Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Texnologiya insanların həyatında ənənəvi və müasir proseslərin məcmusudur




Texnologiya - insanların ehtiyacları üçün alətlərin, ləvazimatların yaradılması və istehsalı üçün zəruri olan bilik qabiliyyətidir. Daha sadə dillə desək, texnologiya bəşəriyyətin elmdən istifadə edərək həyatı asanlaşdırmaq üçün etdiyi kəşfdir. Gündəlik həyatımızın ayrılmaz parçasına çevrilən texnologiya, daim müxtəlif elmi sahələrin nümayəndələri tərəfindən tədqiq edilmişdir. Sosioloqları düşündürən odur ki, texnologiya cəmiyyəti formalaşdırır, yoxsa cəmiyyətin ehtiyacları texnoloji sənayenin gedişatını müəyyənləşdirir? Bu sualdan da aydın olur ki,mövzuda  iki təzadlı fikir var. Bir qrup (technological determinism cərəyanı) iddia edir ki, texnoloji inkişaf cəmiyyəti formalaşdırır. Digər qrupa görə isə (social determinism) cəmiyyətin istəkləri texnologiya sənayesinin vəziyyətini təyin edir. Bəşər tarixinin inkişafı iki yolla həyata keçirilir: kəşflərin və tapıntıların tədricən artması, həmçinin maddi və mənəvi təkamül dövrünü təşkil edən inqilablarla. 
Kənd təsərrüfatı (Neolit) inqilabı sivilizasiyaların, məskunlaşmış icmaların inkişafına, yəni köçəri həyat tərzindən (maldarlıq və yığım) əkinçiliyə keçdi. Bu qədim sivilizasiyalarda biliklərin nəsildən-nəslə maddi daşıyıcılarda ötürülməsinə imkan verən yazı icad edilmişdir. Bu, müxtəlif sənətkarlıqların inkişafına, əmək bölgüsünə və cəmiyyətin təbəqələşməsinə təkan verdi. Bütün bunlar həyatımızda maddi və mənəvi proseslərin məcmusu olan texnologiya ilə şərtlənir.
Texnologiya sözü yunancadan olub elmi tədqiqat kimi maddi və mənəvi məqsədlərin həyata keçirilməsində istifadə olunan hər hansı texnika, bacarıq, üsul və proseslərin məcmusudur. Texnologiyanın ən sadə nailiyyəti şüurlu insanın yaranışına təsadüf olunan əsas alətlərin işlənib hazırlanması və istifadəsidir.Məsələn, daş alətlərin  ixtirası və sonra yanğını idarə etmək üsullarının kəşfi qida mənbələrini artırdı. Neolit inqilabı bu prosesi  genişləndirdi. Bəşəriyyətin keçdiyi mühüm tarixi mərhələlərdən biri Neolit adlanan daş dövrüdür. E.ə. VIII-VI minilliklərdə ibtidai cəmiyyətin tarixində Neolit dövrü mövcud olmuşdur.  Bu dövr ilk dəfə 1865-ci ildə ingilis alimi, Darvin təliminin ardıcıllarından olmuş Lebbok tərəfindən müəyyən edilmişdi. Alim neolit dövrünün əsas xüsusiyyətinin cilalı daş alətlərin meydana çıxmasının texnologiyasında  görmüşdü. Lakin Neolit dövrü minillikləri əhatə etmiş daş dövrünün sonuncu və yüksək inkişaf mərhələsi olmaqla iqtisadi, ictimai və mədəni sahələrdə daha böyük kəşflər və dəyişikliklərlə səciyyələnmiş, mövcud qədim cəmiyyətlərin gələcək mütərəqqi inkişaf yolunu müəyyənləşdirmişdi. İbtidai daş işləmə texnologiyasında görünməz inkişaf və tərəqqi, məişət və təsərrüfata məhsuldarlığı ilə seçilən cilalı və yığma dişli mükəmməl əmək alətlərinin tətbiqi, bol və sabit qida məhsulları əldə etməyə əsas verən, oturaq həyat tərzi doğuran əkinçilik və maldarlıq məşğuliyyətinin mənimsənilməsi – istehsal təsərrüfatına keçidlə xarakterizə olunur. Dulusçuluğun kəşfi ilə yeni xassəli: sukeçirməz və oda davamlı bişirilmiş gil qablardan geniş və səmərəli istifadə öz növbəsində erkən əkinçi-maldar əhalinin həyat tərzinin və rifahının yüksəlməsinə səbəb olmuşdu. Təkərin ixtirası insanlara səyahət etmək və ətraf mühiti idarə etməkdə kömək etdi.Tarixi dövrlərdə, o cümlədən mətbəə, telefon və internetdə baş verən inkişaflar ünsiyyət üçün fiziki maneələri azaldıb və insanların qlobal miqyasda sərbəst şəkildə qarşılıqlı əlaqədə olmasına imkan vermişdir.Texnologiyanın çoxlu təsirləri var. Bu, daha qabaqcıl iqtisadiyyatların inkişafına kömək etdi. Bir çox texnoloji proseslər çirklənmə kimi tanınan arzuolunmaz əlavə məhsullar əmələ gətirir və təbii ehtiyatları Yerin ətraf mühitinə ziyan vuraraq tükəndirir. Texnoloji ixtiralar və tərəqqi insanların həyatına müsbət təsirlər göstərmişdir. Texnoloji irəliləyişlər və təkmilləşdirmələr gündəlik həyatın bir hissəsi olan və  bütün insanlara lazım olan təhsil, elm, sənaye, ticarət və s. kimi bir çox sahədə kömək edir. Texnoloji inkişaflar və yeniliklər istiqamətində elmdə yeni biliklər əldə edilmiş və tərəqqiyə nail olunmuşdur.Texnologiya, elmin inkişafı ilə birlikdə həyata keçirilən işlər sayəsində texniki cəhətdən irəliləmək və inkişaf etmək üçün verilmişdir. İnsanın mövcudluğundan bəri elmin bilik yığması vasitəsilə irəliləmişdir. İnsanlar texnologiyadan müxtəlif istiqamıətlər üzrə faydalana bilərlər. Bəzi insanlar texnologiyadan istifadə edərək işlərini daha sürətli yerinə yetirir. Bu da onların həyatını asanlaşdırır və bir çox insanlar üçün həyat səviyyəsini qaldırır. Bu, texnologiyanın qəbul edilməsinin və üstünlük təşkil etməsinin əsas səbəblərindən birinə misal ola bilər. İnsanlar hiss etməsələr də, əslində bir çox yerlərdə texnologiyadan istifadə edirlər. Hər gün müxtəlif səbəblərlə istifadə olunan internet ən böyük texnoloji inkişaflardan biridir. Əgər internet olmasa, fəaliyyəti dayansa, bundan bir çox insan təsirlənəcək. Müasir dövrdə bir çox insanda internet asılılığına rast gəlinir. Yalnız texnologiya və internet asılılığı olanlar deyil, demək olar ki, hər kəs yaranacaq yeni vəziyyətdə əziyyət çəkə bilər. Smart ev sistemləri, avtomobillər, telefonlar, tabletlər və texnoloji sistemə malik olan bütün alətlər texnologiyanın inkişafının nəticəsi olaraq qəbul edilir. 
Texnika və texnologiyanın təhsildə inkişafı insana və cəmiyyətə fayda verir.Problemlə bağlı müasir yanaşmada Beynəlxalq Təhsil Texnologiyaları Cəmiyyəti (İSTE) təhsildə texnologiyadan istifadə ilə bağlı müxtəlif tədqiqatları həyata keçirən beynəlxalq təşkilatdır. İSTE—nin müəllimlər, şagirdlər və digər təhsil işçiləri üçün nəzərdə tutulmuş müxtəlif standartları var. Effektiv müəllim modeli və İSTE- nin şagirdlər üçün nəzərdə tutulmuş standartlarını tətbiq etməklə tədrisi inkişaf etdirmək, zəngin öyrənmə təcrübəsi yaratmalıdır.  Müəllim effektiv öyrənmənin baş verməsi üçün müasir dövrün yeni texnologiyalarından, rəqəmsal resurslarından istifadə edərək müxtəlif öyrənmə fəaliyyətləri təşkil etməlidir. Onları inkişaf etdirir və nəticəsini qiymətləndirir. Öyrənənin tiplərinə görə rəqəmsal resurslardan və texnologiyadan istifadə edərək hazırladığı tapşırıqları fərdiləşdirməlidir. Şagirdlərin xüsusiyyətlərinə və bacarıqlarına uyğun resurslardan istifadə olunmalıdır. Texnologiyadan istifadə edərək müxtəlif formalarda  formativ və summativ qiymətləndirmə vasitələri hazırlayıb şagirdlərə təqdim edilir.
 Yenilikçi bir peşə sahəsinin nümayəndəsi olan müəllim texnologiya əsrinin tələblərinə uyğun şəkildə işləyir və buna uyğun olan bilik və bacarıqlarını nümayiş etdirir. Şagirdlər, valideynlər və təhsil sahəsində çalışan digər şəxslərlə müasir texnologiyalardan istifadə etməklə ünsiyyət qurur və əməkdaşlıq edir.  Müəllim daima peşəkar inkişafına diqqətlə yanaşmalı, özünü peşəkar olaraq inkişaf etdirməli və həyat boyu fasiləsiz öyrənmə mövzusunda nümunə olmalıdır. Bu məqsədlə müəllim, şagirdlərin öyrənmə imkanlarını inkişaf etdirmək üçün yeni proqramlar, onlayn resurslar tapmalıdır.
İnkişaf etmiş cəmiyyətlərdə ətraf mühitin qorunması texnologiyalardan minimum və ya məntiqi istifadə etmək proqramları həyata keçirilir. Planetin istiləşməsi planetdə baş verən ekoloji fəlakətlər, texnogenik qəzalar insanların qarşısına bir çox vəzifələr qoydu. Əvvəllər on illərlə dəyişən maşın modelləri indi informasiya texnologiyaları sayəsində hər ay yeni modelləri təqdim edir.Bir marka mobil telefon vardısa, indi isə minlərlə marka yaranıb. Bu hibridləşdirmə həyatımızın hər yerində özünü göstərməyə başlayıb. 
Kompüterdən düzgün istifadə uşaqlara fayda gətirə bilər. Yanlış istifadə onlara fiziki və psixoloji cəhətdən ziyanlı olar.
Təhsildə uşaqların texnologiyalara marağı erkən yaşdan başlayır.Məsələn,müəllim texnologiya dərsində şagirdlərdə maraq yaratmaq üçün deyir: “Otaqda masa üzərində kitablar var. Bayırda günəş işıq saçır və quşlar uçuşur, yağış və yaxud da ki, qar yağır. Küçədə avtomobillər hərəkət edir.
Gördüklərinizi iki qrupa ayırmaq olar. Birinci qrupa insanın iştirakı olmadan yarananları daxil edək: günəş, quşlar, yağış, qar və s. İkinciyə insan əməyinin məhsulu olanları: otaq, masa, kitablar, pəncərə, küçə, avtomobillər. Həyatda mövcud olan varlıqları iki hissəyə ayırmaq olar. Birinci — təbiətin bizə bəxş etdikləri. İkinci — insan tərəfindən yaradılanlar. İnsan əli ilə gözəlləşən və daima yeniləşən dünyanın inkişafında texnologiyaların əvəzsiz rolu vardır”. Aydın olur ki, texnologiya — insan tərəfindən məmulat və xidmətlərin yaradılması prosesidir.Avtomobil və təyyarələri, adi konfet və televizorları, gözəl geyim və rahat mənzilləri yaratmaq üçün nəyi bilmək və yerinə yetirmək lazım olduğunu texnologiya dərslərində
şagirdlər öyrənirlər.
Əşyaları insanlar öz tələbatlarını ödəmək üçün yaradırlar.
Lap qədimdən insana qida lazım olduğu üçün o, balıq tutmağı, buğda əkməyi, çörək bişirməyi, inək sağmağı öyrənmişdir.
Texnologiyanın faydalarına aid misallar:İnternetin sayəsində dünyada istənilən məlumatı əldə edib və əlaqə saxlaya bilirik;texnologiya insanların həyatlarını daha da asanlaşdırır, edəcəkləri işləri rahat və qısa zaman çərçivəsində edə bilirlər;təkmilləşmiş texnologiya sayəsində insanlar mütəmadi olaraq səhhətindəki problemlər barədə məlumatlanırlar;  texnologiya nəticəsində asanlıqla, yaxın və uzaq yerə getmək üçün nəqliyyat vasitələrindən istifadə etmək olar.

 Texnologiyanın zərərlərinə daxildir: insan əməyi tələb edən bəzi peşələrin avtomatlaşdırılması nəticəsində ləğv olunması riski; yüksək texnoloji silahlar nəticəsində dünyaya dəyə biləcək zərbə; telefon və kompüterdən həddən artıq istifadə nəticəsində insanlar, xüsusən də, uşaqlar arasında assosiallıq, yuxusuzluq, radiasiya kimi mənfi təsirlərin artması; müasir texnologiyaların istehsalı üçün artan zavod-fabriklərin havanı çirkləndirməsi; tənbəlliyin artması; yeni ağıllı evlər sayəsində oturduğumuz yerdən qalxmadan ev işlərini etmək və s.

 Şahrza Ağayev,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti,
pedaqogika üzrə fəlsəfə doktoru, qabaqcıl təhsil işçisi
 E-mail:  [email protected]    

 


Tarix: 7-11-2022, 20:57

Xəbəri paylaş