Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Türkologiyaya qiymətli töhfə

 
                                                                      

   Maarifə Nuh qızı Manafova,
  filologiya üzrə fəlsəfə doktoru,
           Mingəçevir Dövlət Universitetinin müəllimi  
  [email protected] 
  050 5946169; 0554407476
 
 
                                  
 
        2022-ci ildə Azərbaycan Respublikasında Elm, texnika memarlıq və ədəbiyyat üzrə  Dövlət Mükafatlarına təqdim edilmış işlər arasında filologiya elmləri doktoru  professor  Mahirə Hüseynovanı “Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası”  kitabı da var. Əsəri Dövlət Mükafatına Azərbaycan Dövlət Pedaqoji Universiteti təqdim etmişdir.             
 
     Qohum türk dillərinin dialekt və şivələrinin müqayisəli aspektdə tədqiq edilməsi dilçilik elminin prioritet sahələrindən biridir.  Bu sahədə  Azərbaycan dilçiliyində xeyli iş görülmüş, dialekt və şivələrin müxtəlif sahələrinə dair qiymətli monoqrafiyalar yazılmış,  dialektoloji atlaslar və və lüğətlər tərtib edilmişdir.
    Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası məsələlərinin tədqiqində professor Mahirə Hüseynovanın xidmətlərini  böyükdür.    Tanınmış türkoloq  türk dillərinin dialektlər sistemini yorulmadan araşdırmiş, ortaq dialektoloji vahidləri və onların areallarını müqayisəli şəkildə linqvistik tədqiqata cəlb etmişdir. 
     Mahirə Hüseynovanın tədqiqatlarında türk dillərinin dialekt bölünməsinə, türk xalqlarının tarixi və inkişaf mərhələlərinin təsnifatına yeni elmi baxışla rastlaşırıq [4, s. 11].
        Ümumtürk dillərinin dialekt və şivələrində saitlərin fonematik  xüsusiyyətlərinin, samitlərin variantlarının qohum türk dillərində müqayisəli  tədqiqi aktuallıq kəsb edən məsələlərdəndir.  Tədqiqatçı gösrərir ki, dialekt və şivələrin fonetikasl türkcələrin ədəbi dilləri ilə müqayisədə oxşar və fərqli cəhətlərə malikdir.   Ümumtürk dilləri fonetikasının müqayisəli tədqiqi onların ümumi inkişaf qanunauyğunluqlarını, bu dillərin hər birinin oxşar və fərqli cəhətlərini aşkara çıxarmağa qiymətli faktlar verir.
    Türk dillərinin fonetik quruluşunu araşdıran tədqiqatçı əksər türk dillərində 8 saitin, ə saiti olan dillərdə 9  saitin, özbək dilində 6 saitin olduğunu göstərir və qeyd edir ki, türk dillərinin dəfələrlə ayrılması, birləşməsi nəticəsində hər bir türk dilinin fonetik quruluşunda fərdi cəhətlər yaranmağa başlamışdır.
       M. Hüseynova göstərir ki, türkcələrin ədəbi dilləri inkişaf etdikcə ayrı-ayrı dil vahidlərinin dialekt həddində müəyyənləşməsi prosesi genişlənmişdir və bu baxımdan morfoloji   kateqoriyalar da istisna deyildir.  Dilin başqa yaruslarında olduğu kimi,  morfoloji quruluşunda da ayrı-ayrı elementlər  (morfoloji əlamətlər) dialekt faktı kimi işlənmişdir. Məhəlli dialektlərin formalaşmasında ekstralinqvistik amillər mühüm rol oynamışdır.  Müxtəlif inzibati bölgülər, təbii-coğrafi sədlər ayri-ayri dil vahidlərinin   məhdud ərazilərdə işlənməsi üçün şərait yaratmışdır.   Qədim türk dillərinin bəzi əlamətləri və innovasiya faktı kimi sonralar meydana çıxmış bir sıra xüsusiyyətlər məhəlli dialektlərin əlamətləri kimi müəyyənləşmişdir. Ədəbi dil normalarının sabitləşməsi isə ayrı-ayrı qrammatik əlamətlərin dialektal təbiətini daha aydın göstərir  [1, s. 168 ].
     Hal kateqoriyasının morfoloji göstəricilərinin türk dillərinin dialekt və şivələrinə inteqrasıyasını qeyd edən tədqiqatçı alim ümumtürk dillərində  ismin hallarının müxtəlif terminlərlə adlandirilmasını göstərir: Adlıq, Yiyəlik, Yönlük, Təsirlik, Yerlik, Çıxışlıq (Azərbaycan türkcəsində); İlgi, Yükləmə, Yaklaşma, Bulunma, Uzaklaşma (Başqırd, Qazax, Qırğız və b. türkcələrdə). Türk dillərində ismin hal kateqoriyası ilə əlaqədar başlıca xüsusiyyətlər bu və ya digər hal şəkilçisinin  müxtəlif variantlarda işlənməsində müşahidə edilir. Hal  kateqoriyasının əksər morfoloji göstəriciləri ümumtürk dillərinə və ya dialektlərinə qarşılıqlı şəkildə, özü də müxtəlif dövrlərdə inteqrasiya olunmuşdur (2, s.367).
    Tədqiqatçı türk dilləri dialektlərinin morfoloji cəhətlərinin geniş bir aspektdə öyrənilməsinə ciddi ehtiyac olduğunu göstərmiş və türk dilləri dialektlərində  mənsubiyyət kateqoriyasının morfoloji əlamətlərinin; -lar-lər morfeminin; əvəzliklərin ( əsasən işarə və qayıdış əvəzliklərinin); zərflərin; məsdər, feili bağlama, feili sifət şəkilçilərinin ümumtürk dillərinin dialektlərinə qarşılıqlı inteqrasiyasının spesifik cəhətlərini müqayisəli planda   araşdırmışdır. 
  Dialekt və şivələrimizun lüğət tərkibi uzun əsrlərin məhsulu olduğundan burada Azərbaycan xalqının keçmiş olduğu dövrləri əks etdirən sözlərə təsadüf edirik [5, s.318].    M. Hüseynova xüsusi olaraq vurğulayır ki, buğünkü türk xalqlarının ədəbi dillərinin və ya dialektlərinin və eyni zamanda, onların tarixi-etnik-genetik köklərinin dərindən öyrənilməsində saysız-hesabsız leksik vahidlər də mühüm rola malikdirlər və ümumtürk dillərinin leksik bazasına söykənməklə qohum dillərin dialekt və şivələrində müşahidə olunan inteqrasiya hallarını üzə çıxarmaq mümkündür. Müxtəlif peşələrlə baglı leksik vahidlərin yaranma və formalaşma tarixi türk dillərində olduqca qədimdir. Müasir türk dillərinin dialektlərində bu qəbildən olan leksik vahidlərin bəziləri arxaikləşmiş, bəziləri fonetik cəhətdən formasını dəyişmış, bəziləri isə qədim mənasını qoruyub saxlamışdır. 
    Professor  M. Hüseynova həm oğuz, həm də qıpcaq qrupu türk dillərinin dialektlərində işlənən müxtəlif peşələrlə bağlı leksikanın müəyyyən cəhətlərini izləmış, şivələrdə  mühafizə olunan bəzi sözləri təhlil süzgəçindən keçirməklə dilçiliyimiz üçün maraqlı nəticələr əldə etmişdir.  Daraq, məs (dabansız yüngül ayaqqabı), biz, balaq, börk , uruğ, tirə... belə sözlərdəndir.
Tədqiqatçi alim göstərir ki, daraq sözü türk xalqlarında xalçaçılıq peşəsi ilə bağlıdır (yun daramaq işlərində tətbiq olunur) və daraq sözü əksər türk xalqlarının həm ədəbi dilində, həm də dialektlərində işlək vəziyyətdədir.  Bu söz qırğız, qazax, tatar, başqird, qaraçay-balkar, yakut  
və s. dillərdə “t” ilə işlənir: daraq/tarak.   Daraq/ tarak sözü ümumtürk mənşəlidir. Mahmud Kaşğarinin lüğətində tarğat (tarğak, taradi, taraldi, daradı) sözləri də məlum semantikada işlənmışdir ( 3, s.232-233).  Azərbaycan dilinin Şuşa şivəsində işlənən daraxçı( daraq qayıran sənətkar) sözünün əsasında da darax leksik vahidi dayanır. Bu söz  Şuşa, Ağdam, Biləsuvar, Daşkəsən şivələrində onomastik vahid kimi çıxış edir, müxtəlif mənalar bildirir. Məsələn, Şuşa şivəsində : 1) Darax - Bəzi quşların başında yelpincə oxşar kəkil – Şanapipiyin darağı tousunkuna oxşuyur; 2) Darax- qəlsəmə- Balığın darağı qırılsa, zəhərri olar; 3) Darax - əl və ayaqlarda pəncə sümüklərı- Bu sümüklər əl deyil, əyax daraxlarıdı.
     Bütün bunlardan əlavə, daramax sözü Gürcüstanınb Dmanisi, Marneuli şivələrində feil kimi işlənir və baş yumaq mənasını bildirir. Gəncə və Tovuz şivələrində də bu söz işlənir və ağacın budaqlarını kəsmək, qirmaq anlamını ifadə edir (2, s.488).
   Biz- Bu, tikişçilik peşəsində istifadə edilən alət adını bildirir. Azərbaycan dilinin Şamaxı dialektində,  Kürdəmir, və Tərtər şivələrində bizdəmək sözü işlənir ki, bu leksik vahidin əsasında biz sözü dayanır:-Onu bizdəməsən iş görəsi döy (Şamaxı).
   Tikişaləti anlamında bu söz Türkiyə, Azərbaycan, başqird, qazax, tatar, türkmən türkcəsində biz, özbək və uyğur türkcəsində isə bigiz, begiz formalarında işlənir. Qırğız türkcəsində bu söz şibege şəklindədir. Altay-balkar, noqay dillərində bu söz bigiz formasında və deşmək, kəsmək,doğramaq mənalarında işlənir (3, s.225).   
   Tədqiqatçı haqlı olaraq bu nəticəyə gəlir ki, bəşəriyyət tarixində ilk dəfə olaraq müxtəlif peşələri kəşf edən türklər olmuş, türk xalqları bu peşələrə və bu peşələrdə istifadə olunan alət və vasitələrə uyğun olaraq müxtəlif adlar vermiş və bu adlar minillikləri adlayaraq və eyni zamanda  türk dillərinə və dialektlərinə inteqrasiya edilərək çağdaş dövrümüzə qədər gəlib çıxmışlar. Bütün bu leksik vahidlərin türk dillərinin dialektlərindəki  struktur-semantik, leksik-semantik əlamətlərini öyrənməklə türk xalqlarının bir-birlərinə dil və etnoqrafik baxımdan nə qədər yaxın olduğunu aşkara çıxarmaq mümkündür.
      Beləliklə, professor Mahirə Hüseynovanın “ Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası”  kitabi ilə tanışlıqdan sonra çəkinmədən demək olar ki,  bu kitab müstəqillik dövrü dilçiliyimizin böyük nailiyyətidir və Dövlət Mükafatı almağa tam layiqdir.  
                                                     
 
                              İstifadə edilmiş ədəbiyyat
 
1. Əzizov, E. İ. Azərbaycan dilinin tarixi dialektologiyası, Bakı: Elm və  təhsil, -2016.-348 s. 
2. Hüseynova, M. Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası, Bakı: ADPU nəşriyyatı,  - 2020. - 600 s.
3.  Kazımov, İ.  Müasir türk dillərinin müqayisəli leksikası, Bakı: Elm və təhsil, -2012.-315 s.
4. Məmmədli, N. Ümumtürk dilləri dialekt və şivələrinin öyrənilməsinə dəyərli təhfə// Bakı:, “Xalq qəzeti”, -16 mart 2022. –s.11.
5.  Şirəliyev M. Azərbaycan dialektologiyasının əsasları, Bakı: Şərq-Qərb, -2008.- 416 s.
 


Tarix: 28-11-2022, 11:44

Xəbəri paylaş