Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Tibbnamə”də sərbəst söz birləşmələri



 
                                                        Маnafova Maarıfə Nuh qızı
                                                        Mingəçevir Dövlət Universitetinin müəllimi,
                                       filologiya üzrə fəlsəfə doktoru
                                       [email protected]
 
      Dilimizin  sintaktik quruluşunun tarixi inkişafını müəllifi məlum olmayan, əski türk dilindi yazılmış orta yüzilliyə aid tibb əsəri –“Tibbnamə” əsasında öyrənməklə zəngin və dərin elmi bilgilər əldə etmək olar.

  XVII yüzilliyin sonu, XVIII yüzilliyin əvvəllərində yaşamış həkim, alim, dərmənşünaslıq elminin mükəmməl bilicisi, əslən Şamaxılı Məhəmməd Yusif Şirvani 1711-1712-cı illərdə sözügedən əsərin  üzünü köçürmüş, ona müqəddimə, sərh və izahlar vermişdir. Onun bu xidməti sayəsində həmin kitab günümüzə qədər gəlib çatmışdır.

 “Tibbnamə”nin (3) sintaktik quruluşunda sərbəst söz birləşmələri nəzəri daha çox cəlb edir. Quruluş və məzmun etibarı ilə bu cür birləşmələr geniş dairəni əhatə edir. Bunların əksəriyyəti terminoloji birləşmələrdir. Həmin birləşmələr tibbin, əczaçılığın, dərmanşünaslığın müxtəlif sahələrinə aiddir. Məs.:- Ağ bəhmən (Bəhmən güləvərinin kökləri), ağ süsən ( ağ zanbaq), ağu ağacı(adi oleandr), ağac qavunu (sitron), Büxur Məryəm (Avropa (yaz) meşənovruzu) və s.

Əsərdə söz birləşməsinin tərəfləri müxtəlifliyi ilə seçilir. Birinci tərəf isim+ isim modeli üzərində qurulanlar. Məs.: -Qarğa düləki ( uzun zəravənd), quqar otu (eyniyarpaq ciyən), quş dili (Vən ( göyrüş) ağacının toxumları), quruq suyu ( qora şirəsi) və s.
        Birinci tərəfi sifət, ikinci tərəfi isim modeli üzərində qurulanlar. Məs.: qabıqlı bağa ( tısbağa), qara ağac (qarağac), qara boya (Filiz kuporosu), qara daş  (qrafit), qara çörəkotu (qara çörək otunun toxumları) və s.     
Əsərdə işlənmış ismi birləşmələrin bəzilərinin birinci tərəfi qeyri-müəyyən yiyəlik haldadır. Məs.:- Qüdrət halvası ( qoz, püstə, fındıq, bal və yaxud şəkərdən düzəldilən halva), dağ üzümü ( yabanı üzümün bir sıra növləri( əsasən meşə üzümü), dəmut tikanı (dəmirtikanı) və s.
Maraqlı xüsusiyyətlərdən biri əsərdə işlənmış söz birləşmələrinin bir çoxunun mürəkkəb sözə doğru inkişaf prosesi keçirməsi hadisəsidir. Bunları M. Adilov ikinci növ təyini söz birləşməsi şəklində formalaşan  mürəkkəb sözlər adlandırır və yazır ki, bu növ birləşmələrin çoxu bir məna verir. Həmin birləşmələrin mürəkkəb sözə çevrilməsi prosesi də canlı, həyati prosesdir. Odur ki, bu birləşmələr ilə həmin birləşmələrdən düzələn mürəkkəb sözlər arasında kəskin fərq qoymaq çox çətindir (1, s.151).
 Bu baxımdan, aşağıdakı nümunələr xarakterik sayıla bilər: dəmir tikanı (dəmirtikanı), qızıl boya (dərman qızılboyası(boyaqotu), qara ağac (qarağac), dəmir otu (dəmirotu) və s. 

“Tibbnamə”dəki bəzi söz birləşmələri müasir dilimizdəki faktlarla müqayisədə fonetik cəhətdən fərqlənir. Məsələn, müqayisə et: duraq otu/ turaq otu, durac otu/turac otu və s.
Söz birləşmələrinin birinci və ikinci tərəfləri dil mənsubiyyətinə görə də diqqəti cəlb edir.
Hər iki tərəfi türk mənşəli olanlar: yabanı soğan, yağ mumu, yaş üzüm, yılan yastığı, gəlincək çiçəyi, göy süsən, gün çiçəyi, mərsəmə yarpağı, siçan otu, sığır dili,  tülkü xayası, qara ağac, qara boya, qara daş, qara çörəkotu. Qaqbıqlı bağa, ilan yastığı/yilan yastığı, çöl kirpisi, çörək otu, ürək borusu, ürək oynaması, üzüm titrəməsi və s.
Birinci tərəfi türk, ikinci tərəfi fars mənşəli olanlar: yaş pənir, qara cülnar, böyük xırs, qızıl bəhmən və s.
Birinci tərəfi ərəb, ikinci tərəfi türk mənşəli olanlar: Kabil həliləci, Səqqa quşu, səfərcəl meyvəsi, əlfəqr yemişi (ə.-t), əql zailliyi, əza süstlüyü, istifraq etmək heyz axının və s.
       Birinci tərəfi fars, ikinci tərəfi ərəb mənşəli olanlar: zəravənd təvil, mərcimək məni (toxumu) və s.
       Birinci tərəfi türk, ikinci tərəfi hind sözündən ibarət olanlar: qara həlilə.
       Birinci tərəfi yunan, ikinci tərəfi türk mənşəli olanlar: qəli daşı, qəli suyu və s.
       Birinci tərəfi fars , ikinci tərəfi türk mənşəli olanlar: Hindistan qozu.
       Hər iki tərəfi fars mənşəli olanlar: xiyar cənbər, xiyar şənbər və s.
       Birinci tərəfi ərəb, ikinci tərəfi fars mənşəli olanlar: Firəng zəhməti və s.
      
“Tibbnamə”də izafət tərkibləri geniş yayılıb. “Təyini söz birləşmələri” müəyyən dövrlərdə izafət, tərkibi izafi, yiyəlik birləşməsi və s. terminlərlə işlədilmişdir. Mirzə Kazımbəy məşhur qrammatikasında söz birləşməsindən “izafət” termini altında bəhs etmişdir. Amma bu izafət fars tərkibli izafət yox, elə bizim dərk etdiyimiz ikinci və üçüncü növ söz birləşmələri olmuşdur.

“Tibbnamə”nin yüz ikinci fəslindəki mətnlərin başlıqlarında müxtəlif quruluşlu izafət tərkiblərinə rast gəlmək olur. Bu tərkiblər insanı qüvvətləndirən və şadlandıran davalar, məcunlar, həblər, içkilər və s. adlarından ibarətdir.

Həmin mətnlərdə dərman qarışığının xeyri haqqında bəhs olunur, ədviyyələri göstərilir. Burada həm qarışığın adı, həm də qarışığı təşkil edən ədviyyələrin adları verilmişdir.
          Mətnlərin izafət tərkiblərində qədim çəki adlarına çox rast gəlirik.Məs.:misqal, dirhəm; bu adların qarşısında müəyyən saylar göstərilir: əncir (25 dirhəm), innab ( 3 dirhəm), üzərlik toxumu (5 dirhəm); sünbül ( 1 misqal), qərənfil (10 misqal), zəfəran ( 10 misqal) və s.
          Dərman adları əsərdə əsas etibarı ilə izafət şəklindədir. Məs.: -tərkibi-həbbi-ruh (yelləri sovuran həb), tərkibi-həbbi-mükəyyəfi-sorx (kefləndirən qırmızı həblər) və s.
İzafət tərkibləri bu əsərdə müəyyən içki adlarının hazırlanması qaydaları ilə bağlı verilmişdir. Məs.: tərkib və xassiyyəti-şərabi-limu (limon şərbətinin tərkibi və xasiyyəti).
 
“Tibbnamə”nin sintaktik quruluşu daha çox spesifikliyi ilə, yarandığı dövrün canlı danışıq dilini qoruyub saxlayan bir əsər təsirini bağışlayır.
Tədqiqat göstərir ki, orta yüzilliyin  tibb abidəsi olan “Tibbnamə”nin sintaktik quruluşu, əsasən, müasir Azərbaycan dilində olduğu kimidir. Tarixən də təyini söz birləşmələrində uzlaşma normal şəkildə özünü göstərir. Müasir dilimizdə olduğu kimi, tarixən də birləşmələrin tərəflərində bir növ sərbəstlik nəsərə çarpır. Tərəflər arasında sintaktik əlaqə olduqca möhkəmdir. Bəzən hiss edilir ki, həmin növ birləşmələrdə morfoloji göstəricilərin dəqiqləşməsi və sabit şəklə düşməsi prosesi daha sonralar başa çatmışdır. Belə bir fakt da diqqəti çəkir ki, təyinetmə vaxtı nisbət şəkilçisi ilə əmələ gələn forma daha çox çeviklik göstərir.

Türk izafəti adlanan və isimlərin təyin qrupunda tarixən qədim olan yanaşma üsulunun üstünlüyü  nəzəri daha cəlbedəndir. “Əruz vəzninin təbiətinə uyğun gələn belə izafətlərin miqdarı, şübhəsiz ki, heca vəzninin qanunlarına uyğun gəlmədiyindən, təxminən XVIII əsrdən sonra bunların sayı xeyli azalmış və öz növbəsində nəsr dilinin də keyfiyyətinə, onun üslubi cəhətdən sadələşməsinə müsbət təsir göstərmişdir” ( 2,s. 262).
 
 
                         İstifadə edilmiş ədəbiyyat
  1. Adilov Musa. Əsərləri, I. Bakı, “Elm və təhsil”, 2010
  2. Mirzəzadə H. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı, Bakı Universiteti Nəşriyyatı,1990, 376 s.
  3. Məhəmməd Yusif Şirvani. Tibbnamə (Xalq təbabəti. Məlumat kitabı),  Mətni hazırlayan və ön sözüm müəllifi: M. Sultanov, A. Fərzəliyev. Bakı, “İşıq”, 1990, 192 s.


Tarix: 30-11-2022, 12:00

Xəbəri paylaş