki, əmək və insan anlayışlarını bir-birindən təcrid olunmuş şəkildə düşünmək olmaz. İnsan məhz əməkdə formalaşır, inkişaf edir, təbiətə təsir göstərir, tələblərini ödəyir. Eyni zamanda insan əmək vasitəsilə saflaşır, müalicə olunur. Əmək terapiyası yaşından asılı olmayaraq hamını, kiçikyaşlı uşaqların da təxəyyülünü inkişaf etdirir. Müşahidələrdən aydın olur ki, əmək terapiyasından sonra uşaqlar bütün hadisələrə məntiqi yanaşırlar. Çünki əmək terapiya texnalogiysı uşağın nəticəyönümlü fəaliyyəti ilə şərtlənir. Məsələn, uşaqlar əmək terapiyasının mühüm vasitələrindən tikmə-biçmə, kəsib-yapışdırmaq, plastilin və gil işi, səhnələşdirilmiş oyunlar, terapevtik rəsm, kulinar və sosial bacarıqlar, qum terapiyası, tanqram (həndəsi quraşdırma), təsərrüfat işləri. (“Azərbaycan məktəbi” jurnalı 2014, №5.)     
Əmək fəaliyyəti  insanın maddi və mənəvi tələbatlarını texnologiyanın köməyi ilə sadələşdirilib ödəməyə xidmət etməklə onun şəxsiyyət kimi formalaşmasını reallaşdırır.Qeyd olunan fəaliyyətlər təlim prosesin məqsədi ilə təhsilin hərtərəfli və ahəngdar inkişafına təkan verir. 
Texnologiya hər bir sahədə biliklər sisteminin tətbiqi nəticəsində xüsusi metodlardan istifadə edərək tapşırığı nəzəri və praktik yerinə yetirməkdir.
Texnologiyadan  öyrənilən məlumat özündə üç qarşılıqlı əlaqədə olan cəhətləri birləşdirməlidir: nəzəri (elmi faktlar və onların ümumiləşdirilməsi), praktik (müхtəlif həyati vəziyyətlərdə biliklərin tətbiqi üzrə bacarıq və vərdişləri) və dünyagörüş (baхışlar və əqidə). Həmin cəhətlərin diqqət mərkəzində olması məktəblilərin hərtərəfli inkişafına və şəхsiyyət kimi formalaşmasına əsas verir.
Müasir öyrənmə praktikasında daha geniş tətbiq olunan şəxsiyyətyönümlü-inkişafetdirici pedaqoji texnologiyalar: əməkdaşlıqla təlim texnologiyası; layihələr metodu ilə təlim texnologiyası; modulla təlim texnologiyası geniş tələblərdən irəli gəlir.   
Əməkdaşlıqla təlim texnologiyasında əsas ideya nəyisə birlikdə yerinə yetirmək yox, birlikdə öyrənməkdir. Bu kollektiv qarşılıqlı təlim texnologiyasının  üstünlükləri odur ki: təkrar olunan çalışmalar nəticəsində şagirdlərdə məntiqi təfəkkür və anlama vərdişləri təkmilləşir; şifahi nitq prosesində və görülmüş işlərin müzakirəsi zamanı şagirdlərin fikri fəaliyyət vərdişləri inkişaf edir, əvvəllər qazandığı təcrübə və bilikləri aktuallaşır; qruplarda işləyən hər bir uşaq özünü sərbəst hiss edir, təlim tapşırıqlarını özünəməxsus tərzdə yerinə yetirir; uşaq həm öz işinin, həm də kollektivin işinin nəticəsi üçün məsuliyyət daşıyır; uşaqda öz şəxsi keyfiyyətlərini, imkan və qabiliyyətlərini qiymətləndirmək bacarığı formalaşır; bu informasiyanın bir neçə müxtəlif tərəfdaşla müzakirəsi assosiativ əlaqənin miqdarını çoxaldır. 
 Layihələr metodla fəal təlim şagirdin məqsədəuyğun fəaliyyəti ilə onun şəxsi maraqlarına uyğun qurulmasıdır. Metodun əsas mahiyyəti uşaqların əldə etdikləri biliklərin həyatda onlara lazım olmağını göstərməkdir. Layihələr metodundan uşaqlar fərdi, cütlər və qrup şəklində müəyyən vaxt ərzində müstəqil fəaliyyət göstərməyə, həmişə hansısa bir problemi həll etməyə yönəlir. Problemin həllində müxtəlif təlim metodları və vasitələri tətbiq edilir.Burada   elm, texnika sahəsində sınaqdan çıxmış biliklərdən interaktiv şəkildə istifadə etmək nəzərdə tutulur. 
Məktəblərdə   modulla təlim texnologiyasının  tətbiqinə geniş maraq göstərilir. 
Uşaqların müstəqil olaraq  dərsdə və dərsdənkənar vaxtlarda modullu iş prosesində konkret təlim məqsədlərinə nail olması onları ruhlandırır.  
Texnologiya insanın maraqları və planları əsasında material, enerji və məmulatların dəyişdirilməsi və tətbiqi haqqında elm kimi müəyyən edilir. Bu elm qeyd olunan obyektlərin dəyişdirilməsi, tətbiqi, üsul və vasitələrinin (alətlərin, texnikanın) öyrənilməsini özündə əks etdirir. “Texnologiya” – inteqrativ  təhsil sahəsi olub, digər fənlərdən bilikləri sintez edən və onların müxtəlif sahələrdə tətbiqinə yönələn insan fəaliyyətidir. Yeni inteqrativ təhsil sahəsi olan “Texnologiya”nın öyrənilməsi və uyğun maddi-texniki bazanın mövcudluğu şəraitində uşaqlara ümumi əmək və  xüsusi bilik və bacarıqlara yiyələnməyə imkan yaradır. Onlarda intellektual, fiziki, etik və estetik inkişafı təmin edir. Elm və texnikanın  hazırki inkişaf mərhələsi və bu sahədə əldə edilən yeni-yeni kəşflər hərtərəfli inkişaf etmiş insan  kapitalı yetişdirməyə imkan yaradır. Müstəqillik qazanmış, hüquqi dövlət quran, azad sahibkarlığın, bazar iqtisadiyyatının, xüsusi mülkiyyətçiliyin inkişafını ali məqsədi hesab edən respublikamızda uşaq və yeniyetmələrin əmək tərbiyəsi, peşəyönümü, estetik zövqlərinin inkişaf etdirilməsi geniş fəaliyyətdə xüsusi əhəmiyyət kəsb etməkdədir. Məktəblilərin əməli fəaliyyətində texnologiyanın rolu çox geniş olub oyun, təlim,əmək və ünsiyyət proseslərini tərbiyə edir.
 
 


Tarix: 9-12-2022, 14:02

Xəbəri paylaş