Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Konseptual kompetensiyalar və təhsilalanlarda onların formalaşmasının imkan və yolları





Müasir dövrdə öyrənənin elm və informasiya tutumlu cəmiyyətdə layiqli yer tutması üçün tədris-təlim prosesində onlarda hansı kompetensiyaların formalaşdırılmasının qabaqcadan müəyyən edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan konseptual kompetensiyaların formalaşmasında, inteqrativ xarakterli tənqidi təfəkkürün inkişafında müstəsna rol oynayan fəal təlim metodlarından, yeni yanaşmalardan təhsil sistemində istifadə öz aktuallığı ilə seçilir. Konseptual kompetensiyaların formalaşdırılmasında yeni yanaşmalar içərisində təhsildə səriştəli yanaşmanın xüsusi yeri vardır.
Təhsil sferasında səriştəli yanaşmanın tətbiqinə keçən əsrin 60-70-ci illərində başlanılmış və bu yanaşmanın tətbiqi ilə bağlı materiallar toplanaraq pedaqoji ictimaiyyətin geniş ınüzakirəsinə verilmişdir. Bu dövrdə inkşaf etmiş ölkələrdə (əsasən ABŞ-da) tədris proqramlarının tərtibi prinsipləri, təhsilin məzmunu geniş tənqidə məruz qalmışdır. Ona görə də cəmiyyətin sosial sifarişləri nəzərə alınaraq, təhsilin məqsədinə qoyulmuş yeni tələblər əsasında onun yeniləşdirilməsi aktual bir problem kimi qarşıya qoyuldu. Eyni zamanda, son illərdə əmək sferasında gedən köklü dəyişikliklər təhsildə ayrı-ayrı fənlər üzrə biliklərin qazanılması orientasiyasından, müvafıq bacarıqların formalaşmasına, nəticəyönümlü tədris-təlim prosesinin qurulmasına keçidin elmi, pedaqoji-psixoloji əsaslarının işlənilməsini daha da aktuallaşdırdı. Problemin həllinə belə baxış təhsildə milli-mənəvi xüsusiyyətlər nəzərə alınaraq, səriştəli yanaşmanın mahiyyəti və məzmununun elmi əsaslarının işlənilməsini əsas problem kimi ön plana çəkdi.
Qeyd etmək lazımdır ki, təhsildə səriştəlilik - şərəf, ləyaqət, məsuliyyət; mükəmməl bilik; aldığı biliyi həzm etmək; ondan istifadə edərək xeyir vermək və bunu başqalarına çatdırmaq (ziyalı olmaq); bunlara mane olan əməllərə qarşı barışmaz mövqe tutmaq bacarıqlarını formalaşdırır. Deməli, yüksək səviyyədə səriştəlilik, geniş bilik, bacarıq və vərdişlər toplusunun formalaşdırılmasında şəxsi, institusional və ictimai inkişafın əsas amili kimi, tədris-təlim prosesinin keyfıyyətinin yüksəldilməsinə və onun səmərəli idarə olunmasına imkan verən əsas göstərici hesab edilir. Ona görə də insanların səriştəlilik səviyyəsinin yüksəldilməsini və bunun aktuallığını əmək bazarında daimi artan tələblərin, çox böyük sürətlə dəyişən texnoloji yanaşmaların, eyni zamanda akademik və əmək mobiliyinin yüksəlməsi ilə şərtləndirmək lazımdır.
Hazırda təhsildə səriştəli yanaşma, tədris-təlim prosesinin keyfiyyətinin yüksəldilməsi və onun səmərəli idarə edilməsinin vasitəsi olub, dünya təhsil sferasında təhsil sisteminin modernləşdirilməsinin əsas strateji istiqamətlərindən biri kimi qiymətləndirilir. Azərbaycanda islahatın aktiv fazasını yaşayan ümumtəhsil sistemi, eyni zamanda, təhsilin bütün strukturları səriştəli yanaşmadan kənarda qala bilməz. Ona görə də səriştəli yanaşmanın pedaqoji-psixoloji təhlilinin aparılması, onun məzmununun hazırlanması təhsil sistemində ən aktual problem kimi qiymətləndirilməli və problemin həlli üçün səriştəliliyin elmi əsaslarının işlənilməsinin vacibliyi nəzərə alınaraq aşağıdakı məsələlərin həyata keçirilməsi təmin olunmalıdır:
•    yetkinlik dövründə sosiallaşmaya istiqamətlənmiş şəxsiyyətin inkişafının pedaqoji və psixoloji aspektlərinin öyrənilməsi;
•    qabaqcadan planlaşdırılmış, inkişafa şərait yaradan tədris prosesinin müasir tələblərə uyğun qurulması;
•    təhsil sisteminin bütün pillələrində təlimin məzmununun yeniləşdirilməsi;
•    öyrənənlərdə formalaşmış səriştəlilik səviyyəsinin ölçülməsini təmin etmək məqsədilə məktəb psixoloqunun  fəaliyyət istiqamətinin genişləndirilməsi;
•    milli təhsil sistemində keyfıyyət göstəricilərinin nətlicələrindən istifadənin səmərəliliyinin artırılması.
XX əsrin sonu, XXI əsrin əvvəllərində ölkəmizdə təhsil sferasında aparılan geniş spektrli islahatların məzmunu və xarakteri belə elmi-pedaqoji tədqiqatların səmərəliliyini bir daha artırdı. Son illərdə ölkəmizdə sosial-mədəni-iqtisadi səviyyədə gedən dəyişikliklər insanlarda tədris-təlim prosesinin keyfiyyətinə, təhsil xidmətlərinin səviyyəsinə başqa formada yanaşmağı, özünütəhsil və özünüqiymətləndirmənin insanın bütün fəaliyyəti dövründə həyata keçirilməsini tələb edir. Həyat özü «biliyin verilməsi» prinsiplərindən «tələb olunan bilik və bacarıqların qazanılması» prinsipinə keçməyin elmi əsaslarının işlənməsini aktuallaşdırdı.
Hazırda təhsil sisteminin yuxarı pillələri qarşılarına belə məqsədləri, demək olar ki, çətinliklə qoyur, köhnə yanaşmalarla «bilik verir», özləri bu bilikləri qiymətləndirir və nəzarəti həyata keçirirlər. Təlim məqsədlərinin dəyişdirilməsi isə XXI əsrin əsas tələbi kimi, təhsil sistemində səriştəli yanaşmanın tətbiqinin geniş miqyasda həyata keçirilməsini tələb edir.
Araşdırmalar göstərir ki, müxtəlif tip səriştəli yanaşma səviyyəsinin psixo-pedaqoji qiymətləndirilməsi öyrənənlərin, müəllimlərin, məktəbin, idarəetmə qurumlarının səriştəlilik göstəricilərinin müəyyənləşdirilməsinə və ölçülməsinə dair təkliflərin formalaşdırılmasına imkan versə də, təhsildə səriştəlilik probleminin tətbiqi və inkişafı ilə bağlı məsələlərin birgə müzakirəsi və diskussiyaların aparılması yeni səmərəli yanaşmaların tətbiqini tələb edir. Bu problemlərin həlli keçən əsrin sonlarında xüsusiləşdirilmiş beynəlxalq konsorsiumun (DeSeCo) yaranmasına gətirib çıxardı. Konsorsiumun qarşısında əsas məsələ kimi təhsildə səriştəli yanaşmanın məzmununa dair problemlərin elmi araşdırılması qoyuldu və hər şeydən əvvəl fərdin ölçülə bilən səriştəlilik xarakteristikalarının (parametrlərinin) pedaqoji-psixoloji nöqteyi-nəzərdən ən əsas kompetensiyalarının müəyyənləşdirilməsi tapşırıldı. Təhsil sistemi qarşısında duran əsas məqsədlərin həyata keçirilməsi üçün səriştəli yanaşmadan istifadə edərək müəyyən edilmiş kompetensiyalar sisteminin tətbiqi nəticəsində bilikli, bacarıqlı, müstəqil düşüncəli və özünüidarəetmə qabiliyyətli şəxslərin yetişdirilməsi məsələləri aktuallaşdırıldı. Ona görə də təhsilini başa vurmuş öyrənən, daimi dəyişən dünyada həyati bacarıqlara yiyələnməli, əmək bazarında öz yerini tutmağa hazır olmalı, öyrənmənin vacibliyini daim başa düşməli, zamanın tələblərinə uyğun müvafıq bilik, bacarıq və vərdişləri qazanmağı bacarmalıdır.
Bəs öyrənənlərdə, ümumiyyətlə, insanlarda hansı kompetensiyalar formalaşdırılmalıdır ki, səriştəli yanaşmadan istifadə olunaraq, birinci növbədə insanın fəaliyyətində xüsusi rol oynayan aşağıdakı səriştəlilik göstəriciləri formalaşdırılsın:
•    mürəkkəb formada yazılı mətnləri başa düşmək üçün savadlılıq;
•    ədədlər və ölçülən kəmiyyətlərlə işləmək, onları saymaq və onlar üzərində müxtəlif əməliyyatları yerinə yetirmək üçün ədədi savadlıq;
•    müxtəlif şəraitdə düzgün həyat mövqeyinin seçilməsi və yaşayış tərzinin formalaşdırılması üçün müvafıq bilik, bacarıq və vərdişlərin qazanılması;
•    akademik biliklər sisteminə yiyələnmə.
Bunlardan başqa müasir cəmiyyətdə harmonik fəaliyyət üçün insanlar konseptual kompetensiyalara da malik olmalıdırlar. Belə kompetensiyalara, əsasən, prosedur, motivasiya və fəaliyyətlə bağlı məsələlər daxil edilir:
Prosedur kompetensiyalar insana konkret şəraitdə öz bacarıqlarını tətbiq etməyə imkan verir. Mühitlə səmərəli qarşılıqlı ünsiyyətə, əlaqəyə və hadisələrə qarşı münasibətlərin formalaşmasında motivasiya ilə bağlı kompetensiyalar xüsusi rol oynayır. Konkret məsələlərin həlli ilə bağlı praktik və psıxoloji hazırlığın, tənqidi təfəkkürün, istənilən situasiyada strategiya və taktikanın seçilməsində isə fəaliyyətlə bağlı kompetensiyaların rolu əvəzedilməzdir. Bunlar eyni zamanda praktik və pramatik(müasir fəlsəfədə gerçəkliyin obyektivliyini inkar edən və yalnız praktik fayda verən şeyi həqiqət kimi qəbul edən cərəyan) intellektin xüsusi rolu ilə bağlıdır.
Bütövlükdə təhsildə səriştəli yanaşmanı «nəyi bilmək» anlayışı ilə müəyyən etmək lazımdır. Ancaq onu da qeyd etmək lazımdır ki, bütöv bir sistem təşkil edən kompetensiyalardan ayrı-ayrı kompetensiyaları seçərək ayırmaq, onlar qarışıq xarakter daşıdığından, çox çətin məsələdir .Ona görə də başlıca vəzifə öyrənənləri elə bilik, bacarıq və vərdişlər qazanmağa istiqamətləndirmək lazımdır ki, onlar problemin həlli üçün tələb olunan materialları özləri axtarıb tapsınlar və öz təcrübəsi əsasında başqa fərdləri də öyrətmək imkanına malik olsunlar.
Təhsildə səriştəli yanaşma, müasir dövrdə təlimin yalnız ayrı-ayrı fənlər üzrə bilik və bacarıqların verilməsi kimi məqsədindən, həyati bacarıqların formalaşması üçün tələb olunan kompetensiyalara yiyələnmiş, rəqabətədavamlı şəxsiyyətin yetişdirilməsi kimi əsas məqsədə keçməklə, təhsil paradiqmasının dəyişdirilməsini ən zəruri problem olaraq qarşıya qoyur.
Bundan başqa, təhsildə səriştəli yanaşma öyrənənlərdə formalaşan kompetensiyaların səviyyəsinin ölçülməsi üçün nəzarət-ölçü materiallarının və ilkin müəllim hazırlığının təkmilləşdirilməsini tələb edir.
İnsan potensialının sosial-demoqrafık inkişaf komponenti insan həyatının dəyərini əks etdirir. Bu komponent son illərdə, təhsil sahəsində aparılan islahatlar nəticəsində artmağa başlamış və əhalinin sosial bioloji bazası yüksəlmişdir. İnkişafın sosial-iqtisadi, sosial-mədəni komponentləri də son illərdə sosial-demoqrafık komponent kimi, respublikada yeni iş yerlərinin açılması, işsizliyin azaldılması, yeni təhsil, elm, mədəniyyət və idman müəssisələrinin şəbəkəsinin genişləndirilməsi hesabına yüksəldilmişdir. İnnovasiyalı fəaliyyəl komponenti də son illərdə vətəndaşların işgüzar fəallıq səviyyəsinin və xarici investisiyaların artması hesabına yüksəlmişdir.
Azərbaycan təhsil sistemində artıq uğurla tətbiqinə başlanılmış «Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli Kurikulumu)» sənədində inkişafetdirici təlim öyrənənin inkişafının təmin olunmasında mühüm təsir vasitəsi kimi müəyyən edilir və təfəkkürün inkişafını əqli inkişafın başlıca məqsədi sayır. Təlimin inkişafetdirici xarakteri tədris prosesində tətbiq olunan metodlardan, yanaşmalardan çox asılı olduğundan, öyrədən öyrənənlərin idrak fəaliyyətini fəallaşdıra bilmirsə, təlim özünün başlıca məziyyətini, inkişafetdirici xarakterini itirir. Ona görə də məktəb təcrübəsində şagirdlərdə təfəkkürü inkişaf etdirmək üçün nəyi, nə üçün, necə öyrətmək probleminə diqqət artırılmalı və bu fəaliyyətlər həmişə diqqət mərkəzində saxlanılmalıdır. Belə fəaliyyətlərin xarakteri və üsulu «əməliyyat» termini ilə səciyyələnsə də, bu anlamın özünə məxsus evristik mənası vardır. 
Müasir dövrdə təlimin əsas məzmununun mənimsənilməsi nəticəsində bacarıqların formalaşmasında təfəkkürün iki tipindən - empirik və nəzəri tiplərindən geniş istifadə olunur. Empirik təfəkkür sadəcə olaraq hadisəni, nəzəri təfəkkür isə mahiyyəti əks etdirdiyindən, nəzəri təfəkkür empirik təfəkkürdən kəskin surətdə fərqlənir və təfəkkürün xüsusi əhəmiyyətə malik növlərindən biri sayılır. Müasir məktəb öyrənənlərdə əsasən nəzəri təfəkkürü, alman fılosofu Hegelin sözləri il desək, ağıllı - dialektik təfəkkürü formalaşdırmalıdır.
XXI əsrdə, təhsilin müxtəlif pillələrində xaraktercə fərqlənən yeni təfəkkür tipinin formalaşdırılması təhsilin əsas vəzifələrindən birinə çevrilməlidir. Məktəbdə öyrənənlərə müəyyən fənlər üzrə biliklər verməkdən daha çox bu biliklərin toplanması yollarını mənimsətmək lazımdır. Bu halda tədris prosesində öyrənənlərdə təkcə biliyin aşılanması getmir, onlarda ilk növbədə nəzəri təfəkkür və ya insan ağlının qiymətli keyfiyyəti olan tənqidi təfəkkür formalaşır. Aparılmış tədqiqatlar göstərir ki, tənqidi təfəkkür ağlın inteqrativ məziyyətidir. Təlim prosesində yaradıcılığın səmərəliliyini bilavasitə bu bənzərsiz keyfiyyətlərlə şərtləndirmək lazımdır. Müasir məktəb bu yolda nə qədər elmi-metodik çətinliklərlə rastlaşsa da, XXI yüzilliyin məktəbi təfəkkürün tərbiyəsi problemini öyrənənlərdə tənqidi (yaradıcı) təfəkkürün formalaşdırılmasından başlamalıdır.
Öyrənənlərdə tənqidi (yaradıcı, divergenl) təfəkkürün formalaşdırılması çox ağır pedaqoji-psixoloji problemlərlə bağlı olsa da, təhsildə səriştəli yanaşmadan istifadə edərək, bu mürəkkəb problemin elmi və pedaqoji əsaslarının formalaşdırılmasına diqqət vermək lazımdır. Dayanıqlı, yaradıcı düşünmə bacarıq və vərdişlərinə malik olmayan öyrənənlərdə (əsasən aşağı sinif şagirdlərində və birinci, ikinci kurs tələbələrində), eyni zamanda yaşlılarda təfəkkürlə bağlı kompetensiyaların imkanlarını genişləndirməklə, sosial, elmi, praktik problemlərin səmərəli həllini təmin etmək üçün inteqrativ xarakter daşıyan tənqidi təfəkkürün formalaşmasına xüsusi diqqət yetirilməlidi. Konseptual kompetensiyaların tətbiqi məqsədi ilə keçirilən monitorinqlər zamanı bir sıra ciddi məqamlara diqqət yetirmək tələb olunur.
-Konseptual kompetensiyaların monitorinqi zamanı təhsildə etnopedaqoji dəyərlərin nəzərə alınması, ideoloji-metodoloji və bəşəri dəyərlərin qiymətləndirilməsi faydalı ola bilər. 
-Təhsildə səriştəli yanaşmanın tətbiqi genişləndirilməli, təhsil müəssisələrində ayrı-ayrı fənlərin dərindən öyrədilməsi metodlarından tədricən imtina etməklə, həyati bacarıqların formalaşdırılması, öyrənməyə istiqamətlənmiş, nəticəyönümlü tədris-təlim prosesinin əsas prinsipi olan inteqrasiya olunmuş biliklər sisteminə yiyələnmiş yüksək intellektli, sağlam düşüncəli, məntiqi təfəkkürlü, rəqabətədavamlı şəxsiyyətin yetişdirilməsi və bütövlükdə bu proseslərin səmərəli idarə olunması zəruridir. Təhsildə səriştəli yanaşmadan istifadə edərək tənqidi təfəkkürün formalaşmasına imkan yaradan səmərəli texnologiyalardan istifadəyə üstünlük verilməli və bu məqsədlə bacarıqların formalaşmasında müstəsna rol oynayan texnologiyalardan daha geniş istifadə olunmalıdır.
Müəllim hazırlığı üzrə aparılan işlər Azərbaycan Respublikasında müəllim hazırlığının müasir tələblərə cavab verən səviyyəyə qaldırılması, daha keyfiyyətli və yaradıcı işləmək qabiliyyətinə malik olan pedaqoji kadrların hazırlanması və bu hazırlığın müasirləşdirilməsi, beynəlxalq təcrübə və milli ənənələr əsasında məzmunun, strukturun, pedaqoji təhsil müəssisələrində bütün pedaqoji prosesin daha da təkmilləşdirilməsi və optimallaşdırılması məsələlərini əhatə edir. Bu baxımdan, ixtisasartırma və yenidənhazırlanma təhsilinin rolunun artırılması, bu istiqamətdə məzmun və təşkilati mexanizmlərin yeni tələbata uyğun həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılmalıdır. Təhsildə keyfiyyətin idarə olunması sistemi həmişə proseslərin strukturunun qurulması və texnologiyasının yaradılması ilə əlaqəlidir. Bu gün respublikamızda bu işə həm klassik və həm də pedaqoji universitetlər cəlb olunub. Burada biz ali məktəb kollektivinin sosial- psixoloji iqlimində dəyişikliklər əsasında yeni sosial texnologiyaların üzə çıxmasını gözləyə bilərik, belə ki, universitetin “intellektual məhsulunun” keyfiyyəti birbaşa olaraq onların hazırladıqları məzunların peşəkarlıq  səviyyəsindən, ali məktəbin maddi-texniki və kadr potensialından, universitetin əməkdaşlarından onların səmərəli idarə edilməsindən asılıdır.

Zülfiyyə VƏLİYEVA, 
ADPU-ETM -nin ülmi işçisi,
Əməkdar müəllim, 
akademik M.Mehdizadə mükafatı laureatı 


Tarix: 5-01-2022, 18:30

Xəbəri paylaş