Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Təhsil.TV-nin ADNSU haqqında çəkdiyi sənədli filmin təqdimatı olub

 

Martın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Təhsil.TV-nin “Ali hədəflər” layihəsi çərçivəsində universitet haqqında çəkdiyi filmin təqdimatı keçirilib. Filmdə ADNSU-nun tarixindən, vaxtilə universitetdə təhsil almış görkəmli şəxsiyyətlərdən, həmçinin universitetin bugünkü həyatından, tələbələrdən, beynəlxalq əlaqələrindən, laboratoriya və tədris prosesindən bəhs olunub.
Filmin nümayişindən sonra ADNSU-nun rektoru, professor Mustafa Babanlı film haqqında təəssüratlarını bölüşüb və yaradıcı heyətə gözəl iş ərsəyə gətirdikləri üçün dərin təşəkkürünü ifadə edib. “ADNSU-nun şanlı tarixi var və bunu bu cür, olduğu kimi əks etdirmək böyük peşəkarlıq tələb edir. Azİİ-ni sevmədən bu cür film çəkmək olmazdı. Buna görə də yaradıcı heyətə dərin minnətdarlığımı bildirirəm”, - deyə rektor M.Babanlı bildirib.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Azİİ-nin hər zaman seçilən universitet olduğunu vurğulayıb. Yalnız şanlı tarixi və parlaq gələcəyi olan belə bir ali məktəbin savadlı və peşəkar mütəxəssislər yetişdirə biləcəyini qeyd edən C.Valehov ADNSU-nun eyni zamanda gələcəyin universiteti olduğunu bildirib. Onun sözlərinə görə, təhsil, elm və innovasiyanı vəhdət şəkildə nəzərdən keçirən ADNSU-nu 3-cü nəsil universitet adlandırmaq olar.
Tədbirin sonunda Təhsil.TV-nin yaradıcı heyəti - layihənin rəhbəri Nurəddin Heydərov, əməkdaşlar Arzu Qulamov, Vahid Quliyev və Gülnarə İlham səhnəyə dəvət olunub, onlara təşəkkürnamə təqdim edilib.
   Qeyd edək ki, “Ali hədəflər” layihəsi Təhsil Nazirliyi və Təhsil.TV-nin layihəsi olub, ölkədəki ali təhsil müəssisələrinin tarixi keçmişi və hazırkı fəaliyyətini əks etdirən filmlərin çəkilməsini nəzərdə tutur.