Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Məktəbin idarə edilməsi mərhələləri


 
 
          Məlumdur ki, məktəbdə idarəetmənin mahiyyəti təlim-tərbiyədə optimal bir nəticə əldə etmək məqsədi ilə şagirdlərə və onların valideynlərinə müəllimlər tərəfindən məqsədyönlü təsir göstərilməsindən ibarətdir. Yəni, idarəetmə - məktəbin daxilində baş verən mürəkkəb prosesləri və münasibətləri (pedaqoji, təşkilati, metodiki, psixoloji) şüurlu surətdə tənzimləmək deməkdir. 

İdarəetmə pedaqoji fəaliyyətin dövrəsi olan aşağıdakı mərhələləri əhatə edir:

            - Pedaqoji məntiqlə əsaslandırılmış olan məqsədin irəli sürülməsi;
            - İdarə olunan obyektin vəziyyətinin hərtərəfli öyrənilib müəyyənləşdirilməsi;
            - Əldə olunmuş məlumat əsasında planlaşdırma işinin aparılması;
            - İdarə olunan obyektdən müəyyən parametrlər üzrə müntəzəm şəkildə məlumatların alınması;
            - Göstəriləcək təsirləri operativ şəkildə təshih etmək məqsədi ilə obyektdən gələn məlumatın təhlili və qiymətləndirilməsi.
            
  Azərbaycan Respublikasının Təhsil Qanunu pedaqoji kollektivin bütün fəaliyyətində əsas götürülməlidir. Məqsədyönlülük, prinsipiallıq, konkretlik rəhbərlikdə əsas xətt hesab olunur. Rəhbərliyin təlim-tərbiyə işinin idarə olunmasında iştirakı müəllimlər, valideynlər, şagirdlər tərəfindən daim hiss olunmalıdır.
            Müasir şəraitdə təlim-tərbiyəni idarə etmək üçün psixologiya, pedaqogikanı bilmək, tədris proqramlarında istifadə edilən ideyaları başa düşmək, müəllimlərin təcrübəsində mütərəqqi təşəbbüsləri görmək və buna tərəfdar çıxmaq ön plana çəkilməlidir.
            İdarəetmə prosesində özünə və iş yoldaşlarına qarşı tələbkarlıq əsas götürülməklə demokratiklik, humanistlik unudulmamalıdır. Fəaliyyət prosesinə təkidlə, vaxtında nəzarət etmək, sistemin bütün cəhətlərini əhatə etmək, mövcud olan müxtəlif formalardan istifadə edilməlidir.
            İdarəetmə məharəti öz ifadəsini adamlarla ünsiyyət yaratmaq bacarığında tapır. Pedaqoji kollektiv, şagirdlər, valideynlər və digər işçilər diqqətli, xeyirxah, ədalətli və nəzakətli rəhbərə inanır və onun ardınca həvəslə gedirlər.
Əslində məktəb direktorlarının təşkilati işdə aparıcı rolu ondan ibarətdir ki, o, müəllimləri, şagird və valideyn kollektivini və ayrı-ayrı şagirdləri idarəetməyə cəlb edə bilir, kollektivin fəaliyyətində bir sistem yaradır. Bunun üçün məktəb rəhbərlərindən dərin nəzəri biliyə, təşkilatçılıq bacarığına, kollektivdə müəyyən psixoloji mühit yaratmağa malik olması tələb olunur.
          Məktəbi idarəetmənin məqsədi, onun strukturuna daxil olan sahələrin işinin məzmunu ilə bağlı olub, hər konkret şərait üçün müəyyənləşdirilir. Bunun üçün struktura daxil olan sahələrin mövcud vəziyyətini aşkara çıxarmaq, müəyyənləşdirmək və bunların nəticələrinə əsasən işi daha da təkmilləşdirmək, yaxşılaşdırmaq, onun səmərə və keyfiyyətini yüksəltmək üçün tədbirlər hazırlamaq daha əhəmiyyətlidir. Hər bir sahə üzrə konkret məqsəd müəyyənləşdirmək tələb olunur.
           Təşkilati işin məzmunu müəllim və şagirdlərin, pedaqoji kollektivin, valideynlərin və geniş ictimaiyyətin bir-birinə qarşılıqlı münasibətlərinin xarakteri ilə müəyyənləşdirilir. 
           Bunun üçün idarəetmədə iştirak edən şagird, müəllim və digərlərini yaradıcı fəaliyyətə istiqamətləndirmək üçün onların qarşılıqlı işinin təşkilinə nail olmaq lazımdır. Onların nəzəri və təcrübi biliyini artırmaq, fəaliyyətindəki yaradıcılığından istifadə etmək, müstəqil düşünməsi üçün şərait yaratmaq əsas şərtlərdən ibarətdir.
        İdarəetmə sistemində demokratik üslul ən əlverişli üsuldur. Bu üsul kollegiallıqla vahid rəhbərliyi düzgün əlaqələndirir, ictimai təşkilatların, bütün müəllimlərin məktəbdə idarəetmə ilə bağlı qərarların qəbul edilməsində fəal iştirakını nəzərdə tutur.
İdarəetmənin alqoritmik olmasına baxmayaraq, məktəb direktorunun fəaliyyəti yaradıcı fəaliyyətdir. Rəhbər-menecer idarəetmə dəyərlərinə və texnologiyalarına yiyələndikcə onları yeniləşdirir, interpretasiya edir. Bu, həm rəhbərin şəxsiyyət xüsusiyyətləri, həm də idarəetmə obyektinin xüsusiyyətləri ilə müəyyən olunur. Məktəb direktoru idarəetmə fəaliyyətində bir şəxsiyyət, bir rəhbər kimi, bir təşkilatçı və tərbiyəçi kimi özünü realizasiya edir.
 
Sevinc Məmmədəliyeva
Abşeron rayonu B.Y. Cəfərov adına Xırdalan şəhər 3 nömrəli məktəb - liseyin direktoru


Tarix: 1-11-2022, 21:00

Xəbəri paylaş